Məhkəmə qərarları › İş №2-2(103)-66/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-66/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-66/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2497/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2022-ci il taricli OKR-02 saylı restrukturizasiya müqaviləsinə əsasən bu müqavilə iddiaçının Orta Kredit Komitəsinin iclasının 28 yanvar 2022-ci il tarixli 6/22-P saylı Prtokolundan çıxarışa əsasən borclunun kreditora olan vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə müqavilədə göstərilən şərtlər əsasında şərait yaradılması məqsədi ilə bağlanılır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər iddiaçının Şəki filialı ilə Cavabdeh3 oğu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 209QM/2019 saylı kredit müqaviləsi üzrə 7014,40 manat (qətnamə üzrə), Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 208QM/2019 saylı kredit müqaviləsi üzrə 14978,71 manat (qətnamə üzrə), X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 207QM/2019 saylı kredit müqaviləsi üzrə 13901,98 manat olmaqla, cəmi 35895,09 manat kredit borcunun qalığını təsdiq edirlər. 2.2-ci bəndinə əsaəsn kreditor borcluların bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə ödənilməmiş qalan 35895,09 manat vaxtı keçmiş kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 2 il müddətinədək uzadılmasını təmin edir, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 35895,09 manat cəmi borcunu faiz hesablanmadan bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini təmin edir.

2. İddiaçı QSC BOKT və Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli Z-2 (OKR-002) nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli OKR-002 saylı restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 35895,09 manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkiları qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

3. İddiaçı QSC BOKT və Cavabdeh2 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli Z- 1 (OKR-002) nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli OKR-002 saylı restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 35895,09 manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkiları qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

4. İddiaçı QSC BOKT və Cavabdeh4 arasında bağlanmış 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0692 ha olan torpaq sahəsini iddiaçı ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 14000 manat müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,0692 ha ibarət 3566 saylı bağ sahəsi/torpaq sahəsi ünvanında yerləşən mənzil İddiaçı QSC BOKT Şəki filialının xeyrinə hüququ yüklü edilmişdir.

6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 210000 manat, likvid qiyməti 175000 manat təşkil edir.

7. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9715 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmetinin bazar qiyməti 113000 manat, likvid qiyməti 101700 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 32595,09 manat, faiz borcu 00 manat olmaqla, cəmi 32595,09 manat məbləğin və ödənilmiş 187,78 manat mediasiya xərcinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsinə yönəldilməsi; 3. İpoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh3 İddiaçı QSC-yə olan əsas borc 32595,09 manat, faiz borcu 00 manat olmaqla, cəmi 32595,09 (otuz iki min beş yüz doxsan beş manat 09 qəpik) manat kredit borcunun və ödənilmiş 187.78 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh3 arasında 23 fevral 2022-ci il tarixli OKR-02 saylı “Restrukturizasiya Müqaviləsinə” əsasən Cavabdeh3 35895 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 00 faiz hesablanmaqla ödəniş qrafikiəsasında 2 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyanCavabdeh4arasında 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə bağlanmış 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 14000,00 manat məbləğində müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh1arasında 23 fevral 2022-ci il tarixli Z-1OKR-002 və Z-2OKR-002 saylızaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər Cavabdeh2 və Cavabdeh1Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh3 ilə bağlanmış Restrukturizasiya müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti həmin müqavilənin ayrılmaztərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Restrukturizasiya Müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh3 qrafikə uyğun olaraq əsas borcu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməyərək Restrukturizasiya Müqaviləsi bağlandıqdan sonra qrafikə uyğun olaraq ödəniş etməmişdir. Bununla da cavabdeh Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh3 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olanəsas borcu 32595,09 manat, faiz borcu 00 manat olmaqla, cəmi borc məbləği 32595,09 (otuziki min beş yüz doxsan beş manat 09 qəpik) manat təşkiledir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh3 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2497/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə (müştərək) qaydada 32595,09 manat pul, ödənilmiş 187,78 manat dövlət rüsumu, ümumilikdə 32782,87 manat məbləğində pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsinə - ilkin satış qiyməti 175.000 manat olmaqla yönəldilmiş, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 32782,87 manat məbləğində borc tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh4 qaytarılması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh3 arasında 23 fevral 2022-ci il tarixli OKR-02 saylı “Restrukturizasiya Müqaviləsinə” əsasən Cavabdeh3 35895 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 0 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 2 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh4 arasında 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh1 arasında 23 fevral 2022-ci il tarixli Z-1OKR-002 və Z- 2OKR- 002 saylızaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış 32595,09 manat borc əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 32595,09 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 32595,09 manat pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsinə - ilkin satış qiyməti 175000 manat olmaqla yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına 32595,09 manat manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh4 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 187,78 manat dövlət rüsumu cavabdehlərə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid edilməlidir. İş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMCyə ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 478, 489.1, 470.1, 472.1, 472.2, 317.1, 319.1, 319.5-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli qaydada baxmaqla işin hallarını tam və hərtərəfli araşdırmamış, Cavabdeh4 mülkiyyətində olan və hazırkı iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 3566 bağ sahəsi ünvanında yerləşən ümümi sahəsi 0.0692 ha olan torpaq sahəsinin ilkin satış dəyərini olduqca aşağı qiymətə yəni 175000 manat müəyyən etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə mənə məlumat vermədən işə birtərəfli qaydada baxmış, cavabdehin hazırkı işin halları ilə bağlıizahatımıalmadan qeyri-obyektiv qətnamə qəbul etmişdir. Bundan əlavə qeyd olunan kredit məbləğinin gecikməsinə səbəb həmin kredit məbləğinin ödənilməsi ərəfəsinin pandemiya dövrünə təsadüf etməsi və kreditin verilməsi zamanı İddiaçı QSC BOKT-un özləri tərəfindən rəy verilməsi üçün dəvət olunmuş aqronomun verdiyi səhv rəy olmuşdur. Hesab edir ki, qiymətləndirmə yenidən aparılmalıdır. Məhkəmə cavabdehin iştirakını təmin etmədən və ipoteka ilə yüklü edilmiş əmlaka qoyulmuş ilkin satış qiymətini təsdiqləməklə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Qeyd olunan ərazidə daşınmaz əmlakın bazar dəyəri olduqca yuxarıdır. Məhkəmə cavabdehin iştirakını təmin etsəydi tərəfin prosessual hüquqlarını həyata keçirməsinə şərait yaratsaydı tərəf olaraq cavabadeh qoyulmuş ilkin satış qiymətinə öz etirazını bildirərdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. İddaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, iddiaçı da əmlakın ilkin satış dəyəri ilə razı deyil, ipoteka predmetinin dəyəri daha aşağıdır.

17. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

18. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə etmişdir.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

20. “İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Apellyasiya baxışının hədləri:

22. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh3 şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı ipoteka predmetinin ilkin satış qiymətinin 175.000 manat məbləğində müəyyən edilməsi hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında imzalanmış 23 fevral 2022-ci il tarixli OKR-02 saylı “Restrukturizasiya Müqaviləsi”nə əsasən Cavabdeh3 35895 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 0 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 2 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürsə belə öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 35.895 manat məbləğində borcu yaranmışdır. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh4 arasında 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.

26. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmiş, 35895 manat məbləğində borcun ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına əsas borcun tutulması qət edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 210000 manat, likvid qiyməti 175000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyi ilə razılaşaraq əmlakın ilkin satış dəyərini 175.000 manat məbləğində müəyyən etmişdir.

27. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apelyator ipoteka predmetinin real likvid dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış dəyərindən daha yüksək olduğunu əsas göstərərək əmlakın yenidən qiymətləndirilməsini xahiş edib. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsi orta bazar qiyməti təqribən 113000 manat, likvid dəyəri isə 101700 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən edilmir, odur ki, həmin rəy sübut qismində qəbul edilməlidir.

28. Göründüyü kimi işə apellyasiya baxışı zamanı ipoteka predmetinin likvid dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış dəyərindən daha yüksək olması barədə cavabdehlərin dəlillərinin əsaslılığı öz təsdiqini tapmamışdır.

29. Digər tərəfdən apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə ipoteka predmetinin likvid dəyərinin qətnamədə göstərilmiş ilkin satış dəyərindən daha aşağı olmasının müəyyən edilməsi məsələsinə gəldikdə kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçı qətnamədən apellyasiya şikayəti verməməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşdığından həmin hissədə qətnamənin əsaslılığı apellyasiya baxışının predmetinə daxil deyil.

30. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

31. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2497/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar