Məhkəmə qərarları › İş №2-2(103)-648/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-648/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-648/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı kommersiya işi Açar söz: kredit borcu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-344/2024 nömrəli qətnaməsindən Cavabdeh1 (zamin) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-yə bankdan dovriyyə vəsaitinin ayrılması üçün 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021- ci il tarixli, RB/KM- 1380 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

3. xx.xx.2021-ci il tarixli sərəncam-orderdən görünür ki, 100.000 manat məbləğində vəsait Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür.

4. İddiaçı ASC-nin Cavabdeh2 MMC və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə banka olan borcu 79491,24 manat məbləğində əsas, 7822,17 manat məbləğində faiz, 4513,62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 91827,03 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh2 MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsi üzrə əsas borca görə 79491,24 manat, faiz borcuna görə 7822,17 manat, dəbbə puluna görə 4513,62 manat olmaqla, cəmi 91827,03 manat (doxsan bir min səkkiz yüz iyirmi yeddi manat üç qəpik) məbləğində pul və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat xərcin İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin baş ofisi ilə cavabdeh – Cavabdeh2 MMC arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % (on beş) dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 16 sentyabr 2021-ci il tarixdə İddiaçı ASC-nin baş ofisi ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 16 sentyabr 2021-ci il tarixli, RB/KM1380 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsinə görə cavabdeh öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 79491,24 manat, faiz borcuna görə 7822,17 manat, dəbbə puluna görə 4513,62 manat olmaqla, cəmi 91827,03 manat (doxsan bir min səkkiz yüz iyirmi yeddi manat üç qəpik) təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsi üzrə əsas borca görə 79491,24 manat, faiz borcuna görə 7822,17 manat, dəbbə puluna görə 4513,62 manat olmaqla, cəmi 91827,03 manat (doxsan bir min səkkiz yüz iyirmi yeddi manat üç qəpik) pul tutulmalıdır. Dövriyyə vəsaitlərinin artırılması məqsədilə götürüldüyü və Cavabdeh2 MMC VÖEN ödəyicisi olduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” qanunun tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. İddiaçının müraciətinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş mediator tərəfindən mediasiya prosesi təşkil olunmuş, ilkin mediasiya sessiyası təyin edilmişdir. Mediasiya xərci kimi hesablanmış 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Mediator tərəfindən İddiaçı ASC-yə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-344/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsi üzrə 79491,24 manat əsas borc, 7656,57 manat faiz borcu, 4000 manat cərimə, 400 manat mediasiya xərci olmaqla, cəmi 91547,81 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını qət etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/275 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 79491,22 manat, faiz borcu üzrə 7656,57 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 79491,22 manat, faiz borcu üzrə 7822,18 manat təşkil edir.

10. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/275 saylı ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada 79491,24 manat (yetmiş doqquz min dörd yüz doxsan bir manat iyirmi dörd qəpik) manat əsas borc, 7656,57 manat (yeddi min altı yüz əlli altı manat əlli yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

11. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərə göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə bildirişlər cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında xx.xx.2023-cü il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 7656,57 manat təşkil etdiyi rəydə göstərilmişdir.

12. Məhkəmə iddianın cavabdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 4513,62 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla bağlı məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada 4000 (dörd min) məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-344/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən belə cavabdeh tərəfindən 40.556,91 manat məbləğində ödəniş edildiyi öz əksini tapır. Lakin iddiaçı qeyd etmişdir ki, həmin ödənişin demək olar ki yarısı, faiz borcuna silinmişdir. Həmçinin bildirilir ki, ödəniş qəbzləri cavabdeh tərəfindən hazırki vaxtadək tapılmadığı üçün birinci instansiya məhkəməsində təqdim edilməmişdir. Cavabdehdə qalmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1500 (bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Necə ola bilər ki, bu qədər ödəniş edilsin, lakin iddiaçı tərəfindən həmin ödənişlər əsas borc məbləğindən çıxılmasın?! Belə ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. İşin hallarından da göründüyü kimi tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Lakin bu onu deməyə əsas vermir ki, birmənalı olaraq iddiaçı tərəfindən üzərinə düşən öhdəlik icra edilmiş, cavabdeh isə həmin öhdəliyin icrasında yayınmışdır. Öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsi və ya yerinə yetirilməməsində ifadə olunur. Lakin işin hallarından da göründüyü kimi, Cavabdeh1 tərəfindən kifayət qədər ödənişlər edilmiş, lakin edilmiş ödənişlər əsas borc məbləğindən çıxılmamışdır. Məndə olan qəbzlər də bir daha bu halı təsdiq edir. Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında işin faktiki halları geniş şəkildə məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin bu halların heç biri nəzərə alınmamışdır. Məhkəmə tərəfindən cərimə məbləği azaldılarkən iddiaçının tələb etdiyi əsas borc məbləğinin həddən artıq yüksək olmasını, habelə cavabdehlər tərəfindən edilmiş ödənişlərin əsas borc məbləğindən çıxılmadığını nəzərə almamışdır. Və nəticə etibarı ilə cərimə məbləği kifayət qədər azaldılmamışdır. Halbuki, ədalət nöqteyi nəzərindən hazırki işdə cərimə məbləği azaltmaq yox, birdəfəlik sıfıra endirmək zərurəti vardır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə apellyasiya qaydasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə verərək iclasın təxirə salınması barədə vəsatət versə də, vəsatətə iclasın təxirə salınması üçün üzürlü səbəb olduğunu təsdiq edən sənəd əlavə edilmədiyindən vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmiş, MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması qərara alınmışdır.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 432.4-cü maddə-əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 465.2-ci maddə- əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddə- borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə Cavabdeh1 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-344/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin məhkəmə tərəfindən sübutlar və ekspert rəyi ilə müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh2 MMC-yə dovriyyə vəsaitinin ayrılması üçün 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq hüquqi şəxsin təsisçisi və direktoru Cavabdeh1 ilə xx.xx.2021- ci il tarixli, RB/KM-1380 nömrəli zaminlik müqaviləsi bağlanmış, kredit öhdəliyi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş, ödənişlər dayandırıldığından bank tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilərək cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, ödəniş olmadığından bank xx.xx.2023-cü il tarixdə kredit borcunun faizlərlə birlikdə qaytarılması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəbbə pulunun tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq eksperizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/275 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, kredit öhdəliyi üzrə xx.xx.2023-cü il tarixədək ümumilikdə 40556,91 manat ödəniş edilmiş, həmin ödənişlərdən 20508,78 manat hissəsi cavabdehin əsas borcu üzrə, 20.048,13 manat hissəsi isə faiz borcu üzrə silinmişdir.

21. Kredit müqaviləsinə əalvə edilmiş ödəniş qrafikindən görünür ki, borcalan tərəfindən kredit öhdəliyi üzrə cəmi 29136,17 manat faiz ödənilməli idi.

22. Cavabdeh apellyasiya şikayətində ödənilmiş vəsaitin yarısının faiz borcu üzrə silinməsinin əsassız olduğunu göstərərək ödənişlərin düzgün silinib silinmədiyinin məhkəmə tərəfindən araşdırılmasını xahiş etmişdir.

23. Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit 8 ay güzəşt müddəti ilə verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən də görünür ki, borcalan tərəfindən xx.xx.2022-ci il tarixədək ayda 1250 manat olmaqla yalnız faiz borcu ödənilməli, xx.xx.2022-ci il tarixdən etibarən əsas borc və faizlə birgə aylıq 4254,86 manat ödəniş edilməli idi. İşdəki ekspert rəyindən görünür ki, kredit öhdəliyi üzrə ödənişlər müqavilə şərtlərinə uyğun əsas və faiz borcu üzrə silinməklə qalıq borc müəyyən edilmişdir. Cavabdeh ekspert rəyində qeyd edilmiş məbləğdən daha artıq ödəniş edildiyini sübut edə bilmədiyindən məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas yoxdur.

24. Ödənilmiş vəsaitdən müqavilə ilə razılaşdırılmış qaydada ilk 8 ay ərzində yalnız faizlərin tutulması həm müqavilə şərtlərinə, həm də MM-nin 432.4-cü maddəsinin tələbinə uyğun olduğundan apellyasiya şikayəti əsassız hesab edilir. İşə baxmış hakim tərəfindən hər hansı maddi və ya prosessual pozuntuya yol verildiyi müəyyən edilmir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 344/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-344/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar