Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-652/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-417/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan mağazaya verilən elektrik enerjisi üçün əsassız olaraq hesablanmış 3.940,74 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan mağazada 09 oktyabr 2020-ci il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan cavabdeh qurumun nümayəndələri tərəfindən yoxlama keçirilmiş, aparılmış yoxlama zamanı "xxxx" ASC-nin nümayəndələri tərəfindən obyektdəki A081185359M396077 nömrəli sayğacda guya nasazlıq aşkar edilmiş, sayğacın alt örtük qapağının möhürünün olmadığı müəyyən edilərək cavabdehin nümayəndələri tərəfindən axın yükünün düzgün qeydə alınmadığı səbəbi ilə iddiaçıya ƏDV daxil 3940,74 manat borc hesablanmışdır. Bununla bağlı 09 oktyabr 2020-ci il tarixli, NDQ№008076 nömrəli akt tərtib edilmişdir. Daha sonra isə bununla bağlı sözügedən akta əsasən iddiaçıya 16 oktyabr 2020-ci il tarixdə cavabdeh qurum tərəfindən hesab ödəniş vərəqi göndərilmişdir. Bir müddət sonra isə yuxarıda göstərilən səbəblə əlaqədar olaraq obyektə elektrik enerjisinin verilməsi dayandırılmışdır və hal-hazırda da mağazada işıq yoxdur. İddiaçıdan belə bir ödənişin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən obyektdəki sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Yalnız cavabdeh qurumun əməkdaşları sayğacda dırnaqarası müayinə apardıqdan sonra orada uyğunsuzluq aşkar etmişlər. Sayğaca baxış iddiaçının iştirakı olmadan keçirildiyi və həmin baxışın kimlər tərəfindən, hansı şərtlər daxilində keçirildiyi bəlli olmadığı üçün yaranmış uyğunsuzluğun da məhz onlar və ya iddiaçıya məlum olmayan digər şəxslər tərəfindən baş verdiyi hesab edilir. Bundan başqa, cavabdeh qurum tərəfindən qanunsuz olaraq obyektdə faktiki olaraq yoxlama aparılmış və həmin bu qanunsuz yoxlama nəticəsində nasazlıq aşkar etdiyini iddia edərək akt tərtib etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-417/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, məhkəmə işə baxarkən, ümumiyyətlə, mahiyyəti üzrə araşdırma aparmadan, sadəcə iddiaçının subyektiv hüququnun olmamasını əsas gətirməklə iddianı rədd etmişdir. İddiaçının subyektiv hüququnun olmamasını isə onunla əsaslandırmağa çalışmışdır ki, əsassız olaraq borc hesablanmış obyekt iddiaçının deyil, başqa bir şəxsin mülkiyyətindədir. Lakin məhkəmə öz qətnaməsində bu mövqeyini hüquqi cəhətdən əsaslandırmamışdır. Bunun əvəzində isə aidiyyəti olmayan hüquq normalarına istinad etməklə sanki qətnamədə hüquqi əsas vermiş və sadəcə öz mövqeyini bildirməklə iddianı rədd etməyə kifayət qədər əsasının olduğu qənaətinə gəlmişdir. Belə ki, qətnamədə işə aid olmayan Mülki Məcəllənin öhdəliklərlə bağlı olan normalarına istinad olunur (Mülki Məcəllə maddə: 385, 425, 442), sonra Mülki Prosessual Məcəllənin qətnamələr üçün şablona çevrilmiş normalarına istinad olunur (MPM maddə: 77, 217.3, 217.4) və bununla da iddiaçının subyektiv hüququnun olmadığı əlaqələndirilərək iddia rədd edilir. İş materiallarına da əlavə edilmiş obyektin mülkiyyətçisi ilə iddiaçı arasında bağlanmış 04.09.2020-ci il tarixli 01 nömrəli icarə müqaviləsindən, həmçinin həmin müqavilə əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndiliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********4 saylı Arayışından da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mağaza İddiaçı sahiblik və istifadəsində olmuşdur. Yəni bu hal iddiaçının subyektiv hüququnu sübut edir. Bundan başqa nə aktda, nə bildirişdə, nə hesab-fakturada (hesab ödəniş vərəqi) obyektin mülkiyyətçisinin adı qeyd olunmur, məbləğin həmin şəxsə hesablandığı barədə də heç bir məlumat əks olunmur. Cavabdehin özü tərəfindən tərtib olunmuş 16.10.2020-ci il tarixli ********* saylı və 19.10.2021 tarixli ********* saylı hesab ödəniş vərəqlərində obyektin ünvanı və ad olaraq “Ledi” mağazası qeyd edilmişdir. Hesab ödəniş vərəqində obyektin adının elə qeyd edilməsi birbaşa "xxxx" ASC-nin cavabdehliyində olan məsələdir və bu iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-417/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. İş materiallarında 09.10.2020-ci il tarixli 008076 nömrəli akta əsasən ünvan 1 ünvanında yerləşən “Ledi” mağazasına aid sayğacda aparılmış yoxlama zamanı elektrik sayğacının alt örtük qapağının möhürü olmadığı aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. İş materiallarında olan ********* nömrəli 16.10.2020-ci il tarixli hesab ödəniş vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən “Ledi” mağazasının (qızıl mağazası) həmin tarixə qalıq borcunun 3.941,11 manat olduğu göstərilmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanması, **********30005 abonent üzrə qeydiyyata alınması, 09 oktyabr 2020-ci il tarixli elektrik sayğacına baxış zamanı tərtib edilmiş 008076 saylı aktın onun barəsində olması öz təsdiqini tapmadığına, iddiaçının cavabdehdən borcun silinməsini tələb etmək hüququnun olması müəyyən edilmədiyinə görə iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.09.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən X3 ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən obyekt 04.09.2023-cü il tarixədək iddiaçıya icarəyə verilmişdir. İcarə müqaviləsinin 10-cu bəndində qeyd edilir ki, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqların ödənilməsi icarədarın üzərinə düşür. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********4 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən köşk 08.09.2020-ci il tarixdə vergi ödəyicisi kimi iddiaçının adına uçota alınmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən borc hesablanmış obyektə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən obyekt iddiaçının icarəsində olduğundan, borc məbləği obyektin mülkiyyətçisinə deyil, obyektin özünə hesablandığından (ünvan 2 ünvanında yerləşən “Ledi” mağazası) və borcla bağlı obyektin elektrik enerjisinin dayandırılması iddiaçının obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirməsinə mane olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin borcu mübahisələndirməyə subyektiv hüququ vardır. Mülki Məcəllənin 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır: Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İcarə haqqında ” Qanunun 15-ci maddəsinin birinci bəndinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında göstərmişdir ki, sözügedən obyekt hazırda “Ledi” mağazası adı altında deyil, market kimi fəaliyyət göstərir. Borcun silinməsi barədə iddiaçının tələbi aşağıdakılara əsasən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.34-cü bəndinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qeyd edilən normaların tələbindən göründüyü kimi, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin hesablaşma elektrik sayğacına baxış keçirilməsi də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olan yoxlama hesab edildiyindən hazırkı halda cavabdeh tərəfindən həyata keçirilmiş baxışın dövlət qeydiyyatından keçməməsi həmin baxış nəticəsində tərtib edilmiş aktın hüquqi qüvvəsinin tanınmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-417/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektə hesablanmış 3940,74 manat əsas borc silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-417/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektə cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 3940,74 manat borc silinsin. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-652/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-652/2021
30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver