Məhkəmə qərarları › İş №2-2(103)-675/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-675/2025

09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-675/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) hakimlər X10 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin vəkili və nümayəndəsi Vəkil Rüstəm oğlunun iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi zərər” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü il tarixli, 2-2(113)-235/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları

1. İcarədar Cavabdeh ASC (bundan sonra – “ASC”) ilə icarəçi İddiaçı (bundan sonra – “İddiaçı”) arasında 2019-cu il 5 aprel tarixdə 58 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən, icarədar Bakı şəhər Alatava 2 ünvanında yerləşən ASC-nin ərazisindəki 105 kv.m ərazini (bağlı sahə dəzgah təmiri) icarəyə verir, icarəçidən hər ay (ƏDV daxil olmaqla) 200 manat icarə haqqı alır; - 4-cü bəndinə əsasən, icarəçi icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 9 fevral tarixli qərarında qeyd edilmişdir ki: - 2022-ci il 18 iyun tarixində saat 22 radələrində ünvan 2 ünvanında yerləşən, ASC-yə məxsus təmir sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar İddiaçı və Qanuni nümayəndə əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. - Baş vermiş yanğın hadisəsi nəticəsində nəticədə alov genişlənərək qonşuluqda yerləşən, X7 və X16 icarə müqaviləsinə əsasən istifadə etdikləri təmir sexlərinə keçmiş, əmlaka maddi ziyan dəymişdir. - Yoxlama zamanı alınmış izahatlarla, yanğın haqqında aktla, alınmış rəylərlə və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, icarəyə verilmiş təmir sexində yanğın hadisəsi gərginlik altında olan elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar təmir sexinin elektrik qurğularında nasazlığın olmasına baxmayaraq həmin qurğulardan istifadə olunduğuna görə, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 3.5.1, 3.5.2, 3.5.3.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.5 bəndinin tələbləri sexin icarədarı İddiaçı tərəfindən və elektrik qurğularında yaranmış nasazlığın aradan qaldırılması təşkil olunmadığına görə “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 3.5.3.1, 3.5.5.2, 3.5.4 bəndlərinin tələbləri ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən pozulmuşdur.

3. Fotoşəkillərdən görünür ki, dəzgahlar, “Mercedes Benz ML 400 Minik” markalı, 99- VK-175 dövlət qeydiyyat nişanlı avtomobil yanmış vəziyyətdədir. İddiaçı tərəfindən tərtib edilmiş yanğında yararsız hala düşən dəzgah və avadanlıqların siyahısından görünür ki, həmin siyahıda dəzgah və avadanlıqların adı, modeli, sahibkarların adı, təyinatı, qiyməti, istehsal edildiyi il və ölkə göstərilmişdir.

4. 2022-ci il 11 may tarixli gömrük bəyannaməsi və bəyannaməyə əlavəyə əsasən müəyyən edilir ki, (təmsilçi qismində "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) “X19 Technology Co LTD-nin tapşırığı ilə X30 tərəfindən malı (printerlər üçün ehtiyat hissələri) qəbul edən (idxalatçı) İddiaçı 1 ədəd bağlama (printer üçün hissələr) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək göndərilmişdir.

5. 2022-ci il 11 may tarixli gömrük bəyannaməsi və bəyannaməyə əlavəyə əsasən müəyyən edilir ki, (təmsilçi qismində "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) X31-Electronics Rm107 Bldg15 Jiangning China-nın tərəfindən malı (lazer dəzgahları üçün ehtiyat hissələri) qəbul edən (idxalatçı) İddiaçı 2 ədəd bağlama (motor) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək göndərilmişdir.

6. 2021-ci il 30 avqust tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (təmsilçi qismində "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) “X32 Technology Co” 250032 Jinan China tərəfindən malı (lazer dəzgahları üçün lampalar) qəbul edən (idxalatçı) İddiaçı 1 set (lazer dəzgahları üçün lampalar) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək göndərilmişdir.

7. 2023-cü il 25 may tarixində İddiaçı tərəfindən ASC-yə pretenziya göndərilmiş, borcun 2023-cü il 10 iyun tarixinədək ödənilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 30 avqust tarixində Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərə görə ümumilikdə 287.150 manat məbləğində pulun və ödənilmiş 578 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il 5 aprel tarixli 58 nömrəli icarə müqaviləsi əsasında cavabdehin ərazisində yerləşən 105 kv.m ərazi ona mebel avadanlıqları dəzgahlarının təmiri və quraşdırılması üçün icarəyə verilmişdir. İcarə müqaviləsi bağlandığı gündən qüvvəyə minmiş və 2021-ci il 31 dekabr tarixinədək qüvvədə olmuşdur. Müqavilənin 8-ci bəndinə əsasən müqavilə müddəti başa çatdıqdan sonra tərəflərin birindən müqavilənin ləğv edilməsi və ya ona yenidən baxılması haqqında ərizə verilməzsə, müqavilə müddəti hər il uzadılmış hesab olunur. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən ”icarəçi icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır. Bütün bunların həyata keçirilməsi üçün hesab edir ki, müvafiq qaydada sahəni icarəyə verən şəxs bütün bu öhdəliklərin yerinə yetirilməsinin tələbi üçün icarəyə verdiyi sahə hərtərəfli texniki cəhətdən saz və şəraitli olmalıdır. 2022-ci il 18 iyun tarixində saat 22:00 radələrində cavabdehə məxsus ona icarəyə verilmiş təmir sexində başqa sexlərə onun icarəsində olan sexdən cavabdeh tərəfindən aparılmış yüksək gərginlikli kabellərin keyfiyyətsizliyi və yüklənmələri nəticəsində yanğın baş vermiş bununla da onun icarəsində olan təmir sexində yerləşən bütün mal və məhsullar, dəzgahlar yanaraq məhv olmuş, bununla da ona ümumilikdə 287.150 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində icarəsində olan təmir sexində baş vermiş yanğın nəticəsində iş adamlarına, sahibkarlara məxsus olan təmirdə və bərpada olan CNC, LAZER CO2, PLAZMA kəsim, Böyük formatlı Cap Printerləri, və sair ehtiyat hissələri, diaqnostika avadanlıqları, ona məxsus elektron təchizatlar, kompüter avadanlıqları, ofis ləvazimatları, şəxsi iş makinaları və Mercedes Benz Mİ320 markalı avtomobil tamamilə yanaraq məhv olmuşdur. Bunlardan əlavə, sahibkar X11 34.000 manat dəyərində “Lazer FL 2130” 500W kəsim dəzgahı, X4 24.500 manat dəyərində “CNC 2136ATC” 7.5 KW Avtomatik MDF kəsim oyma dəzgahı, X17 14.000 manat dəyərində “CNC 240x120” 5kw, MDF kəsim oyma dəzgahı, X21 5.500 manat dəyərində “CNC 60x40” 1.5 kw, MDF kəsim oyma dəzgahı, X12 9.000 manat dəyərində “Lazer 9060 Kaitian 100w”, Lazer kəsim aparatı, X20 15.000 manat dəyərində “Lazer FL 1325” Lazer kəsim dəzgahı, X1 9.000 manat dəyərində “Lazer 1410” Lazer kəsim dəzgahı, ona məxsus 18.000 manat dəyərində “Plazma FL 1535” Plazma dəmir kəsim dəzgahı, X18 25.000 manat dəyərində “Mimaki S1320 s4” Yaponiya istehsalı böyük formatlı X35, X21 9.000 manat dəyərində “Yingle 180 sm” eko solcap printeri, Səlim Həsənova məxsus 12.000 manat dəyərində “İnfiniti 320” reklam çap printeri, X8 18.000 manat dəyərində “Mimaki DS160” tekstil çap printeri, Aydın Abdulrzayevə məxsus 25.000 manat dəyərində “Skayjet UV 2412” Dəmir çap printeri, X2 9.000 manat dəyərində “Times T2” eko solvent çap printeri, X13 6.000 manat dəyərində “Epson UV 4880” köynəyə çap edən printer, X14 məxsus 6.000 manat “Epson UV 4480” köynəyə çap printeri, ona məxsus qalan avadanlıqlar, lazer kəsim. CNC və çap printerləri, ofis avadanlıqlarının yararsız vəziyyətdə düşmüşdür. Cavabdeh ona icarəyə verdiyi sexdən digər icarədə olan sexlərə yüksək gərginlikli elektrik kabelləri aparmış, yanğın həmin kabellərin keyfiyyətsizliyi və elektrik xətlərinə nəzarətsizliyin ucbatından baş vermişdir. Hadisənin baş vermə vaxtından və baş vermə saatından görünür ki, əraziyə gecə vaxtı nəzarət icarəyə verənin üzərinə düşmüşdür. Yanğın hadisəsi zamanı hadisə ilə bağlı izahatları alınmış digər icarəçilər X16, X3 və Cəfərov Anar adlı şəxsin icarələrində olan sahələrin işıq xətləri ona icarəyə verilmiş sahədən aparılmış və bununla da cavabdeh tərəfindən yanğın texniki təhlükəsizlik qaydaları ciddi surətdə pozulmuşdur. Cavabdeh təşkilatın səlahiyyətli şəxsləri, ondan hər ay icarə haqqını alan Cahangirov Müslüm və Əliyev Azər adlı şəxslərdən icarəsində olan sahədən qonşu sahələrə aparılan yüksək gərginlikli kabellərin onun icarəsində olan sahədən çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh tərəfindən heç bir qanuni tədbir görülməmişdir. Cavabdeh tərəfindən ona icarəyə verilmiş sahənin tavanı penoplast tikinti materialı ilə üzlənilmişdir ki, yanğın hadisəsi zamanı yanğının güclənməsinə səbəb olan əsas amillərdən biri həmin tikinti materialı olmuşdur. Ona icarəyə verilmiş sahənin giriş açarının bir nüsxəsi texniki qaydalara nəzarət üçün Müslüm və Azər adlı şəxslərə təhvil verilmiş, cavabdehə məxsus digər şəxslərə çəkilmiş yüksək gərginlikli kabellərə nəzarəti həmin şəxslər həyata keçirirdilər. Cavabdehin icarəyə verdiyi bütün sahələr tikinti texniki, yanğın texniki təhlükəsizlik qaydalarına cavab vermir, hər an təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Hesab edir ki, cavabdehin təqsiri üzündən gecə vaxtı baş vermiş yanğın hadisəsi zamanı icarəsində olan sexdə yanmış və məhv olmuş əmlakların dəyəri olan 287.150 manat məbləğində maddi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsində müvafiq qaydada araşdırma aparılmış 2023-cü il 9 fevral tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. X26 Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti İdarəsinin 2022-ci il 20 iyun tarixli yanğın haqqında aktı ilə müəyyən olunmuşdur ki, 2022-ci il 18 iyun tarixində saat 22 radələrində ünvan 3 ünvanında yerləşən, cavabdehə məxsus ərazidə iddiaçıya icarəyə verilmiş təmir sexində baş vermiş yanğına səbəb elektrik naqillərində yaranmış qısa qapanma olmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğın-texniki ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 10/4509 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən təmir sexində baş vermiş yanğının mənbəyi təmir sexinin arxa hissəsindəki sayca ikinci otağa daxil olduqda sağ divarın üzərinə quraşdırılmış elektrik lövhəsinin yerləşdiyi zonada olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək sexin digər sahələrinə yayılmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli 9/9702 nömrəli ekspert rəyinə əsasən 31 yanvar 2024-cü il tarixdə iddiaçı, cavabdehin nümayəndəsi və ekspert X5 iştirakı ilə əmlaka baxış keçirilmiş, baxış zamanı avadanlıqların yanaraq yararsız vəziyyətdə olduğunu nəzərə alaraq həmin avadanlıqların adlarını, texniki göstəricilərini və sayını müəyyən etmək mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə, internet saytlarının məlumatından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən əşyaların nəzəri orta bazar qiymətləri müəyyən edilmişdir: Avtomobil (model- Mİ320/2001-ci il) qiyməti – 10.000 manat; Printerlər üçün ehtiyat hissələri (1 ədəd) – 3.000 manat, Lazer dəzgahına aid lampalar (5 ədəd-130-W-650 ABŞ dolları) - hər biri 800 manat, cəmi 4.000 manat, Lazer Dəzgahları üçün ehtiyat hissələri - 3.000 manat, iddia ərizəsində adları sadalanan avadanlıqların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 249.980 manat müəyyən edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü il tarixli 2-2(113)-235/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 10.000 manat, eləcə də ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – L.Əliyeva).

13. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olmadığını araşdıraraq qeyd etmişdir ki, iddiaçı özü iddia ərizəsində icarəsində olan sexdə yerləşməklə yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşməsini iddia etdiyi əşyaların bir hissəsinin ona deyil, üçüncü şəxslərə (dəzgah və avadanlıqlarını təmir edilməsi üçün təmir sexinə qoyan digər sahibkarlara) məxsus olduğunu göstərmişdir. İş materialları ilə isə iddiaçının üçüncü şəxslərin (X22 və digərlərinə) mülkiyyətində olan həmin əmlaklar üzərində qanunla qorunan hər hansı əşya hüququna malik olması öz təsdiqini tapmamışdır.

14. Sözügedən şəxslərin onlara məxsus əmlaklara dəymiş zərərin əvəzini ondan tələb etmələri, o cümlədən həmin şəxslərdən X15 ona qarşı iddiasının Yasamal rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi ilə təmin edilərək Sərdar Nuruyevə dəymiş zərərə görə 28.000 manat məbləğində pul vəsaitinin ondan tutulmasının qət edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, üçüncü şəxslərin dəymiş zərərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməsi faktı özü-özlüyündə iddiaçıya üçüncü şəxslərə vurulmuş zərərin əvəzini tələb etmək hüququ vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1114.2-ci maddəsinin tələbləri baxımından yalnız zərərçəkmiş şəxslərə dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi halda iddiaçının digər zərərvuran şəxsə qarşı reqres qaydada tələb hüququ yaranır. Odur ki, üçüncü şəxslərə məxsus olan əmlaklara vurulmuş zərərin ödənilməsi hissəsində iddia ərizəsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

15. Mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə isə qeyd edilmişdir ki, V.Əliyeva iddiaçının arvadı olmaqla mübahisəli avtomobil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlak əksi sübuta yetirilənədək Vüsalə və Faiqin birgə mülkiyyəti hesab edilir. Odur ki, iddiaçı MM-in 493.1-ci maddəsinə uyğun olaraq birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malikdir.

16. Məhkəmə tərəfindən müəyyən edilməli olan birinci məsələyə, yəni cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsi məsələsinə münasibətdə qeyd edilmişdir ki, mübahisəli yanğın hadisəsinin cavabdehin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 9 fevral tarixli qərarı ilə müəyyən edilmişdir. Bununla bağlı məhkəmə onu da qeyd etmişdir ki, istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi Qanuni nümayəndə hüquqazidd təqsirli əməlini fiziki şəxs qismində deyil, cavabdeh şirkətin kollegial icra orqanının rəhbəri, yəni hüquqi şəxsi təmsil edən və onun iradəsini ifadə edən şəxs qismində törətdiyindən onun törətdiyi təqsirli hüquqazidd əməl cavabdeh tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl kimi qiymətləndirilməlidir.

17. İcarə müqaviləsinin şərtlərinə əsasən yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edilməsinə görə icarəçinin məsuliyyət daşıması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, icarəçinin yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət etmək öhdəliyi daşıması icarəyə verənin də öz növbəsində icarə sahəsində quraşdırılmış ona məxsus elektrik qurğularını (hazırkı halda elektrik naqillərini) işlək vəziyyətdə saxlamaq və həmin qurğularda yaranmış qüsurları aradan qaldırmaq öhdəliyi daşımasını istisna etmir. Müəyyən edilməli olan ikinci və üçüncü hala, yəni cavabdeh tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl nəticəsində iddiaçıya maddi zərər vurulub-vurulmamasına gəldikdə yanğın nəticəsində iddiaçının icarəsində olan sexdə yerləşən əmlakların, o cümlədən V.Əliyevanın adına qeydiyyatda olan avtomobilin yanaraq yararsız vəziyyətə düşməsi yuxarıda istinad edilən cinayət işin başlanmasının rədd edilməsi barədə qərarla, iş materiallarında olan fotoşəkillər və videoyazı, eləcə də ekspert rəyi ilə öz təsdiqini tapır.

18. Məhkəmə hesab etmişdir ki, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçı delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

19. Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilməsini təsdiq edən gömrük bəyannamələri və “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair V.Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Azərbaycan Respublikasına gətirilməsinə dair gömrük bəyannaməsi təqdim edilən digər üç adda əşyalara münasibətdə isə iddiaçının mülkiyyətində həmin adda əşyaların olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğunu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq məhkəmə hesab etmişdir ki, təqdim edilmiş sübutlar sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərlidir.

20. “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilin yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşməsi cinayət işinin başlanmasının rədd edilməsinə barədə qərarla, eləcə də məhkəməyə təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir.

21. Odur ki, iddiaçı avtomobilin, eləcə də printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinə dəymiş zərərin əvəzi olaraq pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Həmin əşyalara dəymiş zərərə görə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi ilə həmin əşyaların orta bazar qiymətlərinin ümumilikdə 20.000 manat (Avtomobil - 10.000 manat; printerlər üçün ehtiyat hissələri (1 ədəd)-3.000 manat, lazer dəzgahına aid lampalar - hər biri 800 manat, cəmi 4.000 manat, Lazer dəzgahları üçün ehtiyat hissələri - 3.000 manat) təşkil etməsi müəyyən edilmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 225.1, 493.1, 509.1, 1096.1, 1097, 1099.1, 1099.2, 1114.2ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2024-cü il 12 mart tarixli Qərarının 3.3 və 3.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsassız mövqeyi onsuzda mübahisəli və çətinləşmiş vəziyyəti daha da çətin bir vəziyyətə gətirib çıxarmışdır ki, məhkəmə onun icarəsində olan təmir sexində başqa şəxslərə aid əmlaka dair ona subyektiv hüquq verməsə də təmir sexində şəxsən ona məxsus olan iş və təmir aparılması üçün zəruri avadanlıqlarına dair subyektiv hüququ olduğu halda həmin hissəni təmin etməmişdir. Belə ki, iş üzrə keçirilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 mart 2024-cü il tarixli, 9/9702 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, əmlakların sıra sayı cədvəldə qeyd olunan şəxsən ona məxsus zəruri avadanlıqlar 8, 21-46 sıra sayları üzrə dəyəri 40080 (qırx min səksən) manat məbləğində şəxsən onun əmlaklarına zərər vurulmuşdur. Məhkəmənin isə bu hissənin təmin etməməsi birbaşa qanunun göstərişinin pozulması qətnamənin qanunsuz və əsassızlığını ortaya qoymuşdur. Mübahisəsiz haldır ki, təmir sexində dəyəri baha ölçülən avadanlıqlar mövcuddursa həmin avadanlıqların təmiri üçün sexdə istifadə olunan şəxsi avadanlıqlar olmalıdır, həmin avadanlıqlar şəxsən ona məxsus olduğundan həmin avadanlıqların məhvi nəticəsində cavabdehdən vurulmuş zərərin tələb hüququ iddiaçıya aiddir. İddianın mahiyyəti isə ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097-ci maddələri təşkil edir ki, qeyd olunan iddia tələbinin qaldarılmasında birbaşa o subyektiv hüquqa malikdir. İşdən göründüyü kimi iddia tələbi üzrə məhkəmə ciddi və mübahisəsiz sübutlar təqdim etsə də məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş ziddiyyətli qətnamə qəbul edərək əsassız və qanunsuz şəkildə iddia tələbinin rədd edilməsinə dair qətnaməni qəbul etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin olunmalı, iş üzrə qanuni və əsaslı yeni qətnamə qəbul olunmalıdır

25. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, Cavabdeh ASC (icarədar) ilə İddiaçı (icarəçi) arasında 5 aprel 2019-cu il tarixdə 58 nömrəli icarə müqaviləsi bağlanmışdır və həmin müqavilənin 4-cü bəndinə əsaasən “İcarəçi” icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır. Məhz bu səbəbdən və iddia tələbi əsaslı olmadığı üçün cavabdehin nümayəndəsi və vəkili olaraq məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. Cavabdeh olaraq mövqeyi ondan ibarətdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidi. Belə ki, məhkəmə araşdırması zamanı əslində yanğın nəticəsində sexdə yerləşən İddiaçı və digər şəxslərə məxsus əmlaklara zərər vurulması müəyyən edilməyib. Mülkiyyət hüququ X9 adına qeydiyyatda olan “Mercedes BenzML 400 Minik” markalı, **- VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə qeyd edilməlidir ki, bu tələblə bağlı iddiaçının subyektiv hüququ olmamaqla yanaşı, iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi Vüsalə Əliyevanın adından iddia qaldırması əsassızdır. Həmçinin məhkəmənin iddia tələbini bu hissədə təmin etməklə yanlış mövqe sərgiləyib. Nəzərə alınsa ki, həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilib, o zaman iddiaçı həmin əmlakın yarısına iddia edə bilərdi. Amma buna baxmayaraq hesab edir ki, müqavilənin 4-cü bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşımühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıdığı üçün tələbin bu hissəsi də əsassızdır. Bundan əlavə İddiaçı sexdə yerləşməsini iddia etdiyi əmlakların heç birinin onun mülkiyyətində olmasını təsdiq edən ilkin sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin İddiaçı tərəfindən AR-yə idxal edilməsini təsdiq edən gömrük bəyannamələri və “Mercedes BenzML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair Vüsalə Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Amma bu o demək deyil ki, həmin əmlaklar orada (yanğın baş verən sexdə) olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1032/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti məhkəmənin bu qənaətinin əsassız olmasına yönəlsə də, qətnamənin qanunsuz və ya əsassız olmasına yönələn dəlillər şikayətdə göstərilməmiş, yalnız ümumi ifadələr göstərilmişdir. Mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə isə qeyd edilməlidir ki, V.Əliyeva iddiaçının arvadı olmaqla mübahisəli avtomobil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlak əksi sübuta yetirilənədək Vüsalə və Faiqin birgə mülkiyyəti hesab edilir. Odur ki, iddiaçı MM-in 493.1-ci maddəsinə uyğun olaraq birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malikdir. MM-nin 225-ci və 493-cü maddələrinə əsasən avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini iddia tələb etmək hüququna malikdir. Cavabdehin şikayətinin müvafiq dəlili əsassızdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçı delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

31. Həmçinin, məhkəmə kollegiyası yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş real maddi zərərin həcminə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə (bax §§ 28-33) razılaşmış və hesab etmişdir ki, qətnamə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 143/2025 saylı 17 aprel 2025-ci il tarixli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 31 oktyabr tarixli 2-2(103)-1032/2024 nömrəli qətnaməsi qismən – printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar və lazer dəzgahları üçün ehtiyat hissələrinə dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

34. Kassasiya instansiyası məhkəməsi mülkiyyət hüququ V.Əliyevanın adına qeydiyyatda olan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı iddiaçının subyektiv hüququnun olmamasına, iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi V.Əliyevanın adından iddia qaldırmasının əsassız olmasına, iddiaçının həmin əmlakın yarısına iddia edə biləcəyinə dair dəlillərlə bağlı aşağı məhkəmələrin mövqeləri ilə razılaşmışdır.

35. Bununla belə, məhkəmə kollegiyası iddiaçıya məxsus olduğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş digər əmlaklara (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar və lazer dəzgahlarına dair ehtiyat hissələri) vurulmuş zərərin əvəzinin ödənilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.

36. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasına gətirilməsinə dair gömrük bəyannaməsi təqdim edilən digər üç adda əşyalara münasibətdə iddiaçının mülkiyyətində həmin adda əşyaların olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğunu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, təqdim edilmiş sübutlar sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərlidir. Apellyasiya instansiyası məhkəməsi həmin məhkəmənin nəticəsi ilə razılaşmışdır.

37. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi bir tərəfdən, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyünü öz qətnaməsində vurğulamış, digər tərəfdən isə, təqdim edilmiş sübutların sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərli olması, iddiaçının həmin əmlaklara dəymiş zərərin əvəzi olaraq pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olması qənaətinə gəlmiş, bununla da əslində bir-birini təkzib edən mövqelər sərgiləmişdir.

38. Belə ki, həmin mübahisəli əmlakın bilavasitə yanğın zamanı yanan ərazidə olması iş materiallarından görünmür.

39. Bu zaman o da nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində müvafiq qeyri-yaşayış sahəsinin ona mebel avadanlıqları dəzgahlarının təmiri və quraşdırılması üçün icarəyə verildiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mübahisəli əmlakın (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələri) iddiaçının təmir sexinin fəaliyyət profili ilə hər hansı əlaqəsinin (uyğunluğunun) olması da əsaslandırılmamışdır.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəmə, ən azından, belə əsaslandırma aparmadan, yalnız dolayı sübutlar əsasında mübahisəli əmlakın zədələnməsi qənaətinə gəlməklə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Bu pozuntular yekunda MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Odur ki, həmin qətnamə müvafiq hissədə dəyişdirilmədən saxlanıla bilməz.

41. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlimişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən sübutlara hüquqi qiymət verərkən qanunun tələblərinə əməl etməli, ziddiyyətlərə yol verməməli, habelə mübahisəli əmlakın (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələri) iddiaçının təmir sexinin fəaliyyət profili ilə hər hansı əlaqəsinin (uyğunluğunun) olub-olmamasını əsaslandırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Ali Məhkəmənin qərarında xüsusi olaraq vurğulanmışdır ki, həmin əşyaların orada olması faktını iddiaçı sübut edə bilmir. Kassasiya şikayətinin dəlillərindən biri də o idi ki, sexdə yanğın təhlükəsizliyindən müqavilə üzrə cavabdeh olan şəxs yanğından sonra bildirir ki, burada konkret əşyalar var idi. İş materiallarından iddiada qeyd edilən əşyaların orada olmaması öz təsdiqini tapır. İddiaçı əmlakın ona aid olduğunu sübut edə bilmir, sadəcə deyir ki, gömrükdən keçmişdir. Sexin fəaliyyəti dəzgah təmirindən ibarət idi. İş materiallarında həm zərərin yaranmasını təsdiq edən sübutlar yoxdur, həm də həmin əşyalara mülkiyyət hüququnu təsdiq edən sübutlar yoxdur. Yanan əşyaların ona məxsus olub-olmadığı məlum deyildir. Apellyasiya şikayəti Ali Məhkəmənin mövqe bildirdiyi hissədə əsaslıdır və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir, çünki baş vermiş yanğın nəticəsində ekspertiza rəyindən və iddiaçının təqdim etdiyi sübutlardan göründüyü kimi həmin əşyaların orada yanması, əşyaların ona məxsus olması və Cavabdeh ASC tərəfindən zərər vurulması faktı öz təsdiqini tapmamışdır. İddiaçı yanğın nəticəsində adına olan-olmayan əşyaların siyahısını yazmış və iddia edir ki, əşyalar ona məxsusdur, lakin bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Yanğından sonra orada olan avadanlıqlara tərəflərindən baxış keçirilmişdir. Gömrük sənədlərinə baxanda görünür ki, sanki müdaxilə edilmişdir, onun mötəbərliyinə dair şübhələri vardır. Müqaviləyə əsasən yanğın təhlükəsizliyinə cavabdeh tərəf qarşı tərəfdir və FHN-nin rəyi vardır, məsuliyyət yarı-yarı olmalıdır. Sistemə daxil edilmiş şəkillər barəsində bildirmişdir ki, ekspertiza tərəfindən çəkilmiş əvvəlki şəkillərlə hazırda sistemə daxil edilmiş şəkillər arasında böyük fərqlər vardır. Həmin şəkilləri istənilən bir yerdə çəkib sistemə əlavə etmək olar. Həmin şəkillərin o sexdə çəkilməsini təsdiq edən sübutlar yoxdur. Avadanlıqların orada olması faktı ekspertiza tərəfindən təkzib edilmişdir. Ali Məhkəmə öz qərarında da bu yanaşma öz əksini tapmışdır. Düşünür ki, həmin şəkillərin sübut kimi nəzərə alınması əsaslı deyildir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək qeyd etmişdir ki, icarəyə götürdüyü Cavabdeh ASC-yə aid olan ərazidə bütün avadanlıqlar, gömrük sənədləri verilmiş ehtiyat hissələri, printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid olan lampalar və lazer dəzgahları üçün ehtiyat hissələrini fevralın 22-si yəni, yanğın olan gündən 10-15 gün ərzində gömrükdən çıxararaq icarəyə götürdüyü sexə gətirmişdir. Bəli, fotoşəkillərdən ehtiyat hissələrini göstərə bilər, tərəfindən elektron sistemə yüklənmişdir. Hansı ki, şəkillərdə İddiaçı yazısı vardır. Printerdən reklam çapı üçün istifadə edirdi. Ona aid olan plazma dəzgahının qiyməti 18.000 manat dəyərindədir. Təyin olunmuş 10.000 manat kompensasiya dəyən zərərin 5 faizidir, 2.800-ə qədər avadanlıq yanmışdır. Yanan avadanlıqlar hal-hazırda da oradadır. Onlarda profil mebel sahəsi deyil, onun profili dəzgah təmiridir. Burada mebel dəzgahları da ola bilər, başqa qeyri-dəzgahlar da ola bilər.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə “printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar və lazer dəzgahları üçün ehtiyat hissələrinə dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

48.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 49.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 50.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

51.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 52.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 53.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 54.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər hazırda apellyasiya baxışının predmeti olan üç adda əşyanın bilavasitə yanğın zamanı yanan ərazidə olub-olmaması müəyyən edilməli; həmin əmlakın (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələri) iddiaçının təmir sexinin fəaliyyət profili ilə əlaqəsinin (uyğunluğunun) araşdırılmalı olmasından ibarətdir.

57. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi üç adda əşyanın printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilməsini təsdiq edən gömrük bəyannamələrinin təqdim edildiyi, həmin əşyaların iddiaçıya məxsus olmasının müəyyən edildiyi, eləcə də yanğın nəticəsində bu əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq təqdim edilmiş sübutların sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərli olduğunu bəyan etmişdir.

58. Məhkəmə kollegiyası mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və bu kateqoriyadan olan işlərdə sübutetmə yükünün hüququ pozulmuş şəxsin üzərində olmasından irəli gələrək, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində ona dəymiş zərərin həcmini təsdiq edən sübutları iddiaçının məhkəməyə təqdim etməli olması ilə razılaşır.

59. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı yuxarıda adı çəkilən əşyaların şəkillərini təqdim edərək, mübahisələndirilən əşyaları 22 fevral tarixində, yəni yanğından 10-15 gün əvvəl gömrükdən çıxararaq Cavabdeh ASC-yə aid olan əraziyə, icarəyə götürdüyü sexə gətirdiyini qeyd etmişdir.

60. İddiaçının istinad etdiyi bu fotoşəkillərdən aydın olur ki, hazırda baxış predmeti olan əşyalar yanğından əvvəl mövcud olub. Həmin əmlakın iddiaçıya məxsus olması halı da işdə olan sənədlərə əsasən müəyyən edilir. Mübahisəli əmlakın istehlak xarakterli əmlak olmadığı nəzərə alınsa, iddiaçının həmin əmlakı sexdən başqa yerdə saxladığı istisna olunur.

61. Belə ki, iddiaçı iddia ərizəsində müvafiq qeyri-yaşayış sahəsinin ona mebel avadanlıqları dəzgahlarının təmiri və quraşdırılması üçün icarəyə verildiyini göstərmişdir. Belə olan halda mübahisəli əmlakın (printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələri) iddiaçının təmir sexinin fəaliyyət profili ilə əlaqəliliyi müəyyən olunur.

62. Belə ki, lazer avadanlığı mebel təmiri və bərpasında taxta səthlərin dəqiq kəsilməsi, oyma, təmizlənməsi və s. üçün geniş istifadə olunur; ağacdan olan köhnə örtüklərin çıxarılmasına və onun teksturasının bərpasına imkan verir. Bu texnologiya müasir mebel istehsalı və bərpasında istifadə olunur. O cümlədən printerlərin mebel təmiri və istehsalında istifadə olunması (müxtəlif mebel səthlərində şəkillərin çapı üçün geniş formatlı şırnaqlı printerlər, 3D printerlər və s.) mümkündür. Ümumiyyətlə dəzgahların təmiri və quraşdırılması sexində istənilən avadanlığın mövcud olması ehtimalı yüksəkdir.

63. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyü nəzərə alınmalı, məhv olmuş əmlakın yanğın zamanı ərazidə mövcud olduğunu təsdiq etmək üçün dolayı sübutlardan (qiymətləndirmə rəyi, yanğından əvvəl çəkilmiş fotoşəkillər, şahid ifadələri, mühasibat hesabatları, alqı-satqı müqavilələri, inventar hesabatları və s.) istifadə etmək imkanı iddiaçıya tanınmalıdır.

64. Bu səbəbdən kollegiya üç adda əşyanın iddiaçıya məxsus olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğunu nəzərə alaraq, təqdim edilmiş sübutların iddiaçıya məxsus əmlakın yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş zərərin birinci instansiya məhkəməsinin göstərdiyi məbləğdə olmasının müəyyən edilməsi üçün yetərli olması qənaətinə gəlir.

65. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya baxışı zamanı məhkəmə birinci instansiya məhkəməsi (apellyasiyanının baxış predmetinə aid hissədə) işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

66. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

67. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti beş min manat olmaqla on min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-235/2024 saylı 7 avqust 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar