Məhkəmə qərarları › İş №2-2(103)-666/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-666/2025

03.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-666/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-985/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ

1. "xxxx" MMC (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında 06 noyabr 2017-ci il tarixli, AKX-2/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti Azərbaycan Respublikası Tarif şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər bir m3 üçün 0,20 manat məbləğində müəyyən edilmişdir.

3. xx.xx.2024-cü il tarixli 213 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2024-cü il tarixə abonent "xxxx" MMC-nin olan qalıq borcu 243301,83 manat təşkil edir.

4. “Bəhrə-2010" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş X2 ilə aralarında bağlanmış müqaviləyə, üzləşdirmə aktlarına, sayğac göstəricilərinə və hesab fakturalara əsasən 2024-cü ilin aprel ayına olan borcun qrafik üzrə çıxarışdan görünür ki, müəssisənin 30 iyun 2024-cü ilə qalıq borcu 161944,09 manat təşkil edir.

5. Abonentin saldosundan görünür ki, "xxxx" MMC-nin istehlak edilmiş qaza görə 2021-ci il üzrə sərfiyyat məbləği 355611,86 manat, 2022-ci il üzrə sərfiyyat məbləği 373176,10 manat, 2023-cü il üzrə sərfiyyat məbləği 365559,04 manat 2024-cü il üzrə sərfiyyat məbləği 295433,82 manat məbləğində hesablanmışdır.

6. 14 noyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 348 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 85739,07 manat borcun silinməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-985/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz və əsassız olaraq 85739,07 manat borc hesabladığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq, iddiaçının öz tələbinin əsasını sübut edə bilmədiyini nəzərə alaraq iddianı əsassız hesab etrmiş və onun rədd edilməsi qənaətinə gəlmişdir.

10. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanun düzgün əsaslandırmadan, subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Qətnamədə heç bir əsaslandırma aparılmayıb. Mövqe deyilən hissələrdə isə məhkəmə iddiaçının tərəfini saxladığına dair ifadələr işlətmişdir. Belə ki, məhkəmə AR Mülki Prosessual Məcəllənin 77 və 88ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Azəriqaz İB xx.xx.2024-cü il tarixdə 213 saylı hesab faktura göndərmişdir. Həmin fakturada xx.xx.2024-cü il tarixədək 243301,83 manat borc olduğu qeyd edilmişdir. Qeyd edilən rəqəm mühasibatlığımızda araşdırılmış və bu sahə üzrə mütəxəssis rəyi alınmışdır. Sərfiyyat və aylar üzrə hesablamalar aparılaraq müəyyən edilmişdir ki, 2024-cü ilin may ayına olan borcumuzu 243301,83 manat deyil 157562,76 manatdır. Tərəfimizdən iddia ərizəsinə qoşma edilmiş çıxarışla da sübut edilir. Bundan başqa tərəfimizdən məhkəmə hazırlıq iclası zamanı ekspertiza təyin edilməsinə dair vəsatətlə müraciət edilib, lakin məhkəmə qərəzli şəkildə həmin vəsatəti də rədd edib. İddiaçı qeyd edir ki, borc düzgün deyil, cavabdeh isə əksinə borcun düzgün olduğunu bildirir. Hər iki tərəf öz hesabatını təqdim edir. Bu zaman qeyd edilənlərə hüquqi qiymət verməli olan məhkəmə xüsusi biliyə malik olmadığı üçün mütləq şəkildə ekspertiza təyin etməli və faktiki borcun nə qədər olduğunu müəyyən etməlidir. Lakin məhkəmə qərəzli şəkildə cavabdehin saldosuna istinad edərək, bizim hesabatı isə rədd edərək göstərmişdir ki, cavabdeh tərəfindən qaz sərfiyyatına görə borc düzgün hesablanmışdır. Düşünürük ki, məhkəmənin belə normalara istinadı da qanunsuzdur. Tələb artıq yazılmış borcun silinməsidir. Müayinədən söhbət belə getmir. Bu maddəni yazmaqda məhkəmənin məqsədi yalnız qətnamənin dolğun şəkildə görsənməsidir. Sübutlara düzgün qiymət verməli olan məhkəmə hansı əsasla cavabdehin saldosuna istinad etdiyini göstərə bilməmişdir. Biz borcun düzgün hesablanmadığını qeyd edirik. Axı hansı cavabdeh iddia ilə razılaşıb, onu etiraf edib deyər ki, bəli borc düzgün hesablanmayıb. Bu absurd bir haldır. Bu səbəbdən də məhkəmənin sırf cavabdehin saldosuna istinad edərək iddianı rədd etməsi qanunsuzdur. Mütləq şəkildə ekspertiza təyin edilməli və düzgün borc hesablanmalı idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Azər Gumbatov məhkəmə iclasının təxirə salınması xahiş etmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

19. - 2.7-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.

20. - 2.11-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3- cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

21. - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.

22. - 4.3-cü bəndinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.

23. - 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

24. - 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. - 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

26. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

27. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Abonent saldosunda hər hansı qeyri müəyyənlik və ya sayğac göstəricisindən artıq hesablama, cərimə tətbiq olunması aşkar olunmamış, sayğac göstəricisinə uyğun sərfiyyat hesablanmış, hətta əvvəlki illərdə mübahisələndirdiyi dövrdən daha artıq sərfiyyat olduğu müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi qazın sərfiyyatına dair hesabat-çıxarış isə hər hansı yoxlama və mütəxəssis rəyinə istinad edilmədən özü tərəfindən birtərəfli tərtib edilmiş borc qrafikini əks etdirir. Həmin çıxarışın üzləşmə aktları və hesab fakturalara əsasən tərtib olundiğu qeyd edilsədə, iddiaçı tərəfindən istinad edilən hər hansı sənədlər təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

32. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı apellyasiya şikayətində iki tərəfin öz hesabatını təqdim etdiyini, borcun düzgün hesablanmadığını bu səbəbdən ekspertiza təyin edilməsini qeyd etsədə, borcun hansı əsasla düzgün hesablanmadığını, yəni sayğacda olan hər hansı qüsur səbəbindən sərfiyyatın yalnış olduğuna dair, qaz paylayıcısı tərəfindən qazın sərfiyyatının hesablanması qaydasının düzgün aparılmadığına, hesablanma zamanı əmsalın düzgün müəyyən edilməməsinə dair hallar nə iddia ərizəsində, nə də apellyasiya şikayətində bildirilməmiş, düzgün olmayan hesablamanın nədən ibarət olmasına dair hər hansı sübut təqdim edilmədiyindən ekspertizanın keçirilməsinə zərurət yoxdur.

33. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-985/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar