Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-678/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh firmasının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1587/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 01.12.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11.957,57 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.447,07 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 227,13 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 21.000 manat dəyərdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin 01.12.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11.957,57 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.447,07 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 227,13 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış 21.000 manat dəyərində olan əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 10 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində heç bir faktiki dəlil göstərilməmiş, şikayətdə işin təsviri verilərək, mülki prosessual qanunvericiliyin normaları sadalanmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, baxmayaraq ki, apellyasiya şikayətində heç bir faktiki dəlilə istinad olunmamışdır, şikayətlə qətnamənin tam ləğvi xahiş olunduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını bütövlükdə yoxlayır (MPM-in 372.6-cı maddəsi). Belə bir yoxlama aparıldıqda isə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassızdır. Belə ki, işdə olan, Vergi borcunun ödənilməsinə dair 23.11.2020-ci il tarixli **********7 nömrəli bildirişdən müəyyən edilir ki, cavabdehin 23.11.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 114.688,84 manat borcunun olması bildirilərək, göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçının 30.11.2020-ci il tarixli **********7 nömrəli dondurulmalı sərəncamı ilə cavabdehin bankdakı hesabına 121.151,08 manat məbləğdə dondurulmalı sərəncam qoyulmuşdur. İddiaçının Əmlakın siyahıya alınması haqqında 01.12.2020-ci il tarixli **********3 nömrəli qərarı ilə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında 02.12.2020-ci il tarixli **********3 nömrəli protokola görə, iddiaçının Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarına əsasən cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 21.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 02.12.2020-ci il tarixli aktla cavabdehə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 22.12.2020-ci il tarixli **********693000 nömrəli xəbərdarlığa əasasən, cavabdeh əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur; 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiya Məhkəməsi həmin Qərarında, həmçinin, qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək vəzifəsini yerinə yetirməyən cavabdehin vergi borcunun onun əmlakına yönəldilərək, əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1587/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh firmasının apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-678/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-678/2021
02.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver