Məhkəmə qərarları › İş №2-2(103)-666/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-666/2023

16.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-666/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2411/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 2015-ci il 27 noyabr tarixli 09 nömrəli komissiya müqaviləsinə əsasən komisyonçu – “SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi komitent – SOCAR “Azərikimya” İB-nin tapşırığı ilə öz adından, lakin komitentin hesabına komitentin istehsal etdiyi və müqavilənin qoşmalarında göstərilmiş məhsulların ölkə xaricində və daxilində 3cü şəxslərə satmağı və bununla bağlı zəruri əməliyyatlar aparmağı, komitent isə komissyonçunun bilavasitə müqavilə ilə əlaqədar çəkdiyi bütün xərclərini və komisyon muzdunu müqaviləyə uyğun ödəməyi öhdəsinə götürür.

2. 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar – Cavabdeh MMC dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternini təhvil verməyi, icarəçi – “Action Group SA FZE” isə həmin məhsulları qəbul etməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısının təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur.

3. 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar – “Action Group SA FZE” dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternini təhvil verməyi, icarəçi – "xxxx" DMMC isə həmin məhsulları qəbul eməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısının təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur.

4. SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin 2022-ci il 12 avqust tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır.

5. “Azərikimya” İB-nin 2022-ci il 15 avqust tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır.

6. EBBP seriyalı, 707899 nömrəli, 2022-ci il 17 yanvar tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBR seriyalı, 221896 nömrəli, 2022-ci il 14 fevral tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBS seriyalı, 998325 nömrəli, 2022-ci il 16 mart tarixli elektron qaiməyə əsasən 33.040 manat, EBBO seriyalı, 421733 nömrəli, 2021-ci il 20 dekabr tarixli elektron qaiməyə əsasən 15.576 manat, EBBN seriyalı, 668614 nömrəli, 2021-ci il 7 dekabr tarixli elektron qaiməyə əsasən 19.824 manat, EBBM seriyalı, 597338 nömrəli, 2021-ci il 18 noyabr tarixli elektron qaiməyə əsasən 16.095,2 manat, EBBL seriyalı, 896704 nömrəli, 2021-ci il 4 noyabr tarixli elektron qaiməyə əsasən 20.484,8 manat, EBBK seriyalı, 900804 nömrəli, 2021-ci il 18 oktyabr tarixli elektron qaiməyə əsasən 35.400 manat, EBBJ seriyalı, 432404 nömrəli, 2021-ci il 21 sentyabr tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBG seriyalı, 434246 nömrəli, 2021-ci il 16 avqust tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBF seriyalı, 011554 nömrəli, 2021-ci il 16 iyul tarixli elektron qaiməyə əsasən 15.576 manat, EBBE seriyalı, 549085 nömrəli, 2021-ci il 8 iyul tarixli elektron qaiməyə əsasən 19.824 manat, EBBD seriyalı, 368600 nömrəli, 2021-ci il 16 iyun tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBP seriyalı, 711151 nömrəli, 2021-ci il 17 may tarixli elektron qaiməyə əsasən 35.400 manat dəyərində xidmətlər "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmişdir.

7. Forma FDU-92 arayışlarından görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 1.138.841,6 manat dəyərində xidmətlər göstərilmişdir.

8. 2020-ci il 1 yanvar – 2022-ci il 1 fevral tarixləri ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 1 aprel tarixli arayışdan görünür ki, QSC cəmi 1.670.057,17 manat yığım məbləğləri hesablamışdır. Həmin yığım məbləğləri əsasən boş vaqonun (özəl və icarədə olan) dayanmasına və ADDY-na məxsus vaqonun istifadəsinə görə hesablanmışdır.

9. Cavabdeh MMC "xxxx" QSC-yə 2020-ci il 7 dekabr tarixli məktub ünvanlayaraq, MMC-yə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir edilərək, şirkətin istifadəsinə verilməsini xahiş etmişdir.

10. "xxxx" QSC həmin məktuba cavab olaraq Cavabdeh MMC-yə 2020-ci il 28 dekabr tarixli məktub ünvanlamış, çən-vaqonların təmir edilərək şirkətin istifadəsinə verilməsi ilə bağlı məsələyə heç bir münasibət bildirməmiş, yalnız borc öhdəliyi ilə bağlı sənədlərə istinad etmişdir.

11. Cavabdeh MMC "xxxx" QSC-yə 2021-ci il 21 iyun tarixli məktub ünvanlayaraq bildirmişdir ki: ... “Sizə daha öncəki müraciətlərimizdə də bildirdiyimiz kimi, şirkətimizə məxsus 40 ədəd çən-vaqon artıq uzun müddətdir ki, depo təmiri edilmədiyinə görə istifadəsiz qalmaqda və bu da azmış kimi "xxxx" QSC tərəfindən şirkətimizdən asılı olmayan səbəblərdən istifadəsiz qalmış çən-vaqonların dayanmasına görə şirkətimizə qarşı cərimə iddiası irəli sürülməsinə alət olmaqdadır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, "xxxx" QSC və şirkətimiz arasında çən-vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkətimiz tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətimizə məxsus çən-vaqonların mümkün qədər tez bir müddətdə təmir edilərək şirkətimizin istifadəsinə verilməsinə dair aidiyyatı instansiyalara göstəriş vermənizi, eləcə də yaranmış vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi məqsədi ilə şirkətimiz və müvafiq olaraq "xxxx" QSC-nin səlahiyyətli nümayəndələri arasında görüşün təşkil edilməsinə köməklik göstərmənizi Sizdən xahiş edirik”.

12. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 26 iyul tarixli məktubda qeyd edilmişdir ki: “Bildiririk ki, ADY-nin stansiya yollarında şirkətinizə aid yalnız 25 ədəd çən vaqonu yerləşir və onlardan 14 ədədi Güzdək stansiyasında, 11 ədədi isə Biləcəri stansiyasında boş dayanmışdır (vaqon nömrələri və stansiyalara daxilolma tarixləri əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsi”nin 3.2.7-ci, 3.2.28-ci və 3.2.29-cu yarımbəndlərinə əsasən dəmir yolunda vahid texniki normativlərin və tələblərin tətbiq edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yük və sərnişin daşımalarına dair razılaşdırılmış tariflərin müəyyən edilmiş qaydada tətbiq edilməsi və göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə, tariflər üzrə güzəştlərin müəyyən edilməsi ADY-nin əsas fəaliyyət istiqamətləri kimi təsbit edilmişdir. Həmçinin vaqonların planlı təmir vaxtının bitməsi ilə əlaqədar, o cümlədən müəyyən nasazlıqlar aşkar edildikdə təmirə açılması Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 2007-ci il 10 dekabr tarixli 46/S nömrəli əmri ilə təsdiq edilmiş “Vaqon müayinəçisinin təlimatı”nın 2.1.7-ci yarımbəndində göstərilən qaydada həyata keçirilir. Qeyd edirik ki, şirkətinizə məxsus vaqonların planlı təmir vaxtı bitdiyinə görə təmirin həyata keçirilməsi və istismar müddətinin uzadılması məqsədilə ADY ilə Cavabdeh MMC arasında "Vaqonların təmir edilməsi xidməti barədə” müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün ADY-nin tabeçiliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. Sözügedən çən vaqonlarından Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım ADY-nin 2017-ci il 24 aprel tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları"nın 3.4-cü bəndinə əsasən tənzimlənərək ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10 manat məbləğində tutulur. “Azərbaycan Dəmir Yolları" QSC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən dəmir yolu daşımalarında, o cümlədən, beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir”.

13. “Akapella" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanan 2021-ci il 14 iyul tarixli məktubda bildirilmişdir ki: “Şirkətimizə "xxxx" QSC tərəfindən ünvanlanmış elektron qaimə (Seriya EBBE №549085 - xx.xx.2021-ci il) ilə əlaqədar bildirmək istəyirik ki, hesablanmış cərimə (ümumi istifadə yollarında dayanmaya görə) daha əvvəl də dəfələrlə digər analoji hesablara dair bildirdiyimiz kimi, tamamən əsassızdır. Belə ki, şirkətimizə məxsus vaqonların təmir edilib dövriyyəyə buraxılmama səbəbi şirkətimizin iradəsi xaricindədir. Bizə ünvanlamış olduğunuz №71654 saylı xx.xx.2021-ci il tarixli məktubla vaqonlarımızın təmir edilməməsində şirkətimizlə "xxxx" QSC arasında təmir müqaviləsinin olmadığı səbəb göstərilmiş və buna cavab olaraq şirkətimiz tərəfindən "xxxx" QSC-yə ünvanladığı №13/M- 21 saylı xx.xx.2021-ci il tarixli məktubla sözügedən müqavilənin bağlanmasında bizə köməklik etmənizi xahiş etməmizə baxmayaraq, nəinki müqavilə imzalanmasına dair bir addım atılmış, tam əksinə şirkətimizə dayanmadan əsassız cərimələr yazılmasına davam edilməkdədir. Bu halda şirkətimizə vaqonların ümumi istifadə yollarında dayanmasına görə cərimə hesablanması tərəfimizdən qəbul edilməzdir və heç bir halda tərəfimizdən sözügedən əsassız cərimələrin ödənilməsi həyata keçirilməyəcəkdir. Sizə daha öncə də bildirdiyimiz kimi, şirkətimizin fəaliyyəti bizə məxsus çən-vaqonların təmir edilərək dövriyyəyə buraxılmaması səbəbindən ciddi zərərlərlə üzləşməkdədir və "xxxx" QSC-nin şirkətimizin bu vəziyyətdən çıxmasına köməklik etməməsi, hətta tam əksinə daha da vəziyyəti çətinləşdirmə səyləri ümumilikdə şirkətimizin fəaliyyətinin sonlandırılmasına yönəlik bir həmlədir. Biz dəfələrlə şirkətimizə məxsus vaqonların təmir edilərək yükdaşımalara cəlb edilməsi, müvafiq olaraq şirkətinizin fəaliyyətinin dirçəlməsi və ödəniş qabiliyyətliliyinin bərpası üçün "xxxx" QSC-yə müraciət etmişik, amma cavab olaraq hər dəfə yeni əsassız cərimə tətbiqinə dair bildirişdən başqa heç bir dəstək verilməmişdir. "xxxx" QSC-nin şirkətimizə məxsus çən-vaqonları təhkim stansiyasında (Güzdək) saxlanılması əvəzinə israrla Biləcəri stansiyasında saxlayaraq əsassız cərimə tətbiq etmə cəhdi bir daha yaranmış problemin həlli deyil, bilavasitə süni olaraq qabardılması istiqamətində atılan addımdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq şirkətimizə qarşı sərgilənən açıq aydın qərəzli yanaşmanın sonlandırılması, şirkətimiz tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilən məktubların cavablandırılması və eyni zamanda əsassız olaraq şirkətimizə hesablanmış cərimələrin ləğv edilməsinə dair aidiyyatı instansiyalara göstəriş vermənizi Sizdən xahiş edirik”.

14. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən “Akapella" MMC-yə ünvanlanan 2021-ci il 23 iyul tarixli məktubda bildirilmişdir ki: “xx.xx.2019-cu il tarixindən etibarən Cavabdeh MMC tərəfindən Güzdək stansiyasında ona məxsus özəl vaqonların saxlanılması üçün hər hansı ümumi və qeyri-ümumi istifadəli yol icarəyə götürülməmişdir. Şirkətinizə məxsus 14 çən vaqonu Güzdək stansiyasında xx.xx.2019-cu il tarixindən və 11 çən vaqonu Biləcəri stansiyasında xx.xx.2017-ci il tarixindən boş dayanmışdır. Vaqonların stansiya yollarında səmərəsiz dayanması ilə əlaqədar dəfələrlə müraciət etməyimizə baxmayaraq vaqonların dəmir yolundan asılı olmayan səbəblərdən gözləməsi davam edir. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Dəmir Yolları" QSC sədrinin xx.xx.2017-ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 3.4 bəndinə əsasən ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə yığım, gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10.00 manat yığım tətbiq olunur. Cavabdeh MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilməkdədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Akapella" MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilib”.

a) Birinci instansiya məhkəməsində icraat

15. "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2022-ci il 25 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə qədər cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.626 manat olmaqla, ümumilikdə 1.671.683,17 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Güzdək və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 1.670.057,17 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2020-ci il 12 noyabr tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, “Azərikimya” İB-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2411/2022 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımov) iddia təmin edilməmişdir.

19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olması, sonuncunun iddiaçı qarşısında öz üzərinə hər hansı öhdəlik götürməsi barədə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan dövrdə stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışların surətləri və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı, xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.

20. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 4.1.1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, “Qeyri-ümumi istifadəli dəmir yollarının istismarı və xidməti qaydaları”nm 3cü bəndinə müvafiq olaraq yükgöndərən, yükalan vaqonların (və ya konteynerlərin) götürülməyə hazır olması barədə daşıyıcıya bildiriş verir. Belə bildirişlərin verilməsi qaydası və onların forması Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq qeyri-ümumi istifadəli dəmir yollarının istismarı, vaqonların verilməsi və götürülməsinə dair müqavilələrlə müəyyən edilir.

21. Eyni zamanda, Təlimatın 6 və 9 nömrəli əlavələri ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayışın, vaqonların verilməsi və götürülməsi cədvəlinin hazırlanması ilə bağlı QU-46 Formalı arayışın tərtib olunma qaydası göstərilmişdir.

22. Lakin, iddiaçı tərəfidnən sübut qismində yuxarıda qeyd olunan sənədlər təqdim olunmamışdır.

23. Bundan başqa, iddiaçı tərəfindən "xxxx" MMC-yə elektron qaimələr göndərilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir.

24. İddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, elektron qaimələr üzrə xidmətlər göstərilmədiyi halda cavabdeh tərəfindən onların təsdiqlənməsindən imtina edilməli idi.

25. İddiaçının təqdim etdiyi elektron qaimələrlə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər təqdim olunmadığından, həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

26. Cavabdehin iddia tələbinə etirazının əsasını sisternlərin 2016-cı ildən faktiki olaraq onun istifadəsində olmaması təşkil edir. Belə ki, ona məxsus 40 ədəd dəmiryol sisterni 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “Action Group SA FZE” şirkətinə, onun tərəfindən isə "xxxx" DMMCyə icarəyə verilmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, cavabdehə məxsus sisternlərin bir qismi hazırda üçüncü şəxsdədir. Belə ki, sonuncu ilə SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi arasında 2015-ci il 27 noyabr tarixli 09 nömrəli komissiya müqaviləsi imzalanmışdır. Lakin üçüncü şəxs və SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məktublarında məhkəmə sorğularına cavab olaraq, "xxxx" DMMC ilə çən-vaqonların icarəsi ilə bağlı müqavilələrin mövcud olmaması qeyd edilmişdir.

27. İddianın predmetini cavabdeh tərəfindən göstərilən xidmətlərə görə ödənişlərin təmin edilməsi təşkil etdiyindən, tələb əmlakın mülkiyyətçisinə deyil, xidmətləri qəbul etmiş şəxsə qarşı yönəlməlidir. İşin hallarından göründüyü kimi cavabdehə məxsus 40 ədəd dəmiryol sisterni 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “Action Group SA FZE” şikətinə icarəyə verilmiş, habelə, 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi” ilə icarədar – “Action Group SA FZE” şirkəti tərəfindən "xxxx" DMMC-yə icarəyə verilmişdir. Hər iki müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, müqavilə 2016-cı il 1 aprel tarixindən qüvvəyə minir və 2016-cı il 31 dekabr tarixinə qədər qüvvədə olacaq, lakin tərəflər öz vəzifələrini tam yerinə yetirikdən sonra ləğv ediləcək. Buna görə də məhkəmə hesab etmişdir ki, xidmətlərin göstərilməsi sübuta yetirildiyi təqdirdə, həmin öhdəliklərin icrasının təmin edilməsi əmlakın həmin dövrdə faktiki istifadəçisi, yəni xidmətləri qəbul etdiyi şəxsə qarşı qaldırılmalı olduğu halda, mülkiyyətçiyə qarşı qaldırılmışdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.9-cu, 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci, Nəqliyyat Nazirliyinin 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 4.1.1 və 2-ci bəndləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-1076/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının bildirdiyinə görə tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də hazırkı mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

33. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil edir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.

34. Belə ki, iddiaçı yığım məbləğlərini yalnız boş vaqonların dayanmasına görə hesablamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı yazışmalara istinadən qeyd etmişdir ki, bununla belə, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, ona məxsus vaqonların artıq uzun müddətdir ki, depoda təmir edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş və şirkətlər arasında çən-vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkət tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir edilərək şirkətin istifadəsinə verilməsini xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir. Halbuki bundan əvvəl cavabdeh dəfələrlə ona müqavilə bağlamaq barədə təkliflərlə çıxış etmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Yəni iddiaçı cavabdehin ona ilk müraciətindən sonra vaqonları təmir edərək, sonuncunun istifadəsinə versəydi, hazırda boş vaqonların dayanmasına görə yığım məbləğləri də hesablanmazdı. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş və bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi.

36. İddiaçı vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırda tələb olunan vaqonların boşdayanmasına görə borc məbləğləri məhz iddiaçının öz hərəkətsizliyi ucbatından yaranmışdır. iddiaçı öz hüquqlarından sui-istifadə etmiş və boş dayanmış vaqonları təmir etmək əvəzinə, həmin vaqonların boş dayanmasına görə yığımların tutulmasını tələb etmişdir. Bu baxımdan, iddiaçı boş vaqonların dayanmasına görə yığımların cavabdehdən tutulmasını tələb edə bilməz. Ona görə də, iddia tələbi rədd edilməlidir.

37. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərini səhv qiymətləndirmişdir. Belə ki, cavabdehlə “Action Group SA FZE” şirkəti və "xxxx" DMMC arasında icarə müqaviləsinin bağlanması və cavabdehə məxsus vaqonlardan həmin hüquqi şəxslər tərəfindən istifadə edilməsi, habelə cavabdehin istinad etdiyi digər dəlillər, yəni 92 saylı sənədlərin tərtib olunmasına dair sənədlər, yol cədvəli, yol vərəqəsi, vaqonların hansı qaydada stansiyaya daxil edilməsinə dair sübutlar təqdim edilməməsi ilə bağlı dəlillər hazırkı mübahisənin həllinə təsir etmir. Qeyd olunan icarə müqavilələrinin etibarlığı şübhə doğurmasa da, habelə cavabdehin istinad etdiyi digər dəlillər bu növ mübahisələrin həllində əsaslı olsa da, cavabdehin yuxarıda istinad olunan məktublarında həmin hallara istinad edilməmiş, yəni cavabdeh həmin məktublarda ona məxsus vaqonlardan digər şəxslərin istifadə etməsini bildirməmiş, habelə vaqonların dəmiryol stansiyasına daxil olması ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini tələb etməmişdir. Bu hallar isə təsdiq edir ki, cavabdeh həmin vaqonların kim tərəfindən istifadə edilməsi və dəmiryol stansiyasına daxil olması ilə bağlı hallara etiraz etməmiş və qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3. 11.1, 16.1, 425.1, 425.2, 560.2, 777.1, 783.2-ci, Mülki Prosessual Məcəlləsinin 13.4, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsinin 3.2, 3.2.10-cu bəndlərinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-258/2023 nömrəli qərarı ilə (hakimlər B.M.Məmmədli (sədrlik edən və məruzəçi), B.F.Qəribov və V.T.Həsənovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-1076/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

41. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2022-ci il 2 fevral tarixinə qədər cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manatı cavabdehdən tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini ləğv edərək iddianı digər əsaslarla təmin etməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, ona məxsus vaqonların uzun müddət depoda təmir edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş, təmirə dair müqavilənin bağlanaraq vaqonların qısa müddətdə təmir edilməsini xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş, bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. İddiaçı vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, cavabdeh iddiaçıya çən-vaqonların təmir edilməsinə dair təklifi ilk dəfə 2020-ci il 7 dekabr tarixli məktubla vermişdir.

45. Halbuki apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi, iş materiallarında olan iddiaçının həmin təklifə göndərdiyi 2020-ci il 28 dekabr tarixli cavab məktubundan məlum olur ki, artıq 2020-ci il 26 oktyabr tarixinə stansiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.118.336,37 manat borcu mövcud idi.

46. Göründüyü kimi, həmin borc (1.118.336,37 manat) hazırkı iddia ilə tələb olunan borcun (1.670.057,17 manat) əsas hissəsini təşkil edir.

47. Beləliklə, cavabdeh hələ vaqonların təmiri ilə bağlı iddiaçıya təklif verməmişdən əvvəl iddiaçıya artıq 1.118.336,37 manat borclu olduğu iddiaçı tərəfindən bildirilmişdir (həmin borcun həqiqətən də mövcud olub-olmamasına apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilməmişdir).

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təbii inhisarçı olsa da, istehlakçılarla yalnız müqavilə münasibətləri əsasında işgüzar əməkdaşlıq edə bilər.

49. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə görə, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

50. Həmin normanın məzmunundan anlaşıldığı kimi, ilkin olaraq məhz sahibkarlıq subyekti (hazırkı halda cavabdeh) əmtəədən (hazırkı halda vaqonların təmiri xidmətindən) yararlanmaq üçün təbii inhisarçıya (hazırkı halda iddiaçıya) konkret təkliflə müraciət etməli, təbii inhisarçı da bu təklif əsasında istehlakçı ilə müvafiq müqavilə bağlamalı və həmin əmtəəni istehlakçıya təqdim etməlidir.

51. Qeyd etmək lazımdır ki, elə ümumi qaydaya görə də, hüquqi və fiziki şəxslər arasında müqavilələr eyni qaydada bağlanılır. MM-in 405.2-ci maddəsinə (bax yuxarıda § 53) görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

52. Hazırkı halda, yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, cavabdeh iddiaçıya çən-vaqonların təmir edilməsinə dair təklifi (ofertanı) ilk dəfə 2020-ci il 7 dekabr tarixli məktubla vermişdir. Odur ki, tərəflər arasında təmirə dair müqavilə məhz həmin tarixdən sonra bağlanıla bilərdi.

53. Deməli, 2020-ci il 7 dekabr tarixinədək, daha doğrusu, ən azından, 2020-ci il 26 oktyabr tarixinə yarandığı bildirilən 1.118.336,37 manat borcun əmələ gəlməsi (əgər həqiqətən də iddiaçının bildirdiyi həmin borc mövcud olmuşdursa) iddiaçının özünün hərəkətsizliyi (təqsiri) ilə əlaqələndirilə bilməz.

54. Yəni cavabdeh o zaman haqlı olardı ki, iddiaçıya vaqonların təmir olunmasına dair təkliflə 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə müraciət etmiş olaydı.

55. Hazırkı vəziyyətdə isə yuxarıda qeyd olunan səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir.

56. O da qeyd olunmalıdır ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehə məxsus 40 ədəd dəmiryol sisternləri 2016-cı il 1 aprel tarixindən etibarən başqa hüquqi şəxslərin icarəsində olmuşdur.

57. İstisna deyildir ki, cavabdeh və ya vaqonları faktiki istifadə edən hüquqi şəxslər həmin vaqonların təmir edilməsinə dair təkliflə 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə də iddiaçıya müraciət etmişlər.

58. Lakin mübahisələndirilən qətnamədə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusata aydınlıq gətirilməmişdir.

59. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1 və 271.3-cü maddələrinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

60. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)-1076/2022 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

61. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən, 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə mübahisəli vaqonların təmir edilməsinə dair təkliflə iddiaçıya müraciət edilib-edilməməsini aydınlaşdırmalı, əgər belə müraciətlər olamamışdırsa, tələb olunan borcun mövcud olub-olmamasına, həcminə, yaranma əsaslarına, hesablanma qaydasına hüquq qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Cavabdehin vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinə qarşı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin vaqon mülkiyyətçisi kimi hazırkı tələb üzrə heç bir cavabdehliyi yoxdur, heç bir öhdəliyi yaranmamışdır. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-nin öhdəliyinin yaranmasına dair normativ aktlara, mövcud qanunvericiliyə əsaslanan hər hansı bir sübut təqdim etməmişdir. Təmirə ehtiyacı olan vaqonların dəmir yolunda istifadəsinin mümkün olmadığı məlumdur. 2020-ci ildən başlayaraq tərəflər arasında yazılan məktublardan görünür ki, vaqonların təmirə ehtiyacı var. Cavabdeh bu barədə daha əvvəl məlumatlandırılmış olsa idi, xəbədar olsa idi, ən azından mülkiyyətçi kimi tədbirlər görmüş olardı. Bu barədə məlumatlı olmadığından vaqonların təmiri və ya boş dayanmaması üçün tədbirlər görülməsi barədə müraciət də etməmişdir. Yalnız ilkin məlumatı Pretenziya qaydasında məlumat aldıqdan sonra ADY-yə mülkiyyətçi olaraq müraciətləri başlamışdır. Ümumiyyətlə nə iddiaçı tərəfindən, nə də vaqonların istifadəçiləri tərəfindən mülkiyyətçiyə hər hansı öhdəliyin yaranmasının başlanması haqqında məlumat verilməsi barədə sübut təqdim edilməmişdir. İddiaçının vaqonların dayanma xidmətlərinə görə öhdəliyin yaranmasının başlanması haqqında icarəçiləri məlumatlandırması barədə də sübutlar yoxdur. Belə olan halda iddiaçı qarşısında hər hansı öhdəliyinin olması sübut edilmir. Əksinə iddiaçının 56 vərəqdən ibarət təqdim etdiyi formaların 1-9-cu vərəqlərindən görünür ki, vaqonlar həqiqətən də icarəyə verilmiş və “Azərikimya” İB-nin istifadəsində olmuşdur. Halbuki bugünə kimi iddiaçı və üçüncü şəxs məlumatları verməkdən imtina edirdilər və istifadəçi kimi mülkiyyətçini göstərməklə məhkəmə araşdırmasını yanlış istiqamətə yönəltməyə cəhd etmişlər. “Azərikimya” İB özü də dəfələrlə məhkəməyə yazılı müraciət edərək Cavabdeh MMC ilə, yəni mülkiyyətçi ilə müqaviləsinin olmadığını rəsmi olaraq bildirmiş, buna dair məktublar elektron sistemə əlavə edilmişdir.

63. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixində iddiaçının apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz belə əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin mülkiyyətində olan və hazırda mübahisəli vaqonlara sərəncam verən vaqonların icarədarları, yəni son icarədarı SOCAR Loqistics DMCC olmuşdur. Bunu iddiaçı apellyasiya məhkəməsinə özlərinin təqdim etdiyi Yol Vərəqləri (дорожная ведомостът) ilə təsdiq etməklə etiraf edirlər. 2016-cı ilin aprel ayından bu günədək Cavabdeh MMC tərəfindən mülkiyyətində olan vaqonlara dair heç bir sərəncam verilməmiş, heç bir sifariş verilməmişdir. Buna görə də ADY ilə Müqavilə bağlamaq barədə təklif də verməyə zərurət olmamışdır. 2020-ci il tarixdə ADY Cavabdeh MMC-yə pul tələbi ilə müraciət etdikdən sonra Cavabdeh MMC məcbur olub ADY-yə təkliflə müraciət etmişdir ki, vaqonları qaytarın, hətta SOCAR–a da müraciətlər etmişdir ki, icarənizə verilən vaqonlara görə bizə cərimələr yazılır, bunun bütün maddi məsuliyyəti icarədar olaraq “Azərkimya” İB-nin üzərindədir. Halbuki ADY ilə Müqavilə bağlamaq vəzifəsi vaqonları icarə əsasında özündə saxlayan SOCAR və onun qurumlarının olmuşdur. Dəmir yolu nəqliyyatı sahəsində inhisarçı olan iddiaçı ADY QSC iddiaçı olaraq nə xx.xx.2020-ci ildə, nə ondan sonra, nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya məhkəməsində heç bir sübut təqdim etməmiş, lakin olmayan öhdəliyə əsaslanaraq borcu tələb edir. Vaqonların boş dayanmasına görə öhdəliyin yaranması barədə icarədar və ya mülkiyyətçi xəbərdar olmalı və məluatlandırılmalı idi. Bu məlumatlandırma ADY tərəfindən Təlimatlara və Əmrlərə, normativ aktlara və beynəlxalq qaydalara uyğun rəsmiləşdirilməli və təsdiq edilməli idi, müvafiq qaydada vaqonlara faktiki məsuliyyət daşıyan hüquqi şəxslərə təqdim edilməli idi. Məlumat aldıqdan sonra vaqona məsul olan şəxslər tədbirlər görməli idilər. Cavabdeh MMC-nin mülkiyyətində olan vaqonlar icarə əsasında üçüncü şəxslərin istifadəsində olduğundan yeni müqavilə bağlamaq zərurəti də olmamış, nə də mülkiyyətçi olaraq vaqon icarədarlarının əvəzinə ADY QSC ilə müqavilə bağlamaq vəzifəsi və öhdəliyi də olmamışdır. QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri təqdim olunsa da, onların əsasında dayanmalı olan QU-45 sənədlərinin işə birinci instansiya məhkəməsində baxılarkən hazırlıq mərhələsində təqdim edilməsi müəyyən olunmamışdır.

Proses iştirakçılarının izahatları

64. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, cavabdeh vaqonlarını heç bir müqavilə olmadan 2017-ci ildə “Güzdək” və “Biləcəri” stansiyalarında saxlamışdır. Üç il ərzində vaqonların taleyi ilə bağlı maraqlanmamış, habelə bizə müraciət etməmişdir. Ərazi böyükdür, stansiyaların sayı çoxdur. 2020-ci ildə audit tərəfindən yoxlama aparılan zaman müəyyən olundu ki, “Güzdək” və “Biləcəri” stansiyalarında boş dayanan vaqonlar mövcuddur. 2020-ci ildə sənəd tərtib olunmuş, e-qaimə verilmişdir. Vaqonların mövcudluğu barədə məlumat olmadığı üçün maliyyə departamenti hesab edir ki, vaqonlar 2017-ci ildən dayansalar da, borc 2020-ci ildə mövcud olmuşdur. Üç il sonra cavabdehə müraciət edildikdə isə, cavabdeh tərəf vaqonların təmir edilməsini xahiş etmişdir.

65. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vaqonlar cavabdehə məxsus olsa da, onlar hazırkı iddia üzrə cavabdeh deyil. Vaqonlar icarəyə götürəndədir, məsuliyyət də onların üzərinə düşür. Belə ki, iş materiallarında sənədlərdə yük göndərənin, yük alanın kim olması qeyd olunmuşdur. İddiaçı borcun 2020-ci ildən yarandığını bilirsə də, təqdim etdiyi sənədlərdə borcun 2017ci ildən hesablandığı əks olunmuşdur. Həmin sənədlərdə cavabdeh tərəfin imzası yoxdur. Hal-hazıradək iddiaçı hesablamanı hansı sənəd əsasında etdiyini təsdiq edən sübut təqdim etməmişdir.

66. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

67. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərikimya” İB-yə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

68. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

69. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

70. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq bəndlərində nəzərdə tutulmuşdur:

“1. Ümumi müddəalar ... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. ...” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi ... 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur: 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunduluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Qərarında nəzərdə tutulmuşdur: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

74. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

75. Hazırki işdə iddia rədd olunduğundan və iddiaçının apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməməlidir.

77. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, cavabdehə məxsus 40 ədəd dəmiryol vaqon-sisternləri 2016-cı il 1 aprel tarixində icarəçi “Action Group SA FZE”-yə, sonuncu tərəfindən isə "xxxx" DMMC-yə icarəyə verilmişdir. Hər iki müqavilənin 9-cu bəndinə qeyd olunmuşdur ki, müqavilə xx.xx.2016-cı ildən qüvvəyə minir və xx.xx.2016-cı ilə qədər qüvvədə olacaq, lakin tərəflər öz vəzifələrini tam yerinə yetirdikdən sonra ləğv ediləcək.

78. Həmin vaqonlardan 15 ədədi üçüncü şəxs “Azərkimya” İstehsalat Birliyinin ərazisində yerləşir.

79. İddiaçı cavabdehdən ona məxsus Biləcəri stansiyasının 27-ci yolunda dayanmış 11 vaqon, Güzdək stansiyasının 12-ci yolunda dayanmış 14 vaqon, cəmi 25 vaqon üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi göstərilmiş stansiya xidmətlərinə görə 1.670.057,17 manat tələb edir.

80. İşdə olan iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il məktubunda göstərilir ki, artıq xx.xx.2020-ci il tarixinə stansiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.118.336,37 manat borcu mövcuddur.

81. İşdən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya müraciət edərək, ona məxsus vaqonların artıq uzun müddətdir ki, depoda təmir edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş və şirkətlər arasında çən-vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkət tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir edilərək şirkətin istifadəsinə verilməsini xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir.

82. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2020-ci il tarixdən sonra boş vaqonların dayanmasına görə tələb olunan məbləğ məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Yəni iddiaçı cavabdehin ona müraciətindən sonra vaqonları təmir edərək, sonuncunun istifadəsinə versəydi, hazırda boş vaqonların dayanmasına görə yığım məbləğləri də hesablanmazdı. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş və bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi.

83. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi. Beləliklə, iddiaçı öz hüquqlarından sui-istifadə etmiş və boş dayanmış vaqonları təmir etmək əvəzinə, həmin vaqonların boş dayanmasına görə yığımların tutulmasını tələb etmişdir.

84. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixindən sonra cavabdehdən hər hansı məbləğ tutula bilməz.

85. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixindən əvvəlki dövrlərdə mübahisəli vaqonların təmir edilməsinə dair təkliflə iddiaçıya müraciət edilib-edilməməsi, belə müraciətlər olmadığı təqdirdə tələb 1.118.336,37 manat məbləğində borcun mövcud olub-olmaması, onun həcmi, yaranma əsasları və hesablanma qaydası ilə bağlı araşdırma apararaq aşağıdakıları qeyd edir.

86. Məhkəmə kollegiyası tərəfindən cavabdehə məxsus vaqonları icarəyə götürmüş "xxxx" DMMC tərəfindən iddiaçıya həmin vaqonların təmir edilməsinə dair təkliflə 1.118.336,37 manat borcun yarandığı bildirilən xx.xx.2020-ci il tarixindən əvvəlki dövrlərdə iddiaçıya müraciət edilib-edilməməsi hallarının araşdırılması məqsədi ilə həmin hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi onun Azərbaycan Respublikasında hüquqi ünvanı olmadığından mümkün olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili həmin hüquqi şəxs tərəfindən iddiaçıya müraciətin olunub-olunmaması ilə bağlı məlumatlı olmadığını bildirmişdir.

87. İddiaçı tərəfindən tələb olunan borcun məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi vacib bilir ki, iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manat əslində həmin dövrü əhatə etmir.

88. Belə ki, həmin sənədlərə əsasən Biləcəri stansiyası üzrə 11 ədəd vaqona görə borc xx.xx.2017-ci il tarixindən, Güzdək stansiyasına üzrə 14 vaqona görə borc isə xx.xx.2018-ci il tarixindən hesablanmışdır. Yəni iddia ərizəsində göstərilən xx.xx.2020-ci il tarixdən deyil, qeyd olunan tarixlərdən xx.xx.2022-ci il tarixinə qədər hesablanmış borcun ümumi məbləği 1.670.057,17 manat təşkil edir.

89. İddiaçı tərəfindən təqdim edilmiş digər sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər Biləcəri stansiyası üzrə 11 ədəd vaqona görə 396.149,6 manat, Güzdək stansiyasına üzrə 14 vaqona görə borc 504.190,4 manat, ümumilikdə 900.340 manat təşkil edir.

90. Həmin sənədlər əsasında həmçinin müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək (kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən araşdırılmalı olan müddət) Biləcəri stansiyası üzrə 11 ədəd vaqona görə 154.721,6 manat manat (2020-ci ilin yanvar ayı üzrə - 16.095,2, fevral ayı üzrə - 14.537,6, mart ayı üzrə 16.095,2, aprel ayı üzrə - 15.576, may ayı üzrə - 16.095,2, iyun ayı üzrə - 15.576, iyul ayı üzrə - 16.095,2, avqust ayı üzrə 16.095,2, sentyabr ayı üzrə - 15.576, oktyabr ayı üzrə 25 gün – 12.980 manat (16.095,2/31 gün = 519,2 manat, 519,2 x 25 gün = 12.980 manat)), Güzdək stansiyasına üzrə 14 vaqona görə isə borc 196.918,4 manat (2020-ci ilin yanvar ayı üzrə - 20.484,8, fevral ayı üzrə - 18.502,4, mart ayı üzrə 20.484,8, aprel ayı üzrə - 19.824, may ayı üzrə - 20.484,8, iyun ayı üzrə - 19.824, iyul ayı üzrə - 20.484,8, avqust ayı üzrə 20.484,8, sentyabr ayı üzrə - 19.824, oktyabr ayı üzrə 25 gün – 12.980 manat (20.484,8/31 gün = 660,8 manat, 519,2 x 25 gün = 16.520 manat)) təşkil edir.

91. Beləliklə işin araşdırılmalı olan halı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 1.118.336,37 manat məbləğində deyil, əslində 351.640 manat məbləğində borcun (154.721,6+196.918,4) həqiqətən də mövcud olub-olmamasıdır.

92. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 formalı arayışlar təqdim olunsa da, həmin arayışlar və debitor borc barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bununla yanaşı, həmin sənədlər xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.

93. Bundan başqa, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbultəhvilçisinin vəzifə Təlimatının” 3.1.2-ci bəndinə əsasən, vaqon və konteynerlərin qeyriümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Göründüyü kimi, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri təqdim olunsa da, onların əsasında dayanmalı olan QU-45 sənədləri təqdim olunmamışdır.

94. İddiaçının təqdim etdiyi elektron qaimələrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər təqdim olunmadığından, həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

95. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli, hüq 92 nömrəli “Vaqonlara xidmət edilməsi haqqında” müqavilə imzalanmış, həmin müqavilənin müddəti bir il müəyyən edilmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə hesab-fakturalar təqdim edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya müvafiq ödənişlər həyata keçirilmişdir.

96. Göründüyü kimi, tərəflər arasında əvvəllər tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirilmiş və tərəflər həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərini icra etmişlər. Lakin hazırki tələb üzrə belə müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən belə müqavilənin bağlanmaması, yəni öhdəliklərin yazılı formada rəsmiləşdirilməsindən imtina edilməsi də ağlabatan görünmür.

97. Bundan əlavə o da qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə yüklərin daşınması ilə bağlı təqdim edilən sənədlərdən həmçinin müəyyən edilir ki, həmin sənədlər araşdırılmalı olan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək olan dövrü əhatə etmir. Həmçinin, həmin sənədlərdə yüklərin sifarişçisi, bəzilərində isə icarəçi olaraq cavabdeh deyil, “Socar Logistics DMCC” göstərilmişdir.

98. Beləliklə, iddiaçı borcun mövcud olmasını və yaranma əsasını sübut edən sənədləri məhkəməyə təqdim etmədiyindən cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək hər hansı borcunun olduğu müəyyən edilmir.

99. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2411/2022 nömrəli qətnaməsi qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar