Məhkəmə qərarları › İş №2-2(103)-659/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-659/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-659/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1155/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC olmaqla) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 GFA0161/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat məbləğində əsas borc, 3.715,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16.925,04 manat; GFA0161/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğində faiz borcu, 8.740,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37.721,41 manat; GFA0161/33 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat məbləğində əsas borc, 236,63 manat məbləğində faiz borcu, 2.354,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10.597,19 manat; GFA0161/34 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat məbləğində əsas borc, 169,44 manat məbləğində faiz borcu, 1,685,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.587,93 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, Cavabdeh2 məxsus “Amkodor 333B” markalı AZ10Z-563 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin və “Caterpillar 320BL” markalı AZ10Z-564 dövlət qeydiyyat nişanlı ekskavatorun üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, verilmiş kredit(lər) üzrə heç bir girov təminatı olmadığından tərəflərindən aidiyyatı orqana müvafiq sorğular verilmiş və nəticədə iş üzrə Cavabdeh2 mülkiyyətində texnikalar aşkar edilmişdir. İş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının təmin olunması məqsədi ilə Cavabdeh2 mülkiyyətində aşkar edilmiş “Amkodor 333B” markalı AZ10Z-563 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin və “Caterpillar 320BL” markalı AZ10Z-564 dövlət qeydiyyat nişanlı ekskavatorun üzərinə həbs qoyularaq, əmlaklardan istifadə hüququ məhdudlaşdırılmalıdır. Sözügedən əmlakların daşınar əmlak olmasını, onun istismarı nəticəsində aşınmasının və köhnələrək qiymətinin əhəmiyyətli dərəcədə azalmasının qarşısının alınması məqsədi ilə həmin nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılması zəruridir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh2 məxsus “Amkodor 333B” markalı AZ10Z563 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin və “Caterpillar 320BL” markalı AZ10Z-564 dövlət qeydiyyat nişanlı ekskavatorun özgəninkiləşdirilməsi qadağan edilmiş, qalan hissədə ərizə rədd edilmişdir. Qərardadla razılaşmayan Cavabdeh2 ondan şikayət verib, təmin olunan hissədə qismən ləğv edilməsini və ərizənin eyni hissədə rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, ərizəyə ekskavatorun ona aid olmasını təsdiq edən sənəd əlavə edilməyib. Eyni zamanda, özgəninkiləşdirilməsi qadağan edilən ekskavator mübahisə predmeti olan müqavilələr üzrə alınmış pul vəsaiti ilə alınmadığı üçün qərardad ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin tədbiri bilavasitə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə yönəlmişdir, tədbirlə qorunan maraq iddianın hədlərini aşmır və onunla üst-üstə düşür. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, ekskavatorun Cavabdeh2 aid olmasını onun özü də təkzib etmir, özgəninkiləşdirilməsi qadağan edilən ekskavatorun mübahisə predmeti müqavilələr üzrə alınmış pul vəsaiti hesabına əldə edilməməsi isə iddianı təminetmə tədbirinin görülməsinə maneə deyil. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1155/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar