Məhkəmə qərarları › İş №2-2(103)-673/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-673/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-673/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndələri Bayramov İlkin Ramiz oğlunun, X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı «Azplast 2012” MMC) qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-199/2021 saylı qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı «Azplast 2012” MMC) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, «Azplast 2012” MMC ilə aralarında bağlanmış 05.09.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehdən icarə haqlarına görə 479.092,98 manat məbləğində borcun, 100.000 manat cərimənin və texnikaya dəymiş 250.000 manat məbləğində maddi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında AP-İ-17/3 saylı 05 sentyabr 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş texnikaları «Azplast 2012” MMC-yə icarəyə verir və həmin texnikaların idarə olunması üzrə xidmət göstərir, «Azplast 2012” MMC isə verilmiş icarə və xidmətlər müqabilində bu müqavilədə müəyyən olunmuş müddət, qayda və həcmdə "xxxx" MMCyə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq sözügedən texnikalar cavabdehin istifadəsinə verilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, müqavilənin müddətinin bitməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulmuş icarə haqları tam ödənilməmiş, nəticədə «Azplast 2012” MMC-nin müqavilə üzrə nəzərdə tutulmuş icarə haqları üzrə ümumilikdə 479092,98 manat borcu yaranmışdır. «Azplast 2012” MMC-nin bu öhdəliklərə laqeyd yanaşması onun müqavilədə nəzərdə tutulmuş məsuliyyətinin yaranmasına səbəb olmuşdur. Müqavilənin 2.1.4-cü bəndinə əsasən “İcarə verən” icarə müddəti başa çatdıqdan sonra “İcarəçiyə” təkərin istifadə əmsalının (protektorun) 30% nisbətində qaytarmalıdır. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icarə haqqı ödənilməsə və ya ödənilməsi iki aydan çox müddətə gecikdirilsə, “İcarə verən” dəbbə pulun və dəymiş zərərin əvəzini (qalan məbləğdə) ödənilməsini İcarəçidən tələb etmək hüququna malikdir. Eyni zamanda texnikalara hər iki tərəfin nümayəndələri ilə baxış keçirilmiş, texnikalarda olan qüsurlar və dəymiş maddi ziyan müəyyənləşdirilmiş, bununla bağlı təhvil-təslim aktı tərtib olunmuşdur. İstifadəyə verilmiş texnikalara istifadə müddətində küllü miqdarda maddi ziyan dəymişdir. Nəticədə istifadəyə verilmiş 28 ədəd texnikaların hamısı hazırda istifadəyə yararsız vəziyyətə düşmüşdür. Onların təmir olunması və yararlı hala salınması üçün dəymiş maddi ziyanın 250000 manat həcmində olduğu müəyyən edilmişdir. Həmçinin Müqavilənin 2.3.6-cı bəndinə əsasən texnikaya vurulmuş ziyanı icarəyə verənə tam məbləğdə (real zərər və əldən çıxmış fayda məbləğində) ödəmək “İcarəçi”nin vəzifəsidir. Dəfələrlə cavabdehin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış, lakin müqavilənin müddətinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-199/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək «Azplast 2012” MMC-dən AP-İ-17/3 saylı 05 sentyabr 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479.092,98 (ƏDV daxil olmaqla ) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489.122,98 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş materiallarının hərtərəfli araşdırılması ilə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti və şikayətə əlavə onunla əsaslandırılmışdır ki, nə pretenziya məktubu, nə də iddia ərizəsi cavabdehə çatdırılmamışdır. Məhkəmə tərəfindən işin bu faktiki hallarını araşdırmamış və sonunda əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə bütün vasitələrdən istifadə edərək cavabdehin məhkəmədə iştirakını təmin etməmiş, iddiaçı ilə cavabdehin qarşılıqlı razılaşaraq barışıq üçün şərait yaratmamışdır. Bundan əlavə məhkəmə cavabdehi məhkəmədə prosessual imkanlarından da məhrum etmiş və bunun da nəticəsində cavabdeh məhkəmədə hüquq və vəzifələrini həyata keçirə bilmişdir. Məhkəmə sübutları birtərəfli qaydada araşdıraraq cavabdeh tərəfindən sübutların təqdim edilməsini təmin etməmişdir. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəməyə bildirişlər göndərsə də poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq cəmiyyətin həmin ünvandan köçməsi səbəbindən poçt göndərişlərinin sonuncuya çatdırılması mümkün olmamışdır. Məhkəmə işi hərtərəfli tam araşdırmadan qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən borc məbləği şişirdilərək məhkəməyə təqdim edilmiş, cavabdehə qarşı əsassız olaraq əlavə tələblər irəli sürmüşdür. Tərəflər arasında olan borc məbləği bir daha mühasibatlıq araşdırması aparılaraq real borc məbləği dəqiqləşdirilməlidir. Lazım gələrsə bununla bağlı mühasibatlıq ekspertizası da təyin edilməlidir. Hazırda cavabdehin iddiaçıya ƏDV daxil 137234,53 manat borcu vardır. İddiaçının da cavabdehə borcu vardır və bununla bağlı iddiaçıya qarşı da cavabdeh tərəfindən qarşılıqlı iddia qaldıracaqdır. Bundan əlavə iddiaçının cavabdehə qarşı qaldırdığı cərimə tələbi də olduqca yüksək olmuşdur və məhkəmənin müəyyən etdiyi 10000 manat dəbbə (cərimə) pulu da cavabdehin mənafeyinə ciddi təsir edəcəkdir. Bu səbəbdən hesab edirik ki həmin hissədə də iddia tələbi azaldılmalıdır. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri Bayramov İlkin Ramiz oğlu, X4 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmənin izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlamış 05 sentyabr 2017-ci il tarixli AZP-2017-09/05-1 saylı “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən müqaviləyə 1 saylı Əlavədə qeyd edilmiş iddiaçı tərəfindən müəyyən texnikalar cavabdehə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş 03.09.2018-ci il tarixli tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, 31 iyul 2018-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 479092,98 (ƏDV daxil olmaqla) manat təşkil etmişdir. Akt tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icarəyə verənin icarə haqqı ödənilməsə və ya ödənilməsi iki aydan çox müddətə gecikdirilsə, dəbbə pulun və dəymiş zərərin əvəzini (qalan məbləğdə) ödənilməsini icarəçidən tələb etmək hüququ müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc hissəsində əsaslı olduğunun işdə olan sübutlarla təsdiq olunduğuna dair nəticəyə gələrək, Mülki Məcəllənin 385.1, 425.2, 442, 443.1, 448.1-ci maddələrinə istinad edərək iddianı əsas borc hissəsində tam, cərimə tutulması hissəsində MM-nin 467-ci maddəsinə istinad etməklə qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. İddiaçının “texnikalara dəymiş 250000 manat məbləğində maddi zərər“lə bağlı tələbi sübutlarla təsdiq edilmədiyindən həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş 09.08.2021ci il tarixdə tərəflər arasında tərtib edilmiş yeni üzləşmə aktından görünür ki, cavabdeh 31.12.2019-cu il tarixə 479092,98 manat borcu olduğunu bir daha həmin üzləşmə aktını imzalamaqla təsdiq etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahat və apelyasiya şikayətinə əlavədən məlum olur ki, 31.12.2019-cu il tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya cəmi bir dəfə- 2020-ci ilin oktyabr ayında 118000 manat ƏDV daxil pul ödənilmişdir. İddiaçı tərəf həmi ödənişin həyata keçirildiyini təsdiq etmiş, lakin göstərmişdir ki, cavabdeh qeyd edilən ödənişin təyinatını 2020-ci ildə göndərilmiş elektron qaimə üzrə qeyd etdiyindən köhnə borclardan silinməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş «Azplast 2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.10.2020-ci il tarixli ödəniş tapşırığının surətindən və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin köçürmənin aparılması barədə bildirişindən görünür ki, həmin tarixdə cavabdeh tərəfindən 22.10.2020-ci il tarixli 629514 saylı elektron qaimənin bir hissəsi 100.000 manatın 18.000 manat ƏDV-nin ödənilməsi barədə ödəniş tapşırığı verilmişdir. Belə olan halda müəyyən olunur ki, 31.12.2019-cu il tarixə cavabdehin iddiaçıya olan 479092,98 manat borcu üzrə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Buna görə də əsas borcun tutulması hissəsində iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilir. Cavabdehin nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə cavabdehdən tələb olunan borcun məbləğinin hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və hüquqi şəxslərin möhürləri olan üzləşmə aktları ilə təsdiq edildiyini nəzərə alaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən tutulmuş cərimə məbləğinin yüksək olduğunu qeyd edərək azaldılması xahiş etmişdir. Məhkəmə tələb olunan borcun 2018-ci ildə yarandığını, məhkəmənin təmin etdiyi 10.000 manat cərimə məbləğinin əsas borcun 5 %-dən yüksək olmadığını nəzərə alaraq hesab edir ki, həmin məbləğin bundan artıq azaldılması kreditorun əmlak mənafeyinə uyğun olmadığından qətnamə cərimə borcu hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə çatdırılması, o cümlədən məhkəmə bildirişlərinin cavabdehin fəaliyyət göstərdiyi ünvana göndərilməsi barədə sübutlar olduğundan məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilərkən və işə baxılarkən prosessual pozuntulara yol verildiyinə dair apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC –nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar