Məhkəmə qərarları › İş №2-2(103)-663/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-663/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-663/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh "xxxx" QSC-nin (bundan sonra - cavabdeh) nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) cavabdehə qarşı icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əlavə ödənilmiş pul vəsaitinin icarə haqqından çıxılması tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı icarə haqqının ödənilməsi və icarə obyektindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-127/2021 nömrəli iş üzrə 17 mart 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə 01.11.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əlavə ödənilmiş 60.000 manat məbləğdə pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan 9.400 manat pul alınaraq ona ödənilməsi və iddiaçı tərəfindən icarə obyekti Nəsimi rayonu Fikrət Əmirov 24 ünvanda yerləşən Vağzal binasının 7 və 8-ci mərtəbələrinin boşaldılıb ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, ilk iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, 9.400 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, ünvan 2 ünvanda yerləşən Vağzal binasının 7-ci və 8-ci mərtəbələrinin iddiaçı tərəfindən boşaldılaraq cavabdehə təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, qarşılıqlı iddianın rədd, ilk iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddia ərizəsində qeyd edilən kimi cavabdehə ödənilmiş pul vəsaitləri ilə bağlı heç bir araşdırma aparmamış, sübutlara real, işin faktiki hallarına müvafiq qiymət verməmişdir. Bundan əlavə, məhkəmə cavabdehin nümayəndəsinin aldığı pul məbləğinə dair ekspertiza keçirilməinə dair təqdim etdikləri vəsatəti rədd etməklə, işin faktiki hallarını ədalətli araşdırmamışdır. Qətnamə qəbul edilən zaman məhkəmə ancaq ilkin iddia üzrə cavabdeh tərəfin xeyrinə olan halları sübut kimi qəbul etmişdir. Bütün icarə haqqı ödəmələrin mütəxəsislər tərəfindən hesablanması təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Adıçəkilən Qərarın 1 və 2-ci bəndlərində Konstitusiya Məhkəməsi şərh etmişdir ki: “1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.” Konstitusiya Məhkəməsinin qeyd olunan hüquq məsələsi ilə bağlı məcburilik ifadə edən şərhini rəhbər tutan məhkəmə kollegiyasının qənaətinə görə, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, iddiaçının şikayətinin dəlilləri yalnız onun ödənildiyi irəli sürülən icarə haqları ilə bağlı olduğundan, hazırkı apellyasiya araşdırmasının predmetini də həmin icarə haqları təşkil etməli, qətnamənin tərəflərin mübahisələndirmədiyi, əsaslılığını şübhə altına almadığı qalan hissələrinə isə toxunulmamalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, işdən müəyyən edildiyi kimi, tərəflər arasında 01.11.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən Vağzal binasının 7-ci və 8-ci mərtəbələri iddiaçının istifadəsinə verilmişdir. Müqavilə ilə icarə müddəti 5 illik müyyən edilmişdir. Müqavilənin 11.2-ci bəndinə əsasən hər hansı tərəf bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, digər tərəf həmin tərəfin bu müqaviləyə xitam vermək hüququ da daxil olmaqla müqavilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarına əlavə olaraq, bu müqavilə üzrə öhdəliklərini əhəmiyətli dərəcədə pozan tərəfə 10 gün əvvəlcədən bildiriş verməklə xitam verə bilər. Müqavilə üzrə icarə haqqının 01.11.2018-ci il tarixdən hesablanması razılaşdırılmış, 01.01.2020-ci il tarixdən 01.04.2020-ci il tarixə kimi icarə haqqından cəmi 10.100 manat ödəniş edilmiş, qalıq borc 9.400 maat təşkil etmiş, həmin icarə haqqı ödənilməmiş qalmış, iddiaçı tərəfindən qalıq icarə borcunun ödənilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Borcun mövcudluğu iş materialları ilə də təkzib olunmur. İddiaçı iş üzrə məhkəmə-mühasibatlıq eksperzisanın keçirilməsini tələb etsə də, ekspertin hansı ödəniş sənədlərinə əsasən hesablama aparacağını bildirməmiş, belə sənədləri Məhkəməyə də təqdim etməmişdir. Onun bu qəbildən sənədlər kimi istinad etdiyi, işin 72-ci vərəqində saxlanılan, 1 manat komissiya məbləği nəzərə alınmadan 49 (23.12.2019), 950 (23.12.2019) və 500 manat (30.12.2019) məbləğdə qəbzlər, birincisi, kserosurət olduqları üçün mötəbər sübut əhəmiyyətinə malik deyillər (MPM-89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir), ikincisi, həmin məbləğləri ödəyən X1 bu ödənişləri iddiaçının adından 01.11.2018-ci il tarixli icarə müqaviləsi üzrə ödəməsi həmin qəbzlərdən məlum olmur və iddiaçı da bu barədə açıqlama verməmişdir. İşin 73-cü vərəqində saxlanılan 04.12.2017-ci il tarixli qəbz də həm kserosurətdir, həm tarixi icarə müqaviləsinin tarixi 01.11.2018-ci ildən əvvələ təsadüf edir, həm də kimin kimdən nə məqsədlə pul aldığı aydın deyil. İşin 74-cü vərəqində saxlanılan FRB 22064 və 220268 nömrəli 30.01.2020 və 14.02.2020-ci il tarixli kassa-mədaxil orderi qəbzləri ilə ödənən 5.000 və 1.500 manat cavabdeh tərəfindən nəzərə alınmışdır (iş vərəqi-138). İşin 176-cı vərəqində saxlanılan qırmızı və sarı rəngli dəftərxana qeyd kağızlarında əks olunan 4.830 manat, 100 ABŞ dolları və 1.500 manat məbləğdə ödəniş adı ilə təqdim olunan materiallarda isə “Anar”, “qəbul etdim” sözləri və imzadan başqa heç bir məlumat olmadığı üçün sübut kimi qəbul edilə bilməz. İddiaçının cavabdehə icarə haqlarından qalıq borcu işdə olan elektron qaimələrlə sübuta yetirilir. AR Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.9-cu bəndində təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından apellyasiya şikayəti həddində hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan iddiaçı müqavilə üzrə cavabdehə olan borcunu ödəməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-127/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar