Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-654/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın keçirilməsi, mənfəət və zərərin bölüşdürülməsi, kənar auditin cəlb olunması, maliyyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-43/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, həmin dövr üzrə illik maliyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması, həmin dövr üzrə illik maliyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması, Cavabdeh MMC-nin iştirakçıları əlavə pay qoyuluşu ilə cəmiyyətin nizamnamə kapitalının artırılması məsələsinin yığıncağın gündəliyinə daxil edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi ilə MMC-nin 2019-cu ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, Cavabdeh MMC-nin təsisçisi İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən restoranın təmirinə və fəaliyyətin qurulmasına sərf etdiyi 327750 manat vəsaitin onun nizamnamə kapitalına pay qoyuluşu kimi nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçı “iddia ərizəsinə dəqiqləşmə barədə” ərizə təqdim edərək, 2018-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək cəmiyyətin növbəti və ya növbədənkənar ümumi yığıncağının keçirilməməsi, xalis mənfəət və zərərin iştirakçıları arasında bölüşdürülməməsi, illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılmaması nəticəsində ona dəymiş 806933,79 manat pul vəsaiti miqdarında ziyanın cəmiyyətdən alınıb ona ödənilməsi, eyni zamanda mülki qanunveriviliyin tələblərinə müvafiq olaraq cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil kənar auditorun cəlb edilməsi, Neşvə restoranının təmiri, dizaynı, yenidən qurulması və fəaliyyətinin təşkilinə sərf etdiyi 231810 manat məbləğində pul vəsaitinin müəssisənin maliyyə sənədlərində əks etdirilməsi, cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının, maliyyə hesabatlarının ona təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-ci il tarixli, e-2-2(113)-43/2023 saylı qərardadı ilə “iddia ərizəsinə dəqiqləşmə barədə” ərizə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ayrıca akt şəklində qəbul edilən qərardadlarda məhkəmənin gəldiyi nəticələrin səbəbləri göstərilməli və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməlidir. Lakin hazırda şikayət olunan qərardadla məhkəmə tərəfindən heç bir əsas olmadan mənim iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizəsi geri qaytarılmışdır. Halbuki, həmin ərizənin məhkəmə tərəfindən qəbul edilməsi işin hərtərəfli, tam və obyektiv həlli üçün zəruri idi. Həmçinin, qeyd olunan qərardadla məhkəmənin gəldiyi hüquqi nəticə əsaslandırılmamış, formal yanaşılmışdır. Belə ki, iş üzrə zəruri olan hallar ona məhkəmə baxışı dövründə məlum olmuşdur. İş materiallarından da görünür ki, ərizənin verilməsinə əsas olan hallar məhkəmənin hazırlıq mərhələsində mövcud olmamışdır. İş üzrə vacib əhəmiyyət kəsb edən sənədlər cavabdeh tərəfindən dəfələrlə gizlədilmiş, məhkəməyə təqdim olunmamışdır. Hazırda cavabdehin iddia tələbimdə qeyd etdiyim dövr üzrə vergi bəyannamələri məhkəmə sorğusu əsasında bizə təqdim olunmuşdur. Qeyd edilən sənədlərlə tanış olduqdan sonra isə iddia tələbini dəqiqləşdirmək qərarına gəlmişdir. İşin faktiki halı ondan ibarətdir ki, həmin sənədlərlə tanış olmadan Cəmiyyətin fəaliyyət dövrü üzrə iddiaçıya dəymiş zərəri, habelə digər tələbləri dəqiqləşdirmək qeyri-mümkün idi. Bakı Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İlk növbədə, qeyd olunmalıdır ki, hazırkı işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə ilkin olaraq xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-2(113)-559/2022 saylı qərardadı ilə iş məhkəmə baxışına təyin edilmiş, hazırkı ərizə isə məhkəmənin üçüncü baxış iclasında (hazırkı iş məhkəmə baxışına təyin edildikdən 1 il 2 ay sonra) təqdim edilmiş, iddia ərizəsinə dəqiqləşmənin verilməsinə səbəb olan əsaslar isə məhkəmə baxışı zamanı əmələ gəlməmişdir. Bununla yanaşı, iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını, habelə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq “iddia ərizəsinə dəqiqləşmə barədə” ərizənin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, ərizə geri qaytarılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-43/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-654/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-654/2023
22.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver