Məhkəmə qərarları › İş №2-2(103)-653/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-653/2023

07.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-653/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya işi Açar söz: vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş BB 079683 saylı sığorta şəhadətnaməsi əsasında X35 məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən daşınmaz əmlak (ticarət obyekti) 150 manat azadolma məbləği olmaqla 73.370 manat məbləğində sığortalanmış, xx.xx.2020-ci il tarixində sığorta hadisəsi (yanğın) baş vermiş, 50.000 manat zərər müəyyən edilmiş, sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X35 49.850 manat sığorta məbləği ödənilmişdir. Sığorta şəhadətnaməsi, sığorta aktı və sığorta məbləğinin ödənilməsi barədə bank sənədi iş materialarına əlavə edilmişdir.

2. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi mayor X21 tərəfindən qəbul edilmiş ********* nömrəli cinayət işi üzrə 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, yanğın hadisəsi ilə bağlı cinayət təqibinin başlanması rədd edilmişdir.

3. "xxxx" ASC "xxxx" MMC-yə ekspert rəyinin verilməsi ilə bağlı müraciət etmiş, xx.xx.2023 tarixli 271 nömrəli rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü, 5.3- cü, 5.3.2-ci, 7.6-cı, 7.9-cu, 10.7-ci, 10.18.2ci bəndlərinə əsasən, abonent ilə enerjitəchizatı müəssisəsi arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti hesablaşma elektrik sayğacının çıxış xəttindən müəyyən edilir, transformatordan sayğaca qədər olan kabel xətti və sayğac enerjitəchizatı müəssisəsinin balansındadır və onun tərəfindən texniki qulluq və xidmət göstərməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.2.1-ci, 1.2.9-cu bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.5-ci bəndinə əsasən elektrik quraşdırma işləri yekunlaşdırıldıqdan, uçot cihazları (sayğac) quraşdırılıb yoxlanıldıqdan, abonent enerjitəchizatı şəbəkəsinə qoşulduqdan, elektrik enerjisi verildikdən və enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonrakı dövrlərdə texniki şərtin olmaması halında abonent hər hansı bir məsuliyyət daşımır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2104 nömrəli 04 dekabr 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində X35 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xətlərində aşkar edildiyi, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını həmçinin müəyyən edildiyi kimi qeyd edilən fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.5, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayonu Meşəşambul kəndində X35 məxsus ticarət obyektini və həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5., 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2116 nömrəli 23 oktyabr 2020 tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası, FHN-nin Əİİ-nin baş leytenantı Vüqar Süleymanovun imzası ilə təsdiq edilmiş, 11 sentyabr 2020 tarixli 06136 saylı məktubla, təqdim etdiyi smetanın göstəricilərinə əsasən, ünvan 1ində X35 məxsus ticarət obyektində yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin 106.380,5 manat təşkil etdiyi və aparılmış araşdırmalara əsasən smetada göstərilmiş həcmlərinin tədqiq olunan obyekt üzrə dəymiş ziyanın həcminə uyğun olduğu müəyyən edilmişdir.

6. 28 oktyabr 2021-ci il tarixli 4/1401 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş “enerjitəchizatı müəssəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimati iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi də “abonent” qrafasında “Dibirov Ə.M” yazısının qarşısındakı imza, “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktda “istehlakçı” qrafasında “Ə.Dibirov” yazısının qarşısındakı imza- X58 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

7. 19 may 2021 tarixli 10/889 saylı ekspert rəyində qeyd edilmişdir ki, X29 izahatında göstərdiklərini və 07 sentyabr hadisə yerinə baxış keçirilərkən ticarət obyektinin qab-qaçaq (məişət) malları satılan mağazanın damının dəmir fermaların, digər sahələrdən fərqli olaraq deformasiyaya uğrayaraq əyildiklərini əsas götürüldükdə, yanğının mənbəyi həmin qab-qaçaq (məişət) malları satılan mağazada yerləşə bilər. Ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını, ekspertizaya təqdim edilmiş materiallarda hadisə baş vermiş ticarət obyektinin yanar materialların və tikinti konstruksiyaların üzərində yanğın mənbəyi və yanğının yayılma yollarını əks etdirən əlamət və izlərinin aydın göstərilmədiyini, ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təibətli qəza halının (qısa qapanmanın, artıq yülənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilmədiyini, yanğın mənbəyi kimi güman olan yerdə (qab-qaçaq, məişət malları satılan mağazanın) istilik ixrac edə bilən qurğuların (elektrik xətlərin, cihazların, kürə sobasının və s.) üzərində yanğına gətirə bilən qəza nümunələr isə ekspertizaya təqdim edilmədiyinə görə, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün deyildir. Hazırki təkrar ekspertizasının keçirildiyi zaman hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığına görə, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində ******* nömrəli transformatordan elektrik enerjisi ilə qidalanan Cənnətey Dadaşovanın və İlkin Hetayevin fərdi yaşayış evində baş vermiş elektrik qəzalarının səbəbini müəyyən etmək mümkün deyildir. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən elektrik sayğacın sıradan çıxması, həmin gərginliyinin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsindən) qidalanan elektrik qurğuları və məişət avadanlıqları, gərginliyinin artma dərəcəsindən (ölçüdən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətdən və istehlakçı tərəfindən bu avadanlıqlar üçün təyin edilmiş gərginliyinin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik «SİP» kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyinin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli formator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanın (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayrılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilərlər. Yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqdədar normativ aktalarının tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir.

8. 20 okyabr 2021-ci il tarixli 10/3694 saylı ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmirbərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət və izlərim müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Hadisə yerinə ilkin vəziyyətdə saxlanılmadığına görə, yanğının mənbə zonasını yerli (lokal) sahəyə gətirməklə, həmin sahədə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsi mümkün olmadığına, ekspertiza tədqiqatına “nümunə kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqil, sayğac, avtomat acarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanma, artıq yüklənmə və s) təsirindən əmələ gələ bilən izlər müəyyən edilmədiyinə, həmçinin istintaq tərəfindən mübahisə predmeti olan transformatorun hadisə ərəfəsində gərginlik altında olubolmaması konkret olaraq müəyyən edilmədiyinə görə, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Hazırki ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını və bununla da, baş vermiş yanğının mənbə və səbəbinin müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, qərarın bu sualları üzrə tədqiqat aparılaraq nəticə verilməsi, həmçinin baş vermiş hadisə ilə əlaqədar normativ aktların təbəblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş iş materiallarında olan məlumatlara əsasən “SİP” kabelin üzərində hər-hansı elektrik təbiətli qəza halı izləri aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məlumatlara, eləcə də baxış zamanı kabelin böyük hissəsinin saz vəziyyətdə qalmaqla həmin kabeldən yenidən istifadə edildiyi müəyyən edilmişdir. Odur ki, “SİP” kabeldə qəza halı aşkar edilmədiyinə görə, qərarın 5-ci sualında göstərilən məsələnin həll edilməsi mümkün olmadı. Qərarın alqıncı və yeddinci sualları üzrə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli «Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktına əsasən, abonentlə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi 35/10 kV-luq Qabaqçöl yarımstansiyasından çıxan 10 kv-luq Qabaqçöl h/x-dən doyan 100 kvA ******* kodlu TM-nin 0,4 kv-luq PQ-dən qidalanan “SİP” adlanan 0,4 kv-luq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0,4 kv-luq kabel istehlakçının balansında olmaqla həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir.

9. 09 yanvar 2020-ci il tarixli «Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktdan görünür ki, Balakən rayonu Meşəşambul kəndi qeyri-əhali obyekti adından nümayəndə X58 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100kVa ******* kodlu TM-nin 0.4 kV-luq PQ-dan qadalanan “SİP” adlanan 0.4 kVluq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda, 0.4 kV-luq kabel istehlakçının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Hava xətlərində gərginliyin artması növündə elektrik qəza hadisəsinin verməsindən elektrik sayğacının sıradan çıxması, sayğac üçün nəzərdə tutulan işləmə parametrlərindən fərqli olan gərginliyin artma dərəcəsindən və təsir müddətindən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsi qidalanan elektrik qurğu və məişət avadanlıqları, gərginliyin artma dərəcəs (ölçüsündən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətindən və bu avadanlıqlar üçün təyin edilmiş gərginliyin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik “SİP” kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyin dərəcəsindən (ölçüsündən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli tranformator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanının (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayrılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilər.

10. Azsığorta” ASC xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edərək, 49.850 manat məbləğin, 200 manat mediasiya xərci məbləğinin, 36 manat dövlət rüsumunun, ümumilikdə 50 086 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin bank hesabına ödənilməsini 5 (beş) gün müddətində tələb etmiş əks halda məkhəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. Balakən rayonu Meşəşambul kənd əhalisi tərəfindən yazılmış şikayət məktubunda qeyd edilmişdir ki, Meşəşambul kəndindəki aşağı gərginlikli elektrik tranformatorlarının, yuxarı və aşağı gərginlikli elektrik xətlərinin bərbad vəziyyətdə olmasından müxtəlif instansiyalara, hətta hüquq mühafizə orqanlarına yazılı məlumatlar və şahid ifadələri verilmişdir. Bu səbəbdən yanmış evlər haqqında yanıb sıradan çıxmış elektrik avadanlıqları haqqında şahid ifadələri və ərizələrlə müraciət edilmişdir. Müraciətlərə hətta fotoşəkillər də əlavə olunmuşdur. Lakin köməklik göstərən olmamışdır. Bu günlərdə 21 aprel 2021-ci il tarixdə elektrik xəttlərində yaranmış nasazlıq nəticəsində şəxslər zərərçəkmişdir. X5, X23, X30, X39, Qaxayev Başır Səid oğlu, X16, X10, X36, X17, X40, X14, X18 tərəfindən imzalanmışdır.

12. Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən vəkil Nümayəndə1 sorğusuna cavab məktubunda göndərilmiş aktlarda qeyd edilmişdir. 17 iyul 2020-ci il tarixli aktda Balakən rayon icra Hakimmiyyətinin Meşəşambul üzrə nümayəndəsi X7, Balakən rayonu Meşəşambul kəndində yerləşən “Nijer Market “müəssisəsin” sahibkarı X48, Balakən rayon Meşəşambul kənd sakini X55, X19, X6, X3, X8, X11, X41 müraciətləri və onların, şahidlərdən X42, X12, X4 iştirakı ilə həmin akt tərtib edildi ondan ötrü ki, bu sakinlərdən X2 evinin qarşısında olan transformatordan qidalanan elektrik xətlərindən istifadə edən H.Ə.Dibirovanın sahibkar olduğu müəssisəyə kənd sakinləri İ.Ə.Layıcova, M.A.Taşrayevin, şəxsi yaşayış evində X2 evini qarşısında olan transformatordan qidadalanan elektrik xətlərindən istifadə edən İ.Ə.Hetayevin, N.A.Gənceyevin, C.Ə.Dadaşovanın, Ş.İ.Heydərovun, H.Ə.Dibirovun evində elektrik naqillərində yaranmış yanğın nəticəsində aşağıdakı daşınar, daşınmaz əmlaklar yanmış, sakinlərə ciddi maddi və və mənəvi, sağlamlıqlarına və psixoloji vəziyyətlərinə ciddi ziyan dəymişdir:

13. "xxxx" ASC tərəfindən təqdim edilmiş transfarmatorlardan qidalanan xətlərin siyahısından məlum olur ki, əhali qrupuna aid Taşrayev M.Əli Hacı, X68, qeyri əhali qrupuna aid Dibirova Həcər adlı istifadəçilərin elektrik xəttləri ******* saylı transformatordan, əhali qrupuna aid X38 adlı istifadəçinin elektrik xəttləri ******* nömrəli transformatordan qidalanır.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı "xxxx" ASC "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 49.850 manat məbləğin, 200 manat mediasiya xərci məbləğinin, 36 manat dövlət rüsumunun, ümumilikdə 50 086 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X29 razı olması və "xxxx" ASC tərəfindən ona RAZ********** saylı xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 72.370 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X35 məxsus ticarət obyektinin, yəni (sığorta predmetinin) mağazanın çöl tərəfində və dam səviyyəsində cavabdeh "xxxx" ASC-nin istismarında olan elektrik naqillərində qəza halı baş vermiş və sonradan mağazanın yanar materiallarına keçərək yanğın hadisəsi baş vermişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X35 məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 10/4339 nömrəli təkrar məhkəmə yanğıntexniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu qaydalara uyğun tərtib edilmiş elektrik enerjisi alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.1-ci bəndinə əsasən ünvan 1ində yerləşən X35 məxsus ticarət obyektinin elektrik enerjisi ilə təmin edən, X15 balansında və istismarında olan 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kVluq Qabaqçöl hava xəttindən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQdan qidalanan “SİP” adlanan 0.4 kV-luq kabel xətlərinin texniki vəziyyətini və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Lakin, aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən, 13 iyul 2020-ci il tarixdə yanğın baş vermiş ticarət obyektinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar Cavabdeh ASC X26 Təchizatı və Satışı İdarəsinin X15 əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaların 4.1.və 5.1 bəndlərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonraabonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktı tərtib edilərək istehlakçıya imzalatdırılmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQ-dan qidalanan “SİP” adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X26 Təchizatı və Satışı İdarəsinin X15 əməkdaşları tərəfindən həyata keçirilməli idi. Vurğulanır ki, hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 50.000 (əlli min) manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və AKT440/21/CFİ-0180/2020 saylı sığorta aktına əsasən 150 (yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra 49 850 (qırx doqquz min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini subroqasiya qaydasında İddiaçı ASC-yə sessiya etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia təmin edilmişdir.

17. Məhkəmə iclasında dindirilmiş ekspert X1 məhkəməyə izahatında və eləcə də tərəflərin suallarına verilmiş cavablarında qeyd etmişdir ki, yanğının mənbəyi Balakən rayonu Meşəşambul kəndində X35 məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. 20 fevral 1989-ci il tarixdə keçmiş SSRİ Energetika Naziri tərəfindən təsdiq olunmuş “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»na uyğun olaraq:-bənd 5.7.1. «Elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işləməsini təmin etmək üçün, texniki xidmət və təmirlər aparılmalıdır»;-bənd 5.7.5. «Texniki xidmət zamanı profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırmaqla HXnin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısı alınmalıdır. ».-bənd 5.7.16. «Hava xətlərinin (HX) istismarında onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməlidir. Vaxtaşırı baxış cədvəlini elektrik şəbəkələri müəssisəsinin baş mühəndisi təsdiqləməlidir. Hər HX-nə vaxtaşırı baxış xəttin bütün uzunluğu üzrə ildə 1 dəfədən az olmamalıdır. Ondan əlavə, ildə 1 dəfədən az olmayaraq, mühəndis-texniki heyyət tərəfindən, əsaslı təmirə aid olan bütün xətlər də (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrində seçmə baxışlar aparılmalıdır».-bənd 5.7.18. «HX-də aşağıdakı profilaktik yoxlama və ölçmələr aparılmalıdır:-baxışlar zamanı dayaqların, naqillərin, trosların vəziyyətinin yoxlanılması».-bənd 5.7.19. «HX-də baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıq istismar sənədlərində qeyd olunmalı və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya HX-nin əsaslı təmirində aradan qaldırılmalıdır». Hadisənin baş vermə şəraitindən göründüyü kimi, normativ aktların tələbləri təmin olunmamışdır və qeyd olunanları nəzərə alaraq nəticəyə gəlmək olar:- baş vermiş hadisə ilə əlaqədar, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayon, Meşəşambul kəndində X35 məxsus ticarət obyektini və həmi ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xətlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur. Elektrik enerjisindən istifadə qaydalarının 5-ci maddəsinə əsasən sərhəd mənsubiyyətini bildirən aktının olması qeyd olunur. Təxminən 1000 volt olanlarda sərhəd sayğacın girişinə qədər hesablanır. Həmin yer sərhəd xətti hesab olunur. Ekspertiza zamanı akt təqdim edilmədiyi üçün texniki xidmətin kim tərəfindən göstərilməsini demək mümkün deyil. Ekspertiza aparılan dövr pandemiya dövrü olduğundan, iş 26 avqustda daxil olmuşdur. Bununla belə hadisə iyul ayında olub. Bu baxımdan rəy verilən zaman, toplanmış ekspert materialları əsasında verilmişdir. Həmin materiallar isə baxış protokolları, maddi sübutlar, ilkin toplanmış materiallardır. Təqdim edilən maddi sübutlardan gərginliyin artması məlum olur. Yüksək gərginlik artdıqda yanğın daxildən baş verir. Məlum olur ki, artıq yüklənmə mövcuddur. Qəza baş verəndə transformatorda bir balans baş verir və bilmək olmur artır ya azalır. O yükdən və istifadəçilərin sayından asılıdır. Həmin vaxt yay ayları olduğudan ehtimal ki, istifadəçi çox olmuşdur.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X59 məhkəməyə izahatında və verilmiş sualların cavabında qeyd etmişdir ki, yanğın baş verən zaman ərazidən bir az kənarda olmuşdur. Alov qalxan zaman alovun mənbəyi tərəfə qaçmışdır. Obyektin uzunluğu 60 metrdir. Yanğınsöndürənlərə məlumat vermiş, lakin bir qədər gec gəlmişlər. Şlanqlar partlamış, yeni şlanq keçirənədək alov daha da güclənmişdir. 25 dəqiqənin içində əməkləri puç olmuşdur. Elektrik naqillərinə işıq idarəsinin işçiləri toxunmağa icazə vermir. 15 ilə yaxın müqavilə bağlıyıb fəaliyyət göstərirlər, 15 ildə bir dəfə belə müdaxilə etməyə, yoxlamağa icazə verilməmişdir. İndi də bir az külək əsən kimi uğultu hiss olunur. Bu isə bir neçə evdə əşyaların yanmasına gətirib çıxarır. Həmin gün də səhər saat 9-10 radələrdə soyuducularda uğultulu bir titrəmə baş vermişdir. İşığın qəflətən artması nəticəsində bir neçə lampa yanmış və soyuducular elektrikdən ayrılmışdır. Bu hal bir neçə transformatorda da baş verir. Bu hadisələrlə bağlı dəfələrlə bu hadisədən qabaq da müraciət edilmiş, lakin reaksiya verilməyib. X57 adında bir şəxs var, yanğın onun evinin qabağında olduğuna görə tranformatorun partlayışı nəticəsində onun eşitməsində problem yaranmışdır. 19.Şahid qismində məhkəmə iclasında dindirilən X13 məhkəməyə izahatında qeyd etmişdir ki, Musa bəyin obyektində yanğın çıxan zaman yoldaşı xəbər elədi ki, evdə də bir neçə əşya yararsız vəziyyətə düşüb. Televizor, soyuducu paltaryuyan, elektriklə işləyən bütün avadanlıqlar hamısı yanmışdı. Evdə elektriklə işlənən heç bir əşyanı xilas edə bilməmişlər. Obyektin yandığını görmüş lakin yanğının baş vermə mənbəyini görə bilməmişdir.

20. Şahid qismində məhkəmə iclasında dindirilən X24 məhkəməyə izahatında qeyd etmişdir ki, özü ağsaqqallar şurasının sədridir. Marketlərdə olan obyektlərdən əlavə bir neçə evlərdə yanğın olmuşdur. Özü şəxsən həmin yanğının baş verdiyi evlərə gedib baxmışdır. Əvvəlcədən şəkillər də çəkib xəbərdarlıq kimi aiddiyyatı orqanlara göndərilmiş, lakin heç bir cavab verilməmişdi. İcra hakimiyyəti də məsələni bilir, lakin onların səlahiyyətinə aid olmadığına görə qarışmır. Rayonda kabelləşmə gedir, lakin yarımçıq qalmışdır. Kabel var, lakin həmin kabelə heç kəs toxuna bilmir. Sayğacdan içəriyə müdaxilə edə bilər, lakin bunu da sonra gəlib yoxlayırlar.

21. Şahid qismində məhkəmə iclasında dindirilən X49 məhkəməyə izahatında qeyd etmişdir ki, qab-qacaq marketinin üzərində yanğını görmüşdür. Hadisədən əvvəl artmaazalma hiss olunmuşdur. Bir neçə evin məişət avadanlığı sıradan çıxmışdır.

22. Məhkəmə qeyd etmişdir ki, baş vermiş sığorta hadisəsində "xxxx" ASC-nin təqsirli olduğu öz təsdiqini tapdığından qətnamədə sadalanan qanun normalarına əsasən iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/gərginliyin artması halında obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterik olması qeyd edilmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Balakən rayonu Meşəşambul kəndində həmin kənd sakini X35 məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası FHNin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində toplanmış materialda Balakən rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğu müəyyən edildiyindən, xx.xx.2020-ci il tarixli qərarla toplanmış material araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluq vasitəsilə aidiyyəti üzrə Balakən rayon prokurorluğuna göndərilmişdir. Baş vermiş həmin yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə başlamış ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası FHN-nə göndərilmişdir. Aparılmış istintaq zamanı toplanan sübutlar “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli Qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar Cavabdeh ASC X26 Təchizatı və Satışı İdarəsinin X15 əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. Balakən rayon prokurorluğunda material üzrə araşdırma davam etdirildiyi dövrdə ekspertlərin rəy verərkən istinad etdikləri faktların əslində reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, FHN-in Əməliyyat İstintaq İdarəsində aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə yanğın texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, eyni zamanda məhkəmə prosesinə izahat verməsi üçün dəvət edilən Əlihüseyn Süleymanov 04 dekabr 2020-ci il tarixli, 10/2104 nömrəli ekspert rəyində göstərmişdir ki, ünvan 1ində yerləşən, X35 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xətlərində aşkar edildiyini, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını, həmçinin müəyyən edildiyi kimi qeyd olunan fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazinin enerji sistemində baş vermiş elektrik qəza gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən xarakterikdir. Ekspert rəyinə diqqət yetirdikdə məlum olur ki, ekspertin özü bilavasitə hadisə yerində olmasa da yalnız materialda olan sənədlərə istinad etmiş və bu mənada qeyd olunan ekspert rəyinin mahiyyəti ondan ibarətdir ki, əgər yanğın baş verdiyi anda bunu görmüş şahid deyirsə ki, ilkin olaraq partıltı səsi qab-qaşıq və məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində tavandan gəldi və yanğın baş verdiyi anda eyni zamanda qonşuluqda yaşayan və mənzillərinin elektrik enerjsi ilə təminatı yanğın baş vermiş ticarət obyektinin qidalandığı transformatordan həyata keçirilibsə, deməli həmin vaxt xətlərdə yüksək gərginlik (artıq yüklənmə) olmuşdur. Məhkəmə prosesi zamanı ekspert özü də təsdiq etdi ki, bilavasitə hadisə yerində olmamış, yalnız materialda olan sənədlərə istinad edərək rəy vermişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyinin məhz bu cür verilməsinə əsas X25 izahatında həmin yerdə partlayış səsini eşitməsini izahatında göstərməsi və bununla yanaşı, hadisə baş verdiyi gündə və saatda, eyni anda kənd sakinlərindən İlkin Hetayevlə, Cənnətey Dadaşovanın da yaşadıqları evlərdə elektrik qurğularının yanması olmuşdur. Lakin Balakən rayon prokurorluğunda aparılan araşdırma zamanı İlkin Hetayev və Cənnətey Dadaşovanın yenidən izahatları alınaraq dəqiqləşdirmələr aparılmış və həmçinin 19 may 2021-ci il tarixli10/889 nömrəliekspert rəyinin 5-ci səhifəsinin 6, 7, 8, 9-cu abzaslarında və 6-cı səhifəsinin 1-ci abzasında qeyd edilmişdir ki, onların hər ikisinin yaşadığı evlərin elektrik enerjisi ilə təminatı, H.Dibirovaya məxsus ticarət obyektini elektrik enerjisi ilə qidalandıran transformatordan (4010192 nömrəli) yox, başqa transformatordan (4010191 nömrəli) həyata keçirilir. O cümlədən də, müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə istər İ.Hetayevin, istərsə də C.Dadaşovanın yaşadığı evdə elektrik xətlərində yüklənmə olmamış və hər hansı məişət əşyası sıradan çıxmamışdır. Həmin şəxslərin evlərində hadisə günü yox, başqa vaxtlarda məişət avadanlıqlarının sıradan çıxması halı baş vermişdir. Həmçinin, edilən sorğu əsasında alınmış rəsmi arayışdan da aydın olmuşdur ki, 35/10 kilovoltluq Qabaqçöl yarımstansiyasındançıxan 10 kilovoltluq Qabaqçöl hava xəttindən doyan ******* kodlu transformatorun xidmət etdiyi abonentlərin siyahısında nə İlkin Hetayevin, nədə Cənnətey Dadaşovanın, habelə onların ailə üzvlərindən kimsənin adı yoxdur. Bundan başqa, 19 may 2021-ci il tarixli 10/889 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Balakən rayon prokurorluğunda aparılan araşdırma zamanı X26 Təchizatı və Satışı İdarəsinə edilən sorğuyaalınan cavabda göstərilmişdir ki, H.Dibirovaya məxsus ticarət obyektində yanğın baş verdiyi gündə və saatda həmin obyektin qidalandığı 10 kilovoltluq Qabaqçöl hava xəttindən doyan ******* kodlu transformatorda gərginliyin artıbazalması baş verməmişdir. Bundan başqa, 19 may 2021- ci il tarixli 10/889 nömrəli ekspert rəyinin 6-cı səhifəsinin 4, 5 və 6- cı abzaslarında qeyd edilmişdir ki, rayon prokurorluğunda aparılmış araşdırma zamanı ticarət obyektinə faktiki sahiblik edən, həmin obyektin idarə edilməsini bilavasitə həyata keçiriən X59 prokurorluğa verdiyi izahatında göstərmişdir ki, həmin obyektin elektrik xətlərinin bir hissəsi onun özü tərəfindən, qalan hissəsi isə onun dəvət etdiyi ayrı-ayrı fiziki şəxslər tərəfindən çəkilmişdir. Başqa sözlə, obyektin elektrik sistemi əvvəllər FHN-də aparılan araşdırma zamanı onların izahatlarında iddia etdiyi kimi X15 əməkdaşları tərəfindən yox, özləri və başqa ki, yanğın hadisəsi baş verən ərəfədə Həcər Dibirova "xxxx" ASC-nin abonenti siyahısında olmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, H.Dibirovaya məxsus ticarət obyektinin elektrik sayğacından, bunun üçün nəzərdə tutulmadığı halda, həmin obyektin arxasında olan Musa Dibirova məxsus fərdi yaşayış evinə də qanunsuz olaraq elektrik xətti çəkilmiş və istifadə edilmişdir ki, bu da elektrik sisteminin əlavə yüklənməsinə səbəb ola biləcək amillərdəndir. Bundan başqa, rayon prokurorluğunda aparılmış araşdırma zamanı ticarət obyektinə faktiki sahiblik edən, həmin obyektin idarə edilməsini həyata keçirən X59 prokurorluğa verdiyi izahatında göstərmişdir ki, onun bilavasitə fəaliyyətinə rəhbərlik etdiyi ticarət obyektinin elektrik sistemi çəkilərkən sayğacdan sonra obyektin uzunluğu boyunca (53 metr) çardaq hissədən bir kabel ötürülmüş, həmin kabelin obyektdə olan ayrı-ayrı mağazaların yanından keçdiyi hissədə kabelin izolyasiya sistemi özləri tərəfindən pozulmaqla naqilin üzəri açılaraq, həmin hissəyə əlavə şnur (naqil) bağlanaraq elektrik xətləri çəkilməklə mağazalara və ya sexlərə elektrik enerjisi verilmişdir. İddiaçı tərəf balans məsuliyyəti aktının olmamasını əsas gətirməklə öz əməllərinin üzərini örtməyə çalışır. Belə ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 5.3.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi iddiaçıya münasibətdə aşağıdakı kimi müəyyən edilmişdi: kabellə daxil olduqda-binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Bu isə deməkdir ki, qaydalardan və baş vermiş yanğın hadisəsindən göründüyü kimi "xxxx" ASC-nin balans mənsubiyyəti hava budaqlanmasından olan ayrıca qədərdir. Hansı ki, toplanmış materiallardan, ekspert rəylərindən və cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan göründüyü kimi yanğın obyektin dam örtüyünün altında baş vermişdir. X59 prokurorluğa verdiyi izahatında göstərmişdir ki, həmin obyektin elektrik xətlərinin bir hissəsi onun özü tərəfindən, qalan hissəsi isə onun dəvət etdiyi ayrı-ayrı fiziki şəxslər tərəfindən çəkilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

26. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

27. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddə- subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddə- faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında- onun verdiyi sığorta ödənişi həcmində keçir. 936.5-ci maddə- sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-cı maddə- mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3.2-ci bənd- enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans məsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddə-qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddə-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

28. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən X35 məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən daşınmaz əmlak (mağaza) 150 manat azadolma məbləği olmaqla 73.370 manat məbləğində sığortalanmış, xx.xx.2020 tarixində obyektdı baş vermiş yanğın sığorta hadisəsi hesab edilərək, yanğın nəticəsində obyektə dəymiş zərər 50.000 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən X35 150 manat azadolma məbləği çıxılmaqla 49.850 manat sığorta məbləği ödənilmişdir. "xxxx" ASC hazırkı iddia ərizəsi ilə subroqasiya qaydasında bu məbləğin cavabdehdən tutulmasını tələb edir.

31. Subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta şirkətinə ötürülməsi başa düşülür. Subroqasiya ilə bağlı idianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalıdır.

32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdəki sübutlarla sığortalanmış obyektdə yanğın hadisəsinin baş verməsində cavabdeh “"xxxx" ASC-nin məsuliyyət daşıdığı təsdiq edildiyindən iddiaçının tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamədə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə istinad etsə də həmin normanın tələbini nəzərə almamışdır.

33. İşdəki ekspert rəyindən görünür ki, baş vermiş yanğının mənbəyi Balakən rayonu Meşəşambul kəndində X35 məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam örtüyü səviyyəsində olmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı olan məsələ dam örtüyü səviyyəsində şəkilmiş elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyətin "xxxx" ASC-nin üzərinə düşübdüşməməsi, yəni elektrik xətlərinin balans mənsubiyyəti və istismar məsuliyyəti sərhəddinin müəyyən edilməsidir.

34. “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3.2-ci bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Tərəflər arasında balans mənsubiyyəti sərhəddi aktı tərtib edilib-edilməməsindən asılı olmayaraq qeyd edilən normaya görə enerjitəchizatı müəssisəsi gərginliyi 1000 V-a qədər olan elektrik qurğuları işlədən abonentlərin obyektlərinin daxili elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyət daşımır. Buna görə də, hazırkı halda yanğın hadisəsinin "xxxx" ASC-nin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etmək əsassızdı.

35. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin rəyi ilə bağlı məhkəmə qeyd edir ki, həmin MMC-nin qoyulan suallarla bağlı ekspertiza keçirmək səlahiyyətinə malik olduğuna dair işdə sübut olmadığından həmin rəy ekspert rəyi kimi qəbul edilmir. MPM-nin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. MPM-nin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Bundan əlavə "xxxx" MMC-nin rəyindən görünür ki, həmin rəydə yanğın baş vermiş obyektə baxış keçirildiyi qeyd edilməmiş, sadəcə "xxxx" ASC tərəfindən qoyulmuş sualları “Elektrik enerjisindən istifadə Qaydaları”nın normalarına istinad etməklə cavablandırmağa çalışmışdır.

36. İddiaçı eyni zamanda yanğın hadisəsi baş verdiyi vaxt elektrik xətlərində yüksək gərginlik (artıq yüklənmə) olduğunu iddia etsə də, bu mülahizə şahid ifadələrindən başqa hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2104 nömrəli 04 dekabr 2020-ci il tarixli ekspert rəyində isə ekspert bu barədə şahid ifadələrinə əsaslanaraq ehtimal xarakterli fərziyyə irəli sürdüyü üçün həmin rəy məhkəmə tərəfindən konkret halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Şahid ifadələri və kənd sakinləri tərəfindən tərtib edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, şahidlərin ifadələrində göstərdiyi hallar (elektrik xətlərində gərginliyin qəflətən artması) bu sahədə xüsusi biliyə malik mütəxəssis rəyi və digər mötəbər sübutlarla təsdiq edilmədiyindən yalnız şahid ifadələri əsasında iddianın .əsaslı olduğu müəyyən oluna bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli Qərarla da baş vermiş yanğın hadisə ilə əlaqədar Cavabdeh ASC X26 Təchizatı və Satışı İdarəsinin X15 əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilmişdir.

37. İddiaçının işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi çoxsaylı yeni sübutlar MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasə belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 345/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

39. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. 120 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-dən cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar