Məhkəmə qərarları › İş №2-2(103)-650/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-650/2023

01.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-650/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3nə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-334/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsindən xx.xx.2018-ci il tarixə verilmiş çıxarışda Cavabdeh2 MMC-nin əvvəlki təsisçiləri "xxxx" MMC 99.9999% və Bossdale Trade LLP 0.0001%, hazırki təsisçilər Cavabdeh1 Yuriyevna 15%, “Panoram Developments Limited” (X3 və Şimali İrlandiya) – 47% və Bossdale Trade LLP (X3 və Şimali İrlandiya) -38%. Qanuni təmsilçi İddiaçı qeyd olunmuşdur.

2. “Bossdale Trade LLP” şirkəti xx.xx.2019-cu il tarixində ləğv edilmişdir.

3. Cavabdeh2 MMC-nin direktoru İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın təkrar çağırılması barədə bildirişlə Cavabdeh1 Yuriyevna, Cavabdeh3nə müraciət edərək, xx.xx.2022-ci il tarixində Cavabdeh2 MMC-nin növbədənkənar ümumi yığıncağının keçiriləcəyini, ümumi yığıncağın gündəliyinə “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi ilə əlaqədar yeni nizamnamənin qəbul edilməsi məsələsi, İddiaçı Cavabdeh2n direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinin müzakirəsinin daxil edildiyini qeyd etmişdir.

4. Cavabdeh2 MMC-nin direktoru İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın təkrar çağırılması barədə bildirişlə Cavabdeh1 Yuriyevna, Cavabdeh3nə müraciət edərək, xx.xx.2022-ci il tarixində Cavabdeh2 MMC-nin təkrar növbədənkənar ümumi yığıncağının keçiriləcəyini, ümumi yığıncağın gündəliyinə, “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi ilə əlaqədar yeni nizamnamənin qəbul edilməsi məsələsi, İddiaçı Cavabdeh2 MMC-nin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinin müzakirəsinin daxil edildiyini qeyd etmişdir.

5. Cavabdeh2 MMC-nin direktoru İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın təkrar çağırılması barədə bildirişlə Cavabdeh1 Yuriyevna, Cavabdeh3nə müraciət edərək, xx.xx.2022-ci il tarixində Cavabdeh2 MMC-nin təkrar növbədənkənar ümumi yığıncağının keçiriləcəyini, ümumi yığıncağın gündəliyinə, “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi ilə əlaqədar yeni nizamnamənin qəbul edilməsi məsələsi, İddiaçı Cavabdeh2n direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinin müzakirəsinin daxil edildiyini qeyd etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3nə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) məsələsinə baxılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi Yığıncağının keçirilməsi, qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin təsisçiləri ilə bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin xx.xx.2018-ci il tarixinədək qanuni təmsilçisi olmuşdur. xx.xx.2018-ci il tarixində təsisçilərə müraciət edərək, səhhəti ilə əlaqəli olaraq vəzifədən azad edilməsini xahiş etmiş və təsisçilərin qəbul etdikləri qərar əsasında Cavabdeh2 MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Vəzifədən azad edilərkən cavabdeh MMC-yə məxsus möhürü və hüquqi sənədləri yeni direktora təhvil verməklə, cavabdeh MMC ilə bütün hüquq münasibətləri bitmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilən çıxarışa əsasən, Cavabdeh2 MMC-nin yeni qanuni təmsilçisi qismində X1 qeyd olunmuşdur. Lakin, keçən il məlum olmuşdur ki, Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018 tarixli qətnaməsi ilə Cavabdeh2 MMC-nin ümumi yığıncağının bir sıra qərarları etibarsız hesab edildiyindən, o, cəmiyyətin direktoru vəzifəsinə bərpa edilmişdir. Hər bir halda Cavabdeh2 MMC arasında olan əmək müqaviləsinə də xitam verilmişdir. Həmin vaxtdan bu günə qədər cavabdeh şirkəti təmsil etməmiş, heç bir sənəd imzalamamış və cavabdeh MMC ilə heç bir hüquq münasibəti bağlamır. “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərindən birinin sıradan çıxması, Cəmiyyətin təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi məsələsinin həll edilməsi, o cümlədən, cəmiyyətin qanuni təmsilçisi olaraq direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizənin müzakirəsi üçün cəmiyyətin növbədən kənar ümumi yığıncağının çağırılması zəruri olduğundan, üç dəfə təisçilərə məktub göndərsə də, təsisçilər növbədənkənar ümumi yığıncaqda iştirak etmədiklərindən iclas baş tutmamış və qaldırılan məsələlər müzakirəsiz qalmışdır. Nəticədə isə əmək hüquqları kobud şəkildə pozulmaqla, hər hansı əmək müqaviləsi bağlanmadan, əmək haqqı ödənilmədən formal şəkildə cəmiyyətin direktoru vəzifəsində qalmaqla məcburi əməyə cəlb olunur. Əmək müqaviləsi bağlanılmadığı, eləcə də əmək münasibətlərinə cəlb edilmədiyi halda, adının formal olaraq hüquqi şəxslərin dövlət reyestrində qalması və fəaliyyətdə olan təsisçilərin qanunvericiliyin tələblərinə uyğun olaraq bu barədə hər hansı tədbir görməməsi hüquqlarının pozulmasına səbəb olur. Cəmiyyətlə hər hansı bir əlaqə olmadığı halda, təsisçilərdən birinin ləğv olunmaqla sıradan çıxdığı üçün təşkilatın digər iki təsisçisinin və ya onların səlahiyyətli nümayəndələrinin ali idarəetmə orqanı olan ümumi yığıncağın iclaslarına gəlməmələri faktiki olaraq həmin Cəmiyyətdə əmək münasibətlərinə məcbur edilməsinə səbəb olur. Cavabdeh2 MMC-də faktiki işləmədi halda formal olaraq adı hüquqi şəxslərin dövlət reyestrində saxlanılmışdır. Bu isə hüquqların pozulmasına səbəb olur. Belə ki, formal da olsa məhz hüquqi şəxslərin dövlət reyestrində şirkətin qanuni təmsilçisi olmağına dair qeydiyyatın olmasına görə şirkətin fəaliyyəti ilə əlaqədar yaranan vergi və digər borclarınının ödənilməməsi səbəbindən ölkədən kənara getmək hüququm məhdudlaşdırılmışdır.

8. Cavabdehlər və üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-334/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh2ndə qanuni təmsilçiliyə xitam verilməsi (direktor vəzifəsindən azad edilmə) məsələsinə baxılması üçün Cavabdeh2 ümumi yığıncağının keçirilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin təsisçilərinin (Cavabdeh1 və Cavabdeh3) üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini ikinci hissəsini təmin etməmək qənaətinə gələrkən, ehtimallara əsaslanmış, nəzərə almamışdır ki, əmək qanunvericiliyinin tələblərinə görə işəgötürən olaraq cavabdehlərin (təsisçilərin) onu ən geci ərizə verdiyi gündən sonrakı 1 ay ərzində iradəsinin əleyhinə, məcburi olaraq işimdə saxlaya bilməzlər. Bu halda, məhkəmə hər hansı bir digər qanunvericiliyin normalarına istinad etmədən, iddia tələbini həmin hissədə təmin etməməklə, iddiaçının ƏM-nin 69-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbini həmin hissədə rədd edilməsi barədə səhv qənaətə gəlməklə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasının 4.2-ci bəndinin tələblərini ciddi şəkildə pozub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər.

14. Cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

16. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.

17. Həmin Məcəllənin 91.3 və 91.3.5-ci maddəsinə əsasən cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır (9.1.). Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır (9.2.).

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi hissəsində iddia qismən əsaslıdır.

21. Belə ki, mahiyyətindən görünür ki, həmin iddia özündə iki tələbi ehtiva edir: 1. dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi, 2. həmin sənədlərin məhz qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) ilə bağlı olması.

22. Kollegiya hesab edir ki, 2-ci hissədə iddia tələbi təmin edilə bilməz.

23. Belə ki, Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.

24. Həmin Məcəllənin 91.3 və 91.3.5-ci maddəsinə görə cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

25. Cavabdeh2 MMC-nin Nizamnaməsinin 9.1.2.2-ci bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və vəzifədən azad etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir.

26. Həmin Nizamnamənin 9.2.3-cü bəndinə əsasən cəmiyyət və direktor arasında müqavilə həmin şəxsin seçildiyi (teyin edildiyi) ümumi yığıncaqda sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilə müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər.

27. Göründüyü kimi həm qanunvericiliyin, həm də cəmiyyətin Nizamnaməsinin tələblərinə əsasən şəxsin qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) məsələsi məhz ümumi yığıncağın müstəsna səlahiyyətində olan məsələlərə aiddir.

28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün cəmiyyətin göndəriləcək qərarının məhz qanuni təmsilçiliyinə xitam verilməsi ilə bağlı olmasını müəyyən etmək hazırki məhkəmənin səlahiyyətlərinə aid deyildir.

29. Bununla yanaşı kollegiya hesab edir ki, digər hissədə iddia tələbi əsaslıdır.

30. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır (9.1.). Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır (9.2).

31. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cəmiyyətin ümumi yığıncağı təsis sənədlərinə hər hansı dəyişiklik edilməsi ilə bağlı qərar qəbul etdiyi halda həmin qərar qanunvericiliyin imperativ göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (hazırki halda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə) göndərilməlidir.

33. Ona görə də kollegiya hesab edir ki, qəbul edilmiş qərarın vergi orqanınına təqdim edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalı, qalan hissədə həmin iddia təmin edilməməlidir.

34. Kollegiya hesab edir ki, əks yanaşma iddiaçının məcburi əməyə cəlb edilməsi və Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnə bilər.

35. Belə ki, həmin maddəyə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli, qəbul edilmiş qərarın vergi orqanınına təqdim edilməsi öhdəliyi cavabdehlərə həvalə edilməli, qalan hissədə isə həmin iddia təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-334/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh2ndə qanuni təmsilçiliyə xitam verilməsi (direktor vəzifəsindən azad edilmə) məsələsinə baxılması ilə bağlı keçirələcək Cavabdeh2 ümumi yığıncağında qəbul ediləcək qərarın vergi orqanınına təqdim edilməsi öhdəliyi cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 üzərinə qoyulsun. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar