Məhkəmə qərarları › İş №2-2(103)-68/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-68/2022

12.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-68/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2335/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə (keçmiş adı “X3” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” MMC-dən 11.437,50 (on bir min dörd yüz otuz yeddi, 50) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli e-2-2(113)-2335/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsi ilə İddiaçı ASCnin cavabdehlər X6 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın qismən təmin edilməsi; cavabdehlər İ.A.Şiriyev və A.R.Şiriyevdən müştərək qaydada 27.06.2014-cü il tarixli 119842-1-11437/1 saylı kredit müqaviləsi üzrə 03.08.2016-cı il tarixə ödənilməmiş 101.669,54 ABŞ dolları məbləğində əsas borc, 12.860,24 ABŞ dolları məbləğində faiz borcu, 26 ABŞ dolları məbləğində cərimə, cəmi 114.555,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58,80 manat məhkəmə xərclərinin Bankın xeyrinə tutulması; tutmanın ipoteka qoyulmuş cavabdeh A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 305.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşaldılması; Bank ilə İ.A.Şiriyev arasında bağlanmış 27.06.2014-cü il tarixli 119842-1-11437 saylı Baş kredit razılaşması və 27.06.2014-cü il tarixli 119842-1-11437/1 saylı kredit müqaviləsinin ləğv edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 27.10.2017-ci il tarixli 17/72-295628-17/12-31253 saylı sifariş məktubuna əsasən A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evi hərrac təşkilatçısı “X3” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “X3” MMC-nin 02 mart 2018-ci il tarixli 29/1 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evi ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “X3” MMC-nin 01 mart 2018-ci il tarixli 63 saylı hesab-fakturasında A.R.Şiriyevə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar 9.692,80 manat məbləğində xidmət haqqı və 1.744,70 manat məbləğində vergi ödənişinin (18 % ƏDV), cəmi 11.437,50 manat məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. 12 mart 2018-ci il tarixli ********* saylı və 12 mart 2018-ci il tarixli ********* saylı ödəniş tapşırıqları ilə həmin xərclər İddiaçı ASC tərəfindən X1 hesabına ödənilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(103)11976/2019 saylı qətnaməsi ilə cavabdeh İ.A.Şiriyev tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21 yanvar 2020-ci il tarixli 2(102)-0169/2020 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 oktyabr 2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsinin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli 2(103)- 11976/2019 saylı qərardadı ilə qətnamənin icrasına dönüş edilməsi ilə bağlı cavabdeh İ.A.Şiriyev tərəfindən verilmiş ərizənin təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(004)-471/2017 saylı qətnaməsinin icrasına dönüş edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m. yaşayış, 58,6 kv.m. köməkçi sahədən ibarət 4A nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək A.R.Şiriyevin mülkiyyətinə qaytarılması qərara alınmışdır. Bundan sonra həmin əmlak üzrə digər hərrac təşkilatı tərəfindən yenidən hərrac keçirilmişdir. İddiaçı bildirir ki, “X3” MMC-nin 01 mart 2018-ci il tarixli 63 saylı hesab-fakturasına əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 9.692,80 manat məbləğində xidmət haqqı və 1.744,70 manat məbləğində vergi ödənişinin, cəmi 11.437,50 manat məbləğində pulun qaytarılması ilə əlaqədar hərrac təşkilatçısı “X3” MMC-yə dəfələrlə müraciətlər olunsa da, bankın vəsaiti geri qaytarılmamışdır. Bank tərəfindən iki dəfə hərrac xərci ödənilmişdir. Bunun nəticəsində cavabdeh əsassız varlanmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “X3” MMC xidmət göstərmiş və əvəzində pul vəsaiti hesaba köçürülmüşdür. Burada heç bir əsassız varlanma olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələblərinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386-cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə cavabdehdən ödəniş kimi və ya Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin pozulması nəticəsində zərər kimi pul vəsaiti tələb etməsi əsassızdır. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı halları müəyyən edilməlidir: iddiaçıya məxsus pul vəsaiti hüquqi əsas olmadan cavabdeh tərəfindən götürülmüş və ya onda qalmış, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin hazırki işdə qeyd olunan hallar mövcud deyildir. Belə ki, işin mübahisəsiz hallarından da görünür ki, “X3” MMC qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş sifariş əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq hərracı təşkil etmiş və hərrac baş tutmadığından ipoteka predmeti bank tərəfindən qəbul edilmişdir. Həmin hərracın keçirilməsi ilə bağlı xidmət haqqı da bank tərəfindən ödənilmişdir. Belə olan halda əsassız varlanma qaydasında hərracın keçirilməsi ilə bağlı ödənilən xidmət haqqının hərrac təşkilatından geri tələb edilməsi əsassızdır. Həmçinin kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Bundan başqa kollegiya qeyd edir ki, hazırki işdə Mülki Məcəllənin 11.1-ci maddəsi tətbiq edilərək qanunun analogiyası üzrə qətnamənin icrasına dönüş edilməsinə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edildiyi halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi həmin maddədə əqd üzrə tərəflərin aldıqlarının hamısını digər tərəfə qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur. Hazırki işdə isə bu hal mövcud deyil. Çünki cavabdeh ləğv olunmuş hərracda bağlanan əqd üzrə tərəf olmamış, o hərracın təşkilatçısı olmuş və yuxarıda qeyd edildiyi kimi göstərdiyi xidmətə görə haqq almışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2335/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar