Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-655/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3332/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən quraşdırılmış sayğacın aktivləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3332/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyekt üçün Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış və plomp da vurulmuşdur. Lakin həmin tarixdən neçə ay keçməsinə baxmayaraq hələ də sayğac aktivləşdirilməmişdir. Bununla bağlı plomp vurulan kimi həm Cavabdehnə, həm də Asan Kommunal mərkəzinə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə o aylardır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən obyektdə qazdan istifadə edə bilmir. İddiaçı məsələ ilə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2061/2024 saylı qərardadı əsasında iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2061/2024 saylı qərardadı onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə quraşdırılmış sayğacın aktivləşdirilməsi öhdəliyini Cavabdehnə həvalə edilməsi barədə mübahisəyə mülki məhkəmə icraatında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bakı Kommersiya Məhkəməsi məsələnin mahiyyətini araşdırmamış və işin icraata götürülməsindən imtina etmişdir. Daha sonra isə o mübahisə predmeti ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı inzibati Məhkəməsi e-2-1 (112)- 7590/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məsələnin aidiyyatı üzrə rayon şəhər məhkəməsinə aid olması qərarına gəlmişdir. O qeyd edilən qaydada Cavabdehnə qarşı yönəlmiş tələbinin icrası ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi məsələni araşdırmış və Cavabdehnə qarşı yönəlmiş tələbinin Xətai Rayon Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə aid olması barədə xx.xx.2024-cü il tarixli e-2(011)-4512/2024 saylı qərardad qəbul etmişdir. Bu səbəbdən də o, Cavabdehnə qarşı yönəlmiş sayğacın aktivləşdirilməsi tələbinin icrası üçün yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Çünki Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011 )- 4512/2024 saylı qərardadındada qeyd edildiyi kimi quraşdırılan sayğacın aktivləşdirilməsi tələb olunan obyekt ona məxsus olan VÖEN-ə aiddir (VÖEN **********) və o, ünvan 1 ünvanında yerləşən obyekti şəxsi istifadəsi üçün yox, sahibkarlıq fəaliyyəti üçün istifadə edir. Bu səbəbdən də yenidən məsələnin həlli ilə bağlı Bakı Kommersiya Məhkəməsinin sənədinin icraata götürməsi üçün müraciət etdi. Lakin Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli e-2-2(113)-3332/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3, 152.1, 152.1.3 və 26.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndinə istinad edərək, qeyd etmişdir ki, hazırkı iddia tələbi Cavabdeh tərəfindən quraşdırılmış sayğacın aktivləşdirilməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulmasından ibarətdir, iş üzrə Cavabdeh İB təbii inhisar subyektdir və hazırkı tələb tərəflər arasında mövcud müqavilə münasibətlərindən irəli gələn mülki xarakterli tələb deyildir. Odur ki, qeyd edilən mübahisə Cavabdeh İB-nin dövlət tərəfindən ona verilmiş səlahiyyətlər daxilində həyata keçirdiyi publik hüquq sahəsinə aid fəaliyyətindən irəli gəldiyindən bu tələbə kommersiya mübahisəsi kimi baxıla bilməz. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrində göstərilən əsasların mövcud olması nəticəsinə birmənalı gəlmək mümkün olmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Bu baxımdan, kollegiya qeyd edir ki, təbii inhisar subyektinin tərəf olduğu mübahisəyə hansı qaydada, yəni inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını müəyyən etmək üçün təbii inhisar subyektinin qəbul etdiyi qərar və yaxud hərəkət və ya hərəkətsizliyinin onun hansı fəaliyyətinə, yəni publik hüquq sahəsindəki fəaliyyətinə və ya mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərinə aid olması müəyyən edilməlidir. Birinci hal müəyyən edildiyi halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında, ikinci hal müəyyən edildiyi halda isə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi isə bununla bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçının istinad etdiyi hallar ondan ibarətdir ki, ona məxsus ünvan 1 ünvanında yerləşən obyekt üçün Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, laki həmin sayğac aktivləşdirilməmişdir. İddia ərizəsinə sayğacın quraşdırılmasını təsdiq edən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt da əlavə edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən həmin sayğacın hansı əsasa görə quraşdırıldığı və tərəflərin müqavilə münasibətlərində olub-olmadığı, habelə cavabdehdən edilməsi tələb edilən hərəkətin onun hansı fəaliyyətinə aid olması istiqamətində lazımi araşdırma aparılmamışdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3332/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Ziya Şirinov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-655/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-655/2024
31.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver