Məhkəmə qərarları › İş №2-2(103)-661/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-661/2021

27.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-661/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-366/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı Nümayəndə cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 145,8 kv.m-dən ibarət zirzəmi sahəsinin **********37156 abonentinə dair “xxxx” MMC tərəfindən itirilmiş enerji sərfiyyatına görə hesablanmış 3376,80 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli e-2-2(113)-366/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdiyi iddia üzrə dövlət rüsumunun ödənilməsindən azad olunmuş şəxs kimi dövlət rüsumunu ödəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda isə təsbit olunmuşdur ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi qanunverici yalnız şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsləri hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad etmişdir. Hazırki işdə isə iddiaçı istehlakçı hesab oluna bilməz. Çünki o, kommersiya fəaliyyəti ilə məşğul olur və hazırki iddia üzrə məhz kommersiya fəaliyyəti ilə məşğul olduğu obyekt üzrə yaranmış borcun silinməsini tələb etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin əsasla dövlət rüsumunu ödəməkdən azad edilə bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.4-cü maddələrinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Lakin yuxarıda da qeyd olunduğu kimi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-366/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar