Məhkəmə qərarları › İş №2-2(103)-674/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-674/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-674/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Cavid Hüseyn Vaqif oğlu və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTKya qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(113)-646/2024 saylı qətnaməsindən iddiaçı “X6 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" QSC ilə "xxxx" MMC arasında 24 fevral 2014-cü il tarixli 23823/01 nömrəli kredit müqaviləsi bağlanmış və 24 (iyirmi dörd) ay müddətində, illik 12 % ödənilməsi şərti ilə ******* manat məbləğində pul ayrılmışdır.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh7 MTK, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 Cmil oğlu ilə Bank arasında 24 fevral 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6/2022 saylı 26 avqust 2022-ci il tarixi qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 xx.xx.2014-cü il tarixli, 38137/01 saylı kredit müqaviləsi üzrə 341117,14 manat əsas borc, 18113,69 manat faiz borcu, 30000 manat cərimə olmaqla, 389230,83 manat borc, 2340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqı, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərcləri və 30 manat dövlət rüsumu müştərək qaydada tutulması, ipoteka predmeti 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 117a ünvanında yerləşən qeyriyaşayış binasının ilkin satış qiyməti 4.479.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, o satıldıqda ən geci 1 (bir) ay ərzində boşadılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-525/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-416/2024 saylı Qərarına əsasən iddiaçı “X6 Azərbaycan” QSC və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2(103)- 525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki və apellyasiya məhkəməsindəki icraatlar

6. İddiaçı “X6 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh5 MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 Cmil oğlundan (birgə) müştərək qaydada 341.117.14 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 20.934.31 manat və mediasıya xərci əvəzi 210 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-646/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı “X6 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1116/2024 nömrəli, xx.xx.2024 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim E.Həsənov, hakimlər T.Mahmudova və L.Əliyeva).

10. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

11. .Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 184/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 2-2(103)-1116/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərin 26 avqust 2022-ci il tarixə əsas borc üzrə 341.117.14 (üç yüz qırx bir min yüz on yeddi manat on dörd qəpik) manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 26 avqust 2022-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 341.117.14 (üç yüz qırx bir min yüz on yeddi manat on dörd qəpik) manat hissəsi ödənilməmiş qalmaqdadır. 26 avqust 2022-ci ildən xx.xx.2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 20.934.31 (iyirmi min doqquz yüz otuz dörd manat otuz bir qəpik) manat təşkil edir. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsaslandırma aparmadan, banka dəymiş zərərin hüquqi əsaslarını nəzərə almadan, bank tərəfindən təqdim olunan sübutlara hüquqi qiymət vermədən xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bankın iddia tələbini təmin etməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Bu normanın mahiyyəti də, borcunun pul məbləğinin ödənilməsinin gecikdirildiyi təqdirdə illik beş faizin ödənilməsi tələbinin bankın haqqı olmasını təsbit edir. Lakin, məhkəmə qətnamənin qanuni qüvvəsini almamasını, gecikmənin cavabdehlər təqsirinə görə baş verməməsini, apellyasiya və kassasiya şikayətlərin verilməsini, bu səbəbdən qətnamənin icraya yönəlməməsini, buna görə də cavabdehlərin məhkəmə qətnaməsinin icrasını gecikdirməmiş kimi iddiasını irəli sürərək yanlış nəticəyə gəlmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Məhkəmə bu maddəyə istinad etsə də, əslində cavabdelərin 26 avqust 2022-ci il tarixli qətnamənin bu günə kimi vatında icra edilməsini nəzərə almamışdır. Baxmayaq ki, bank tərəfində bunu subut edən sənədlər məhkəməyə təqdim edilmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən şikayətin 5-ci bəndində göstərilən faktiki halları nəzərə almamış, bununla da qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-ci maddəsinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

20. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (2024-cü ilin aprel ayına qədər qüvvədə olan redaksiya)

21. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22.Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir.

23. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, 2014-cü il 24 fevral tarixində iddiaçı ilə MMC arasında 23823/01 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, iddiaçı tərəfindən borcalan MMC-yə 24 ay müddətinə, illik 12% olmaqla 1.000.000 manat məbləğində kredit ayrılmışdır və о, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və оna hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin MTK, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 ilə iddiaçı arasında 2014-cü il 24 fevral tarixində zaminlik müqaviləsi bağlanmışdır.

24. 2023-cü il 17 noyabr tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-nin 2014- cü il 24 fevral tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 341.117,14 manat məbləğin ödənilməsinin 448 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 20.934,31 manat təşkil edir.

25. İşi yeni apellyasiya baxışına qaytaran Ali Məhkəmənin Kommersiya kollegiyası qərarında qeyd etmişdir ki, Məhkəmə kollegiyası həmin normanın və hüquqi mövqelərin əlaqəli təhlilindən belə nəticəyə gəlir ki, kreditor MM-in 445.7-ci maddəsinə uyğun olaraq kredit müddəti bitdikdən sonrakı dövr üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin hüququn yaranması qanunda yalnız borcun gecikdirilməsi ilə şərtləşdirilmişdir. Yəni, sadəcə borcun gecilkdirilməsi faktının mövcudluğu kreditora MM-in 445.7-ci maddəsi üzrə borcluya qarşı tələb irəli sürmək hüququ verir. Bu zaman borcun ödənilməsinin gecikdirilməsinə dair illik 5%-in tutulmasına dair tələb hüququ tərəflər arasında kredit öhdəlikləri üzrə borca dair yaranmış ilk mübahisə üzrə qəbul olunan məhkəmə qərarının qanuni qüvvəyə minmə tarixindən deyil, kredit öhdəliyinin icrası üçün nəzərdə tutulmuş müddət bitdiyi tarixdən yaranır. Yəni, MM-in 445.7-ci maddəsi üzrə borc tələbi heç də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən yaranmır, müqavilədə nəzərdə tutulmuş pul öhdəliyinin gecikdirilməsindən irəli gəlir.

26. Kassasiya instansiyası həmçinin qeyd etmişdir ki, əvvəlki mübahisə üzrə keçirilən ilkin məhkəmə icraatının davam etdiyi bütün müddət, eləcə də həmin mübahisə üzrə qəbul olunan məhkəmə aktlarının cavabdeh və hətta iddiaçı tərəfindən mübahisələndirilməsi həmin müddət ərzində borcun ödənilməməsinə əsas verən üzrlü səbəb kimi dəyərləndirilə bilməz. Belə ki, həmin müddətdə də bank sözügedən vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. İstənilən halda, pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.

27. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

28. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.

29. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

30. .Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

31. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

33. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.

34. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.

35. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmidir.

36. İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 20934.31 manat məbləğində borcun cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsini tələb etmişdir.

37. Məhkəmə kollegiyası iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

38. Beləliklə iş materialları ilə iş üzrə verilmiş gecikdirilmiş vaxt üçün illik 5%-in ödənilməsinə dair iddia tələbi əvvəlki mübahisə üzrə məhkəmə icraatının davam etdiyi dövr üzrə (birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi 2022-ci ilin 26 avqust tarixindən 2023-cü il 17 noyabr tarixinədək) olan müddəti əhatə edir. Hazırkı iddia üzrə tələb olunan borcun həcmi və onun düzgün hesablanıbhesablanmaması hazırkı iş üzrə qəbul olunan məhkəmə qətnamələrində qiymətləndirmə predmeti olmadığından işin faktiki hallarını təşkil edir.

39. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb etməsi əsaslıdır.

40. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə işin hallarına uyğun olmadığından qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

41. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “X6 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 20934,31 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTK-dan müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilsin. Mediasiya xərci 210 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTK-dan müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” QSC -yə ödənilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu 76.4 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar