Məhkəmə qərarları › İş №2-2(103)-659/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-659/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-659/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı X1, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xidmət müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1083/2022 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh ”Körpü Tunel Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətindən 28510 manat məbləğində əsas borc, 150 manat hüquqi yardım və 200 manat mediasiya xərcləri olmaqla, cəmi 28860 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq iddiaçı ilə “Sifarişçi” olaraq Cavabdeh arasında bağlanmış 019/005 saylı, 01 fevral 2019-cu il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı tərəfindən “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasdında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 12 fevral 2019-cu il tarixli, 12 fevral 2019-cu il tarixli, 12 fevral 2019-cu il tarixli, 28 mart 2019cu il tarixli, 08 iyul 2019-cu il tarixli, 08 iyul 2019-cu il tarixli, 08 iyul 2019-cu il tarixli, 25 iyul 2019-cu il tarixli, 20 avqust 2019-cu il tarixli, 31 oktyabr 2019-cu il tarixli, 11 fevral 2020-ci il tarixli, 28iyun 2020-ci il tarixli, 23 sentyabr 2020-ci il tarixli və 16 noyabr 2020-ci il tarixli Aktlara, müvafiq olaraq 013 saylı, 12 fevral 2019-cu il tarixli, 014 saylı, 12 fevral 2019-cu il tarixli, 015 saylı, 12 fevral 2019-cu il tarixli, 029 saylı, 28 mart 2019-cu il tarixli, 048 saylı, 08 iyul 2019-cu il tarixli, 049 saylı, 08 iyul 2019-cu il tarixli, 050 saylı, 08 iyul 2019-cu il tarixli, 061 saylı, 25 iyul 2019-cu il tarixli, 070 saylı, 20 avqust 2019-cu il tarixli, 088 saylı, 31 oktyabr 2019-cu il tarixli, 008 saylı, 11 fevral 2020-ci il tarixli, 032 saylı, 25 iyun 2020-ci il tarixli, 046 saylı, 23 sentyabr 2020-ci il tarixli, 057 saylı, 16 noyabr 2020-ci il tarixli Hesabfakturalara və EAAQ seriyalı, 848527 nömrəli, 25 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 848853 nömrəli, 25 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 849077 nömrəli, 25 fevral 2019- cu il tarixli, EAAS seriyalı, 241050 nömrəli, 28 mart 2019-cu il tarixli, EAAW seriyalı, 953886 nömrəli, 09 iyul 2019-cu il tarixli, EAAW seriyalı, 953889 nömrəli, 09 iyul 2019-cu il tarixli, EAAW seriyalı, 953893 nömrəli, 09 iyul 2019-cu il tarixli, EAAX seriyalı, 680825 nömrəli, 26 iyul 2019-cu il tarixli, EAAY seriyalı, 720839 nömrəli, 20 avqust 2019cu il tarixli, EBAB seriyalı, 908206 nömrəli, 31 oktyabr 2019-cu il tarixli, EBAG seriyalı, 235459 nömrəli, 11 fevral 2020-ci il tarixli, EBAQ seriyalı, 373701 nömrəli, 23 sentyabr 2020-ci il tarixli və EBAS seriyalı, 624903 nömrəli, 16 noyabr 2020-ci il tarixli Elektron qaimələrə əsasən cəmi - 48010 (qırx səkkiz min on) manat məbləğində iş görülmüş və təhvil verilmişdir. Lakin bu günə qədər dəfələrlə edilən müraciətlərə baxmayaraq, yaranmış borcun 28510 manat məbləği iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən heç bir əsas göstərilmədən hələ də ödənilməmişdir. Sonuncu dəfə cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq 19 avqust 2021-ci il tarixdə pretenziya qaydasında 016 saylı məktub göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1083/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "Körpü Tunel Tikinti” MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1083/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixlli, 019/005 saylı müqavilənin 1.1. və 1.2-ci bəndlərinin tələblərini nəzərə almadan, qarşı tərəfin sübut kimi təqdim etdiyi sənədlərdəki (elektron qaimə, hesab faktura, təhvil-təslim aktları) uyğunsuzluqlara məhəl qoymadan, təhvil-təslim aktlarını cavabdeh tərəfindən imzalayan şəxslərin kimliyini, səlahiyyətli olub-olmamasını müəyyən etmədən, akların nə vaxt və kim tərəfindən imzalanmasını aydınlaşdırmadan, bəzi aktlarda hətta cavabdehin möhürünün olmamasına belə əhəmiyyət vermədən əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi (1070 manat, 2400 manat və 1200 manat məbləğində xidmətlərin göstərildiyi barədə) xx.xx.2022-ci il tarixli aktların eyni gündə tərtib olunması faktına, xx.xx.2022-ci il tarixdə tətib olunmuş aktların cavabdeh tərəfindən 10 mart tarixində imzalanması faktına, təhvil-təslim aktlarının 10 mart 2019-cu il tarixdə imzalandığı halda hesab fakturaların aktların imzalanmasından əvvəl, xx.xx.2019cu il tarixdə göndərilməsi faktlarına qiymət verməmiş cavabdeh tərəfindən aktı imzalayan şəxsin (S.Hüseynov) səlahiyyətli şəxsi olub-olmamasını müəyyən etməmiş, belə uyğunsuz sənədləri sübut kimi qiymətləndirmişdir. Eləcə də eyni tarixdə, xx.xx.2019-cu il tarixdə 3 təhvil-təslim aktının (1470 manat, 870 manat və 1740 manat məbləğində xidmətlərin göstərildiyi barədə) tərtib edildiyinə əhəmiyyət vermədən, xx.xx.2019-cu il tarixə 3 elektron qəimənin verilməsi faktlarını aydınlaşdırmadan, aktlarda cavabdehin nümayəndəsinin adının qeyd olunmadığı halda həmin sənədləri də sübut kimi qiymətləndirərək əsassız qətnamə çıxarmışdır. Həmçinin digər təhvil-təslim aktları da cavabdeh tərəfindən aktları imzalayan kimliyi və sahiyyətli olub-olmaması aydınlaşdırılmadan məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Halbuki, aktlarda həmin şəxsin adı, soyadı, vəzifəsi qeyd olunmadığı üçün şəxsiyyəti məlum deyil. Məhkəmənin qətnamə üzrə verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir. Məhkəmə işə birtərəfli qaydada baxmış, işin faktiki hallarını aydınlaşdırmamış, müqavilə şərtlərinə əhəmiyyət vermədən, iddiaçının təqdim etdiyi sənədlərdəki (elektron qaimə, hesab faktura, təhvil-təslim aktları) uyğunsuzluqlara məhəl qoymadan, təhvil-təslim aktlarını cavabdeh tərəfindən imzalayan şəxslərin kimliyini, səlahiyyətli olub-olmamasını müəyyən etmədən, akların nə vaxt və kim tərəfindən imzalanmasını aydınlaşdırmadan, bəzi aktlarda hətta cavabdehin möhrünün olmamasına belə əhəmiyyət vermədən həmin sənədləri sübut kimi qiymətləndirərək qanuna zidd və əsassız qətnamə çıxarmışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1083/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 01 fevral 2019-cu il tarixli, 019/005 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus avtomobillərə təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesabfakturada qeyd edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə 5 iş gün ərzində həyata keçirilir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən və cavabdehin möhürü ilə təsdiq edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 48010 manat məbləğində xidmət göstərilmişdir. İşdəki sübutlar əsasında məhkəmə tərəfindən tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olduğu, iddiaçı tərəfindən cavabdehə 48010 manat xidmət göstərildiyi, cavabdehin göstərilən xidmətin dəyərindən 28510 manat məbləğində borcun iddiaçıya ödənilmədiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı normalara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki” Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətində cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktların üzərində cavabdehin möhürünün olmadığını göstərərək həmin sübutların məhkəmə tərəfindən nəzərə alınmamasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş aktların əsillərinə baxış keçirilmiş və müəyyən olunmuşur ki, xidmətlərin göstərilməsi ilə bağlı tərtib edilmiş bütün aktlar cavabdeh ”Körpü Tunel Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə aktlar əsasında cavabdehə göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz və pretenziya bildirilməməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh həmin qaimələrdə qeyd edilmiş xidmətlərin göstərildiyini qəbul etmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt””verilir. Xidmətlərin göstərilməsi barədə sifarişçi və icraçı arasında tərtib edilmiş aktlar cavabdehin möhürü ilə təsdiq edildiyindən və hüquqi şəxsin möhürü qanuni təmsilçi və ya onun səlahiyyət verdiyi şəxslərdə olduğundan həmin aktları imzalamış şəxslərin kimliyinin və səlahiyyətinin araşdırılması məhkəmə tərəfindən zəruri hesab edilmir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada xəbərdar edildiyi halda iclaslara gəlməməsi və məhkəmə cavabdeh tərəfindən iddianın əsassız olduğuna dair hər hansı sübut təqdim edilməməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin iddiaya etirazı və apellyasiya şikayətində qeyd edilənlər hər hansı əsası olmayan və faktlarla təsdiq edilməyən formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-1083/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Körpü Tunel Tikinti”MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1083/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar