Məhkəmə qərarları › İş №2-2(103)-647/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-647/2021

30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-647/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 işirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən iddiaçının istifadəsində olan təndirxanasına dair tərtib edilmiş 07.06.2019-cu il tarixli, 10972 saylı Aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçının istifadəsində olan təndirxanasına dair 07.06.2019-cu il tarixli, 10972 saylı Akt tərtib edilmiş, aktda göstərilmişdir ki, guya həmin tarixdə həmin həyətə baxış keçirilmiş və həmin zaman həyətdə qanunsuz qoşulma aşkar edilmişdir. İddiaçının həyətində sudan qanunsuz istifadə halı mövcud deyildir. Həmin aktın tərtibindən iddiaçının xəbəri olmamış və həmin aktın tərtibində iştirak etməmiş, imzalamamışdır. Belə olan halda cavabdehin cavabdehin iddiaçıdan qanunsuz sudan istifadəyə görə 2196 manat tələb etməsi qanunsuzdur. Cəmi bir ay fəaliyyət göstərən təndirxanaya bir ay ərzində 15 mm diametrlik su xətt ilə o miqdarda su sərfiyyatı mümükün deyil və iddiaçının əlavə su xəttindən istifadə etməsinə səbəb də mövcud deyil. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin aktın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 10972 №-li akta əsasən hesablanmış 2196 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İddiaçı ilə Cavabdeh ASC arasında 01.06.2016-ci il tarixində, 075892 nömrəli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” qeyri-əhali abonenti kimi müqavilə bağlanmışdır. İddiaçının işlətdiyi təndirxanaya 06.06.2016-cı il tarixdə smart CSS markalı su sayğacı quraşdırılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun qaydada Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdan kənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı diametri 15 mm-lik xətt vasitəsilə sudan qeyri-qanuni (sayğacdan kənar) istifadə etmişdir. Bu barədə 07 iyun 2019-cu il tarixli, MXD-10972 saylı inventar akt tərtib edilmişdir. Həmin ünvanda mövcud olan bütün qanun pozuntuları video yazı vasitəsilə sübut kimi qeydə alınmışdır. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 2196 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunsa da, o həmin məbləği ödəməkdən imtina etmişdir. Video sübutdan da göründüyü kimi, Yasamal rayon Su kanal İdarəsinin nümayəndələri tərəfindən obyektə baxış keçirilən zaman ilk öncə sayğac bağlanmış və digər boru vasitəsilə obyektdə bir neçə çıxışdan su gəlməsi müşahidə edilmişdir. Sayğacda göstərilən 10 kub göstəricinin təndirxana kimi obyektdə 4 il müddətinə hesablanması qeyri mümkündür. Yəni, bütün bu qeyd edilənlər bir daha sübut edir ki, uzun müddət ərzində obyektdə kənar xətlə sudan qeyri-qanuni istifadə olunmuşdur. Bundan əlavə, qarşı tərəf məhkəmə çıxışı zamanı obyektin fəaliyyət göstərmədiyini bildirmişdir. Bununla bağlı olaraq "xxxx" ASC-yə və Azəriqaz İB-yə göndərdiyimiz sorğulara cavab olaraq sözügedən qeyri-yaşayış sahəsində müvafiq olaraq işıqdan və qazdan mütəmadi olaraq istifadə olunduğu cavab məktublarında göstərilmişdir. Qeyd edilən subütlar iddia ərizəsinin əsassız olduğunu və sudan həqiqətən qanunsuz istifadə halının mövcudluğunu bir daha sübut edir. Əməkdaşlar tərəfindən iddiaçının su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qanunvericiliyin niyyəti “qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı”nın fəaliyyətini nizama salmaqdır və sadə məntiqə belə zidd olardı ki, qanunvericilikdə müxtəlif normativ hüquqi aktlar eyni məsələ ilə bağlı tam fərqli mövqelər müəyyən etsin. Yuxarıda göstərilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarına uyğun olmamaqla, işin həqiqi hallarına və tərəflər arasında mövcud olan qarşılıqlı münasibətlərə əsaslanmamışdır. İşə apelyasiya qaydasında baxılması 30.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsalar da, iddiaçı və cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 iyun 2006-cı il tarixli, 33217484 №-li müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ASC abonenti tələbatına uyğun məişət – içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent isə göstərilmiş xidmətlərin haqqını hesab fakturada göstərilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan MXD-10972 №-li, 07 iyun 2019-cu il tarixli inventar aktının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus un məmulatları sexinə su təchizatına və kanalizasiya sisteminə baxış keçirən zaman diametri 15 mm olan boru vasitəsi ilə qanunsuz qoşulma müəyyən olunmuşdur; İş materiallarında olan qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD10972 №-li inventar aktına əsasən zərərin məbləği 2196 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçının istifadəsində olan təndirxanaya dair 07.06.2019-cu il tarixli, 10972 saylı Akt tərtib edilmiş və həmin akta əsasən İddiaçı qeyri-qanuni istifadə nəticəsində itirilmiş suya görə 2.196 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı 10972 saylı akta əsasən hesablanmış 2.196 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2.196 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən tərtib olunmuş 07.06.2019-cu il tarixli, 10972 saylı inventar aktına və qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən iddiaçıya hesablanmış 2.196 manat məbləğində borc silinməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, Cavabdeh ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Qeydə alınmamış yoxlamanımn nəticəsi etibarsız olduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-463/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar