Məhkəmə qərarları › İş №2-2(103)-95/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-95/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-95/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi ilə, İddiaçı x1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-622/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı x2 Cavabdehnə (bundan sonra İB), x4 İstismarı İdarəsinə və digərinə qarşı 20.02.2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, 2980,80 manat miqdarında zərərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin vahid cavabdeh hesab edilməsi, digərlərinin cavabdehlər sırasından çıxarılması və iddia tələbinin 2980,80 manat borcun silinməsi olaraq dəyişdirilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsi tərəfindən iddiaçıya 13.03.2019-cu il tarixli, 01-NC103TQQSX-110/4 saylı xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsi Quşçuluq sexinin qaz xəttinə quraşdırılan 28098828 saylı, G6 tipli qaz sayğacı sxemdəki qaz cıhazlarının sərfiyyatına uyğun olmadığı üçün 14904 m3 qaz sərfi, 2980,80 manat dəymiş ziyan hesablanmış və bu ziyanın 10 gün müddətində ödənilməsi tələb edilmiş, həmçinin sexdəki qaz cihazlarını lahiyə-smeta sənədlərində qeyd olunan cihazlarla əvəz etməli, əks təqdirdə qaz xətti kəsilərək, sənədlərin dəymiş ziyanın ödənilməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına göndəriləcəyi bildirilmişdir. Xəbərdarlıq məktubu ilə göndərilmiş sayğaca baxış aktının sürətində 20.02.2019-cu il tarixində Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin nümayəndəsinin iştirakı ilə “Su kəməri qəsəbəsində iddiaçıya məxsus quşçuluq sexində qaz sayğacına baxış keçirilmiş və sayğacın girişində və çıxışında nöqsan aşkar edilmədi” qeydli ******* saylı akt tərtib edilmişdir. Xəbərdarlıq məktubu ilə göndərilmiş dəymiş ziyan aktında, baxış keçirilən zaman aşkar olunmuş nöqsan barədə qeyd edilmişdir ki, istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 17.0 m3 sərfiyyat, 7.0 m3 keçir, 6 ədəd dəmir sobanın uzunluğu 1.8m, eni 60 sm, tüstü bacasının en kəsiyi 108 sm olaraq qeyd edilmiş, dəymiş ziyanın ödənilməsi və artıq qaz cihazlarının xəttdən ayrılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-622/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək x1 istifadəsində olan Siyəzən rayonu, Sukəməri qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu : **********00000) təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən hesablanmış 2980,80 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazların olması və qaz xəttinə qoşulması barədə kifayət qədər sübutlar təqdim edilmiş və iddiaçı da öz çıxışında əlavə cihazları qoşduğunu etiraf etmişdir. Birlik tərəfindən tərtib edilmiş aktda sayğacdan kənar qaz xəttinə qoşulma haqqında heç bir irad olmamış, müqavilədə nəzərdə tutulmayan və qaz sayğacının ölçmə gücündən artıq cihazların qoşulması barədə iradlar olmuşdur. Bundan əlavə, məhkəmə Birlik tərəfindən hesablanmış borcu silərkən iddiaçının qanunsuz hərəkətlərinin davam etməsinə şərait yaratmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, x2 ilə Cavabdeh arasında 30.10.2018-ci il tarixdə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Q- AK-263 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, ünvan 1i ünvanında yerləşən quşçuluq təsərrüfatı obyektinə G-6T markalı 28098828 nömrəli sayğac və müqavilənin 4.3-cü bəndinə əsasən 4 ədəd QRP qurğusu quraşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və ******* saylı, 28 fevral 2018-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, x1 istifadəsində olan qaz xəttinin üzərində nəzarət üçün quraşdırılmış G-6T Elster markalı 28098828 nömrəli sayğaca texniki baxış zamanı istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 17 m3 /saat olmaqla, sərfiyyatı 7,0 m3 /saat keçir. 6 ədəd dəmir sobanın uzunluğu 1,8 metr, eni 60 sm, tüstü bacasının en kəsiyi 108 mm müəyyən edilərək, dəymiş ziyanın ödənilməsi və artıq qaz cihazlarının qaz xəttindən ayrılması tələbi qoyulmuşdur. Bunun əsasında tərtib edilmiş Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28.02.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, iddiaçının istifadəsində olan ünvan 1i ünvanında yerləşən quşçuluq təsərrüfatı obyektində G-6 markalı 28098828 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3 /saat olduğu halda istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 16,9 m3 /saat olduğu aşkar edilməsi ilə əlaqədar olaraq, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 16,9 m3 /saat , mövcud sayğacın maksimal ölçmə həddi 10 m3 /saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün əlavə 14904 kub.metr təbii qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 fevral 2019-cu il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, x1 istifadəsində olan, G-6 markalı, Elster tipli qaz sayğacına keçirilən texniki baxış zamanı faktiki sərfiyyat 17 m3 /saat olmaqla, sayğacın girişində və çıxışında nöqsan aşkar olunmadığı qeyd edilmişdir. İddiaçıya itirilmiş qazın bərpası üçün əlavə 14904 kub.metr təbii qazın dəyəri üzrə borc hesablanmışdır. İddiaçı hesablanmış borcun silinməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac və cihazlar qanunvericiliyin pozulması ilə yoxlanılmış, təbii qazın itirilməsi halı, habelə bunun iddiaçının təqsirindən baş verməsi cavabdehin dəlil və sübutları ilə təsdiqini tapmır, həmçinin sərfiyyatın dəyərinin hesablanması qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericilik yoxlamaların vahid məlumat reyestrində qeydiyyatının zəruriliyini nəzərdə tutur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, 28 fevral 2018-ci il tarixdə iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinə xidmət edən qaz sayğacı ilə əlaqədar akt tərtib edilmiş və həmin gün texniki baxışın keçirilməsi barədə bildiriş iddiaçıya təqdim edilməmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübut təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsaslaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh qeyri-yaşayış sahəsinə quraşdırılmış G-6T markalı sayğacın qaz sərfiyyatının qeydiyyat imkanları, habelə aktda artıq olduğu bildirilən 6,9 kubmetr saatlıq sərfiyyatın bu sayğacın qeydə almamasına dair, habelə qaz sayğacının ölçmə gücündən artıq cihazların qoşulması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə öz növbəsində cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qaz sayğacının qeydə ala biləcəyi sərfiyyatdan daha çox qaz sərf edilməsi barədə dəlillərin ehtimallara söykənməklə əsassız olmasına dəlalət edir. Cavabdehin apellyasiya şikayətinin “əlavə qurğuların quraşdırılması” ilə bağlı digər dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin halla bağlı sübutetmə yükü cavabdehə məxsus olmuşdur. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətinin bu dəlili ilə bağlı heç bir sənəd, sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-622/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilmir. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar