Məhkəmə qərarları › İş №2-2(103)-668/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-668/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-668/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yaşar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 17424,74 manat əsas borc, 1184,53 manat faiz borcu və 30,26 manat cərimə borcu olmaqla ümumilikdə 18639,53 manat borcun və 145,92 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4279/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yaşar qızından İddiaçı ASC-nin xeyrinə xx.xx.2021- ci il tarixli kredit müqaviləsi üzrə 17.189,89 manat əsas, 651,78 manat faiz borcu və 30,26 manat cərimə borcu olmaqla, ümumilikdə 17.871,93 manat borcun və 145,92 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1989/2023 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4279/2022 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2133/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2133/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17189,89 manat əsas, 4311,80 manat faiz və 498,31 manat məbləğində cərimə olmaqla, cəmi 22000 manat məbləğində vəsait, həmçinin 200 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan 345 manat ekspertiza xərcinin 298,28 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, qalan 46,72 manat isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin və ödənilmiş dövlət rüsumunun həmin cavabdehə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)- 2133/2023 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərardadda şikayətin geri qaytarılmasını əsaslandıran məhkəmə MPM-in 13.4, 361 və 363-cü maddələrinə istinad edərək göstərmişdir ki, “iddiaçı şikayəti AR MPM-in «Apellyasiya şikayətinin forması» adlı 2 saylı əlavəsinə uyğun tərtib etməmişdir, belə ki, müvafiq əlavədə nəzərdə tutulmuş qaydada və ardıcılıqla şikayətin dəlilləri əks etdirilməmişdir”. Birincisi qeyd olunmalıdır ki, qərardaddan şikayəti verən tərəf iddiaçı deyil, cavabdehdir. İkincisi, qərardaddan şikayət AR MPM-in XXİ fəslindəki maddələrlə tənzimlənir. Belə ki, MPM-in 263-269-cu maddələrində şikayətə birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılması, şikayət əsaslıdırsa, qərardadın dəyişdirilməsi və ya ləğv olunması, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi göstərilmişdir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci intansiya məhkəməsi yanlış olaraq MPM-in prosessual hüquq normalarına istinad etmiş, qərardaddan verilmiş şikayətlə apellyasiya şikayətini qarışdırmışdır. Bundan əlavə, şikayətin məzmununda tələb olunan məlumatların hamısı əksini tapmışdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilməsi göstərilmişdir. Bütün bu qeyd olunanlar birinci instansiya məhkəməsinin cavabdeh tərəfə və onların şikayətlərinə qərəzli yanaşmanın bariz göstəricisidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2133/2023 saylı xx.xx.2024-cü il tarixli qəraradadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qərardaddan şikayətin qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən verildiyi halda ediləcək prosessual hərəkətlərin mülki prosessual qanunvericilikdə birbaşa tənzimlənmədiyini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələri müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) qərardaddan verilən şikayət ilə bağlı tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1 və 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində şikayətdə hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilməli, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsinə uyğun tərtib etməmişdir. Belə ki, müvafiq əlavədə nəzərdə tutulmuş qaydada və ardıcıllıqla şikayətin dəlilləri əks etdirilməmişdir. Hazırkı şikayətin dəlillərinə münasibətdə göstərilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumatın göstərilməsi, məhkəmə qətnaməsi və ya qərardadı qəbul edilərkən maddi və ya proseesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi barədə dəlillərin göstərilməsi tələb edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə həm də birinci instansiya məhkəməsinin qərardadlarından verilən şikayətlər üçün nəzərdə tutulmuşdur. Qeyd edilən əsaslara görə məhkəmə şikayəti əsassız hesab etmişdir. Məhkəmə kollegiyası bu əsaslandırmanı və məhkəmənin gəldiyi nəticəni qanuni hesab edir. Belə ki, şikayətdə forma tələbinin iddiaçıya aid edilməsini cavabdeh qeyd etsə də, şikayətin formasına riayət edilməsi tərəflərin hamısına aid olan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Kollegiya hesab edir ki, qərardaddan verilmiş şikayətə baxılması da apellyasiya icraatı olduğundan məcəllənin müddəaları birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi fəslinə (42-ci fəsil) tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2133/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar