Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-654/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı “X2 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin əlavə qətnamə qəbul edilməsi barədə ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2722/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “Əlavə qətnamə çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(82)- 200/2018 nömrəli iş üzrə Cavabdeh MMC-dən (indiki adı "xxxx" MMC) hüquqi xidmətə görə nümayəndə və vəkilə ödənilən 7.500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğdə hüquqi xidmət xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, əlavə qətnamənin çıxarılması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, mübahisələndirilən qərardaddan görünür ki, məhkəmə sadəcə olaraq qanunun normalarını sadalamış, lakin, hazırkı hala onların tətbiqini heç cür izah etməmiş və mövqeyini əsaslandırmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadı məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərə cavab verməməklə, məhkəmə nəinki tətbiq edilməli olan hüquq normasını düzgün müəyyənləşdirməmişdir, həm də mülki mühakimə icraatının fundamental və başlanğıc prinsiplərini pozmuşdur. Bundan əlavə, əlavə qətnamə çıxarılması barədə ərizə forma və məzmunca düzgün tərtib edilsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizə “iddia ərizəsi” adlandırılsa da, məzmununa görə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-200/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə dair əlavə qətnamə çıxarılması barədə ərizədir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi ərizə iddia ərizəsi adlandırılsa da, məzmununa görə əlavə qətnamə çıxarılması barədə ərizədir. MPM-in 229.2-ci maddəsinə görə, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-200/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin, hazırkı əlavə qətnamə qəbul edilməsi barədə ərizə birinci instansiya məhkəməsinə təqdim olunan anda, artıq qanuni qüvvəyə minmiş olması işin mübahisəsiz halıdır. Bu da o deməkdir ki, həmin kommersiya mübahisəsi üzrə əlavə qətnamə çıxarıla bilməz. Belə ki, əlavə qətnamə, iş üzrə əsas qətnamə qanuni qüvvəyə minənədək baxıla bilər. Göründüyü kimi, əlavə qətnamə qəbul edilməsi barədə hazırkı ərizə iş üzrə əsas qətnamə qanuni qüvvəyə minənədək olan müddət ərzində verilməli idi. Lakin bu müddət ərizəçi tərəfindən ötürülmüşdür. MPM-in: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşmır və onun dəlillərini əsassız sayır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əlavə qətnamə qəbul edilməsi barədə ərizənin qaytarılması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2722/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı “X2 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-654/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-654/2022
28.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver