Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-652/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2062/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 24 ünvanında yerləşən qeyri-yaşayış binasında (“Dalğa Plaza” Biznes Mərkəzi) binadakı ofis sahəsinin icarəyə verilməsi barədə 18 fevral 2019- cu il tarixli 19/075 nömrəli müqavilə bağlanmış, 07 sentyabr 2022-ci il tarixdə tərəflər arasında imzalanmış razılaşma ilə həmin icarə müqaviləsinə 18 sentyabr 2022-ci il tarixində xitam veriləcəyi, icarəçinin xitam tarixinə icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcun ƏDV daxil 2983.83 manat təşkil etdiyi razılaşdırılmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir.
3. "xxxx" MMC (mülkiyyətçi) və iddiaçı (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli PMD-27/12/17/-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektlərin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin MXMT(112)-252/2022 saylı, xx.xx.2022-ci il qərarından görünür ki, cavabdehin bank hesabındakı vəsaitləri üzrə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdən sərəncam qoyulmuş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə icarə haqqı ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsində, ümumi sahəsi 50.00 kv.m. təşkil edən ofis sahəsinin (sonradan İcarəyə Verilən Əmlak(lar) binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 28.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dəyişdirilib), o cümlədən Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında 18 fevral 2019-cu il tarixli, 19/075 №-li müqavilə üzrə xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 2.996,59 manat və dəbbə pulu üzrə 56,01 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 70 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 3.122,60 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsində, ümumi sahəsi 50.00 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 18 fevral 2019-cu il tarixli, 19/075 №li Müqavilə (bütün əlavələri ilə birlikdə, bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə18 sentyabr 2022-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 07 sentyabr 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən Xitam tarixinə kimi olan müvafiq dövr ərzində cavabdeh tərəfindən istehlak edilmiş icarə müqaviləsinin 3.3-cü bəndində göstərilmiş kommunal xidmətlər üzrə borc istisna olmaqla, cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 2.983,83 AZN təşkil edir. Həmçinin icarə müqaviləsinin 7.3-cü bəndinə əsasən cavabdehə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün xitam tarixinə tətbiq edilən dəbbə pulu üzrə cavabdeh tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 56.01 AZN (əlli altı Azərbaycan manatı, bir qəpik) təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Qeyd etmək istərdik ki, xitam razılaşmasında nəzərə tutulmuş əsas borcun 12,76 AZN məbləğində artımı məhz Cavabdeh tərəfindən istehlak edilmiş kommunal xidmət haqqı üzrə borcun sonradan nəzərə alınmasından irəli gəlir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 25 aprel 2023-cü il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-02/23/665 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də bütün gecikdirilmiş dövr üçün tətbiq edilməli olan dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 (bir) il 6 (altı) aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. İddiaçı yuxarıda istinad edilən icarə müqaviləsinin 7.3-cü bəndində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə etməklə əsas borc məbləğindən əlavə toplanmış ümumi borc məbləğinin ödənilməsinin gecikdirildiyi müvafiq dövrün hər günü üçün dəbbə pulu hesablamaqla, tətbiq etmək səlahiyyətinə malik olsa da, bu hüququndan istifadə etməmiş və güzəşt olaraq yalnız xitam razılaşmasının 3-cü bəndində göstərilmiş və xitam tarixinə kimi hesablanmış 56,01 manat məbləğində dəbbə pulunun ödənilməsi tələbi ilə çıxış edir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2062/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 18 fevral 2019-cu il tarixli 19/075 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, tərəflərin qarşılıqlı razılı ilə icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, cavabdeh qalıq 2983,83 manat icarə haqqı borcunu ödəməyi öhdəsinə götürmüş, cavabdehin əlavə olaraq 12,76 manat kommunal xidmətə görə borcu qalmışdır.
9. Məhkəmə cavabdehin iddiaya yazılı etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin bank hesablarında olan vəsaitləri üzərinə vergi orqanının qərarı üzrə sərəncam qoyulması borclunu öhdəliklərindən azad edən hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılıqla xitam verilmiş, cavabdeh qalıq borcunu ödəməyi öhdəsinə götürmüşdür.
10. Məhkəmə iddianın cərimə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 2996,59 manat məbləğində əsas borc, 56,01 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2062/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə icarə haqqı məbləğini və dəbbə pulunu tələb etsə də, cavabdeh tərəf olaraq həmin aylar ərzində artıq icarə haqqını fors-major hadisə ilə bağlı verə bilmədiyi üçün iddiaçı tərəflə yazılı razılaşmaya gələrək etiraf etmişdik ki, borc 2996,59 AZN təşkil edir. Lakin tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il üzrə icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors major hadisə baş verərsə tərəflər məsuliyyətdən azad olunur. Elektron sistemə yüklənilən 07 sentyabr 2022-ci il tarixli “outlook” üzərindən yazışmalardan da görünür ki, icarəyəgötürən olaraq cavabdeh forsmajor (yəni dövlət orqanınımqərarı üzrə) hesablar üzərində sərəncam qoyulduğu üçün və irasindən asılı olmayan səbəblərdən artıq heç bir ödənişi ödəyə bilmədiyi və hesabdakı pullar vergi orqanı tərəfindən dondurulduğu və fəaliyyətinin iflic vəziyyətə düşdüyü üçün ödəyə bilməməyi cavabdehi müqavilə öhdəlikləri üzrə məsuliyyətdən azad edən haldır. Aramızda olan müqavilənin 10.1-ci bəndinə əsasən "tərəflərin heç biri bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin onların iradəsindən asılı olmayan, bu Müqavilə imzalandıqdan sonra baş verən və tərəflərin müqavilə üzrə hüquq və vəzifələrinin yerinə yetirilməsinə bilavasitə təsir göstərən qarşısı alınmaz hallar (Fors Major) nəticəsində tam və ya qismən yerinə yetirilməməsinə və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə məsuliyyət daşımayacaq. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən fors-major hallar dedikdə həmçinin birgə fəaliyyətin davam etdirilməsinə mane olan hakimiyyət və ya qanunvericilik tədbirləri başa düşülür. Elektron məhkəmə sisteminə yüklənmiş Bakı İnzibati Məhkəmə (hakim Aygün Əhədova) və Bakı Apellyasiya Məhkəməsinin (Rəşid Səmədov) qərarlarından da görünür ki, hakimiyyət orqanı olan Bakı Lokal Gəlirlər Departamentinin əsassız qərarı nəticəsində hesablarında 105 faiz dondurulma (hesabların bloklanması) baş vermiş və fəaliyyətimiz dayandırılmışdır. İddiaçı tərəflə razılaşmaya əsasən fors-major məsuliyyətdən azad edən haldır Müqaviləyə xitam vermə razılaşmasında da borcu etiraf etsək də, işin mübahisəsiz halı odur ki, həmin borc fors-major nəticəsində baş vermişdir. Həmçinin 07 sentyabrda fors-major barədə qarşı tərəfi məlumatlandırmaqla və həmin müqavilənin 10.4-cü bəndinə əsasən 7 sentyabr 2022-ci ildə müqaviləyə xitam verilməsi barədə birgə razılıq əldə etdik. Aramızda bağlanmış 18 fevral 2019-cu il tarixli müqavilənin 10.4-cü maddəsinə əsasən fors-major olduğu və tərəflər müqaviləyə xitam verdiyi təqdirdə tərəflərdən hər hansı biri dəymiş zərərin əvəzini digər tərəfdən tələb edə bilməyəcək. Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərinin ondan asılı olmayan səbəblərdən icra edə bilməməsi və bu səbəblər barədə məhkəmədə bildirməsinə baxmayaraq, məhkəmə cavabdehin izahatına hüquqi qiymət verməyərək, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh tərəf izahatında bildirmişdir ki, vergi öhdəlikləri üzrə vergi orqanı tərəfindən bank hesablarına sərəncam qoyulmuş, bu səbəbdən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında icra etmək mümkün olmamış, hazırda vergi orqanına qarşı qaldırdıqlan "borcun silinməsi tələbinə dair iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, hələ qanuni qüvvəyə minməmişdir. Qanuni qüvvəyə mindikdən sonra cavabdeh "xxxx" MMC fəaliyyətini bərpa edərək bank hesabındakı məhdudiyyət aradan qaldırılmaqla fors-major halı aradan qaldırılmış olacaqdır. Beləliklə nəticədə borclunun icranı gecikdirməsi ilə bağlı məsuliyyət müəyyən edən qanunvericiliyin norması düzgün tətbiq edilməmişdir. Mübahisə üzrə mediasiyaya müraciət tələbləri pozulmuşdur. Mediasiyaya işə baxılmasının təxirə salınması və iştirakın təmin edilməsi barədə müraciət edilməsinə baxmayaraq (sübut elektron sistemə yüklənmişdir), yəni 8 saylı Mediasiya Təşkilatına elektron kargüzarlıqla yazılmasına keçirilmə müddətinin müzakirə üçün təxirə salınması ilə bağlı yazılı müraciət edilməsinə baxmayaraq mediasiya orqanı formal olaraq arayış vermə funksiyasını yerinə yetirmişdir. Bununla da "Mediasiya haqqında" Qanunun tələbləri pozulmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 448.4-cü maddə- borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2062/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 18 fevral 2019- cu il tarixli 19/075 nömrəli icarə müqaviləsi ləğv olunarkən cavabdeh iddiaçıya icarə müqaviləsi üzrə ƏDV daxil 2983,83 manat qalıq borcu olduğunu, 56,01 manat dəbbə pulu borcu olduğunu təsdiq etmişdir.
19. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, həmin borcun vergi orqanı tərəfindən hesabı dondurması ilə əlaqədar ödənilməsi mümkün olmadığından bu hal forsmajor hal hesab edilməli və cavabdehin icarə haqqı borcu üzrə öhdəliyinə müqavilənin 10cu bəndinə görə xitam verilməlidir.
20. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndində fors-major (qarşısıalınmaz) hala görə öhdəliyin icrasından deyil, öhdəliyin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyətdən, yəni dəbbə pulu və ya zərərin ödənilməsindən azad edilmə nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanı tərəfindən dövlət büdcəsinə yaranmış borca görə cavabdehin hesablaşma hesabına sərəncam qoyulması qarşısıalınmaz fors major hal kimi qiymətləndirilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsində vergi orqanının bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək səlahiyyəti nəzərdə tutulmuşdur. Həmin vergi borcu cavabdeh tərəfindən mübahisələndirilsə də borcun əsassız olduğuna dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Cavabdeh müqavilə ləğv edilərkən iddiaçının hazırda tələb etdiyi əsas borc və dəbbə pulu borcunu ödəməyi öz üzərinə götürdüyündən iddiaya etirazı əsassız hesab edilir.
21. Mübahisə məhkəmə tərəfindən düzgün həll edilmiş, hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2062/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2062/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.