Məhkəmə qərarları › İş №2-2(103)-66/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-66/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-66/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1587 manat əsas borc, 79,35 manat cərimə borcunun, ümumi olaraq 1666,35 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1201/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı2 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx xxxxxx 2019-cu il tarixli 025 saylı icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə göstərilən texnikanı icarəçinin sifarişi və seçimi əsasında icarəçiyə icarəyə verməyi, icarəçi isə əlavədə nəzərdə tutulmuş qiymətlərə əsasən hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinə 1 nömrəli əlavənin 1-ci bəndinə görə AD220-220 KVA AKSA generatorun (xx.xx.2019-cu il tarixdən) aylıq icarə haqqı 2300 manat məbləğində, icarəyə verən tərəfindən icarədə olan generatora göstəriləcək servis xidməti haqqı icarəçi tərəfindən hər istifadə olunan 1 saata görə 2,50 manat məbləğində müəyyən edilmişdir. Xidmət haqqına icarə verən tərəfindən istifadə olunan mal-material, maye, filtr və s. daxildir. Tərəflər arasında imzalanmış və möhürlənmiş təhvil-təslim aktına əsasən xx.xx.2019-cu il tarixli 025 saylı icarə müqaviləsində göstərilən AD 220 markalı KVA AKSA işıqlandırma generatoru icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmiş, icarəçi tərəfindən isə avadanlıq təhvil alınmışdır. İddiaçı bildirir ki, cavabdeh tərəfindən icarə haqqı üzrə ödəniş həyata keçirilsə də, bu günə kimi servis üzrə xidmət haqqı ödənilməyib və cavabdehin 1587 manat (ƏDV xaric) gecikmiş servis xidməti üzrə borcu mövcuddur. Cavabdehin məsul olan şəxsləri ilə dəfələrlə danışıqlar aparılması nəticə verməmiş və cavabdehə sonuncu dəfə rəsmi xəbərdarlıq göndərilsə də, yenə də borc ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı icarəyə verdiyi texnika üzrə heç bir servis xidməti göstərməmiş, həmin texnikaya özləri tərəfindən servis edilmiş və müqavilənin şərtlərinə uyğun olaraq texnika saz vəziyyətdə təhvil-təslim aktı əsasında icarəyə verənə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlansa da, mahiyyət etibarı ilə qarışıq müqavilədir və həmin müqavilə özündə həm də podrat müqaviləsinin elementlərini əks etdirir. Çünki icarə müqaviləsinə 1 nömrəli əlavənin 1-ci bəndinə görə icarəyə verən icarədə olan generatora servis xidməti göstərməyi, icarəçi isə hər istifadə olunan 1 saata görə 2,50 manat məbləğində xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Podrat müqaviləsinə dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 752.1-ci maddəsində isə təsbit olunmuşdur ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 009162 və 009027 saylı servis məlumat formalarından müəyyən edilir ki, İddiaçı2 MMC-nin icarəsində olan 220 kva gücü olan generator servis olunmuş, həmin generator 30.09.19-cu il tarixədək olan müddətdə 425 saat işləmiş və işləmə saatlarına uyğun 1062,5 manat (2,5 manat x 425) məbləğində servis haqqı hesablanmış, həmçinin həmin generator 16.10.19-cu il tarixədək olan müddətdə 210 saat işləmiş və işləmə saatlarına uyğun 525 manat (2,5 manat x 210) məbləğində servis haqqı hesablanmışdır. İddiaçı1 tərəfindən İddiaçı2 MMC-yə ƏDV daxil 1253,75 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli EBAA seriyalı 591180 saylı, ƏDV daxil 619,50 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli EBAB seriyalı 316973 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı2 MMC-yə göndərilmişdir. Göründüyü kimi iddiaçı icarədə olan generatora 1587 manat dəyərində servis xidməti göstərmiş, lakin icarəçi həmin xidmət haqqını ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 1587 manat məbləğində servis xidməti haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, iddia tələbləri 79,35 manat cərimə pulunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu müqavilədə nəzərdə tutulmuş ödənişləri vaxtında etməzsə icarəyə verən ödənişin hər gecikdirdiyi təqvim günü üçün gecikdirilən məbləğin 0,1 %-i məbləğində cərimənin ödənilməsini tələb edə bilər. Cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyini və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehdən 79,35 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia tam təmin edilməlidir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025 saylı icarə müqavilə üzrə həm icarəyə verilmiş generatora görə icarə haqqının, həm də generatora göstərilən servisə görə ödənilməli olan haqqın məbləği müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilmişdir. Həmin əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Cavabdeh tərəfindən həmin əlavəni imzalayan şəxsin səlahiyyətləri, eləcə də imzasının həqiqiliyi mübahisələndirilməmişdir. İcarəyə verən tərəfindən generatora servis göstərilməsi isə iş materiallarında olan və cavabdehin əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilmiş servis məlumat formaları ilə təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar