Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-91/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Pərvin Adil qızının katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə X3 borcun silinməsi, hərəkətlərin qanunsuz sayılması və təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1005/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən çörəkbişirmə sexində quraşdırılmış sayğacın düzgün işləməməsi nəticəsində əlavə olaraq hesablanmış 23.225,78 manat məbləğdə pulun silinməsinə, cavabdehin qeyd edilən əsassız hesablanmış pulun ödənilməsinin tələb edilməsi kimi hərəkətinin qanunsuz sayılmasına və bununla əlaqədar sahibkar olduğu çörək bişirmə sexinə təbii qazın verilməsinin dayandırılması və ya digər formada məhdudiyyətlərin qoyulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qaldırdığı iddianın əsas qayəsi ondan ibarət idi ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayları üçün qazdan istifadəyə görə hesablanmış 23.225,78 manat məbləğdə borc ona görə əsassızdır ki, həmin dövrdə qaz sayğacı qüsurlu işləmiş və qaz sərfiyyatı olduğundan artıq qeydə alınmışdır. Məhkəmə onun cavabdehə qaz sayğacının qüsurla işləməsi barədə ərizəsinə, ərizə əsasında həmin sayğacın dəyişdirilməsinə, üzləşmə aktında, həmin obyekti istifadə edən və onun orada etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olan, məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 borcla bağlı üzləşmə aktı ilə razılaşmamasına dair həmin aktda olan qeydinə, ümumilikdə onun ifadəsində cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri barədə göstərdiklərinə hüquqi qiymət verməmiş, onun ifadəsini ümumiyyətlə qətnamədə əks etdirməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, işlətdiyi qazın aylıq orta sərfiyyatı bir qayda olaraq ay ərzində 30-32 kub.m. olduğu halda, 2018-ci ilin oktyabr ayından başlayaraq qaz sayğacında yaranmış nasazlıqdan aylıq sərfiyyatın çox göstərməyə başlamasını cavabdehin əməkdaşları da yerində müəyyən edib, razılaşmışlar. Məhz bu səbəbdən o, sayğacın dəyişdirilməsi təşəbbüsü ilə ərizə vermiş və bu müraciətləri əsasında da sayğacı çıxarıb təmirə aparmışlar. Təmirdən sonra yaranmış problem aradan qalxmış və aylıq sərfiyyat qaydasına düşmüşdür. Lakin cavabdeh tərəf sayğacda qeyd edilən artıq sərfiyyatın olmasının nəzərə alınmasını vəd versə də, sonda həmin artıq sərfiyyatın da pulunu şifahi qaydada tələb etməyə başladılar. Abonent saldosuna əsasən 2018-ci ilin oktyabr ayında obyektdə qaz sərfiyyatı 8.958, noyabr ayında 6.868, dekabr ayında 10.011, 2019-cu ilin yanvar ayında 11.114, fevral ayında 10.020, mart ayında 9.755 və aprel ayında 8.578 manat olduğu halda, 2017ci ilin müvafiq aylarına qaz sərfiyyatı 7.255, 9.388 və 9.809 manat məbləğdə olmasına istinad edilməsi iddianın əsassız olmasına dəlalət etmir. Məhkəmənin cavabdehin izahatında göstərilən bu məqamdan istifadə edərək iddiaya bu cür qiymət verməkdən başqa çıxış yolu olmamışdır. Maraqlıdır ki, cavabdeh tərəf bu saldonu təqdim etməsə idi, məhkəmə iddianın əsassız olmasını nə ilə əsaslandıracaqdı. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli ***-**-** nömrəli Qazın alqı-satqısı barədə müqaviləyə əsasən, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı (cavabdeh) tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus çörəkbişirmə sexində quraşdırılmış RVG tipli G-250 markalı 75090409 zavod nömrəli EK-230 kollektor markalı ******* kollektor nömrəli qaz sayğacı çıxarılmışdır. Aktın qeyd hissəsində göstərilmişdir ki, sayğac abonentin vəsaiti hesabına növbədənkənar dövlət yoxlamasından keçmək üçün çıxarılmışdır, abonent etiraz edir ki, sayğac qazın sərfini düzgün qeydə almır. Müvəqqəti qaz təminatını bərpa etmək üçün G-160 markalı 75019121 nömrəli sayğac quraşdırılmışdır. Ekranda alarm işarəsi var. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 29/1640-00964 nömrəli akta əsasən, iddiaçıya məxsus çörəkbişirmə sexinin qaz xətti üzərində quraşdırılmış G-250 markalı 75090409 nömrəli rotor tipli ELSTER qaz sayğacı xx.xx.2019-cu il tarixdə xətdən çıxarılmış, xx.xx.2019-cu il tarixdə X1 müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.41 bar, korreksiya olunmuş maksimal qaz həcmi 143 kub.m, korreksiya olunmamış qaz həcmi 122 kub.m. qeydə alınmış, təzyiq borusu yoxlanılmışdır, sızma yoxdur, temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 17 kub.m. çoxdur. Yoxlamanın nəticəsi kimi qeyd olunmuşdur ki, minimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya tələb olunur. xx.xx.2019-cu il tarixli 07944 nömrəli qüsur aktında G-250 markalı 75090409 nömrəli rotor tipli sayğacda “batareyanın müddəti azdır, yastıq sıradan çıxmışdır” qüsurları göstərilmişdir. xx.xx.2019-cu il tarixli 06937 nömrəli sayğacların təmiri aktına görə, iddiaçıya məxsus çörək bişirmə sexində G-250 markalı 75090409 nömrəli rotor tipli sayğacın sıradan çıxmış hissələri xx.xx.2019-cu il tarixli 07944 nömrəli qüsur aktına əsasən yenisi ilə əvəz edilmişdir. Sayğacın əvəzlənən nasaz hissələri sayğac sahibinə geri qaytarılmış və İİİ qrup təmir işləri yerinə yetirilmişdir. Sayğacın istismara yararlığı haqqında xx.xx.2019-cu il tarixli 29/1640-00964 nömrəli arayışdan görünür ki, G-250 markalı 75090409 nömrəli rotor tipli sayğac istismara yararlıdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən, iddiaçıya məxsus çörəkbişirmə sexində rotor tipli G-250 markalı 75090409 zavod nömrəli EK-230 kollektor markalı ******* kollektor nömrəli sayğac quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, 2019-cu ilin iyul ayının sonuna, yəni iddia qaldırılan xx.xx.2019-cu il tarixə iddiaçının qazdan istifadəyə görə borcu 33.672,18 manat təşkil etmişdir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia düzgün olaraq rədd edilmişdir və məhz bu mənada kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, onları əsassız sayır. Belə ki, iddiaçının apellyasiya şikayətində də qeyd etdiyi kimi, qaldırdığı iddianın faktiki əsası 2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayları üçün qaz sayğacının qüsurlu işləməsi və qaz sərfiyyatının olduğundan artıq qeydə alınmasından ibarətdir. Lakin bu əsas iş üzrə sübuta yetirilmir. Belə ki, ilk olaraq, iddiaçının silinməsini tələb etdiyi borc məbləği 2018-ci ilin oktyabr - 2019-cu ilin aprel ayları üçün qazdan istifadə haqqına görə qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin şərtlərinə, habelə qanunvericiliyə görə qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Belə olan halda, cavabdeh qaz sayğacının göstəricilərinə əsasən hesablanan qazın dəyərini tələb etməkdə haqlıdır. Qaz sayğacının sərfiyyatı olduğundan artıq qeydə alması da sübuta yetmir. Belə ki, abonentin saldosundan da göründüyü kimi, 2018-ci ilin oktyabr ayında obyektdə qaz sərfiyyatı 8.958, noyabr ayında 6.868, dekabr ayında 10.011, 2019-cu ilin yanvar ayında 11.114, fevral ayında 10.020, mart ayında 9.755 və aprel ayında 8.578 manat olduğu halda, 2017-ci ilin müvafiq aylarında 7.255, 9388, 9.809, 8.312, 7.166, 8.838 və 8.050 manat, 2019-cu ilin oktyabr ayında 6.837, noyabr ayında 9.109, dekabr ayında isə 6.680 manat olmuşdur. İllər üzrə də obyektdə qaz sərfiyyatı demək olar ki, eyni miqdarda (bərabər), yəni 2017-ci ildə 464.653 kub.m. (92.505,80 manat), 2018-ci ildə 468.929 kub.m. (93.785,80 manat), 2019-cu ildə 468.804 kub.m. (93.760,80 manat) olmuşdur. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib edilir, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-384.0.1). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1005/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X3 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-91/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-91/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver