Məhkəmə qərarları › İş №2-2(103)-650/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-650/2025

25.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-650/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 olmaqla) Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: şifahi alqı-satqı müqaviləsi, maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 16 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərardan müəyyən olunur ki, 10 000 manat dəyərində taxta və plastmas yeşiklərinin, eləcə də kağız və kağız kantlarının Cavabdeh tərəfindən ələ keçirilməsi, lakin pulunun ödənilməməsi faktı araşdırma zamanı öz təsdiqini tapsa da, lakin araşdırılan xüsusatda cinayət hadisəsi müəyyən olunmamışdır. Belə ki, İddiaçı ilə Cavabdeh əvvəllər yaxın münasibətdə olmuşlar, bir-biriləri ilə alqı-satqı etmişlər, İddiaçı Cavabdeh taxta və plastmas yeşik, kağız və kağız kantlar satmış, pulunu İddiaçı qaytarmış və onların arasında inam və etibar yaranmışdır. Cavabdeh öz izahatında İddiaçı 10 000 manat dəyərində yeşik taxta və plastmas götürməsini təsdiq etmişdir.

2. 22 avqust 2023-cü il tarixli 16486 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

3. 22 avqust 2023-cü tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 150 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. X6 (ilkin iddiaçı) Cavabdeh (cavabdeh) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 12 400 manat əmtəələrə görə verməli olduğu borc, 8700 manat ümumilikdə vurulan zərər, 400 manat vəkil xərci, 150 manat ödənilmiş dövlət rüsumu, cəmi 21 650 manat pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma dayısıdır və Cavabdehlə Həmidi tanış edib Samirə nisyə mal buraxılmasına qarant durmuşdur. Cavabdeh taxta və plastmas yeşiklərin (meyvə-tərəvəz məhsullarının qablaşdırılması üçün) və həmin yeşiklərlə əlaqəli ağ kağız rulonlarının, kağız kantlarının və s. məhsulların bir yerdən alıb istehlakçılara aldığı qiymətin üstünə müəyyən qədər əlavələr etməklə müəyyən miqdar qazanc əldə edib və qarşı tərəfə qazanc əldə etmək şəraiti yaradan fəaliyyət göstərən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Tanışı İddiaçı Ağdaş rayonunda taxta sexi işlədirdi. Həmin sexdə müxtəlif ölçülərdə taxta yeşiklərin istehsalı ilə məşğul olmaqla yanaşı yeşiklər üçün istifadə olunan kağız və kağız kantlarını Bakı şəhərindən alıb gətirir və üzərinə müəyyən məbləğ qoyaraq müştərilərə satırdı. Cavabdeh onun zaminliyi ilə dəfələrlə Həmiddən yuxarıda göstərilən çeşidlərdə malları alıb aparmış və əsasən həm iddia tələbinin maddi hüquqi əsası kimi həmin malların yüklənməsi, həm daşınması, həm də dəyərinin ödənilməsi ilə bağlı aralarında narazılıq olmamışdır, lakin sonuncu dəfə Cavabdeh ümumi dəyəri 12 000 manat olan taxta və plastmas yeşikləri, onlar üçün lazım olan kağız və karton hissələri almış, amma onların dəyərini ödəməkdən imtina etmişdir. Dəfələrlə onunla əlaqəyə girib borclu olduğu məbləği ödəməyi təklif etsə də, o, təklifə rədd cavabı vermişdir. Bundan sonra həmin borcun yaranması ilə bağlı malların verildiyi yer üzrə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Müraciətlə bağlı həmin polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 izahat verən zaman göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə Ağdaş rayonundan Biləsuvar rayonuna Hüseyn İsmayılov idarə etdiyi "Mersedes Ateko" markalı yük avtomobili ilə 2590 manat dəyərində 1850 ədəd taxta yeşik, 495 manat dəyərində 150 kq ağ kağız, 195 manat dəyərində 65 kq ağ kağız kant göndərmiş və Cavabdeh tərəfindən ona 3510 manat verilməli olmuşdur. Onun Cavabdeh göndərmiş olduğu plastmas yeşiklərin 12 000 ədədi rayon sakini Ülvi Dadaşova məxsus olmuş həmin yeşiyin 3000 ədədinin pulunu, yəni 3000 manatını vermiş qalan pulu isə məbləğin 5200 manatı Cavabdeh çatmalı olmuş, qalan 5772 manatı isə Ramil adlı şəxs tərəfindən ödənilmişdir. Onun sadaladığı malların ümumi dəyəri 20 602 050 manat olmuşdur. Ramil ona bildirmişdir ki, 5772 manat dəyərində olan malı özü üçün istifadə edəcəyini, pulu isə özü verəcəyini bildirsə də, sonradan Cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdeh ona 6.630 050 manat pul verməli olsa da, Cavabdeh və Ramil adlı şəxs əvvəllər bizdən mal alıb pulunu ödəyib aldadaraq yuxarıda qeyd etdiyi məbləği dələduzluq yolu ilə ələ keçirmişlər. O, Cavabdeh pulumu istedikdə, Cavabdeh ona malını dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. O, Cavabdeh bir neçə dəfə pulunu istəmiş, lakin anası Almaz bacısı Aytən, adını bilmədiyi və özünü jurnalist kimi təqdim edən qadın Xatirə onun iş yerinə gəlmişlər. Həmin şəxslər ona haqq qazandırmışlar və məsələnin iki gün müddətinə həll olunacağını bildirmişlər. Yeşiklərin rayon ərazisində satışını həyata keçirən X3 müəyyən məbləğdə alıb digər məbləğə istehlakçılara satmışdır. Onun yaxın dostu Polad Əbilovun doğma bacısı oğlu Cavabdeh 11 oktyabr 2022-ci il tarixdə iş yerine gəlib onunla görüşüb iş görmək istədiyini bildirib, yeşik lazım olduğunu demiş ve onlar birlikdə iş görməyə başlamışlar. Onlar müxtəlif vaxtlarda iş görüb hər ikisi müəyyən məbləğdə qazanc əldə etmişlər. Ona məlum olmuşdur ki, Cavabdeh onunla iş görüb ona və özünə pul qazandırmaqla onun etibarını qazanıb gələcəkdə ona qarşı dələduzluq edəcəkdir. 27 oktyabr 2022-ci il tarixdə Cavabdeh ona zəng edib taxta və plastmas yeşik, ağ kağız, ağ kağız kant alacağını və iş görəcəyini demiş, onlar bu barədə ətraflı danışıb razılığa gəlmişlər. O, Ağdaş rayonundan Hacıqabul rayonuna Ramil adlı şəxsə ümumi dəyəri 2000 manat olan 21 000 ədəd plastmas yeşik, ümumi dəyəri 247 050 manat olan ağ kağız kantı Hüseyn İsmayılov vasitəsilə göndərmiş, həmin gün malı maşına yükləyən isə rayon sakini günəmuzd fəhlə işləyən X4 olmuş və ona 30 manat pul vermişdir. Mallar Hacıqabul rayonuna təhvil verilmiş yükün daşıma pulunu Cavabdeh verməmiş, ona ödənilməli olan məbləğ 2432 manat imiş. Həmin gün, yəni 03 noyabr 2022-ci il tarixdə günün ikinci yarısında Ağadaş rayonundan Hacıqabul rayonuna Ramil adlı şəxsə Şahmar Məcidovun idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ümumi dəyəri 5000 manat olan 5000 ədəd plastmas yeşik, ümumi dəyəri 250 manat olan 1100 bağlama kağız, dayon 280 050 manat olan 85 kq ağ kağız göndərmiş və malı maşına yükləyən isə rayon sakini günəmuzd fəhlə işləyən Mehrab Muxtarlı olmuş, daşıma və işçi pulunu Samir özü vermişdir. O, 28 oktyabr 2022-ci il tarixdan Samirin dediyi kimi yəni Hacıqabul rayon sakini Ramil adlı şəxsə yuxarıda göstərdiyi malları göndərməyə başlamış, taxta yeşiyin 01 ədədi 1,40 manat, plastik yeşiyin 01 edad 1 manat, 1 kq ağ kağızın qiyməti 3,30 manat, 1 kq ağ da Şəbnəm adlı qadın olmuşdur. Təxminən 1 həftə sonra 20 000 manatı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsinin yaxınlığında İddiaçı dediyi şəxsə vermişdir və həmin zaman o tək olmuşdur. Aradan təxminən bir ay keçdikdən sonra İddiaçı ilə telefon əlaqəsi saxlayaraq ödənişini etdiyi xurma meyvəsini istədiyi zaman İddiaçı “sənin mənə yeşik və kantları alan zaman 12 400 manat borcun vardır. Həmin borcu ver, mən də sənin meyvələrini verim" sözlərini ona demiş, o da bundan əsəbiləşərək İddiaçı meyvəni istəmədiyini, onun meyvə üçün verdiyi 40 000 manatı verməsini tələb etmişdir. Həmid isə kobud formada ona bildirmişdir ki, pulunu verməsə ondan polisə şikayət edəcəkdir. Daha sonra eşitmişdir ki, onun ona qarşı dələduzluq etdiyini iddia edərək barəsində Ağdaş RPŞ-nə şikayət edibdir. Daha sonra onun valideyni və digər ailə üzvləri İddiaçı ilə görüşərək ona borclu olduğu 40 000 manat pulu geri qaytarmasını istəmişlər, Həmid isə borclu olmadığını, əksinə guya onun 12 400 manat pul almasını bildirmişdir. İddiaçı ona verdiyi yuxarıda sadaladığı yeşik və kantlar əvvəllər tanıdığı Hacıqabul rayon sakini X12 Məmmədov onun dediyi miqdarda yeşiklər və kağız kantlar göndərmiş və Ramil Nəzərov həmin əmlakları qəbul etmişdir. Ramil daha sonra həmin əmlakları ona təhvil vermişdir. Həmin əmlakların da pulunu İddiaçı vermişdir. Pulun bir hissəsini nağd formada, bir hissəsini isə kart vasitəsilə göndərmişdir. Nağd formada olan pulları İddiaçı Ağdaş rayonu ərazisində şəxsən özü vermişdir. Sonuncu dəfə İddiaçı ona göndərdiyi yeşik və kağız kantları tapşırığına X7 rayonu ərazisində qəbul etmiş və o, Biləsuvar rayonuna gələrək həmin əmlakı Ramil Nəzərovdan təhvil almışdır. Onun İddiaçı ilə gördüyü işə Ramil Nəzərovun hər hansı aidiyyəti yoxdur. Ramil onun dediklərini yerinə yetirmişdir. X10 Məmmədova hər hansı bir pul borcu və ya İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. 09 noyabr 2022-ci il tarixdə Biləsuvar rayonu, Yuxarı Ağalıkənd kəndində yerləşən Biləsuvar rayon sakini X5 məxsus qeyri-yaşayış sahəsində Hacıqabul rayon sakini Ramil Nəzərov ilə Hüseyn İsmayılov ilə görüşmüş, İddiaçı göndərdiyi 1850 ədəd taxta yeşiyi, 150 kiloqram kağızı və 65 kiloqram ağ kağız kantı həmin yerdə Ramil Nəzərova vermişdir. İddiaçı ona 25 000 manat borcu vardır, həmin borc əvvəl 40 000 manat idi, o, borcun əvəzinə İddiaçı 10 000 manat dəyərində yeşik götürmüşdür. Biləsuvar rayon polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul olunmuş 16 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilnməsi haqqında” qərarında göstərilir ki, toplanmış materiallarla müəyyən edilir ki, İddiaçı müraciətində göstərdiyi xüsusatlar, yəni 12 000 (on iki min) manat dəyərində taxta və plastmas yeşiklərin, eləcə də kağız və kağız kartlarının Cavabdeh tərəfindən ələ keçirilməsi, lakin pulunun ödənilməməsi faktı araşdırma zamanı öz təsdiqini tapmışdır, yəni Cavabdeh öz izahatında İddiaçı – ondan 10.000 manat dəyərində taxta və plastmas yeşik götürməsini təsdiq etmişdir. Eyni zamanda mənim ona 4 .000 manat borclu olduğumu bildirsə də, şikayəti araşdıran şəxsə bu barədə heç bir sübut, qəbz, sənəd təqdim etməmişdir. Həmin qərarla Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən edilmədiyinə görə barəsində cinayət işi qaldırılması mümkün hesab edilməmişdir. Lakin həmin qərarla Cavabdeh mənim ona verdiyi əmtəələrin dəyərinin ödənmədiyinə görə 12 400 manat borclu olduğu həm onun öz etirafı ilə, həmdə araşdırma nəticəsində müəyyən edilmişdir. Cavabdeh onlara məxsus olan pul vəsaitini uzun müddətdən bəri özündə saxlayıb öz ehtiyacları üçün istifadə etməsi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

6. İş üzrə ilkin iddiaçı X1 ərizəsinə əsasən o, əsl İddiaçı (iddiaçı) ilə əvəz olunmuş və mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamə ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, o, Əbilov Polad ilə tələbə yoldaşı olmuşdur. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Poladın bacısının oğludur. Polad ona bacısı oğlunun taxta və plastmas yeşiklərin, həmin yeşiklərlə əlaqəli məhsulların satışı ilə məşğul olduğunu bildirmişdir. 2022-ci ilin oktyabrnoyabr aylarında Polad zamin duracağını bildirərək Samirə mallar verilməsini xahiş etdi. O da Polada güvəndiyi üçün Samiri tanımadığı halda ona müxtəlif çeşidlərdə mallar verib. Həmin gün Samirin yanında Kamal adında bir şəxs də var idi. Həmin malların yüklənməsi, həm daşınması və həm də dəyərinin ödənilməsi ilə bağlı aralarında narazılıq olmamışdır. Taxta, plastmas yeşik, ağ kağız, kağız kantlar almış və həmin aldığı əşyaların pullarını ödəmişdir. Sonuncu dəfə Samir ümumi dəyəri 12.000 manat olan taxta və plastmas yeşikləri, onlar üçün lazım olan kağız və karton hissələri almış, amma onların dəyərini ödəməkdən imtina etmişdir. 10 000 ədəd plastmas yeşikləri də əmisi oğlunun zavodundan təşkil edib Samirə verib. Samirə malları verdikcə bu barədə Polada məlumat verirdi və Polad ödənişlərdə narahatçılıq olmayacağını ona bildirirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona 12 000 manat dəyərində taxta və plastmas yeşiklərin, eləcə də kağız və kağız kartlarının ödənişini ödəməkdən yayınırdı. Ən sonda da iddiaçı ondan borcu tələb etdikdə iddiaçıya qarşı təhqiramiz ifadələr işlətdi. Bir gün anası, bacısı, adını bilmədiyim və özünü jurnalist kimi təqdim edən qadın onun iş yerinə gəlmiş, haqq qazandırdıqlarını lakin Samirin atasının Rusiyada olması səbəbindən hazırda ödəniş edə bilmədiklərini və bu məsələnin 2-3 gün ərzində həll olunacağını bildirmişdirlər. Daha sonra cavabdehin atası iddiçıya telefonla zəng edib xəstə olduğunu və məsələ ilə əlaqədar həll yolu tapılması üçün Bakıda görüşmək istədiyini bildirdi və onlar görüşüblər. Lakin yenə də həll yolu tapılmayıb. Cavabdehin atası iddiaçıya oğlunun heç kəsə borclu olmadığını bildirib. Daha sonra iddiaçı da Polada iradını bildirərək Samiri onun sayəsində tanıdığını və hazırda belə çıxılmaz vəziyyətdə olduğunu bildirib. Polad isə özünün nəqliyyat vasitəsini Samirin borcunun qarşılığında iddiaçının həyətinə gətirib qoyaraq satmaq niyyəti olduğunu bildirib. Həmin nəqliyyat vasitəsi satılsa belə, borcları tam ödənilmədiyindən, nəqliyyat vasitəsini satmadan Poladın özünə geri qaytarıb. İddiaçı hissə-hissə digər şəxslərdən aldığı mallar üzrə borcları tam ödəyib. Cavabdehin iddiaçını təhqir etdiyi üçün onunla əlaqə saxlamayıb. Sonda iddiaçı, iddia tələbinin əsaslı olduğunu və hazırda cavabdehin ona borcu olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq iddiaçı bildirmişdir ki, kənd təsərrüfatı məhsullarının alış-satışı ilə məşğuldur. Cavabdehlə aralarında malların satılması ilə əlaqədar hər hansı alğı-satqı müqaviləsi yoxdur, sadəcə malların təhvil verilməsi ilə əlaqədar video-görüntülər və özlərinin tərtib etdiyi qaimə-fakturalar var. Cavabdehə hansl sayda yeşik verdiyini xatırlamır. Tələb etdiyi 8700 manat məbləğində maddi zərərin mübahisə ilə əlaqədar çəkilmiş yol xərcləri, hüquqi yardıma görə vəkilə müraciət etməsi ilə bağlıdır. Hüquqi yardımla bağlı vəkil ilə arasında müqavilə bağlanmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, 12 400 manat məbləğində borc yeşiklərin sayına görə müəyyən edilib. Ümumi borc məbləği 40 000 manatdır, cavabdeh tərəfindən ödənişlərin hissə-hissə icra edilməsi nəticəsində 20 000 manat məbləğində borc qalmışdır.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır və iddia tələbinin əsasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında heç bir yazılı razılıq, müqavilə olmamışdır. İddiaçı heç bir hüquqi qüvvəsi olmayan borc dəftərini və qaimə-fakturaları əsas sübut qismində məhkəməyə təqdim etmişdir. Şəxs fərdi sahibkardır və alğı-satqı ilə əlaqədar mövcud qanunvericilikdən də məlumatlı olmalı idi. İddia tələbi heç bir sübuta əsaslanmır. İddia heç bir mötəbər sübuta əsaslanmadığı üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Həmçinin o, suallara cavab olaraq bildirmişdir ki, cavabdehin ona verdiyi məlumata görə tərəflər arasında heç bir yazılı alğı-satqı müqaviləsi olmamışdır. Lakin buna baxmayaraq şifahi razılaşmaya əsasən aldığı məhsullar və mallara görə ödəniş olunmuş, hazırda cavabdehin heç bir borcu yoxdur. 16 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda borcun etirafı ilə əlaqədar cavabdehdən soruşduqda sonuncu bildirmişdir ki, polis ona bu formada izahat alıb imza çəkdirmişdir. Cavabdeh Biləsuvar rayon Polis şöbəsində verdiyi izahatında iddiaçının ona 40 000 manat borcu olduğunu qeyd etmiş, lakin bununla bağlı məhkəməyə müraciət etməmişdir. Çünki borcun olmasını təsdiq edən heç bir sübut əlində yoxdur. 16 iyun 2023-cü il tarixli qərarda cavabdeh 10 000 manat dəyərində yeşik götürməsini etiraf edib, çünki İddiaçı cavabdehə 25 000 manat borcu var, həmin borc əvvəl 40 000 manat olmuşdur. Cavabdeh borcun əvəzinə İddiaçı 10 000 manat dəyərində yeşik götürmüşdür. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia ərizəsinin onun tərəfindən tərtib edildiyini bildirdi, sonradan məhkəmə onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etdi. Həmidlə Samiri üçüncü şəxs tanış edib. Samir onun bacısının oğludur. Mübahisə ilə bağlı özünü günahkar bilir. Belə ki, bir gün Həmid ona telefonla zəng edərək bildirdi ki, Samir gəlib beh qoyaraq bəzi mallar və məhsullar aparmış, üçüncü şəxsi zamin kimi Həmidə göstərərək ödənişlərdə əksiklik olmayacağını, olacağı təqdirdə “cavabdeh dayımdır” deyə bildirmişdir. İlkin olaraq götürülən bütün məhsullar və mallar üzrə ödənişlər edilib. Daha sonra bir gün Həmid ona Samirin ona 20 093 manat borcu olduğunu bildirib, üçüncü şəxs borcun yaranma səbəbini soruşduqda ona yeşiklər verdiyini deyib. Üçüncü şəxs bu məsələdən xəbərdar olmadığını bildirib. Həmid 6000 manat dəyərində olan yeşik və kantları əvvəllər tanıdığı Hacıqabul rayon sakini Ramil Nəzərova, digər məhsulları isə cavabdehin özünə verdiyini deyib. Üçüncü şəxs borc məbləğ ilə əlaqədar Samir ilə əlaqə saxladıqda Samir ona qısa zamanda ödəniş edəcəyini bildirdi. 3 gündən sonra 3000 manat ödəniş edilib, qalıq 17 093 manat borcu isə daha sonra kartına məbləğ gəldikdən sonra ödəyəcəyinə iddiaçı və üçüncü şəxsi inandırıb, lakin ödənişi icra etməyib. Daha sonra bacısıgil məsələnin aydınlaşdırılması üçün üçüncü şəxsi evlərinə çağırdılar və üçüncü şəxs Samirin borcu barədə onlara da məlumat verib. Onlar da bacısı, bacısının qızı və bir jurnalist səhəri gün Həmidin olduğu yerə getdilər və borcu qısa zamanda ödəyəcəklərini bildirdilər. Həmid həmin görüşdən 2-3 gün sonra üçüncü şəxsin bacısı ilə əlaqə saxladıqda bacısı yoldaşının Rusiyada olduğunu bildirərək ödənişin edilməsində çətinlıik çəkdiyini qeyd edib. İddiaçı da əlacsız qalıb Həmidlə Ağdaş rayonu Polis İdarəsinə gedib şikayət edib. Cavabdeh axtarışa verildi və tədqiqat materialları Biləsuvar rayon Polis idarəsinə göndərildi. Tədqiqat da 3 aya yaxın çəkdi. Sonra üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş edi. Suallara cavab olaraq P.Əbilov bildirmişdi ki, məsələlərin aydınlaşdırılması üçün Ağdaşa, Bakıya gedib gəlmələri ilə bağlı iddiaçıya ziyan dəymişdir. Cavabdeh onun iştirakı ilə hər hansı mal götürməyib, lakin mal götürən zaman iddiaçı ona məlumat verib, çünki onun da işdə marağı olub. İddia tələbi ilə bağlı maddi marağı mübahisə predmeti olan hər yeşikdən ona 5-10 qəpik pul verilməsindən ibarət olub. Taraların satılması ilə bağlı tərəfindən hər hansı gəlir əldə edilməyib, taraların satın alınmasından məlumatı olmayıb. Nə Həmid onu öz bibisi nəvəsindən alanda, nə də Ramilə təhvil verəndə bilməyib. O sonradan bunlardan xəbərdar olub. Bacısı oğlunun mübahisədən əvvəl də bu cür insan olduğunu bilib və bu səbədən özünü təqsirkar bilir. Tərəflərə tanış edərkən maddi marağ güdməyib. İddiaçının cavabdehə 40 000 manat məbləğində borcu olması barədə cavabdehin tərəfin iddiasına münasibətdə mülahizələrin şər böhtan olduğunu bildirdi.

11. Birinci instansiya məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 10 000 (on min) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat və hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin əvəzi İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni işin müəyyən olunmuş hallarına istinadla belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdeh cinayət işi materiallarında iddiaçıya borcunun olmasını etiraf etmiş, habelə cavabdehin nümayəndəsi də 10 000 manat dəyərində malın cavabdeh tərəfindən iddiaçıdan götürüldüyü qeyd edilmişdir.

13. Bununla belə, əlavə 2400 manat dəyərində malların cavabdehə təhvil verilməsi faktını təsdiq edəcək sübutlar (elektron qaimə, təhvil-qəbul aktı və s.) birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin etirazına münasibətdə, iddiaçının cavabdehə 25 000 manat məbləğində borcunun olduğunu və sözügedən borcun cavabdehə satılan 10 000 manat dəyərində yeşik ilə əvəzləşdirildiyini qeyd edilsə də, bu iddiaya dair hər hansı sübut birinci isntansiya məhkəməsinə təqdim edilməmişdir.

14. Həmçinin birinci instansiya məhkəməsi 400 manat vəkil xidmət haqqı və 150 manat dövlət rüsumunun 120 manatının əvəzi tələbini əsaslı saymışdır.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21ci, 385.1-ci, 442-ci, 445.1-ci, 448.1-ci 567-ci, 627.1-ci, 630-cu, 631-ci, 637.1-ci, 1096.1ci, 1097.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə hərtərəfli və tam araşdırma aparmadan yalnız “cinayət işinin rədd edilməsi barədə” qərara istinad etməklə əsassız qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq bilə-bilə ədalətsiz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

24. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

25. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdehin şikayətinə münasibətdə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsi (mübahisələndirilən məbləğ: 10 520 manat) ilə bağlı üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin təmin olunmayan hissələri ilə bağlı şikayət ünvanlamadığından, həmin hissələr apellyasiya baxışının predmetini təşkil etmir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

37. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 637.2-ci maddəsi təşkil edir və iddiaçı cavabdehə verdiyi malların dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır.

38. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcının onun dəyərini göndərmə müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini tələb etmək hüququ verir.

39. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisəsiz halıdır. Belə ki, 10 000 manat dəyərində malın cavabdeh tərəfindən iddiaçıdan götürüldüyü cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilir. Bu hal həmçinin iş materiallarında olan “cinayət işinin rədd edilməsi barədə” qərarla da təsdiq olunur.

40. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsi yalnız iddiaçının izahatına və cinayət işinin rədd edilməsi barədə qərara istinadən qəbul edilməsinə və Mülki Məcəllənin 441-ci maddəsinə istinad etməklə kifayətlənmiş, şikayətinin faktiki əsaslarını irəli sürməmiş və birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulmasını əsaslandırmamışdır.

41. Kollegiya cavabdehin qeyd edilən istinadını əsassız hesab edir.

42. Belə ki, cavabdeh hazırkı öhdəlik münasibətləri çərçivəsində borclu kimi öz riskinə daxil olan bütün hallar üçün məsuliyyət daşıyır (§ 21). Bu baxımdan, cavabdeh tərəfindən 10 000 manat məbləğində malların götürülməsinin cavabdehin nümayəndəsi tərəfindən qeyd edilməsi də məhkəmənin istinad etdiyi faktiki əsaslardan biri kimi çıxış edir. Bundan başqa, “cinayət işinin rədd edilməsi barədə” qərara dair materiallarda cavabdehin izahatına istinad qanuna zidd olmamaqla mötəbər sübut kimi çıxış edir.

43. Bu müstəvidə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).

44. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Göründüyü kimi bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati və kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.

45. Mülki və ya kommersiya qaydasında işə baxan məhkəmə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə tam bağlı deyil (§ 28), məhkəmə üçün həmin aktlar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, mülki və ya kommersiya mübahisələri üzrə məhkəmə tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq, özünün hüquqi dəyərləndirməsini apara bilər.

46. Sözügedən qərarda isə cavabdeh 10 000 manat məbləğində malın götürülməsini qeyd etmişdir, belə olan halda isə məhkəmə kollegiyası bununla bağlı əlavə araşdırma aparılmasında zərurət görmür.

47. Digər tərəfdən, o, apellyasiya şikayətində istinad etdiyi pozuntu hallarına yol verilməsini də sübuta yetirə bilməmişdir (§ 29). Kollegiya ona diqqət çəkir ki, cavabdeh Maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsinə səbəb olmasına istinad etsə də, hər hansı dəlil irəli sürməmiş, habelə birinci instansiya məhkəməsində icraat zamanı qeyd etdiyi halları təkzib edən sübut da təqdim etməmişdir.

48. Kollegiya məhkəmənin, cavabdehdən 400 manat vəkil xidmət haqqı və 150 manat dövlət rüsumunun 120 manatının əvəzinin tutulmasını da əsaslı hesab edir.

49. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-567/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar