Məhkəmə qərarları › İş №2-2(103)-656/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-656/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-656/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-157/2024 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 06957LE/2019 saylı razılaşma imzalanmışdır.

2. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixədək qaytarılmaq şərti ilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 75000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

3. Həmin razılaşma üzrə öhdəliklərin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********546 saylı zaminlik müqaviləsi bağlanmışdır.

4. Həmin müqaviləyə əsasən Bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (“Borcalan”) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür (1-ci hissə). Zaminliklə təmin olunan öhdəlik(lər): Borcalana verilən kredit üzrə DC00427245-01 saylı kredit müqaviləsi (2.1). Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): illik 17% olmaqla 75,000.00 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faizi - illik 32%, gündəlik 0,0889%). Borcalan: Cavabdeh1 MMC (2.3). Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır (3-cü hissə).

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00427245-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71815,18 manat əsas borc, 13668,87 manat faiz borcu, 3336,96 manat cərimə borcu olmaqla ümumilikdə 88821,01 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, Cavabdeh1 MMCkredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və xx.xx.2023-cü il tarixə müqavilə üzrə 71815,18 manat əsas, 13668,87 manat faiz, 3336,96 manat cərimə borcu olmaqla, cəmi 88821,01 manat məbləğində borcu yaranmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 MMC yaradılarkən onun təsisçisi olduğunu, həmin hüquqi şəxsdə inzibati direktor işlədiyini və anbar, dəftərxana məsələlərinə rəhbərlik etdiyini bildirdi və eyni zamanda qeyd etdi ki, Cavabdeh1 MMC kredit götürərkən onun məlumatı olmamış, sonradan sonuncunun direktorunun xahişi əsasında banka gedərək zaminlik müqaviləsinə imza etmişdir. Hal-hazırda Cavabdeh1 MMC fəaliyyətini dayandırmış və borcu ödəmək qabiliyyətinə malik deyildir.

8. Cavabdeh1 MMC birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-157/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 08 aprel 2022-ci il tarixdə bağlanmış DC00427245-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 71815,18 manat əsas borc, 9597,30 manat faiz borcu, 3336,96 manat cərimə məbləği olmaqla ümumilikdə 84749,44 manat 44 məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin faiz borcuna münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin nümayəndəsi ekspertiza rəyində qeyd edilən faiz borcu məbləğləri ilə razılaşmamış və faiz borcunun 13668,87 manat məbləğində təmin edilməsini xahiş etmişdir. Belə ki, müqavilə münasibətləri xx.xx.2024-cü ilədək davam etdiyindən müqavilənin şərtinə uyğun olaraq iddia ərizəsinə əlavənin verildiyi zaman təqdim edimiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında hesablanmış 13668,87 manat faiz borcu təmin edilməli idi. Odur ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə azaldılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz etdi.

14. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

16. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

17. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 18.Həmin Məcəllənin 743-cü maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

23. Tərəflər arasında bağlanmış kredit müqaviləsində də müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-yə verilmiş 75000 manat kredit məbləğinə görə illik 17%-lə hesablanmış faiz ödənilməli və həmin faiz məbləği xx.xx.2024-cü il tarixədək hesablanmalıdır.

24. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcun ödənilməsini tələb etmişdir.

25. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

26. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 27.Həmin Məcəllənin 743-cü maddəsində (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) isə təsbit edilmişdir ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

28. Bununla bağlı, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

29. Göründüyü kimi iddiaçının kredit müqaviləsi üzrə müəyyən edilən müddət bitmədən bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.

30. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixədək hesablanmış faizlərin ödənilməsini tələb edə bilər.

31. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 9/10050 saylı ekspert rəyində isə göstərilmişdir ki, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə faiz olan borcu 9597,3 manat təşkil edir.

32. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, faiz borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instaansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-157/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar