Məhkəmə qərarları › İş №2-2(103)-652/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-652/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-652/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, əsas və faiz borcunun düzgün hesablanmaması, dəbbə pulunun düzgün müəyyən edilməməsi, ekspert rəyi alınmaması) hakimlər X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1577/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 933micsSUM/22-EM saylı əsas kredit müqaviləsi bağlanmışdır.

2. Kreditor qarşısında borclunun xx.xx.2022-ci il tarixli, 933micsSUM/22-EM saylı əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin olunması üçün Bank ilə X4 (zamin) və Cavabdeh1 (borc) arasında zaminlik müqaviləsi bağlanmışdır.

3. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 933micSUM/22 saylı əlavə kredit müqaviləsinə əsasında 18 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir.

4. Müqavilələr tərəflərin imzası, bankın və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

5. Bank tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 933micsSUM/22 saylı müqavilə üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borcu 2.966,87 manat, faiz borcu üzrə 617,68 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 933micSUM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2966.87 AZN, faiz üzrə 617.68 AZN, cərimə üzrə 602.82 AZN, cəmi 4187.37 AZN və dövlət rüsumu kimi ödənilmiş 61.87 AZN məbləğində pulun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 933micSUM/22 saylı kredit müqaviləsinə əsasən, borcluya 18 ay müddətinə, illik 22% ödəmək şərtilə, 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 933micSUM/22 saylı saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Cavabdeh1 və zamini müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 2966.87 AZN, faiz üzrə 617.68 AZN, cərimə üzrə 602.82 AZN, cəmi 4187.37 AZN məbləğində banka borcu vardır.

8. Birinci instansiya məhkəməsinin e-2-2(113)-1577/2025 nömrəli iş ürzə qəbul etdiyi 07 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunmuş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2.966 (iki min doqquz yüz altmış altı) manat, 87 (səksən yeddi) qəpik, faiz bоrcu üzrə 617 (altı yüz on yeddi) manat, 68 (altmış səkkiz) qəpik cərimə borcu üzrə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 3.834 (üç min səkkiz yüz otuz dörd) manat, 55 (əlli beş) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq “X2” ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat, 34 (otuz dörd) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq “X2” ASC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər kredit müqaviləsinin bağlandığını, kreditin götürüldüyünü və müqavilə üzrə əsas və faiz borc ilə razı olduqlarını bildirmiş, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2.966,87 manat, faiz bоrcu üzrə 617,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə 250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,34 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-cu, 741-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1577/2025 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit götürdükdən sonra vicdanlı vətəndaş kimi ödəmələri etmiş, ödənişlərə dair qəbzlər də mövcuddur. Kredit müqaviləsi üzrə ödənişlər faizə və cərimələrə silinmiş, əsas məbləğdən silinmədiyi üçün kredit borcu ödənilməmiş qalmışdır. Nəticədə bütün ödənişlərin bank əsas borca deyil, yalnız faizə silməklə iddia tələbində həmin kredit borcun qalmasına şərait yaratmışdır. Bankla olan sövdələşmələrində cavabdehlərə borcun ödənilməsi üçün müəyyən zaman ayrılması xahiş olunsa da, sonda müraciətləri nəticəsiz qalmışdır. Buna görə də zamanında kredit borcun qaytarılmasında maddi çətinliklər yaranmışdır. Cavabdeh kimi öhdəliyin icrasından qərəzli olaraq yayınmamış, üzürlü səbəblərə görə gecikmələr baş vermişdir. Maddi çətinlik aradan qalxan kimi banka olan borcunu dərhal bağlayacaqdır. Lakin bank cavabdehlərə vaxt vermədən bütövlükdə borcun bağlanmasını tələb etmiş və məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Bundan başqa kreditor tərəfindən təqdim edilmış iddia ərizəsi və ona əlavəedilmiş sənədlər tam reallığı özündə əks etdirmir. Belə ki, bugünki dövrdə kreditora qətnamədə göstərilən məbləğdə borc yoxdur, bank tərəfindən əsas məbləğdən əlavə faiz dərəcəsi çox yüksək göstərilmiş, həmin faiz məbləği ilə birgə hər gecikdirilən gün üçün dəbbə pulu da faizə hesablanmışdır. Cavabdeh banka müxtəlif vaxtlarda ödəmələr etmiş, öhdəliyin icrasından qərəzli olaraq yayınmamış, maddi vəziyyətində çətinliklərin yaranması səbəbindən vaxtında krediti ödəyə bilməmişdir. Bakı Kommersiya məhkəməsi yekun qərar qəbul edərkən birtərəfli qaydada aparılmış, məhkəmə araşdırmasına əsaslanmış, cavabdehin şifahi əsaslandırılmış vəsatəti təmin edilməmiş, keçirilməsi zəruri olan ekspertiza aparılmamış və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən faiz məbləğinin şişirdilərək məhkəməyə verilməsi düzgün deyildir. Dəbbə pulunu məhkəmə tamamilə azalda bilərdi. Burada tərəflərin maddi vəziyyəti, əmlak mənafeləri nəzərə alına bilərdi, kredit borcun bağlanması uçün cavabdehlərin səyi nəzərə alınmalı idi. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş subutlar əsasında qərar qəbul etmiş, cavabdehin bu illər ərzində məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə münasibət bildirməmişdir. Kredit borcunu ödəsə də, əsas borcun azalmasında heç bir irəliləyiş olmamışdır. Ödədiyi məbləğlər yalnız əsas borca deyil, faiz məbləğə silinməsi əsaslı deyildir. Bundan başqa qətnamə üzrə tutulacaq borc məbləği düzgün deyil. Ödənişlər düzgün hesablanmamış, hesablanmış borc məbləği yüksəkdir. Bununla bağlı məhkəmə-mühasibatlıq ekspertiza keçirilməli idi. Məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir ki, bu da həm göstərilən normanın təbiətinə, həm də hüququn prinsiplərinə ziddir. Normanın tələbi ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsində bu normanın da tələbləri pozulmuş və ədalətli qətnamə çıxarılmamışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

14. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı və digər cavabdeh isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

20. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, qətnamə apellyator tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

38. Cavabdeh1 öhdəliyini lazımınca icra etmədiyini mübahisələndirməsə də, ödənişlərin yalnız əsas borca deyil, faiz məbləğə silinməsi ilə cavabdehə əsassız borc hesablandığını, faiz borcunun məbləği ilə razılaşmadığını və dəbbə pulunun işin hallarına mütənasib azaldılmadığını bildirmişdir.

39. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli, 933micSUM/22 saylı kredit müqaviləsinin şərtlərinə və tərəflərin təsdiqlədiyi ödəniş qrafikinə əsasən cavabdeh bu krediti və ona hesablanmış faizləri 18 ay müddətində tamamilə ödəməyə borcludur. Beləliklə, tərəflər ödənişlərin annuitet qaydada aparılmasını razılaşdırmışdır. Bu qayda aylıq ödənişə həm əsas borcun bir hissəsinin, həm də əsas borcun qalığına əsasən hesablanmış faiz borcunun ödənilməsini nəzərdə tutur. Ödənişlərin qrafik üzrə aparılmaması isə əsas borc qalığının azalmaması və faiz borcunun artmasına səbəb olur. Ona görə də, müqavilə üzrə faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu ilə bağlı dəlillər əsassızdır.

40. Həmçinin faiz borcunun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı tərəfin irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

41. Kollegiya vurğulamağı zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən (iş materialları: 51-ci vərəqə) Cavabdeh1 əsas borcu qəbul etmiş, faiz borcunun məbləği ilə bağlı etirazının olmadığını və iş üzrə ekspertiza təyin olunmasına zərurət olmadığını bildirmişdir.

42. Bu kontekstdə dəyərləndirmə aparan kollegiya qeyd edir ki, cavabdehin birinci instansiyada keçirilmiş məhkəmə iclasında verdiyi izahat ilə apellyasiya şikayətinin dəlilləri ziddiyyət təşkil edir, başqa sözlə, cavabdeh öz izahatı ilə qəbul etdiyi halı apellyasiya şikayətində mübahisələndirmişdir. (Estoppel prinsipi)

43. Kollegiya apellyatorun məhkəmə tərəfindən dəbbə pulunun yüksək müəyyən edilməsi barədə dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

44. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq müəyyənləşdirmişdir.

45. Beləliklə, apellyasiya şikayətlərində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1577/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar