Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-66/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi XXXX qızının, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, X1nun Cavabdehnə qarşı aktlar əsasında hesablanmış borcların silinməsi barədə iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Əfqan Ələkbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 3 və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 saylı ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinə xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktlar əsasında hesablanmış 4134 manat və 7185 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi 3 ünvanında yerləşən 825,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixli müqavilə ilə 5 il müddətinə icarəyə götürmüşdür. xx xxx 2018-ci tarixdə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin qaz sayğacı çıxarılaraq aparılmış və yerinə başqa sayğac qoyulmuşdur. Bundan başqa Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 3 saylı ünvanda da cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsindən qaz sayğacı çıxarılmış və aparılmışdır. Cavabdeh tərəfindən sayğac çıxarılıb aparılarkən sayğacda heç bir nöqsan aşkar edilməmiş, sayğacın plombu üstündə olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən müddətdə qeyri-yaşayış sahələri bağlı olduğundan iddiaçı tərəfin iştirakı olmadan sayğaclar çıxarılmış, aktlar tərtib edilərək başqa bir şəxsə imza etdirilmişdir. Sonradan cavabdeh həmin sayğaca baxış keçirərkən guya həmin sayğacların çıxış borusunda deşik mövcud olmasını bildirərək akt tərtib etmiş və əsassız olaraq borc hesablamışlar. Halbuki həmin aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Cavabdeh akt tərtib edərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələblərini pozmuşdur, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirakını təmin etməmişdir. Sonra cavabdeh tərəfindən əsassız olaraq hesablamalar aparılaraq rəqəmlər şişirdilərək həmin pulun ödənilməsi tələb olunmuşdur. İddiaçının iştirakı olmadan baxışın aparılması habelə onun sayğaca hər hansı müdaxilə etməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, sonuncuya əlavə pul hesablanmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən X2 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00000) hesablanmış 4134 (dörd min yüz otuz dörd) manat və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu:**********00030) hesablanmış 7185 (yeddi min yüz səksən beş) manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 məxsus (istehlakçı) Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi 3 və Sabunçu rayonu, ünvan 3 ünvanlarında yerləşən qeyriyaşayış sahələrinin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, 1305AZ**********26 nömrəli qaz sayğacına xx.xx.2018-ci il tarixdə və 1405AZ**********99 nömrəli qaz sayğacına isə xx.xx.2018-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 1305AZ**********26 saylı qaz sayğacı faktiki qaz işlədicilərinin maksimal saatlıq qaz sərfinə uyğun deyil, 1405AZ**********99 qaz sayğacın isə çıxış mebranı müdaxilə nəticəsində deşilmişdir. Bu baradə müvafiq qaydada xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq 1305AZ**********26 saylı qaz sayğacının maksimal saatlıq ölçmə gücü 10 m3 olduğu halda razılaşma olmadan qanunsuz olaraq əlavə quraşdırılmış cihazlarla birlikdə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 19.57 m3 olmuşdur, 1405AZ**********99 saylı qaz sayğacına isə müdaxilə olunması nəticəsində sayğacın çıxış membranı deşilmiş və sayğacın hesablama mexanizmi sıradan çıxarılmışdır. Sahibkar tərəfindən quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır. Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı kimi qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İstehlakçı tərəfindən hesablama mexanizmi işləməyən sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi halda məhkəmə bu halı nəzərə almadan borcun silinməsini qət etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı məhkəmə iclasında apellyasiya şikayəti ilə razı olmadığını və təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan iki qeyri-yaşayış sahəsinin qaz sayğaclarına texniki baxış keçirilmiş, bu zaman Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 3 və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 saylı ünvanlarında yerləşən sayğacların membran hissəsinin deşildiyi və sayğacın üzərində sovurucu qurğu quraşdırıldığı qeyd edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı, xx.xx.2018-ci il tarixli aktlar tərtib edilmiş, qeyriyaşayış sahələrinə quraşdırılmış sayğaclar digəri ilə əvəz edilmişdir. Daha sonra itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli rəyi əsasında 180 gün qəbul edilməklə 20671 kub.metr, xx.xx.2018-ci il tarixli rəyi əsasında 180 gün qəbul edilməklə 35928 kub.metr təbii qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İddiaçının hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan müəyyən olunur ki, iştehlakçı X5 ünvan 4 ünvanında yerləşən obyekt üzrə xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə etdiyi təbii qazın dəyərini müntəzəm olaraq ödəmiş, habelə xx.xx.2018-ci il tarixə 4134.2 manat borcu yaranmışdır. Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan müəyyən olunur ki, iştehlakçı X5 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən obyekt üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə etdiyi təbii qazın dəyərini müntəzəm olaraq ödəmiş, habelə xx.xx.2018-ci il tarixə 7185.6 manat borcu yaranmışdır. İşin araşdırılan hallarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən X2 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 4134 manat və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 7185 manat borc silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı, xx.xx.2018-ci il tarixli aktlarda qeyd edilmiş pozuntuların həqiqətən mövcud olması barədə özünün təqdim etdiyi sənədlərdən başqa mötəbər sübut təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış obyektlərində quraşdırılmış sayğaclarla bağlı aparılmış yoxlamalar hüquqi nəticə doğurmadığı üçün həmin yoxlamalar nəticəsində hesablanmış borcların silinməsi barədə iddia əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-66/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-66/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver