Məhkəmə qərarları › İş №2-2(103)-651/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-651/2025

24.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-651/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: tələbin güzəşti, hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsindən X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC-nin X7 və X14 qarşı iddia tələbi Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 15 sentyabr 2011-ci il tarixli 719 saylı kredit müqaviləsi üzrə X3 7587 manat məbləğində əsas kredit borcu, 3400 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 11 487 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 24,70 manat dövlət rüsumunun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, X8 məxsus ünvan 1 ünvanda yerləşən, 29,6 kv.m yaşayış, 11,3 kv.m köməkçi sahədən ibarət 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, ünvan 1 ünvanda yerləşən 29,6 kv.m yaşayış, 11,3 kv.m köməkçi sahədən ibarət 2 otaqlı mənzilin ilkin satış qiymətinin 16 000 manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına X5 "xxxx" ASC-yə 11 487 manat borcunun, 30 manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan pul vəsaitindən iddiaçının tələbi ödənildikdən sonra qalan vəsaitin X8 verilməsi, Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3, 29,6 kv.m yaşayış, 11,3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzil açıq hərracdan satıldıqdan və ya iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin həmin mənzildən çıxarılması, tələbin qalan hissədə təmin olunmaması qət edilmişdir.

2. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

3. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101S nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxsus problemli aktivlərin bankdan satın alınmasnı və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda, bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir.

4. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Göyçay Rayon Məhkəməsinin qətnaməsi əsasında X4 "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuş cəmi 11 486,42 manat kredit borcu və ipoteka üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC-yə keçmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ünvan 2 ünvanda yerləşən 29,6 kv.m yaşayış, 11,3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 38 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən "xxxx" ASC məhkəmə kollegiyasına ərizə ilə məhkəməyə müraciət etmiş, 21 aprel 2017-ci il tarixli müqavilənin nəzərə alınmasını və özünün BOKT "Aqrarkredit” QSC ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə kollegiyası BOKT İddiaçı QSC-ni iddiaçı qismində işə cəlb etmişdir.

7. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunmuş, bu barədə tərəflərə (tələbkar kimi "xxxx" ASC qeyd olunmuşdur) xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir.

8. Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən X8 məxsus ünvan 2 ünvanda yerləşən, 29,6 kv.m yaşayış, 11,3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin açıq hərraca çıxarılaraq satılıması üçün sifariş və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubun surəti tələbkar kimi yenə "xxxx" ASC-yə ünvanlanmışdır.

9. Hərrac təşkilatının xx.xx.2024-cü il tarixli hərrac bildirişində, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsinə dair 01 və 02 saylı bildirişlərində də tələbkar kimi "xxxx" ASC göstərilmişdir.

10. Hərrac təşkilatı tərəfindən surəti borclulara göndərilməklə "xxxx" ASC-nə xx.xx.2021-ci il tarixdə “İpoteka predmetinin əldə olunmasına dair” təklif ünvanlanmış, təklifdə hərracın baş tutmadığı barədə məlumat verilməklə, əmlakın 24 225 manata ipoteka saxlayana ("xxxx" ASC-nə) təklif olunduğu bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti (iddiaçı) Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı iddia ərizəsi ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə), sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən X8 məxsus ünvan 2 ünvanda yerləşən mənzillə bağlı 16 aprel 2021-ci il tarixdə və 06 may 2021- ci il tarixdə keçirilmiş hərracların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X10 tərəfindən "xxxx" ASC-yə qarşı “mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, ipotekaya xitam verilməsi və həmin mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müracət edilmiş, iddia ərizəsi icraata qəbul olunmuş, sonradan "xxxx" ASC-nin vəsatəti əsasında məhkəmə tərəfindən İddiaçı QSC də cavabdeh qismində işə cəlb edilmişdir. Həmin iddia ərizəsində qaldırılan məsələ İddiaçı QSC-nin qanunla qorunan mənafeyinə toxunduğundan və hərrac təşkilatı tərəfindən keçirilmiş hərracdan İddiaçı QSC məlumatsız olduğundan, “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə məhkəmədə iddia qaldırılmasına zərurət yaranmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin X8 qarşı 7586,42 manat əsas borc, 3900,0 manat faiz borcu olmaqla, cəmi 11 486,42 (on bir min dörd yüz səksən altı manat qırx iki qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-GEK-123 saylı satın alma ilə bağlı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı QSC-yə təhvil verilmiş sənədlərdən göründüyü kimi "xxxx" ASC-nin Göyçay filialı ilə X10 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 719 saylı kredit müqaviləsinə əsasən Mirzağa Tarverdipura 24 ay müddətinə illik 18 %-lə 10 000,0 (on min) manat kredit verilmiş, kreditin təminatı olaraq X8 məxsus ünvan 2 ünvanda yerləşən mənzil Mirzağa Tarverdipurla bağlanmış xx.xx.2011-ci il tarixli 22 saylı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə X10 tərəfindən əməl olunmamış, son nəticədə "Azərbaycan Beynəlxalq Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)-444/2015 saylı qətnaməsi ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası qismən, yəni X3 cəmi 11 487,0 manat borcun tutulması, ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 16 000 manat müəyyən edilməsi, həmin mənzilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan artıq qalan vəsaitin X8 qaytarılması, mənzil satıldıqdan sonra cavabdehlərin həmin mənzildən çıxarılması hissəsində təmin olunması, iddianın qalan hissədə isə təmin olunmaması qət edilmişdir. 2019-cu ildə X10 və ailə üzvləri Göyçay rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən - ipoteka qoyulmuş X8 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 16 000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin əmlakın dəyərinin 38 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsində mülki iş üzrə şikayətə baxılarkən, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi vəsatət verərək borc üzrə tələb hüququnun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına güzəşt edildiyini və "Aqrarkredit” QSC-nin iddiaçı tərəfi əvəz edən şəxs qismində prosesə cəlb olunması xahiş etmiş, məhkəmə tərəfindən həmin vəsatət təmin olunaraq "Aqrarkredit” QSC-nin nümayəndəsi iddiaçının nümayəndəsi qismində həmin prosesdə iştirak etmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı ipoteka qoyulmuş X8 məxsus ünvan 2 ünvanda yerləşən mənzil Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci tarixli sifariş məktubu əsasında ilkin satış dəyəri 38 000 manat olmaqla Xammal və X19 Mərkəzi "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi hərrac təşkilatı tərəfindən keçirilmiş həmin hərraclarda tələbkar qismində "Aqrarkredit” QSC deyil, "Azərbaycan Beynəlxalq Bankı” ASC göstərilmiş, İddiaçı QSC tələbkar olaraq həmin hərracların keçirilməsindən məlumatsız olmuşdur. Keçirilmiş hərraclarla bağlı "Aqrarkredit” QSC-yə hər hansı bir bildiriş göndərilməmiş, bütün sənədlərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC göstərilmişdir. Hərrac təşkilatının ipoteka əmlakının əldə edilməsinə dair xx.xx.2021-ci il tarixli təklif məktubu da tələbkar olaraq "Aqrarkredit” QSC-yə deyil, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ünvanlanmışdır. Qeyd olunmalıdır ki, borc üzrə tələb hüququ 2017-ci ildə "Aqrarkredit” QSC-yə ötürüldüyü üçün ipoteka ilə bağlı tələb hüququ da "Aqrarkredit” QSC-yə keçmişdir. Bütün bunlardan göründüyü kimi İddiaçı QSC tələbkar olaraq yuxarıda qeyd olunan qətnamənin icrası ilə bağlı keçirilmiş hərraclarda iştirakı təmin olunmamışdır.

13. İddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci, 42.1, 44-cü və Mülki Məcəllənin 416-cı maddəsinə istinad olunmuşdur.

14. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri, həmçinin digər üçüncü şəxs X10 məhkəməyə gəlməmişlər.

15. Birinci instansiya məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası zamanı hərracın keçirilməsi ilə bağlı qanunun tələbləri pozulduğundan, yəni ipoteka saxlayan kimi BOKT İddiaçı QSCyə məlumat verilmədiyindən iddia təmin olunmalıdır.

17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Qanunun 33-cü, 39.3.3-cü, 42.1-ci, 43.1-ci, 44-cü, Mülki Məcəllənin 415.1-ci, 415.2-ci, 416-cı maddələrinə istinad etmişdir.

18. X1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: "xxxx" ASC-dən kredit götürmüşəm, mənzilimi həmin kreditin təminatı kimi banka girov qoymuşam. Ödənişdə gecikmə olduğuna görə bank məni məhkəməyə vermişdir. Məhkəmə gedişində "xxxx" ASC mənim kredit portfelimi mənim razılığım və məlumatım olmadan İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinə satmışdır. Kredit portfeli satılsa da ipoteka yüklülüyünün dəyişməsi barədə dövlət reyestrində bu günə qədər girov saxlayanın dəyişməsinin qeydiyyatı aparılmamışdır. Bu günədək tərəfimdən "xxxx" ASC-nə ödənişlər edilir. Halbuki, kredit portfelim satılıb (bu barədə Göyçay İcra idarəsində məlumatlar var). İş üzrə məhkəmədə yekun qərar çıxarılmış və çıxarılmış qərar icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmişdir. İcra və probasiya şöbəsi tərəfindən mənzil hərrac vasitəsi ilə satışa çıxarılmışdır. Hərraclar keçirilmiş, lakin heç kim mənzili hərracda almamışdır. Buna görə mənzil yüklülük hüququ dövlət reyestrində adına qeydiyyata alındığına görə İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinə deyil, "xxxx" ASC-nə təklif edilmişdir. Qanunla müəyyən olunmuş müddətdə "xxxx" ASC mənzili təklif əsasında öz adına götürməmişdir. Belə olan hallarda qanuna əsasən ipotekaya xitam verilir. Lakin bütün bunlara baxmayaraq uzun müddətdən sonra İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti hərracı mübahisələndirmişdir. "xxxx" ASC tərəfindən kredit portfelinin "xxxx" BOKT QSC-yə satılması, mülki hüquqların və əmlakın sərbəst dövriyyəsi prinsipinə ziddir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Bu prinsip, mülkiyyət hüququnun qanuni əsaslarla və şəffaf şəkildə ötürülməsini tələb edir. Hərracın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun qanunsuz ötürülməsi və mülkiyyətçinin razılığı olmadan həyata keçirilən əməliyyatların nəticəsidir. Bu cür əməliyyatlar, mülkiyyət hüququnun pozulmasına və qanunsuz mülkiyyət dəyişikliklərinə səbəb ola bilər. Azərbaycan Respublikasının "Əmlakın Dövlət Reyestri haqqında" Qanununun 20-ci maddəsinə əsasən, əmlakın ipotekası dövlət reyestrində qeydiyyata alınmalıdır. Əgər ipoteka hüququ dövlət reyestrində qeydiyyata alınmayıbsa, bu, ipoteka hüququnun hüquqi qüvvəsinin olmaması deməkdir. Bu halda, "xxxx" BOKT QSC-nin ipoteka hüququnun tanınması və icrası mümkün deyil. Bundan əlavə, "xxxx" BOKT QSC-nin kredit portfelini satın aldıqdan sonra ipoteka hüququnu dövlət reyestrində qeydiyyata almaması, mülkiyyət hüququnun düzgün ötürülmədiyini və hüquqi qeyri-müəyyənliyi göstərir. Məhkəmənin hərracın etibarsızlığını tanıması, mülkiyyət hüququnun qanunsuz ötürülməsini və mülkiyyətçinin razılığı olmadan həyata keçirilən əməliyyatların nəticəsidir. Bu cür qərarlar, mülkiyyət hüququnun qorunması və hüquqi ədalətin təmin edilməsi məqsədini güdür. Müqavilə üzrə öhdəliklərin (kredit müqaviləsinin) üçüncü şəxsə keçməsi üçün borcalanın razılığı tələb olunur, əgər müqavilədə başqa cür nəzərdə tutulmayıbsa. Razılığım alınmadan portfel "Aqrarkredif'ə ötürülmüşdür - bu maddənin pozulmasıdır. İpoteka hüququ yalnız dövlət reyestrində qeydiyyata alınmaqla hüquqi qüvvəyə malik olur. “Aqrarkredit" öz adına qeydiyyat etdirməyibsə, hüquqi qüvvəyə malik ipoteka sahibi sayıla bilməz. Əgər ipoteka predmetinə dair icra prosesi başlayıbsa, bu hüquq yalnız dövlət reyestrində ipoteka sahibi kimi qeydiyyatda olan şəxsə məxsusdur. Hərracla bağlı iddia qaldırmaq hüququ yalnız reyestrdəki ipoteka sahibi olan ABB-yə aid idi. Bundan başqa, kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf pretenziya qaydasına riayət edilməsi barədə sübutu iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İşdə cavabdeh olmalı şəxs, maraqlı şəxs kimi cəlb edilmiş, bununla da iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və pretenziyanın məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması öhdəliyindən özünü formal olaraq azad etmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

19. “Aqrarkredit" BOKT QSC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahat

20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış X9 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, "xxxx" BOKT QSCnin məhkəmə iclasında iştirak edən nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

22. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

23. Maddə 202. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.

24. Maddə 309.3. İpoteka və tələb yeni kreditora köhnə kreditorda olduğu kimi keçir. Daşınmaz əmlakın dövlət reyestrində kreditorun maraqlarına cavab verən məlumatların qeydiyyatı düzgün hesab edilir. Bu halda borclu tələbin mövcud olmamasına istinad edə bilməz. Əgər yeni kreditor reyestrdəki yazıların düzgün olmadığını bilirdisə, bu qayda tətbiq edilmir.

25. Maddə 313. İpoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın.

26. Maddə 314. İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir.

27. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

28. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

29. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əmlakın ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

30. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

31. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

32. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

33. Maddə 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.

34. Maddə 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə.

35. Maddə 28.1. İpoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə həmin tələbin təminatı olan ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir.

36. Maddə 28.2. Tələbin başqa şəxsə keçməsi ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklər edilməli və bu Qanuna müvafiq qaydada ipotekanın dövlət qeydiyyatı orqanında əlavə dövlət qeydiyyatına alınmalıdır (ipoteka kağızı ilə tələbin başqasına keçməsi bu Qanuna uyğun olaraq həyata keçirilir). Bu şərtə əməl edilmədikdə tələbin keçməsi etibarsız hesab olunur.

37. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

38. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı, müvafiq icra sənədi üzrə tələb ona güzəşt olunduğu halda hərracın keçirilməsi barədə məlumatlandırılmamış, ümumiyyətlə onun, icra icraatında iştirakı üçün heç bir tədbir görülməmişdir.

46. Başqa sözlə, keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona bildirişlərin göndərilməməsi, hərracın ondan xəbərsiz keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır və birinci instansiya məhkəməsinin müvafiq tələblə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

47. Kredit portfelinin onun razılığı və məlumatı olmadan İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinə güzəşt olunduğu, bu səbəblə həmin güzəştin hüquqi qüvvəsinin olmadığı barədə apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mülki qanunvercilik tələbin güzəşt olunmasını borclunun razılığı ilə şərtləndirmir, əksinə, güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşmanın yalnız borclunun üzrlü mənafeyi olduqda mümkünlüyünü, tələbin güzəştinin tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirildiyini, bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsinə zərurət olmadığını təsbit edir (§ 21, 22, 25).

48. Apellyatorun, “kredit portfeli satılsa da, ipoteka yüklülüyünün dəyişməsi barədə dövlət reyestrində girov saxlayanın dəyişməsinin qeydiyyatı aparılmamışdır” dəlilinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir:

49. Qanunverici ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmalı olmasını ipoteka hüququnun yaranması üçün zəruri hesab edir (§ 30, 32) və belə qeydiyyatın aparılmaması müvafiq ipoteka predmetinə tutma yönəldilməsi barədə tələb irəli sürülməsinin mümkünsüzlüyü ilə nəticələnir.

50. Hazırkı işin halı isə ondan ibarətdir ki, apellyatorla "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış, ipoteka saxlayan əmlak üzərində yaranmış ipoteka hüququna istinadla müvafiq iddia tələbi irəli sürmüş və tələbi təmin olunmuş, bundan sonra o, qətnamə əsasında yaranmış hüquqlarını BOKT İddiaçı QSC-nə güzəşt edtmişdir.

51. Başqa sözlə, ipoteka hüququnun BOKT İddiaçı QSC-nin adına qeydiyyatının aparılmasına hər hansı zərurət olmamışdır – belə zərurət o halda yaranardı ki, BOKT İddiaçı QSC özü məhz həmin ipoteka predmetinə tutmanın yönəldilməsini istəmək məcburiyyətində qalardı.

52. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-922/2025 saylı iş üzrə 07 aprel 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. X1 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar