Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-679/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3090 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19863,89 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 651,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3090 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2-2(113)-1208/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən dövlət büdcəsinə olan borcun müəyyən hissəsi ödənilmişdir. Lakin məhkəmə bunu nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh ASC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 20.11.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 20.11.2020-ci il tarixə yaranan borcuna görə 3090 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 23.11.2020-ci il tarixli, **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 20.11.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3090 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19863,89 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 651,37 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh ASC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 20.11.2020-ci il tarixli **********6 nömrəli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh ASC-yə məxsus 3090 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 23.11.2020-ci il tarixli **********6 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3090 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, Vergilər Nazirliyinin elektron sistemindən çıxarılmış Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, hazırkı iddia ərizəsində qeyd olunan tarixə, yəni 20.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 3090 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19863,89 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 651,37 manat məbləğində borc mövcud olmuşdur. Cavabdeh isə həmin borcun müəyyən hissəsinin ödənildiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Xəyalə Cəmilova Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-679/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-679/2021
06.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver