Məhkəmə qərarları › İş №2-2(103)-675/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-675/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-675/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-55/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalana 12513971,36 manat kredit açır.

3. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu ildir.

4. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cu il tarixli, 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə girov qoyana məxsus olan "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı adi səhmlərini girov saxlayan qarşısında hazrıkı müqavilə ilə sonrakı girovla yüklü edir.

5. xx.xx.2022-ci il tarixli mediasiya üçün müraciətdən görünür ki, ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına müraciət edərək Bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur.

6. Bakı 5 saylı Mediasiya Təşkilatının 16 iyun 2022-ci il tarixli MŞH/5-01841 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ilə Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X1 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00119) tərəfindən LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verildiyi, arayış "X5" MMC-nin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisəsi üzrə "kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi"nə dair mübahisə üzrə xx/xx/2022-d il tarixində, 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiklərini təsdiq etmək üçün verilmişdir. "X5" MMC, "xxxx" ASC və "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məktubla məlumatlandırılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadlı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 QSC arasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi, "xxxx" MMC arasında isə xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlandığına görə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC hər iki müqavilə üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışı məhkəməyə təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əlavə etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 MMC və "xxxx" ASC-yə göndərilən 02 noyabr 2022-ci il tarixli "xxxx"də QSC “Bank Standart” KB ilə "xxxx" MMC arasında bağlanmış 22 may 2014-cü il tarixli kredit və girov müqavilələrinin bağlandığı, həmin kredit müqaviləsi üzrə ümumilikdə 11281728,15 manat borcunun olduğu bildirilmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini təklif edilmişdir.

10. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 QSC-yə və Cavabdeh2 ASC-yə 02 noyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyası üçün ərizə göndərilmişdir.

11. 13 yanvar 2023-ci il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən MŞH/8-00318 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 22 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı Kredit Müqaviləsi üzrə 7097654,44 manat məbləğində əsas, 2377005,05 manat məbləğində faiz, 791704,96 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1015363,70 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 11.281.728,15 manat pulun, ödənilmiş 6030,86 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, Cavabdeh1 MMC-dən tutulmalı olan məbləğin mülkiyyətində olan 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmiş Nominal dəyəri 24 manat olan Cavabdeh2 ASC-nin 843113 ədəd sənədsiz adı səhminə tutma yönəldilməsi və yönəldikdən sonda açıq hərracdan satılması, girov predmeti satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı bildirir ki cavabdeh hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Banka 7097654,44 manat məbləğində əsas borc, 2377005,05 manat məbləğində faiz borcu, 791704,96 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla, 1015363,70 manat məbləğində faiz məbləği, ümumilikdə isə 11281728,15 manat məbləğində borcu qalmışdır.

14. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirir ki, 1xx/xx/1592/14 saylı, 22 may 2014-cü il tarixli kredit müqaviləsinin 2.3-cü bəndindən göründüyü kimi kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu il göstərilmişdir. 1xx/xx/1592/14-1 saylı, 06 avqust 2014-cü il tarixli girov müqaviləsinin 1.2-ci bəndinin 2-ci abzasından göründüyü kimi, təminat 1xx/xx/1592/14 saylı, 22 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin 22 may 2019-cu il tarixinədək ödənilməsinə verilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən məhkəməyə iddia verilərkən 3 il 8 ay keçmişdir və hər iki müqavilə üzrə iddia müddəti ötürülmüşdür.

15. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edir və bildirir ki, ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 MMC ilə bağlanmış 22 may 2014-cü il tarixli və "xxxx" MMC ilə bağlanmış 26 may 2014-cü il tarixli kredit müqavilələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən ilk əvvəl mediasiya prosesindən keçmişdir. Bank tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli "xxxx" xx.xx.2022-ci il tarixində poçt vasitəsilə göndərilmişdir. Daha sonra Bank tərəfindən hər iki cavabdehin kredit müqaviləsi üzrə Bakı 5 saylı Mediasiya Təşkilatına mediasiya üçün müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixində cavabdehlər iki dəfə ardıcıl mediasiya prosesində iştirak etmədiklərinə görə mediator Günel İsmayılbəyli tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və xx.xx.2022-ci il tarixində Banka təqdim olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadında Cavabdeh1 QSC-nin nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi ərizəyə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir və cavabdehlərin hər birinə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrı-ayrı kredit müqaviləsindən irəli gələn tələblər yönəlmişdir. Həmin qərardaddan şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şikayət təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə Bank tərəfindən cavabdehlərə "xxxx" göndərilmişdir. Həmin məktub tərəflərə çatdırıldıqdan 10 iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdə “ilkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə mediasiya prosesində iştirak edilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin Cavabdeh1 MMC tərəfindən mediatora edilmiş etiraza əsasən xx.xx.2022-ci il tarixdə “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. Cavabdeh tərəfindən eyni məzmunlu ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək, “təklif məktubunda tərəfə təklif olunan mediasiya təşkilatı və mediatorun göstərilməməsi” qeyd olunmuşdur. Cavabdeh tərəfindən müddətin uzadılması üçün bildirilən əsassız və formal etirazların qarşısının alınması məqsədilə xx.xx.2022-ci il tarixdə Bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuş və müraciət üzrə mediator təyin olunması xahiş olunmuşdur. Mediasiya Şurası həmin ərizəni Bakı 8 saylı Mediasiya təşkilatına göndərmiş və həmin təşkilat tərəfindən ərizə icraata götürülmüşdür. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etmədiklərinə görə xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və Banka təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Mülki Məcəllənin 379.1.6-cı maddəsinə əsasən, iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. Yuxarıda sadalanan ardıcılığı və qanunvericiliyin tələblərini nəzərə alaraq xx.xx.2022-ci il tarixindən sonuncu iddia tələbi ilə məhkəməyə müraciət edənədək aparılmış prosessual hərəkətlər arasında hər hansı fasilə verilməmiş, dolayısı ilə iddia müddətinin axımı davam etməmişdir. Buna görə də, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-55/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

17. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia müddətinin tətbiqinə dair ərizəyə verilmiş etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hazırki mübahisə üzrə iddia müddətinin bitməsinə 10 gün qalmış məhkəməyə müraciət olunmuş və müqavilə tələbləri üzrə tətbiq olunan 3 illik iddia müddəti bank tərəfindən ötürülməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 QSC-nin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

21. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

23. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

26. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

27. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

28. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 29.Həmin Məcəllənin 381.2-ci maddəsinə əsasən əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

30. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

33. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

34. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsində isə təsbit olunmuşdur ki, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

35. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

36. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

39. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 445.7-ci maddələri təşkil edir.

40. Hazırki işdə də müəyyən edilir ki,, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 QSC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

41. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/9949 saylı ekspert rəyi verilmişdir.

42. Həmin rəyə əsasən 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə Cavabdeh1 QSC-nin "xxxx" KB-yə olan əsas borcu 6.288.435,9 manat, faiz borcu 1.412.801,93 manat və 5% ilə hesablanmış faiz borcu 886.494,78 manat müəyyən edilmiş, o cümlədən həmin kredit müqaviləsi üzrə təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından kredit müqaviləsi üzrə Cavabdeh1 QSC tərəfindən sonuncu ödənişin xx.xx.2016-cı ildə aparıldığı qeyd olunmuşdur.

43. Beləliklə, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya borclu olması təsdiq olunur.

44. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilə bilər.

45. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.

47. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx/xx/1592/14 saylı kredit müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi 22 may 2019-cu il olaraq müəyyən edilmişdir.

48. Ekspert rəyinə əsasən həmin kredit müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən sonuncu ödənişin xx.xx.2016-cı tarixdə aparıldığı müəyyən edilmişdir.

49. Buna görə də, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 23 may 2019-cu il tarixdən hesablanmalıdır.

50. Eyni zamanda işdən görünür ki, iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən birinci dəfə 06 aprel 2022-ci il tarixli **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu tərtib edilmişdir. Həmin təklif 29 aprel 2022ci il tarixdə elektron qaydada cavabdehə göndərilmişdir.

51. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

52. Həmin Qanunun 21.5-ci maddəsində isə təsbit olunmuşdur ki, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

53. Göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (xx.xx.2022) 24 gün qalmış, yəni xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərmiş və məhz həmin tarixdən də iddia müddətinin axımı dayandırılmışdır.

54. İddiaçının bu təklifi əsasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə mediasiya prosesi başlanmış və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 iyun 2022-ci il tarixli arayış tərtib edilmişdir.

55. İddiaçının təqdim etdiyi həmin arayışdan görünür ki, o, banka 29 iyul 2022-ci il tarixdə daxil olmuşdur.

56. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

57. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı 30 iyul 2022-ci il tarixdən həmin gün də daxil olmaqla hesablanmağa davam etmişdir.

58. Həmin tarixdən 9 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı birinci dəfə iddia müddətinin bitməsinə 15 gün (24-9) qalmış Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

59. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4555/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən 2 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı və xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

60. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

61. Mülki Məcəllənin 381.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

62. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış və həmin müddətin axımı ümumi qaydada davam etmişdir.

63. Belə olan halda isə 3 illik iddia müddəti 22 avqust 2022-ci il tarixdə bitmişdir.

64. Eyni zamanda işdən görünür ki, iddiaçı tərəfindən ikinci dəfə “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu 02 noyabr 2022-ci il tarixdə cavabdehlərə göndərilmişdir.

65. Bu hal isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddia müddəti 22 avqust 2022-ci il tarixdə artıq bitmişdir.

66. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.

67. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq və Mülki Məcəllənin 375.2 və 376-cı maddələrinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, əsas öhdəlik olan kredit müqaviləsi üzrə borcluya qarşı irəli sürülmüş iddia tələbləri, habelə əlavə tələb üzrə girov qoyana qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

68. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.

69. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi – tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi – borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi.

70. Mülki Məcəllənin 380.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən isə müəyyən edilir ki, iddia müddətinin axımı kəsildikdə, keçmiş vaxt yeni müddətə daxil edilmir, yəni iddia müddəti sıfırlanır və yenidən hesablanmaya başlanır. Məsələn borclu tərəfindən qismən ödəniş edildiyi halda iddia müddətinin axımı kəsilir və yeni müddətin hesablanması başlanır.

71. Tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda isə başqa nəticə yaranır. Belə ki, bu halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır. Həmin qərarla tərəflər arasında olan bütün mübahisə həll edildikdə mübahisəyə son qoyulur, mübahisə qismən həll edildikdə isə (məsələn: kredit müqaviləsi üzrə tam borc deyil, onun bir hissəsinin ödənilməsi tələbi irəli sürülür və s.) yeni müddətin hesablanması başlanır.

72. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.

73. Kollegiya izah edir ki, əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki yuxarıda qeyd edildiyi kimi iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılmasına deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir. 74.Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmişdir.

75. Belə ki, Mülki Məcəllənin 381.2-ci maddəsində müəyyən edilmişdir ki, əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. 76.Göründüyü kimi Mülki Məcəllə cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.

77. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının birinci dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud deyil və həmin müddət də axımı xx.xx.2019-cu il tarixdən başlanmış iddia müddətinə daxil edilir.

78. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

79. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-55/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar