Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-676/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 254.155,07 ABŞ dolları əsas borc, 26.235,72 ABŞ dolları faiz, illik 5 faizlə hesabalnmış 6.071,48 ABŞ dolları, cəmi 286.462,27 ABŞ dolları məbləğdə pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-yə məxsus 0.05733 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 669,3 kv.m. olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 253.443,66 ABŞ dolları əsas borc, 14.777,43 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 5.948,89 ABŞ dolları faiz borcu, cəmi 274.169,98 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti 1.170.000 manat olan Cavabdeh3 MMCyə məxsus ümumi sahəsi 669,3 kv.m. olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğdə xərcin 6,45 manatının iddiaçıdan, 143,55 manatının isə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh3 MMC ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində də apellyasiya şikayətində hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamışdır. Belə ki, apellyasiya şikayətində “... qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi və ya baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edəsiz” məzmunda xahiş əks olunmuşdur. Göründüyü kimi, cavabdeh MMC qanunvericiliyin tələblərinə zidd olaraq mübahisənin həlli ilə bağlı tələblərini dəqiq bildirməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli iş üzrə 09 fevral 2022ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-676/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-676/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver