Məhkəmə qərarları › İş №2-2(103)-677/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-677/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-677/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-429/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı BOKT MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tariхli, 12/07 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən BOKT İddiaçı MMC borcalan Cavabdeh MMC-yə 236.383 AZN məbləğində 3 ay müddətinə kredit vermişdir.

2. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12/07 kredit müqaviləsinin restrukturizasiyası barədə 1 nömrəli Əlavəyə əsasən qeyd oluna kredit müqaviləsi üzrə 14 fevral 2023-cü il tarixə mövcud olan 236.383 AZN qalıq borc bu əlavə ilə restrukturizasiya olunaraq müddəti 58 ay müddətinə uzadılmışdır.

3. Əlavənin 1.2-ci bəndinə əsasən kreditin ödəmə müddəti 14 dekabr 2027-ci il tarixinə qədər müəyyənləşdirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı BOKT MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc üzrə 236.383 manat, faiz borcu 32.968,55 manat və hesablanmış cərimə borcu 21.285,25 manat olmaqla, cəmi 290.636,80 manat məbləğində borcun və ödənilmiş 580,70 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Bokt” MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-429/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 236.383 (iki yüz otuz altı min üç yüz səksən üç) manat, faiz borcu üzrə 32.968 (otuz iki min doqquz yüz altmış səkkiz) manat, 55 (əlli beş) qəpik, cərimə borcu üzrə 11.500 (on bir min beş yüz) manat olmaqla, cəmi 280.851 (iki yüz səksən min səkkiz yüz əlli bir) manat, 55 (əlli beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 (beş yüz yetmiş) manat, 85 (səksən beş) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini, məhkəməmühasibatlıq ekspertizasının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-429/2025 nömrəli qətnaməsinin qismən,cərimənin məbləğinə münasibətdə dəyişdirilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi cavabdeh uzun zamandır ödəniş edə bilmir, onun maliyyə vəziyyəti qeyri sabit və təhlükəlidir. Məhz buna görədir ki, cavabdeh nəinki faiz borcunu, habelə əsas borcdan heç bir vəsait ödəyə bilməmişdir. İndiki halda fazi məbləğinin üçdə biri həddində dəbbə pulu, cərimə müəyyən edilməsi mülki qanunvericiliyin tələbləri baxımından əsassız hesab edilməlidir. Məhkəmə işin hallarına, yəni cavabdehin maliyyə vəziyyətinə düzgün qiymət vermiş olsa idi, cərimə məbləğini ya tam rədd etməli, ya da cüzi miqdarda təmin etməli idi. Lakin məhkəmə buna yol verməməklə prosessual tələbi pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

14. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı cərimə borcu hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.

20. İddiaçı BOKT MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tariхli, 12/07 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən BOKT İddiaçı MMC borcalan Cavabdeh MMC-yə 236.383 AZN məbləğində 3 ay müddətinə kredit vermişdir.

21. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12/07 kredit müqaviləsinin restrukturizasiyası barədə 1 nömrəli Əlavəyə əsasən qeyd olunan kredit müqaviləsi üzrə 14 fevral 2023-cü il tarixə mövcud olan 236.383 AZN qalıq borc bu əlavə ilə restrukturizasiya olunaraq müddəti 58 ay müddətinə uzadılmışdır.

22. Əlavənin 1.2-ci bəndinə əsasən kreditin ödəmə müddəti 14 dekabr 2027-ci il tarixinə qədər müəyyənləşdirilmişdir.

23. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu əsas borc üzrə 236.383 manat, faiz borcu üzrə 32.968,55 manat təşkil edir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025- ci il tarixli rəyə əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) İddiaçı BOKT MMC-yə olan əsas borcu 236.383 manat, faiz borcu 33.165,53 manat müəyyən olunmuşdur.

25. Apellyator tərəfindən yalnız cərimə borcunun məbləği mübahisələndirilmişdir.

26. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır

27. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 21.285,25 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cavabdehin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq 11.500 manat müəyyən etmişdir. Apellyator maddi vəziyyətinin qeyri-sabit olduğuna istinad etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən hazırki halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-429/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar