Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-667/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: əsassız varlanma Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-924/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2020-ci il tarixli, 29/1640-00497 nömrəli aktda qeyd edilmişdir ki, Dövlət Yoxlamasına aparılmış Xəzər rayon Xidmət sahəsinin Fiziki şəxs F.Əsgərovaya məxsus qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101329 nömrəli turbin tipli "Elster" qaz sayğacı xx.xx.2020-ci il tarixində xətdən çıxarılmış (Forma-2 Nº9018222), xx.xx.2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir.
2. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacları vasitəsilə sərf olunmuş təbii qaza görə 19576,4 manat olmaqla, ümumilikdə xx.xx.2020-ciil tarixinə qeyri-yaşayış sahəsinin hesab kodunda 37670,60 manat borcu mövcud olduğu bildirilmiş və tərəfindən ödənilməsi tələb edilmişdir.
3. Cavabdeh İB tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavabda qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (abonent kodu: **********00003) təbii qaz istehlakçısı kimi xx.xx.2020-ci il tarixdən "Azəriqaz” İB-nin abonentlərin uçotu bazasında qeydiyyatdadır, istifadə etdiyi təbii qazın sərfiyyatına görə 58832,99 manat (o cümlədən xx.xx.2021-ci il tarixində 36520 manat edilən ödəniş daxil olmaqla) ödəniş etmişdir və xx.xx.2021-ci il tarixə borcu 5425,81 manat təşkil edir.
4. xx.xx.2024-cü tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qeyd edilən tarixə ümumilikdə borcu 12565,42 manat (sayğac oxunması: 200128,24 manat + aktlar: 18094,20 manat – ödəmələr: 205657,02 manat = son borc: 12565,42 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2020-ci ilin mart ayında akt üzrə 18094,20 manat məbləğində borc hesablanmışdır. 2021-ci ilin aprel ayında isə 36520 manat məbləğində ödəniş edilmiş və akt üzrə hesablanmış borc məbləği ödənilmişdir.
5. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh orqan tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaitinin geri qaytarılması xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı qanunsuz akta əsasən həmin ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaiti və 210 manat mediasiya (rüsum) xərcinin əvəzinin cavabdehdən alınaraq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********00003 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. 2020-ci ilin fevral ayına abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə isə abonentin borcu 36515,01 manat təşkil etmişdir. Həmin borcun 18094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. İddiaçı hazırkı iddia tələbindən öncə artıq bir dəfə Bakı Kommersiya Məhkəməsində Cavabdeh İB-yə qarşı vaxtilə iddia irəli sürərək, 30 mart 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, əsassız borcun silinməsi və yenidən hesablanmasını xahiş etmişdir. Hətta o, həmin iş üzrə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh İB tərəfindən qeyri-yaşayış sahəsinə qazın verilməsinin dayandırılmamasını xahiş etmiş və iddianın təmini tədbiri barədə həmin məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-1863 saylı qərardad qəbul edilmiş, lakin Cavabdeh İB həmin qərardadın icrasını vaxtında icra etməmişdir. Ona görə də İddiaçı məsələnin uzandığını görüb, yəni qeyri-yaşayış sahəsinə qazın verilməsi tez bərpa olunsun deyə, cavabdehin həmin vaxtı tələb etdiyi bütün ödənişi həyata keçirərək, bundan sonra həmin iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-2-2(113)- 1863 saylı iş baxılmamış saxlanılmışdır. Ümumilikdə İddiaçı həmin vaxt Cavabdeh İB-yə 36520 (otuz altı min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti ödəmiş, həmin məbləğdən 18094 manat hissə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında yaranmış borc olmuşdur. Həmin borc “Qazdan istifadə qaydaları”nın pozulması barədə akta əsasən hesablanıbdır və iddiaçı bu hesablama ilə hazırda da razı deyil. Belə ki, abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmış və 2020-ci ilin fevral ayının əvvəlinə abonentin qazdan istifadəyə görə bir manat belə borcu olmamışdır. Həmin ilin fevral ayının sonuna və mart ayının əvvəlinə isə borc 2063,80 manat təşkil etmiş və daha sonra heç bir əsaslı səbəb olmadan həmin abonentə əsassız olaraq 2020-ci ilin mart ayında müvafiq akt əsasında 18094,20 manat məbləğində qaz sərfiyyatına görə borc yazılmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin istehsalat sahəsində aparılmış yoxlamanın nəticəsi olan həmin aktın tərtib edilməsi qaydası pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə istinad etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Qaz sayğacı abonentə məxsus obyektdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış və həmin vaxta abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə abonentin cəmi borcu 36515,01 manat təşkil etmiş, həmin borcun 18094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. Belə ki, abonentə məxsus qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, sayğaca baxış keçirilmişdir. Qeyd olunmuşdur ki, göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Bundan sonra 30 mart 2020-ci il tarixdə akt tərtib olunaraq iddiaçıya 18094,20 manat borc hesablanmışdır. Həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı ödənişin həyata keçirilməsinin səbəbi kimi onu göstərmişdir ki, həmin vaxt qeyriyaşayış sahəsinə qazın verilməsi dayandırılmış və qazın verilməsi tez bərpa olunsun deyə, cavabdehin həmin vaxt tələb etdiyi bütün ödənişi həyata keçirmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz olduğu üçün həmin məbləğ cavabdehdən tutula bilməzdi.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonent saldosuna nəzər saldıqda görünür ki, 2020-ci ilin mart ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 8597,80 manat məbləğində qaz sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 18094 manat borc hesablanmışdır. Halbuki, abonent saldosundan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2793 manat, 2020-ci ilin noyabr ayı 2345,20 manat, dekabr ayı 7716 manat, 2021-ci ilin yanvar ayı üzrə sərfiyyat 3783,20 manat, 2022-ci ilin yanvar ayı üzrə sərfiyyat 8801,54 manat, mart ayı 10561,10 manat və s. olmuşdur, yəni digər aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2020-ci ilin mart ayında sərf etdiyi 8597,80 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır. Belə olan təqdirdə 2020-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya əlavə olaraq 18094,20 manat borcun hesablanması qaydası, hüquqi əsaslarına dair qaneedici izah verilməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya mübahisələndirilən borc məbləği xx.xx.2020-ci il tarixli, ******* saylı aktla sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İşin hallarından görünür, ki Cavabdeh İB nə sayğaca müdaxilə nədə ki qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 bəndlərinin tələblərinə ziddir. Belə ki, tərəfimizdən tərtib edilmiş akt nə sayğaca müdaxilə, nədə ki qanunsuz istifadə halı ilə bağlı deyildir. xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan Elster G-100 markalı, 80101329 nömrəli qaz sayğacı çıxarılaraq laboratoriya müayinəsin göndərilmişdir. Laboratoriya müayinəsi zamanı qaz sayğacının 76670 m qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Yəni son göstəricilər sayğac çıxarıldıqdan sonra oxunmuş və istehlakçının qaz hesabına işlənmişdir. Materiallardan da göründüyü kimi hesablanmış borc sırf sayğac göstəricilərinə əsasən müəyyən olunmuşdur. Borcun sayğac göstəricisinə əsasən hesablanması ilə iddiaçı razılaşaraq onu tam ödəmişdir. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 1091.1-ci maddə-əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2-ci bənd- Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin hallarından görünür ki, iddiaçı fərdi sahibkar İddiaçı yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmiş yoxlama nəticəsində qəbul edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı akt əsasında sayğacın sərfiyyatı düzgün qeydə almaması əsası ilə 18094,20 manat borc hesablanmış, qaz təchizatının dayandırılmaması üçün iddiaçı bu borcu ödəmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün hüquqi nəticəsi olmadığından, o cümlədən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb edilməsi qanunsuz olduğundan iddiaçı tərəfindən ödənilmiş 18094,20 manat MM-nin 1091-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 924/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.