Məhkəmə qərarları › İş №2-2(103)-671/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-671/2024

11.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-671/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 659/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) arasında 09 iyun 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə, 12.000 manat məbləğində kredit verilmişdir.

2. Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, İddiaçı aktiv kreditlərinin cəmi qalıq məbləği 6.089,94 manat təşkil edir.

3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə İddiaçı 09 iyun 2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 6.089,94 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan 6089 (altı min səksən doqquz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 09 iyun 2009-cu ildə ləğv Prosesində olan Cavabdeh ASC-dən 12000 (on iki) min manat kredit götürmüşdür. Kredit borcu üzrə iddiaçı tərəfindən 19 yanvar 2017-ci ilədək mütəmadi olaraq aylıq ödənişlər edilmişdir. Cavabdeh ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı bir neçə dəfə bankın ləğvedicisinin təmsilçilərinə müraciət edərək kredit borcuna aydınlıq gətirilməsini istəsə də ona aydın və ağlabatan bir cavab verilməmişdir. Borc ondan tələb olunmadığına görə ödənişlər etməmişdir. Bu günlərdə iddiaçı kredit üçün başqa banka müraciət etdikdə, ona kredit xəttinin açılmasından imtina edilmiş, imtinanın səbəbi kimi Azərbaycan Kredit Bürosundan çıxarış təqdim olunaraq ləğv prosesində olan Cavabdeh ASC-dən götürülmüş kredit üzrə 6089 manat borc göstərilmişdir. Göründüyü kimi kredit bürosu məlumatlarında iddiaçının adına borcun göstərilməsinin hər hansı faktiki və hüquqi əsası qalmamışdır. Belə ki, həmin kredit borcu hüquqi qaydada iddiaçıdan tələb olunmamışdır və bundan sonra da tələb oluna bilməz. Cavabdehə və maraqlı şəxs Azərbaycan Kredir Bürosuna kredit bürosu məlumatlarından borcun silinməsi ilə bağlı 13 oktyabr 2023-cü il tarixli yazılı müraciətə bu günədək cavab verilməmiş, borcun silinməsi təmin edilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-659/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.

7. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən hər iki tərəf tərəflər arasında bağlanmış kredit müqaviləsinin əsli və nüsxəsinin qalmadığını bildirsələr də, müqavilənin bağlandığını və 12.000 manat kreditin sahibkarlıq fəaliyyəti ilə bağlı verildiyini bildirmişlər.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 09 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, onun banka borcu qalmışdır.

9. İddia müddəti ilə bağlı məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur və iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsinin nəzərdən keçirilməsi, ancaq Bank tərəfindən iddianın qaldırılması və cavabdeh tərəfindən ərizə verilməsi halında mümkündür. Hazırda isə borclu şəxs iddia qaldıraraq, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçı tərəf borcun tam ödənilməsi ilə bağlı hər hansı bir sənədi də təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-659/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borc ondan tələb olunmadığına görə ödənişlər etməmişdir. Məhkəmə prosesində iddiaçıya aid kredit müqaviləsinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməməsi də, bunu təsdiq edir ki, iddiaçıya aid sənədlər, xüsusilə kredit müqaviləsi itirilmişdir. Bu səbəbdən iddiaçının banka çoxsaylı müraciətləri nəticəsiz qalmış, onun kredit borcuna aydınlıq gətirilmədiyi və hansı rekvizitlər üzrə ödəniş etməli olması barədə məlumat verilmədiyi üçün iddiaçı ödəniş edə bilməmişdir. Beləliklə, 7 ildən artıq müddət keçməsinə baxmayaraq, bu günədək iddiaçıdan borc tələb olunmamışdır. İddiaçı kredit üçün başqa banka müraciət etdikdə, ona kredit xəttinin açılmasından imtina edilmiş, imtinanın səbəbi kimi Azərbaycan Kredit Bürosundan Çıxarış təqdim olunaraq ləğv prosesində olan Cavabdeh ASC-dən götürülmüş kredit üzrə 6089 manat borc göstərilmişdir. Göründüyü kimi kredit bürosu məlumatlarında iddiaçının adına borcun göstərilməsinin hər hansı faktiki və hüquqi əsası qalmamışdır. Belə ki, həmin kredit borcu hüquqi qaydada iddiaçıdan tələb olunmamışdır və bundan sonra da tələb oluna bilməz. Həmin borc məlumatlarının iddiaçının üzərində saxlanılması sadəcə onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına, digər vətəndaşlar kimi kredit imkanlarından istifadə etməklə maddi ehtiyaclarını qarşılamasına lüzumsuz maneçilik törətməyə səbəb olur. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinə dair mövqeyini əsaslandırmağa çalışarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında ifadə olunmuş mövqeyini təhrif etməkdən çəkinməmişdir. Həmin qərarda izah olunmuşdur ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iş üzrə iddiaçı öhdəliyin aradan qalxması, öhdəliyin olmaması kimi iddia tələbi irəli sürməmişdir. Borc tələbi ilə bağlı 7 il müddətində heç bir tələb irəli sürməyən Bankla olan mübahisəni məhkəmədənkənar (mediasiya), daha sonra məhkəmə müstəvisində həll etməyə çalışaraq, vaxtı keçmiş və realizəsi mümkün olmayan tələblərin onun hüquqlarına və qanuni mənafeyinə toxunduğunu bildirməklə, həmin tələbə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin “iddia müddətinin tətbiq edilməsinin nəzərdən keçirilməsi, ancaq Bank tərəfindən iddianın qaldırılması və cavabdeh tərəfindən ərizə verilməsi halında mümkündür” kimi absurd qənaəti iddiaçının hüquqlarının heçə sayılmasına və fərdi sahibkar olan vətəndaşın cavabdeh Bankdan asılı vəziyyətə salınmasına gətirib çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, keçən 7 il ərzində, habelə məhkəmə prosesinin gedişində bank tərəfindən iddiaçıya qarşı tələb irəli sürülməmişdir. İddiaçı isə mübahisənin məhkəmədə baxılmasına çalışmaqla, borc mübahisəsi üzrə yekun məhkəmə qərarının çıxarılmasını və qanunun düzgün tətbiqinə nail olunmasına çalışmışdır. Deməli, hazırki iş üzrə borc tələbinə iddia müddətinin tətbiqi məsələsinə baxıla və iddia müddəti keçdiyindən iddia tələbi təmin oluna bilərdi. Məhkəmə maddi hüquq normasının tətbiqində ciddi səhvə yol vermişdir. Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələrində müəyyən olunmuşdur ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İstinad olunan qanun norması “mübahisə tərəfinin” iddia müddətinin keçməsi barədə ərizə vermək hüququnu tanıyır. Burada xüsusilə “cavabdeh” tərəfindən belə ərizə verilməsi tələbi nəzərdə tutulmur və “mübahisə tərəfi” dedikdə, bu iddiaçı, cavabdeh, habelə üçüncü şəxs ola bilər. Məhz iddiaçı da mübahisə tərəfi kimi çıxış etməklə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etməklə, qanunvericilikdə müəyyən olunmuş imkanlardan istifadə etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 527.1-ci maddə-öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddə-tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 372.1-ci maddə-başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-659/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin hallarından görünür ki, 09 iyun 2009-cu il tarixdə kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə borclu- İddiaçı kreditor- ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia irəli sürərək qalıq 6089 manat kredit borcunun qaytarılması ilə bağlı öhdəliyə 3 illik iddia müddətinin keçməsi əsası ilə xitam verilməsini xahiş etmişdir. Mərkəzləşdirilmiş kredit reyestrində bu borc öz əksini tapdığı üçün iddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə kredit götürmək istəyərkən banka ödənilməmiş borcu olması barədə reyestrdəki məlumat ona problem yaratdığı üçün məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddia müddətinin keçməsi mülki qanunvericilikdə öhdəliyin xitamı əsaslarından biri kimi nəzərdə tutulmadığından iddia təmin edilə bilməz. İddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir.

21. Məhkəmə düzgün olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarına istinad etmiş və bu qərarda qeyd edilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır.

22. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iddia müddətinin keçməsi öhdəliyin xitamına əsas olmadığından iddianın təmin edilməsi üçün qanuni əsas mövcud deyil.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 659/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-659/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar