Məhkəmə qərarları › İş №2-2(103)-671/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-671/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-671/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4946/2021 nömrəli iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 57.310 manat məbləğdə əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 5.731 manat məbləğdə cərimə borcu, 9.169 manat məbləğdə əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 72.240,6 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 57.310 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi 24 manat olmaqla, cəmi 57.334 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddia rədd edilən hissədə ləğv edilib, cavabdehlərdən 57.310 manat borcun və gecikdirilmiş vaxt üçün 5.731 manat cərimənin, əldən çıxmış fayda 9.169,6 manatın və 15 manat dövlət rüsumunun, cəmi 72.225,6 manatın tutularaq ona ödənilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiyası mümkün hesab edilərək, iş Məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Axundova xx.xx.2022-ci il tarixli məktubla müraciət edib, cavabdehlər tərəfindən apellyasiya şikayəti verildiyini nəzərə alaraq, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı QSC-nin apellyasiyasının icraata qəbul edilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar