Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-649/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə Açar söz: borcun kredit reyestrindən silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh QSC “Bank Standart” KB-na qarşı borcun kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 581/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015 tarixli 2-81-1849/2015 nömrəli qətnaməsi ilə iddiaçı QSC “Bank Standart” KB-nin İddiaçı MMC-yə qarşı xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit borcu, hesablanmış faizlər və cərimə olmaqla 1.167.345,31 ABŞ dolları borcun tutulmasına dair iddiası rədd edilmiş, eyni zamanda ilk iddianın rədd edilərək 3000 manat vəkilə ödənilmiş xərcin tutulmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 yanvar 2016-cı il tarixli 2-2(103)-46/16 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-“81”-1849/2015 saylı qətnaməsi QSC “Bank Standart” KB-nin iddiasının rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmış, qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2-2(102)-240/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-46/16 saylı iş üzrə 21 yanvar 2016-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/16 saylı iş üzrə 21 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. LPO Bank Standart KB-nin İddiaçı MMC-yə 19 iyun 2019-cu il tarixli cavab məktubunda kredit öhdəliyinin bank sistemindən və mərkəzləşmiş kredit reyestrindən silinməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna daxil olan müraciətə cavabda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-46/16 saylı iş üzrə 21 yanvar 2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2- 2(102)-240/16 saylı qərarında Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciətdə qeyd olunan hər hansı hərəkətlərin icra edilməsi öhdəliyi qoyulmamışdır. Məktub Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri Habil Məmmədov tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı QSC “Bank Standard” KB-nin İddiaçı MMC-yə verdiyi 1.167.345,31 ABŞ dolları məbləğində kredit borcunun tam ödədiyini, 3 məhkəmə instansiyasında iddia tələbinin rədd edilməsini, məhkəmə qətnamələrinin qüvvədə qalmasını, borcun silinməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmaması ucbatından İddiaçı MMC-nin banka olan kredit borcunun ödənilməsini nəzərə alıb, bank əməliyyat sistemində olan borcun silinməsi, kredit reyestrinə göndərilməsi öhdəliyinin ləğv prosesində olan “Standard Bank”ın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2007-ci il tarixdə “Qapalı Səhmdar Cəmiyyəti Bank Standard” Kommersiya Bankı ilə İddiaçı MMC arasında kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMC-yə illik 20 % ödənilməsi şərti ilə 20 yanvar 2009-cu il tarixədək 1.000.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin 10 avqust 2009-cu il tarixdə axırıncı əməliyyatı aparılmaqla banka olan borc tam ödənilmiş, lakin bank Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq həmin pulun ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin bütün hallarını araşdırıb, tərəflərdən sübut kimi kredit ödəmələrinin sənədlərini təhlil edərək hesab etmişdir ki, iddia əsassızdır, ona görə də təmin edilməməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddianı da təmin etməmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi işin hallarını tam araşdıraraq 21 yanvar 2016-cı il tarixdə 1 saylı İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. İddiaçı tərəf apellyasiya instansiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, Ali Məhkəmə xx.xx.2016-cı il tarixli Qərarla Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. 1 saylı İnzibati İqtisad Məhkəməsi qətnamə qəbul edərkən 1.167.345,31 ABŞ dolları məbləğində kredit borcunun silinməsi və borcun olmaması barədə “Standart Bank”ın ləğvedicisi, əmanətlərin sığortalanması fondunun üzərinə öhdəlik qoyulmasını qət hissədə göstərməmişdir. Ona görə də “Standart Bank”ın ləğvedicisi əmanətlərin sığortalanması fondunun rəhbərliyi 19 iyun 2019-cu il tarixdə №**********434 saylı məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 08 iyun 2016-cı il tarixli Qərarında əmanətlərin sığortalanması fondu tərəfindən müraciətinizdə qeyd olunan hər hansı hərəkətlərin icra edilməsi öhdəliyi üzərinə qoyulmamışdır. Bankın üzərinə kredit borcunun silinməsi, borcun olmaması öhdəliyinin qoyulmaması məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-581/2023 nömrəli nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia təmin edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı QSC “Bank Standart” KB-nin İddiaçı MMC arasında kredit borcunun qaytarılması ilə bağlı məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə QSC “Bank Standart” KB-nin iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə Əmanətlərin Sığortalanması Fondunun iş üzrə cavabdeh olmalı olmadığını eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq Qərarına əsasən iddia müddətinin tətbiqinin öhdəliyin xitamı kimi qeyd edilməməli olduğunu bildirmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit borcunun tutulmasına dair məhkəmə mübahisəsinə baxılarkən və iş üzrə iddia müddəti tətbiq edilərək bankın iddiası rədd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2-2(102)-240/16 saylı qərarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən tərəflərin tam həcmdə öz öhdəliklərini yerinə yetirməsinə qədər müqavilənin qüvvədə olmasına əsaslansa da onun tərəfindən verilən borcun cavabdehin səlahiyyətli şəxsi tərəfindən alınmasını və ya hesabına köçürülməsini və həmin hesabdan çıxarılmasını və öz növbəsində sonuncu tərəfindən banka qaytarılan kredit məbləğlərini təsdiq edən mötəbər sübutların iş materiallarına əlavə edilmədiyi müəyyən olunur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-581/2023 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsini, Əmanətlərin Sığortalanması Fonduna münasibətdə icraata xitam verilməsini və LPO QSC "Bank Standard" KB-yə münasibətdə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank əməliyyat sistemindən borcun silinməsi və bu barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün ilk növbədə öhdəliyə xitam verilməlidir. İddiaçı MMCnin ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında öhdəliyi mövcud olduğundan əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi mümkün deyildir. QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi 1 saylı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia müddəti tədbiq edilməklə rədd edilmişdir. Bank tərəfindən apellyasiya və daha sonra kassasiya şikayətləri verilsə də şikayətlər təmin edilməmiş və 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-581/2023 nömrəli qətnaməsində 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi əsasında hazırki iş üzrə iddiaçının Bank qarşısında heç bir öhdəliyinin olmaması öz təsdiqini tapdığından bu məbləğin borclunun hesabında saxlanılmasının əsassız olduğu əks olunmuşdur. Halbuki, 1 saylı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı MMC-yə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi iddia müddətinin tədbiq edilməsi ilə əlaqədar rədd edilmişdir. Həmin qətnamədə İddiaçı MMCnin Banka heç bir öhdəliyinin olmaması barədə hər hansı bir göstəriş öz əksini tapmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsi iştirak etməmişdir.
14. Tətbiq edilən hüquq
“Banklar haqqında” Qanun
35.4-cü maddə-banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
71.3-cü maddə- banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
“Kredit büroları” haqqında Azərbaycan Respublikası Qanunu
2.0.2-ci maddə- kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.3-cü maddə- kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs; 2.0.5-cü maddə- kredit tarixçələrinin məlumat bazası - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən informasiya sistemlərinə əsaslanan kredit bürosunun məlumat resursları; 2.0.10-cu maddə- mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri 2.0.12-ci maddə- neqativ məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat. 10.1-ci maddə-kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. 10.2-ci maddə-kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. 12.1-ci maddə-kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. 18.1-ci maddə-kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. 18.6-cı maddə-şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir. 18.7-ci maddə- kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarixçəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır. 18.8-ci maddə-kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, Mərkəzi Banka və məhkəməyə şikayət verə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə borcun bank əməliyyat sistemindən silinməsinin ləğv prosesində olan QSC “Bank Standard” KB-na həvalə edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-581/2023 nömrəli qətnaməsi İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na borcun olmaması barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin ləğv prosesində olan “Standard Bank”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, məhkəmələr tərəfindən “Bank Standard” KB-nın İddiaçı MMC-yə qarşı xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulmasına dair iddia tələbi həm iddia müddətinin keçməsi əsası ilə, həm də borcun mövcudluğunun iddiaçı tərəfindən sübut edilməməsi əsası ilə rədd edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2-2(102)-240/16 saylı qərarının 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, “Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən, tərəflərin tam həcmdə öz öhdəliklərini yerinə yetirməsinə qədər müqavilənin qüvvədə olmasına əsaslansa da, onun tərəfindən verilən borcun cavabdehin səlahiyyətli şəxsi tərəfindən alınmasını və ya hesabına köçürülməsini və həmin hesabdan çıxarılmasını və öz növbəsində sonuncu tərəfindən banka qaytarılan kredit məbləğlərini təsdiq edən mötəbər sübutların iş materiallarına əlavə edilmədiyini müəyyən etmişdir.”
20. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-81- 1849/2015 nömrəli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının (bankın) nümayəndəsi məhkəmədə kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərin ipotekadan azad olunaraq sahiblərinə qaytarıldığını bildirmiş, o cümlədən iddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrün analitik hesabından çıxarışda xx.xx.2009-cu il tarixdə axırıncı əməliyyat göstərilmiş, günün axırı üçün kredit sıfırlanmışdır.
21. Məhkəmə İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na borcu olmamasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, bankın müştərinin borclu olması barədə məlumatları mərkəzi kredit reyestrinə ötürmək vəzifəsi ilə yanaşı borc ödənildiyi və mövcud olmadığı təqdirdə də bu barədə məlumatları reyestrə ötürmək öhdəliyi var. Bankın hərəkətsizliyi nəticəsində kredit alanın borclu olması barədə mərkəzi kredit reyestrində məlumatın mövcudluğu onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yeni kreditlərin götürməsinə maneə yaratmaqla hüquq pozuntusuna səbəb olur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na borcun olmaması barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin ləğv prosesində olan “Bank Standard” KB-nın (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) üzərinə qoyulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, “Kredit büroları” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə əsasən kredit tarixçəsinin subyekti barəsindəki neqativ məlumatın 10 ildən tez silinməsini tələb edə bilməz. Deməli, qanuna əsasən kredit tarixçəsinin subyekti özü barəsində olan neqativ məlumatın belə 10 ildən sonra silinməsini tələb edilə bilər. Hazırki halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının kredit borcunun mövcud olmadığı müəyyən edildiyindən burada söhbət neqativ məlumatdan deyil, həqiqətə uyğun olmayan məlumatdan gedir ki, belə olan halda iddiaçının həmin məlumatın silinməsini tələb etmək hüququ qanuni və əsaslıdır.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 581/2023 nömrəli qətnaməsi İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na borcun olmaması barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin ləğv prosesində olan “Bank Standard” KB-nın (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh “Bank Standard” KB-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-581/2023 nömrəli qətnaməsi İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na borcun olmaması barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin ləğv prosesində olan “Bank Standard” KB-nın (ləğvedici Əmanətlərin Sığortalanması Fondu) üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.