Məhkəmə qərarları › İş №2-2(103)-651/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-651/2021

29.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-651/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1261/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.09.2020-ci il tarixə dövlət büdcəsinə olan 66464,77 manat və Dövlət Sosial Müdafiə Fonduna 17557,12 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 83200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli e-2-2(113)-1261/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “xxxx” ASC-yə qarşı eyni borca görə başqa bir iddia ərizəsi də verilmiş və Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci tarixli qətnaməsi ilə (yəni bu qətnamədən bir gün sonra) iddia təmin olunaraq “xxxx” ASC-nin DSFM-yə olan 17557,12 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat dəyərində siyahıya alınmış əmlakının açıq hərracda satılması qət edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan “xxxx” ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.09.2020-ci il tarixə yaranan 66464,77 manat borcuna görə 83200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə **********9 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 24.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16.09.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 66464,77 manat və Dövlət Sosial Müdafiə Fonduna 17557,12 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan “xxxx” ASC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 66464,77 manat borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15.09.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında “xxxx” ASC-yə məxsus 83200 manat məbləğində əmlak siyahıya alınmış və bu barədə **********9 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 66464,77 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə iddia təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, Dövlət Sosial Müdafiə Fonduna 17557,12 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, “xxxx” ASC-nin şəxsi hesab vərəqəsində 16.09.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna hər hansı məbləğdə borcun olması qeyd edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Dövlət Sosial Müdafiə Fonduna 17557,12 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1261/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.04.2021-ci il tarixli qətnaməsi qismən, yəni Dövlət Sosial Müdafiə Fonduna 17557,12 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar