Məhkəmə qərarları › İş №2-2(103)-675/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-675/2021

29.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-675/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1255/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsindən (hakim Z.Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı cavabdehin 16 sentyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 17557.12 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 17557.12 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16.09.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.09.2020-ci il tarixə yaranan 17557.12 manat borcuna görə 28500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 18.09.2020-ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir və protokola həmin əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 24.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16.09.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 17557.12 manat, Dövlət Sosial Müdafiə Fonduna 17557.12 ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1255/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinin siyahıya alınmış 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" açıq səhmdar cəmiyyətinin dövlət büdcəsinə olan 17557.12 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 17557.12 manat borcun və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1255/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsası kimi xxxx ASC-nin dövlət büdcəsinə olan 17557,12 manat məbləğində borcu göstərilmişdir ki, bunun da əsasında cavabdehə məxsus 28500 manat məbləğində əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. Bundan əlavə eyni iddiaçı tərəfindən xxxx ASC-yə qarşı eyni borca görə başqa bir iddia ərizəsi də verilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci tarixli qətnaməsi ilə (yəni bu qətnamədən bir gün əvvəl ) iddia təmin olunaraq xxxx ASC-nin DSFMyə olan 17557,12 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 83200 manat dəyərində siyahıya alınmış əmlakının açıq hərracda satılması qət edilmişdir. Bununla da bir borc cavabdehdən iki dəfə tutulmuşdur ki, bu da qanunvericiliyin tələblərinin kobud pozulmasıdır. İşə apelyasiya qaydasında baxılması 23.06.2021-ci il tarixə təyin edilmiş, sonradan 29.06.2021-ci il tarixə təxirə salınmış, iddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlı olsa da, nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1255/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İşə apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1261/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-dən 16.09.2020-ci il tarixinə dövlət büdcəsinə yaranmış 66464,77 manat və Dövlət Sosial Müdafiə Fonduna 17557,12 manat məbləğində pul tutulmuş, borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 83200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına dövlət büdcəsinə olan 66464,77 manat və Dövlət Sosial Müdafiə Fonduna olan 17557,12 manat məbləğində borcun ödənilməsi, cavabdeh “xxxx” ASC-dən 10 manat məbləğində dövlət rüsumunun dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, hazırki tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə baxılır. Mülki Prosessual Məcəllənin 259.0.4.-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən normaya əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə məhkəmənin icraatında iş olduğundan apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1255/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1255/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar