Məhkəmə qərarları › İş №2-2(103)-667/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-667/2021

10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-667/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə tenderin nəticələrinin ləğv olunması və yeni tenderin keçirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2155/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Lot-2 Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə 02-21/T-1 adı ilə qeydiyyatdan keçmiş “xxxx” MMCni tenderin qalibi müəyyən etməsi barədə qərarının ləğv edilməsi, cavabdeh tərəfindən həmin iş üzrə yeni tenderin keçirilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 200 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təminetmə tədbirinin tətbiq edilməsinə dair ərizə də təqdim edərək, məhkəmə tərəfindən hazırkı iş üzrə qətnamə qəbul edilənədək, cavabdeh tərəfindən “xxxx” MMC-nin təklif etdiyi 13.358.418,97 manat məbləğdə pul vəsaitinin həmin MMC-yə verilməsinə, eyni zamanda tenderin qalibi müəyyən edilmiş eyni MMC tərəfindən Lot-2 Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satın alınması cədvəlində göstərilən 16 çeşiddə malın cavabdehə təhvil verilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, tenderin qalibi müəyyən edilmiş ““xxxx” MMC tərəfindən Lot-2 Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması cədvəlində göstərilən 16 çeşiddə malın tender keçirən cavabdehə təhvil verməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasında çətinliklər yaradacaqdır. Bakı Kommersiya Məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verib, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndələri və vəkili şikayəti müdafiə edib, ona uyğun izhat vermiş, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin tədbiri ilə iddia tələbi arasında birbaşa əlaqə mövcud deyil, tədbir məhz iddianın təmin edilməsinə yönəlməmişdir, bu növ tədbirlə qorunan maraq iddianın məqsədlərini aşır və onunla üstüstə düşmür. İddianı təmin tədbiri barədə ərizədə isə bu tədbirin görülməsi zərurəti əsaslandırılmamışdır. Digər tərəfdən, iddiaçının tələb etdiyi iddianı təmin tədbiri tətbiq olunarsa, bu vəziyyətin xüsusi diqqət tələb edən dializ xəstələrinin davamlı müalicə prosesinə müsbət təsir etməyəcəyi gözləniləndir. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2155/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar