Məhkəmə qərarları › İş №2-2(103)-673/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-673/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-673/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı artıq ödənişin qaytarılması, çəkilmiş xərcin və dəymiş zərərin tutulmasına dair iddiası üzrə Açar söz: dəymiş zərərin əvəzinin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı artıq ödənişin qaytarılması, çəkilmiş xərcin və dəymiş zərərin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-565/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 040-OB/18 nömrəli qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən ümumi icarə sahəsi 422 kv.m olan obyekt icarəyə verilmişdir. İcarə müddəti 01 sentyabr 2018-ci ildən 31 avqust 2028-ci ilə qədər müəyyən edilsə də xx.xx.2021-ci ildən icraə müqaviləsinə cavabdeh tərəfindən yazılı bildiriş göndərilməklə xitam verilmişdir.

2. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ç22- 025 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 25 aprel 2018-ci il tarixli, 040-OB/18 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmiş olsa da, dəfələrlə müraciət etmələrinə baxmayaraq, məsuliyyətsizlik göstərilərək, icarə sahəsindəki soyuducuda saxlanılan ərzaq məhsulları tərəfinizdən aparılmamışdır. Qeyd edilir ki, bu müddət ərzində pul öhdəliklərinizi icra etməməyinizə baxmayaraq, tərəflərindən ərzaq məhsulları saxlandığı soyuduculara elektrik enerjisinin verilməsi dayandırılmamışdır. Bildirilir ki, enerji sərfıyyatı ilə bağlı öhdəliklərinizi icra etməməyinizi nəzərə alaraq, xx.xx.2022-ci il saat 10-00-dan icarə sahəsinə elektrik enerjisinin verilməsi dayandırılacaqdır. Əgər bu müddət ərzində ərzaq məhsullarının icarə sahəsindən daşınmasını təmin etməsəniz, həmin əmlaklar icarə sahəsindən kənarlaşdırılaraq utilizasiya üçün zibil konteynerlərinə atılacaqdır.

3. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ç22- 048 nömrəli məktubda qeyd edilmişdir ki, 12 avqust 2022-ci il tarixdə “Bakı Ağ Şəhər ofis binasının” 1-ci mərtəbəsində yerləşən icarə sahəsinin mətbəx bölümündəki avadanlıqlar və digər əşyalar çıxarılaraq müvəqqəti saxlanc yerinə aparılacaqdır. Bununla əlaqədar xahiş olunmuşdur ki, qeyd edilən prosesdə iştirak etmək üçün səlahiyyətli nümayəndə 12 avqust 2022-ci il tarixdə saat 10:00-da ofis binasına göndərilsin. Nümayəndən gəlmədiyi təqdirdə, avadanlıqlar və əşyalar daşınaraq saxlanca yığılacaqdır. Eyni zamanda bildirilmişdir ki, daha öncəki məktublarda da qeyd edildiyi kimi, müvəqqəti saxlanca görə haqq hesablanacaqdır.

4. "xxxx" MMC tərəfindən "xxxx"ndan avadanlıqların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, "xxxx" MMCnin direktoru X4, 23 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-dən "xxxx" MMC-yə aid olan 1) “Lenovo” noutbuk kompyuteri (s/n R90QJTYD) - 1 ədəd (kabeli ilə ), 2) “Wolt” online daşıma xidmətinin “Lenovo” planşeti (s/n HPV3T9L6(80) - 1 ədəd (kabelsiz), 3) Kassa aparatı SUNMİ (s/n VS4319CM61350) - 1 ədəd (kabeli ilə), 4) POS Terminal (“Paşa Bank”) (s/n **********) - 1 ədəd (kabelsiz) qeyd edilən avadanlıqları təhvil aldı və öz imzası ilə təsdiq edir ki, bu avadanlıqlara görə gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası olmayacaqdır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

5. Cavabdeh tərəfindən iş materiallarına "xxxx" biznes mərkəzinin birinci mərtəbəsində yerləşən "xxxx" MMC-yə aid olan əşyaların müvəqqəti saxlanc yerinə daşınması haqqında 2 ədəd xx.xx.2022-ci il tarixli və 1 ədəd 09 sentyabr 2022-ci il tarixli aktlar əlavə edilmişdir.

6. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2022-ci il tarixli, HK-1-2270 nömrəli materialı nəzərdən keçirərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 040-0B/2018 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində "xxxx" MMC-yə təhvil verilməyən 42 kv metr sahəyə görə artıq ödənilmiş 26762,4 manat məbləğində icarə haqqının, "xxxx" MMC tərəfindən “Baku Bay” restoranına çəkilmiş 319112 manat məbləğində xərcin, icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı "xxxx" MMC-yə dəymiş 8000 manat məbləğində ərzaqla bağlı zərərin, 648 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq, "xxxx" MMCyə ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki 422 kv metr sahədən ibarət restoran illik ƏDV-siz 75960 manat icarə haqqı müqabilində "xxxx" MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2028-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra həmin sahə "xxxx" MMC-yə təhvil verilmiş və restoranın işlək vəziyyətə gətirilməsi üçün sonuncu tərəfindən ümumilikdə 319112 manat xərc çəkilmişdir. Həmin xərcə restorana alınan avadanlıqlar, yəni stol və stul dəstləri, qab-qacaq dəstləri, bar, musiqi-səs sistemi, barkod-kassa sistemi, dekorativ ləvazimatlar (güllər, tavan gülləri, dibçəklər, divar şəkilləri və s.), mətbəx üçün avadanlıqlar (mebel və elektrik avadanlıqlar), pərdələr və s. kimi ləvazimatların alınması daxildir. Restoranın adı “Baku Bay” adlandırılmış və restoran yüksək səviyyədə servis və xidmət göstərməklə fəaliyyət göstərmişdir. 2020-ci ilin mart ayından etibarən dünyada və ölkədə baş verən Covid-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar “Baku Bay” restoranı da fəaliyyətini dayandırmaq məcburiyyətində olmuşdur. Restoranın əsas fəaliyyət istiqaməti ümumi şənlik tədbirlərinin keçirilməsi olduğundan pandemiya vaxtı online fəaliyyətin davam etdirilməsi mümkün olmamışdır. Çünki restoran əsasən banket tədbirlərinin keçirilməsi istiqamətində ixtisaslaşdığından online fəaliyyət üçün heç bir şərait olmamışdır. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən online fəaliyyət göstərilməsi tövsiyə olunaraq, icarə haqqının ödənilməsi tələb olunmuşdur. Beləcə, pandemiya vaxtı bəzi aylarda icarə haqqı "xxxx" MMC-nin rəhbərliyinin öz şəxsi vəsaiti hesabına ödənilsə də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqının tam şəkildə ödənilməsi mümkün olmamışdır. Bundan sonra "xxxx" MMC-yə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranın qısa zaman ərzində boşaldılaraq təhvil verməsi ilə bağlı "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcun yarandığı, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən "xxxx" MMC tərəfindən restoranın təhvil verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu barədə bildirilmişdir. Lakin buna baxmayaraq, restoranın təhvil verilməsi üçün təhdidlər edilərək, hədə-qorxu gəlinmişdir. xx.xx.2021-ci il tarixdə səhər tezdən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən “Baku Bay” restoranının qapıları bağlanmış və "xxxx" MMC-nin əməkdaşları restorana buraxılmamışdır. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyi tərəfindən "xxxx" MMC-yə restorana girməyin qadağan olunduğu, icarə haqqı borcu ödənildikdən sonra restoranda "xxxx" MMC-yə məxsus olan avadanlıqların təhvil veriləcəyi bildirilmişdir. Bugünədək dəfələrlə müraciət edilməsinə baxmayaraq, "xxxx" MMC-yə qarşı qanunsuz əməllərə davam edilmiş və zamanında geri qaytarılmadığı üçün avadanlıqların hamısı yararsız vəziyyətə düşmüşdür. Beləcə, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən böyük çətinliklə və əziyyətlə 319112 manat xərc əsasında yaradılan “Baku Bay” restoranı yararsız vəziyyətə salınmış və "xxxx" MMC-yə külli miqdarda zərər vurulmuşdur. Restoran bağlanarkən təxminən 8000 manat məbləğində ərzaq məhsulları da "xxxx" MMC-yə təhvil verilməmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə nəzərdə tutulan 422 kv.metr sahədən 42 kv.metr sahə "xxxx" MMC-yə təhvil verilməmişdir. Lakin buna baxmayaraq, həmin sahə üzrə də "xxxx" MMC tərəfindən icarə haqqı icarə müqaviləsində nəzərdə tutulmuş tam sahə üzrə ödənilmişdir. Dəfərlərlə təhvil verilməyən 42 kv metr sahənin də təhvil verilməsi "xxxx" MMC-nin rəhbərliyindən tələb olunsa da, həmin tələb yerinə yetirilməmişdir. Beləcə, "xxxx" MMC tərəfindən təhvil alınmayan 42 kv metr sahəyə görə də illik 7560 manat (ƏDV daxil olmadan) icarə haqqının "xxxx" MMC-yə ödənilməsi həyata keçirilmişdir (7560 x 3 = 22680 + 18 % ƏDV 26762,4 manat). "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 11.1-ci bəndinə əsasən bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Göründüyü kimi, tərəflər arasında müqavilənin xitamı ilə bağlı qarşılıqlı razılıq mövcud olmamışdır. Belə olan halda həm qanunun tələbinə, həm də müqavilənin şərtlərinə görə müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Ona görə də cavabdehin Ç21-055 saylı, xx.xx.2021-ci il tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verməsi etibarsızdır. xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanarkən pandemiyanın və müharibənin başlanması, habelə qapanmaların olmasını heç kim proqnoz edə bilməzdi. Bu səbəbdən də həmin hal fors-major halı kimi qiymətləndirilməlidir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı qərarı ilə bir sıra sahələrdə xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2020-ci il saat 00:00-dək fəaliyyət dayandırlmışdır. xx.xx.2020-ci il tarixli, 190 saylı qərar ilə restoranların fəaliyyəti xx.xx.2020-ci il tarixdən bərpa olunmuş və xidmət saatı 08:00-dan 22:00-a dək müəyyən olunmaqla 10 nəfərdən artıq qruplarda cəmləşmək qadağan olunmuşdur. xx.xx.2020-ci il tarixli, 208 saylı qərara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək açıq hava istisna olmaqla, yerində xidmət qadağan edilmişdir. xx.xx.2020-ci il tarixli, 236 saylı qərarla ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilmiş və həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdır. xx.xx.2020-ci il tarixli, 294 saylı qərar ilə xx.xx.2020-ci il tarixdən restoranların fəaliyyəti yenidən bərpa olunmuşdur. xx.xx.2020- ci il tarixli qərarla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək restoranlarda yerində xidmət qadağan edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən qanunvericiliyin və icarə mqaviləsinin tələbləri kobud surətdə pozulmaqla "xxxx" MMC-yə ümumilikdə 327112 manat (319112 manat avadanlıq və ləvazimatlar, 8000 manat ərzaq məhsulları) məbləğində maddi zərər vurulmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e2-2(113)-565/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia rədd edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icarəyəverən "xxxx" MMC ilə icarəçi "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən ümumi icarə sahəsi 422 m2 olan qeyri-yaşayış sahəsi iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, icarə haqqı və digər pul vəsaitlərinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2206/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 25 aprel 2018-ci il tarixli, 040- OB/18 saylı müqavilə üzrə cəmi 262631,09 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minməmişdir. Bundan sonra "xxxx" MMC "xxxx" MMC-yə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. İcarə obyektindən iddiaçıya məxsus əşyaların bəziləri götürülmüş, bəziləri isə cavabdehdə qalmışdır. Cavabdehin nümayəndəsi bunu "xxxx" MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən və nəticədə "xxxx" MMC-yə iddiaçının borcu olduğundan və iddiaçıya məxsus əşyalar üzərində "xxxx" MMC-nin qanundan irəli gələn girov hüququ yarandığından həmin əmlakların girov kimi saxlanca alınması ilə əlaqələndirmişdir.

11. Məhkəmə iddia tələbinin "xxxx" MMC-yə təhvil verilməyən 42 kv metr sahəyə görə artıq ödənilmiş 26762,4 manat məbləğində icarə haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə tərtib edilmiş təhvil-təslim aktının 1-ci bəndində müqaviləyə əsasən icarəyə verənə təhvil verilmiş sahənin 422 kv.m təşkil etdiyi qeyd edilmiş, aktın 4-cü bəndində icarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı olmadığı göstərilmişdir. Bu aktla obyektin müqavilədə göstərilən həcmdə iddiaçıya təhvil verildiyi təsdiq edildiyindən və iddiaçı 422 kv.m sahəyə uyğun ödənişlər həyata keçirdiyindən iddia tələbi bu hissədə əsassızdır.

12. İddiaçının icarə obyektinə alınmış mebel və digər avadanlıqlara görə 319112 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarəyə verilmiş sahədə müəyyən avadanlıqların qaldığı qarşı tərəfin nümayəndəsi tərəfindən qəbul edilsə də iddiaçı həmin şyaların qaytarılmasını yox, dəyərini tələb etdiyindən iddia təmin edilə bilməz.

13. Məhkəmə iddianın "xxxx" MMC-yə dəymiş 8000 manat məbləğində ərzaqla bağlı zərərin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, əvvəla icarə obyektində qalan ərzaq məhsullarının dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC-yə məktubla müraciət edərək, xx.xx.2022-ci il tarixədək ərzaq məhsullarının icarə sahəsindən daşınmasını təmin edilməsini xahiş etmiş, əks təqdirdə həmin əmlakların icarə sahəsindən kənarlaşdırılaraq utilizasiya üçün zibil konteynerlərinə atılacağı ilə bağlı xəbərdarlıq etmişdir. Göründüyü kimi, iddiaçının hərəkətsizliyi nəticəsində ona məxsus ərzaq məhsullarının cavabdeh tərəfindən təhvil verilməsi mümkün olmamışdır. Ona görə də iddia bu hissədə də əsassız sayılaraq təmin olunmamışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e2-2(113)-565/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baku Food” MMC tərəfindən icarə haqqı icarə müqaviləsində nəzərdə tutulmuş tam sahə üzrə ödənilmişdir. Dəfələrlə təhvil verilməyən 42 kv metr sahənin də təhvil verilməsi "xxxx" MMC-nin rəhbərliyindən tələb olunsa da, həmin tələb yerinə yetirilməmişdir. Beləcə, "xxxx" MMC tərəfindən təhvil alınmayan 42 kv metr sahəyə görə də illik 7560 manat (ƏDV daxil olmadan) icarə haqqının "xxxx" MMC-yə ödənilməsi həyata keçirilmişdir (7560 x 3 = 22680 + 18 % ƏDV 26762,4 manat). "xxxx" MMC tərəfindən qanunvericiliyin və icarə mqaviləsinin tələbləri kobud surətdə pozulmaqla "xxxx" MMC-yə ümumilikdə 327112 manat (319112 manat avadanlıq və ləvazimatlar, 8000 manat ərzaq məhsulları) məbləğində maddi zərər vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, “"xxxx" MMC-də menecer vəzifəsində çalışmışdır. Pandemiya dövrü və müharibə vaxtı restoran fəaliyyət göstərmədi. 2021-ci ilin dekabr ayının 20-də işə gəldikləri zaman görmüşlər ki, giriş kartı işləmir və qapıları açmır. Onlara bildirmişlər ki, icarəyəverən tərəfindən kartlar bağlanmışdır. Əvvəlcədən rezerv edilmiş sifarişlər üçün 5-6 gün işləməyə icazə verilməsini xahiş etsələr də, onlara icazə verməmişlər. Onlar mühafizəçi tərəfindən obyektə buraxılmamışlar. Obyektdəki avadanlıqların dəyəri təxminən 300.000- 350.000 manat məbləğində idi. Obyektdə bir sıra - zaldakı stol və stullar, bir ədəd kofe aparatı icarəyəverənin idi. Həmçinin cavabdeh tərəfindən obyektdəki yaşıllıq sahələrinə 10000 manat məbləğində xərc çəkilmişdir. Hazırda onlardan yeni icarəçi istifadə edir. Eyni zamanda bar stolu, tablo, monitor və s. iddiaçının idi. O, həmin obyekt bağlanan vaxta kimi təxminən bir il müddətində orada işləmişdir.” İddiaçı tələbinin həmin hissəsi ilə bağlı, yəni icarə obyektinə 319112 manat məbləğində xərc çəkməsi və zərərə məruz qalmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməsinə baxmayarq məhkəmə nəzərə almamışdır. Eyni zamanda həmin əşyaların dəyəri və ya mövcudluğu barədə müvafiq ekspertiza təyin etməmişdir. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirmiş, iddianı təmin etməmişdir. Mülki Məcəllənin öhdəliklərin icra olunması müddəalarına istinad etməklə iddiaçının mənafelərini təmin etmək istəyini dolayı yolla əsaslandırmağa çalışmışdır. Lakin, qeyd olunan müddəaların heç biri hazırki iş üzrə tətbiq olunmalı norma ola bilməz. Ona görə də qətnamədə tətbiq olunmalı olmayan normaların tətbiq olunması ilə gəlinən nəticə hazırki iş üzrə faktiki hallara uyğun deyildir və işin mahiyyəti obyektiv araşdırılmadan qiymət verilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, məhkəmə iclasında verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 681-ci maddəsinə əsasən kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

“İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu 9-cu maddə 7-ci hissə- icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023cü il tarixli e-2-2(113)-565/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İşdən görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 040-OB/18 nömrəli qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən ümumi icarə sahəsi 422 kv.m olan obyekt icarəyə verilmiş, müqaviləyə icarəyəverən-cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir.

22. İddiaçının irəli sürdüyü iddia tələbi 3 hissədən ibarətdir: -"xxxx" MMC-yə təhvil verilməyən 42 kv metr sahəyə görə artıq ödənilmiş 26762,4 manat məbləğində icarə haqqının geri qaytarılması; - "xxxx" MMC tərəfindən icarəyə götürülmüş “Baku Bay” restoranı kimi fəaliyyət göstərən sahəyə alınmış avadanlıqların dəyəri olaraq 319112 manat məbləğində pulun tutulması; - icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı "xxxx" MMC-yə dəymiş 8000 manat məbləğində zərərin (restoranda qalmış və xarab olmuş ərzaq məhsullarına görə) tutulması.

23. Məhkəmə kollegiyası hər üç iddia tələbinin rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, icarə müqaviləsi əsasında iddiaçıya təhvil verilməli olan 422 kv.m olan sahədən 42 kv.m sahənin təhvil verilmədiyi iddia ərizəsində qeyd edilənlərdən və nümayəndənin izahatından başqa hər hansı sübutla təsdiq olunmur. İddiaçı icarə müqaviləsinə xitam verilənədək ona sahənin bir hissəsinin təhvil verilməməsi ilə bağlı icarəyəverənə müraciət etməmişdir. Bundan əlavə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə tərtib edilmiş təhvil-təslim aktının 1-ci bəndində müqaviləyə əsasən icarəyə verənə təhvil verilmiş sahənin 422 kv.m təşkil etdiyi qeyd edilmiş, aktın 4-cü bəndində icarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı olmadığı göstərilmişdir. Qeyd edilənlərə əsasən bu hissədə iddiaçının tələbi mötəbər sübutlarla təsdiq edilmədiyindən əsassızdır.

25. İddiaçının icarəyə götürülmüş “Baku Bay” restoranı kimi fəaliyyət göstərən sahəyə alınmış avadanlıqların (stol-stul dəstləri, qab-qacaq dəstləri, bar, musiqi sistemi, barkod kassa sistemi, dekorativ ləvazimatlar (güllər, tavan gülləri, dibçəklər, divar şəkilləri, mətbəx üçün mebel və digər avadanlıqlar, pərdələr və s) dəyəri olaraq 319112 manat məbləğində pulun tutulmasına dair iddia tələbinin qanuni əsası olmadığından bu tələbin rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir.

26. Tərəflər arasında bağlanmış müqavilənin 6.3.16-cı bəndində qeyd edilmişdir ki, icarə müddəti başa çatdıqda və ya bu müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarəçi obyekti və onun hissələrini qanunla müəyyənləşdirilmiş qaydada aşınma sı (normal kphnəlməsi) nəzərə alınaraq çıxılmaqla saz vəziyyətdə icarəyə verənə qaytarmaqla yanaşı icarə obyektinə zərər yetirmədən ondan ayrıla bilməyən yaxşılaşdırmaları bu yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzini tələb etmədən icarəyə verənə təqdim edir.

27. Ayrıla bilən yaxşılaşdırmalarla bağlı “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuşdur ki, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Qeyd edilən normadan göründüyü kimi, ayrıla bilən yaxşılaşdırmaların dəyərini ödəyib-ödəməmək qanunda icarəyə verənin vəzifəsi deyil, hüququ olaraq nəzərdə tutulmuş və müəyyən edilmişdir ki, icarəyəverən buna razılıq vermədikdə icarəçi bu yaxşılaşdırmaları geri götürmək hüququna malikdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı halda obyektdən ayrılaraq götürülməsi mümkün olan əşyaların ona qaytarılmasını deyil, dəyərinin ödənilməsini tələb etdiyindən bu iddia təmin edilə bilməz. Bu səbəbdən iddiaçının nümayəndəsinin həmin əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə apellyasiya instansiyası mərhələsində verdiyi vəsatət əsassız hesab edilərək məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, icarəyəverənin icarəçiyə məxsus əmlaklara girov hüququna malik olub-olmaması məsələsi əmlakların geri qaytarılması barədə iddia irəli sürüldüyü halda müzakirə predmeti ola bilərdi. Hazırkı halda belə bir tələb irəli sürülmədiyindən məhkəmə icarəyəverənin girov hüququna malik olubolmadığına hüquqi qiymət verilməsini zəruri hesab etmir.

26. İcarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı "xxxx" MMC-yə dəymiş 8000 manat məbləğində zərərlə bağlı hissədə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, əvvəla iddiaçının obyektdə qalaraq xarab olmuş ərzaqlarının dəyərinin 8000 manat təşkil etməsi hər hansı mötəbər sübutla təsdiq edilmir. İkincisi, cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC-yə məktubla müraciət edərək, xx.xx.2022-ci il tarixədək ərzaq məhsullarının icarə sahəsindən daşınmasının təmin etdiyindən iddiaçının hərəkətsizliyinə və ərzaqların xarab olmasına görə məsuliyyət daşıya bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçı icarə haqqı üzrə borcların tam ödənilməsi və qarşı tərəfə borcu qalmaması barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən icarə müqaviləsinə qanunsuz xitam verildiyinə dair iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilənlər əsassız hesab edilir.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)-565/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-565/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar