Məhkəmə qərarları › İş №2-2(103)-664/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-664/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-664/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh2, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-201/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC (bank) ilə Cavabdeh4 MMC (borcalan) arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit xətti açır, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən kredit borc və cari xərclərin ödənilməsi məqsədilə verilir. 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 1.3-cü bəndinə əsasən kredit üzrə borc qalığının uçotu Borcalanın ******* unikal kodu altında açılmış kredit hesabında aparılır. 1.4-cü bəndinə əsasən kreditin əsas şərtləri (2.1): kreditin məbləği - 270 000 (iki yüz yetmiş min) manat; kreditin müddəti - 9 (doqquz) ay; güzəşt müddəti - 0 (sıfır) ay; kreditin illik faiz dərəcəsi - 15 (on beş)%; faizlərin ödənilməsi dövriliyi – aylıq; rəsmiləşdirmə komisyon haqqı - 1 (bir)%; nağdlaşdırma komisyon haqqı - 0 (sıfır)%; dəbbə pulu - illik 30 (otuz)%. Bu kredit xətti üzrə X10 Dərəcəsi (FİFD) 17,49 (on yeddi tam yüzdə qırx doqquz) təşkil edir (2.2).

2. Həmin müqaviləyə əlavə 1 olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2023-cü il, son ödəniş tarixi xx.xx.2024-cü il, birinci – üçüncü aylar 3375 manat, dördüncü ay 3600 manat, beşinci ay 3150 manat, altıncı ay 3375 manat, yeddinci ay 3487,5 manat, səkkizinci ay 3262,56 manat faiz ödənişləri, doqquzuncu ay 3375 manat faiz və 270000 manat əsas borcdan ödəniş olmaqla 273 375 manat olmaqla ümumilikdə 270 000 manat əsas borc, 30375 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı ASC (Bank), Cavabdeh4 MMC (Borcalan) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/07/ZM nömrəli və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/09/ZM nömrəli, Cavabdeh3 (Zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 107-NF5269380/08/ZM nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, Borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəlikdir (1.2): nömrəsi – 1**-NF-***9380/KXM, tarixi – xx.xx.2023, məbləği – 270 000 manat, illik faiz – 15 (on beş), müddəti – 9 (doqquz) ay. Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (1.3).

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 04 iyul 2023-cü il tarixli 1**-NF- ***9380/KXM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh4 MMC-nin əsas borcu 259 996 manat, faiz borcu 16029,6 manat təşkil edir.

5. 14 noyabr 2024-cü il tarixli 9/5609 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 04 iyul 2023-cü il tarixli 107- NF-5269380/KXM nömrəli müqavilə üzrə 04 aprel 2024-cü il tarixə əsas kredit borcu 259 996 manat, faiz borcu 16029,6 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5nə qarşı iddia ərizəsi və daha sonra başqa cavabdehin cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 04 iyul 2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 259 996 manat əsas borc, xx.xx.2024-cü il tarixə 16029,60 manat faiz borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 541,66 manat olmaqla ümumilikdə 276 567,26 manat kredit borcunun və ödənilmiş 567 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh4 MMC-yə illik 15% olmaqla 9 ay müddətinə 270 000 manat məbləğində bərpa olunmayan kredit xətti verilmişdir. Kredit xətti müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 9 ay müddətinə verilir və kredit xətti müqaviləsinin 2.4-ci bəndinə əsasən faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsəsan kredit xətti üzrə yaranmış borc hissəvi və ya tam ödənildiyi təqdirdə, kredit xətti ödənilən məbləğ həcmində bərpa olunmur. Həmin kredit müqaviləsinin 3.1.7-ci bəndinə əsasən borcalan kredit xətti üzrə hesablanmış faizləri il ərzində 2 dəfə ödəmədikdə bank müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi krediti bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Cavabdeh4 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun iddiaçıya 04 iyul 2023-cü il tarixli 107- NF-5269380/KXM nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 259 996 manat, xx.xx.2024-cü il tarixə faiz borcu 16029,60 manat, illik 5% banka vurulmuş zərər üzrə 541,66 manat olmaqla cəmi 276 567,26 manat məbləğində borcu yaranmışdır. Kreditin təminatı olaraq zamin Cavabdeh2 xx.xx.2023-cü il tarixli 107- NF5269380/ZM nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Cavabdeh3 xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/ZM nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Cavabdeh1 xx.xx.2023-cü il tarixli 1**-NF-***9380/ZM nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2023-cü il tarixdə cəmi 9970 manat məbləğində ödənilmişdir. Cavabdeh4 MMC-nin krediti təhlil olunan zaman kreditin təminatçısı olaraq Cavabdeh5 MMC İddiaçı ASC-yə təminat məktubu göndərərək Cavabdeh4 MMC ilə aralarında olan 2608-22 saylı müqaviləyə əsasən 2 158 000 manat dəyərində iş və xidmətlərin icra edilməsi üzrə Cavabdeh4 MMC-nin öhdəlik götürdüyünü, işlərin icra edilməsi üçün Cavabdeh4 MMC işləri mərhələli şəkildə təhfıl verdikcə elektron qaimə üzrə Cavabdeh5 MMC tərəfindən ödənişlərin həyata keçirildiyi bildirilmişdir. Podratçı şirkətin (Cavabdeh4 MMC-nin) gördüyü işərin keyfiyyətindən, həcmindən və sürətindən tam razı olduqlarını və gələcəkdə də fəaliyyətin davam etdiriləcəyini bildirmişlər. Bundan başqa məktubda “One Construction" MMC öhdəlik götürür ki, Cavabdeh4 MMC-nin qarşısında yaranan pul öhdəliyinin İddiaçı ASC-də olan bank hesabına köçürülməklə icra olunacaqdır. İddiaçı ASC-yə təqdim edilən Cavabdeh5 MMC-nin xx.xx.2023-cü il tarixli təminat məktubu əsasında krediti təhlil edilərək müsbət qərar verilmişdir. Cavabdeh4 MMC-yə illik 15% olmaqla 9 ay müddətinə 270 000 manat məbləğində bərpa olunmayan kredit xəttinin verilməsində Cavabdeh5 MMC-nin xx.xx.2023-cü il tarixli təminat məktubu əsas qiymətləndirmə meyarı olmuşdur. Cavabdeh5 MMC təminat məktubunda üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən hazırkı işdə cavabdeh qismində işə cəlb olunmalıdır.

8. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 472-ci və s. maddələri göstərilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-201/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsi üzrə 259 996 manat əsas borc, 16 029,60 manat faiz borcu, əsas borca illik 5 faizlə hesablanmaqla 534,24 manat pul olmaqla ümumilikdə 276 559,84 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 567 manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Ekspertiza xərci olaraq 200 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi müəyyən edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edib ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər kimötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alıb ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər. noyabr 2024-cü il tarixli 9/5609 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, 04 iyul 2023-cü il tarixli 1**-NF- ***9380/KXM nömrəli müqavilə üzrə 04 aprel 2024-cü il tarixə əsas kredit borcu 259 996 manat, faiz borcu 16029,6 manat təşkil edir. 35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq əsas borc 259996 manat, faiz borcu isə 16029,6 manat müəyyən edilməlidir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldadıqları ilə bağlı arqumentlərinə münasibətdə isə göstərib ki, həmin şəxslər tərəfindən bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, cavabdehlər zaminlik müqavilələrini şəxsən imzaladıqlarını təsdiq etmişlər. Həmin müqavilələrdə isə qəbul edilən öhdəlik aydın ifadə edilmiş, mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə əks etdirilmişdir. Başqa sözlə, cavabdehlər öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir. Bu mənada məhkəmə həmin cavabdehlərin mövqeyini əsassız hesab edib. Cavabdeh5 xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya müraciət edərək, Cavabdeh5 MMC ilə Cavabdeh4 MMC arasında bağlanmış 26008-22 saylı müqaviləyə əsasən ümumi məbləği 2 158 000 manat dəyərində iş və xidmətlərin icra edilməsi üzrə Cavabdeh4 MMC-nin öhdəlik götürdüyünü, bu işlərin icra edilməsi üçün Cavabdeh4 MMC işləri mərhələli şəkildə təhvil verdikcə elektron qaimə üzrə Cavabdeh5 MMC tərəfindən ödənişlərin həyata keçirildiyini, Cavabdeh5 MMC-nin sifarişçi kimi podratçı şirkət olan Cavabdeh4 MMC-dən razı olduğunu bildirmiş və Cavabdeh4 MMC qarşısında yaranan pul öhdəliyinin sonuncunun İddiaçı ASC-də açılmış bank hesabına köçürülməklə icra ediləcəyini göstərmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilmiş nomalarına əsasən qeyd edir ki, zaminlik müqaviləsi də tərəflərin müqavilənin mühüm şərtləri barəsində tələb edilən formada – yazılı olaraq razılığa gəldikdə bağlanılır. Müqavilə isə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. İddiaçının istinad etdiyi xx.xx.2023- cü il tarixli məktubdan isə Cavabdeh5 MMC-nin hansısa öhdəliyə zamin durması ilə bağlı iradəsi ifadə edilməmiş, iddiaçıya hər hansı oferta irəli sürülməmişdir. Belə olan halda iddiaçı ilə Cavabdeh5 MMC zaminlik münasibətinin yarandığı, Cavabdeh5 MMC-nin 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit müqaviləsi üzrə borcalanla birgə məsuliyyət daşıması istisna edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlib ki, 04 iyul 2023-cü il tarixli 107-NF5269380/KXM nömrəli kredit müqaviləsi üzrə 259 996 əsas və 16029,6 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edib ki, kreditin müddəti xx.xx.2024-cü il tarixdən bitdiyindən həmin dövrdən sonra əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edib ki, kreditin müddətinin başa çatdığı xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2024-cü il tarixədək (15 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 534,24 (259 996*5/100/365*15) manat təşkil edir. Belə olan halda, məhkəmə bu qənaətə gəlib ki, kreditin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 534,24 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 445.7, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına məhkəmə xərcləri hissəsində isə və Mülki Prosessual Məcəllənin 115, 115.0.4, 119.1, 119.3-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin Cavabdeh1 münasibətdə olan hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona və digər cavabdehlər Cavabdeh3, Cavabdeh1,Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5nə qarşı iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 04 iyul 2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 259996 manat əsas borc, xx.xx.2024-cü il tarixə 16029,60 manat faiz borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 541,66 manat olmaqla ümumilikdə 276567,26 manat kredit borcunun və ödənilmiş 567 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iradəsi və razılığı olmadan, qeyri-şəffaf və faktiki olaraq şəxsi borcun ödənilməsinə yönəlmiş bir kredit razılaşmasının zamin tərəfi kimi göstərilməsi, onun Konvensiya ilə qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bu hal şəxsin mülkiyyət hüququna birbaşa və qeyri-proporsional müdaxilədir. Belə ki, şəxs heç bir real iqtisadi fayda və ya maraq əldə etmədiyi bir hüquqi münasibətdə, sadəcə formaca imza atmış olmaqla, ona aid olmayan borcun ödənilməsinə məcbur edilir. Bu isə Cavabdeh1 maddi vəziyyətinə ciddi təsir göstərməklə yanaşı, onun şəxsi mülkiyyət hüququna qarşı əsassız, qeyri-qanuni və məqsədyönlü müdaxilədir. Konvensiyanın 1 saylı Protokolunda nəzərdə tutulan mülkiyyət hüququ yalnız əmlaka sahib olmaqla məhdudlaşmır, həm də şəxsin iqtisadi maraqlarının və sərvətinin qorunmasını nəzərdə tutur. Hər hansı şəxsin razılığı olmadan, iqtisadi baxımdan zərərli nəticələrə gətirib çıxaran, saxta və ya qeyri-etik niyyətlərlə yönəldilmiş kredit müqaviləsinə zamin kimi cəlb edilməsi, bu hüququn pozulması deməkdir. Bundan əlavə, bu hüquq pozuntusu, Konvensiyanın 6-cı maddəsi ilə də ziddiyyət təşkil edir. Belə ki, şəxs hər hansı bir hüquqi məsuliyyətə cəlb edilərkən, onun işinə müstəqil və ədalətli məhkəmə tərəfindən, açıq şəkildə və qanuni prosedurlar çərçivəsində baxılmalıdır. Lakin təqdim olunan halda, Cavabdeh1 qarşı irəli sürülən maliyyə məsuliyyəti, onun real hüquqi statusu və əqdə qoşularkən əldə etdiyi məlumatların yetərsizliyi fonunda, ədalətli məhkəmə araşdırması hüququnun da pozulmasına səbəb olmuşdur. Məhkəmə yalnız formal sənədlərə əsaslanmaqla şəxsin öhdəliyini tanıyarsa, bu, hüquqi baxımdan Konvensiyanın mahiyyətinə zidd olar. Beləliklə, Cavabdeh1 bu şəkildə maliyyə məsuliyyəti altına salınması, onun mülkiyyət hüququna və ədalətli məhkəmə araşdırması hüququna qarşı birbaşa və qeyri-mütənasib müdaxilə hesab edilməlidir. Bu müdaxilə nə hüquqi maraqla, nə də sosial ehtiyacla əsaslandırıla bilər və bu səbəbdən Konvensiya ilə təminat altına alınmış fundamental insan hüquqlarının pozulmasıdır. Cavabdeh1 kredit müqaviləsi üzrə zamin qismində iştirak etmiş olsa da, bu hüquqi öhdəliyə qoşularkən o, öz iradəsini sərbəst şəkildə formalaşdırmaq imkanından məhrum edilmiş, əslində isə aldadılaraq hüquqi və iqtisadi nəticələri barədə yanlış və natamam məlumat əsasında müqaviləyə daxil olmuşdur. Mövcud iş materialları və sonradan üzə çıxmış hallar aydın şəkildə təsdiq edir ki, kredit müqaviləsinin bağlanması prosesi formal olaraq hüquqi çərçivədə həyata keçirilsə də, əslində bu hüquqi aktın arxasında qanunazidd məqsədlər gizlədilmişdir. Belə ki, kredit müqaviləsinin imzalanması zamanı iddiaçı tərəf olan hüquqi şəxsin idarə heyətinin sədri ilə üçüncü şəxs – X6 oğlu arasında əvvəlcədən razılaşdırılmış və hüquqa zidd xarakter daşıyan əməkdaşlıq əlaqələri mövcud olmuşdur. Həmin üçüncü şəxsin – yəni X6 oğlunun, idarə heyətinin sədrinə şəxsi borcu olmuş və bu borcun ört-basdır edilərək formaca hüquqi, əslində isə qeyri-qanuni yolla ödənilməsi məqsədilə kredit, hüquqi şəxsin adına rəsmiləşdirilmişdir. Bu isə onu göstərir ki, kreditin rəsmiləşdirilməsindəki əsas niyyət hüquqi şəxsin iqtisadi ehtiyaclarının təmin olunması deyil, onun hüquqi şəxs statusundan sui-istifadə edilməklə üçüncü şəxsin şəxsi borc öhdəliyinin örtülməsi olmuşdur. Nəticə etibarilə, kredit müqaviləsinin rəsmiləşdirilməsindən dərhal sonra hüquqi şəxsin bank hesabına daxil olmuş vəsait müəssisənin daxili sənədləri – konkret olaraq kassa məxaric orderi vasitəsilə birbaşa şəkildə X6 oğluna, yəni kredit üzrə borclu olmayan fiziki şəxsə təqdim edilmişdir. Hüquqi şəxs tərəfindən 270000 manat məbləğində vəsaitin nağd şəkildə çıxarılaraq Seyfullayevə verilməsi, bu prosesin məqsədli şəkildə icra olunduğunu və ilkin niyyətin kreditdən sui-istifadə olduğunu bariz şəkildə ortaya qoyur. Qeyd olunanlar fonunda Cavabdeh1 kredit müqaviləsi üzrə zaminlik öhdəliyinə cəlb olunması, onun hüquq pozuntusu nəticəsində, daha dəqiq desək – aldadılma yolu ilə baş vermişdir. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, əgər əqd digər tərəfin aldadılması ilə bağlanmışsa, bu hal həmin əqdin etibarsız sayılması üçün əsas təşkil edir. Bu baxımdan, zamin kimi çıxış etmiş Cavabdeh1 hüquqi öhdəliyi iradə azadlığı və doğru məlumata əsaslanmadığı üçün hüquqi baxımdan qüvvədən salınmalıdır. Bundan əlavə, qeyd edilməlidir ki, zamin yalnız əsas borclunun öhdəliyini icra etmədiyi halda məsuliyyət daşıyır. Lakin konkret halda, kredit vəsaitindən istifadə, formal olaraq borclu olan hüquqi şəxsin mənafeyi üçün yox, tamamilə fərqli – üçüncü şəxsin şəxsi maraqları naminə yönləndirilmişdir. Kredit müqaviləsinin faktiki icrasına nəzər saldıqda, zaminin himayəsində olan hüquqi maraqların pozulduğu və onun razılığı olmadan, hüquqi şəxs adından götürülmüş vəsaitin təyinatı üzrə istifadəsinə xitam verildiyi, obyektiv şəkildə öz təsdiqini tapır. Əgər şəxs zaminlik öhdəliyini real iqtisadi riskləri bilmədən, aldadılaraq və saxta məqsədlərlə yönləndirilmiş prosesin tərkib hissəsi olaraq imzalayıbsa, onun bu müqaviləyə sadiqliyindən danışmaq hüquqi baxımdan əsassızdır. Beləliklə, bu cür halların mövcudluğu, xüsusilə də aldadılma, sui-istifadə, kreditin məqsəddən kənarlaşdırılması, üçüncü şəxsin borcunun qanunsuz formada ödənilməsi və hüquqi şəxsin iradəsinə zidd şəkildə vəsaitin mənimsənilməsi, bütövlükdə kredit müqaviləsinin hüquqi mahiyyətini dəyişir. Bu isə Cavabdeh1 zaminlik öhdəliyinin hüquqi qüvvəsini itirməsinə, yəni onun məsuliyyətdən tam azad edilməsinə səbəb olmalıdır. Belə vəziyyətlərdə məhkəmənin funksiyası yalnız mübahisəni həll etmək deyil, həm də bu tip hüquqi manipulyasiyalara qarşı hüquqi müdafiə presedenti yaratmaqdır. Əgər zaminin məsuliyyəti bu cür hallarda tanınarsa, bu, gələcəkdə hüquqi şəxslərin daxili manipulyasiyaları ilə üçüncü şəxslərin məsuliyyətə cəlb edilməsinə geniş yol açar ki, bu da hüquqi dövriyyənin sabitliyini və hüquqa inamı sarsıdar.

15. Apelyator mövqeyini əsaslandırmaq üçün Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il, M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarıxli Qərarlarına, Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına, İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir.

16. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq şirkət X6 oğlu və onun qardaşı Cavabdeh3 idarə etmişlər. Hətta şirkətin adına olan möhür, Asan imza X6 oğlunda olmuşdur. 2022-ci il noyabr ayında şirkətin fəaliyyət istiqamətinin genişləndirilməsi üçün "xxxx" ASC-yə X6 oğlu kredit müraciəti etmiş və aparılmış araşdırmalardan sonra kreditinin verilməsindən imtina edilmişdir. Sonradan "xxxx" ASC-yə kredit müraciəti edilmiş, aparılmış yoxlamadan sonra girov tələb edilmiş və mənzil girov qoyularaq 200.000 manat kredit götürülmüşdür. Həmin pullar "xxxx"MMC-tinin hesabına köçürülmüşdür. Qeyd edyimin kimi möhür və Asan imza X6 oğlunda olduğu üçün həmin pullarla bağlı sərəncamıda o, vermişdir. Sonradan yenədə Asan imza və möhürdən istifadə edilərək "xxxx" ASC ilə birlikdə, heç bir girosuz, tərəfindən imzalı müraciət olmadan "xxxx" ASC-dən 139000 manat məbləğində maliyyələşmə (kredit) götürülmüşdür. Qeyd edir ki, həmin maliyələşmədən (kreditdən) apelyatorun və təsisçinin xəbəri olmamışdır. Sadəcə nümayəndəyə bildirmişlər ki, şirkətin adına köçürülən pulların çıxarılması üçün "xxxx" ASC-yə getmək lazımdır və heç bir narahatçılıq yoxdur. Həmin pullar da eyni qaydada Cavabdeh4 MMC-nin hesabına köçürülməklə təyinatdan kənar öz adlarına olan şirkətlərin hesabına köçürülüb. Həmin pullar Cavabdeh4 MMC-nin hesabına köçürülsə də "xxxx" ASC tərəfindən həmin gün nağd şəkildə təqdim edilmişdir. Həmin pullar X6 oğluna verilmişdir. Qeyd edir ki, kredit müqaviləsi 2 aylıq müddət üçün bağlanmışdır. Sonradan "xxxx" ASC-yə müraciət edilmiş və heç bir araşdırma aparılmadan, yoxlama keçirilmədən 270000 manat məbləğində 3 aylıq müddətə uzadılıbdır. Qaimələr əsasında kredit xətti açılmış, kredit verilmiş və yenə də həmin pullar "xxxx" ASC tərəfindən Cavabdeh4 MMC-nin hesabına köçürülmüşdür. Eyni gün pul nağdlaşdırılmaqla borc müqaviləsiadı ilə mənim adımdan pullar elə "xxxx" ASC-də təsisciyə verilmişdir. Bütün bu əməliyyatlar formal olaraq aparılır və həmin nağdlaşdırılmış pullar X6 oğlu tərəfindən başqa şirkətin adına olan kredit pulu kimi 7400 manat bir hissədə ödənilir, bir hissəsi X6 oğlu tərəfindən götürülür və qalan 200000-ə yaxın hissəsi "xxxx" ASC-nin Nərimanov filialının müdirinin iş otağında filial müdiri Teymur Bağırova verilir. Bu barədə Teymur Bağırova bu əməliyatlar barədə suallar verildikdə bildirdi ki, müəyyən məsələləri açıqlaya bilmir və bu barədə "xxxx" ASC-nin idarə heyətinin xəbəri vardır (səs yazıları mövcuddur). Həmin gün X6 oğlu və onun qardaşı Cavabdeh3 arasında münaqişə yaranmış və Cavabdeh3 tərəfindən pulun "xxxx" ASC-nin Nərimanov filialının müdirinin iş otağında filial müdiri Temur Bağırova verilməsinin səbəbi araşdırıldıqda X6 oğlu yaxın günlərdə pul qaytarılacağını bildirmişdir. Lakin sonradan direktora məlum oldu ki, bütün bu əməliyyatlar "xxxx" ASC-nin Nərimanov filialının müdiri X4 Xəqani Malik oğlu tərəfindən qabaqçadan əlbir olmuş qrup tərəfindən həyata keçirilmiş və pullar mənimsənilmişdir. Üç ay kredit və fasiləsiz ödənildikdən sonra ödənişlər bağlanmadığı üçün "xxxx" ASC-yə adından müraciət edilərək həmin maliyələşmənin kredit müqaviləsinə çevrilərək 9 aylıq kredit müqaviləsi bağlanmışdır. Qeyd edir ki, o "xxxx" ASC-yə müraciət etməmişdir. Buna baxmayaraq həmin müraciətdə olan imzalar onun adından həyata keçirilmişdir. Hazırda "xxxx" ASC-ni onu və qeyrilərini məhkəməyə verərək həmin pulları tələb edir. Bu günədək direktor təzyiq və təsir altında olmuş və artıq bütün bunlarla bağlı məlumat vermək qərarına gəlmişdir. Xahiş edir ki, qabaqcadan əlbirliyi ilə həyata keçirilmiş saxta bank əməliyyatlarının, saxtalaşdırılmış imzaların araşdırılması, təyinatı məlum olmayan mənimsənilmiş pulların mənbəyinin müəyyən edilməsi, baş vermiş cinayət hadisəsinin araşdırılması üçün aidiyyatı üzrə Prokurorluğa məlumat verilməklə, yuxarıda adları çəkilən şəxslərin ölkə hüdudlrından kənara çıxmalarına qadağa qoyulması barədə təxirəalınmaz tədbirlər görəsiniz” xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən işin hallarından başqa baş vermiş ağır və qrup şəklində olan cinayətlə bağlı aidiyyatı üzrə göndərməməklə yanaşı yekun qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iddianı qismən təmin etmiş və mövcud hallara qiymət verməyərək direktor əsassız götürülmüş pullarla yükləmişdir. Maddi hüquq normalarının pozulması ilə bağlı əlavə dəlillər müdafiəni təşkil edə bilmək üçün məhkəmə araşdırmalarında təqdim ediləcəkdir. Tərəflərindən vəsatət verilməsinə baxmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bankın əməkdaşlarının cəlb edilməsi barədə, əməliyyatı qanunsuz aparmış şəxslərin iştirakı barədə vəsatətləri təmin edilmədiyi üçün prossesual hüquq normaları da məhkəmə tərəfindən pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi apellyasiya şikayətlkərinə etiraz etdi, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, təmin edilməsini xahiş etdi. Əvvəl keçirilən məhkəmə iclasında verdiyi izahatda Cavabdeh2 bildirdi ki, o, MMC-də direktor vəzifəsində çalışırdı. Həmin müddətdə təsisçi və Xəqani adlı şəxs kredit götürülməsi üçün banka müraciət etmişlər. Xəqani adlı şəxs ilə bankın Nərimanov filialının müdiri Teymur adlı şəxslə əlbir olub olnu aldadaraq müqaviləyə imza etdirmişdir. İş materiallarında olan məktublar və arayışlar isə saxtadır. Teymur adlı şəxs 200.000 manat məbləğində pul vəsaitini götürdükdən sonra Orxan adlı şəxsə verib.

20. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: -339.2.-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. -339.4-cü maddəsində əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206-cı maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavbadeh Cavabdeh4 MMC arasında 04 iyul 2023-cü il tarixli 1**-NF-***9380/KXM nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh4 MMC-yə illik 15% olmaqla 9 ay müddətinə 270 000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. İddiaçı həmin müqavilə üztə öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdehin mülkiyyətinə versə də, cavabdeh müqavilə nəzərdə tutulmuş müddətdə və qaydada kredit ə faizləri iddiaçıya qaytarmaq öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Həmin kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh1 ilə mübahisəli kredit xətti müqaviləsi üzrə Cavabdeh4 MMC-nin öhdəliklərinə zamin durmuşlar. Hazırda iddiaçı həmin müqavilə üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

27. Məhkəmə ilk növbədə Cavabdeh2 və Cavabdeh1 zaminlik müqaviləsini bağlayarkən aldadılması, eləcə də müqavilələri hədə-qorxunun təsiri ilə altında bağlaması, yəni zaminlik müqavilələrinin etibarsız olması barədə apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə birinci instansiya məhkəməsi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehlər istinad edilən hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Aldadılma barədə dəlillərə münasibətdə həmçinin o da qeyd edilməlidir ki, cavabdehlər zaminlik müqavilələrini şəxsən imzaladıqlarını inkar etməmişlər. Həmin müqavilələrdə isə qəbul edilən öhdəlik aydın ifadə edilmiş, mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə əks etdirilmişdir. Odur ki, sözügedən dəlillər əsassız olmaqla zaminlik müqavilələrinin etibarsız olması barədə qənaətə gəlməyə əsas vermir.

28. Kredit müqaviləsi üzrə tutulması qət edilmiş əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh4 MMC-nin həmin borcların məbləğini müəyyən etmək üçün birinci instansiya məhkəməsi iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirmişdir. Ekspert rəyi ilə Cavabdeh4 MMC-nin iddiaçıya mübahisəli kredit xətti müqaviləsi üzrə kreditin verilməsi müddətinin bitdiyi tarixə 259.996 manat əsas borc, 16.029,60 manat faiz borcunun olması müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, birinci instansiya məhkəməsi həmin rəy iş üzrə sübut qismində qəbul etməklə cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas və faiz borcunu iddia tələbindən kənara çıxmamaq şərti ilə həmin rəyə əsasən müəyyənləşdirməkdə haqlı olmuşdur.

30. Tələbin müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 5%-in tutulması hissəsində də tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həm Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlarda əks olunmuş mövqeyə istinad etməklə iddiaçının kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 5%-in tutulmasını tələbinin əsaslı hesab etməkdə, həm də xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası dövr üçün cavabdehlərdən müştərək qaydada tutulacaq illik 5%-i 534,24 manat (259 996*5/100/365*15) məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-201/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apelyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar