Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-680/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “5 faiz kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-471/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 1850,53 manat məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 350 manat xidmət haqqı və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-471/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı işdə birinci instansiya məhkəməsi, cavabdeh tərəfindən edilmiş qismən ödənişləri nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməməsi iddiasını irəli sürmüşdür. Halbuki, apellyasiya şikayətinin 6-cı bölməsində Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla göstərilən dəlillərdən də aydın görünür ki, öhdəliyin icrasının gecikdirilməsinə görə bunun nəticəsində vurulan zərər üçün iddiaçının illik 5 faiz tələb etmək hüququna əsas verən halların olmaması sübuta yetirilməmişdir. Apellyasiya şikayətinin 6-cı bölməsində qeyd edilən dəlillərdən də göründüyü kimi, məhkəmə, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları – kredit müqaviləsi üzrə borclu şəxsin həmin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyinə dair kifayət qədər sübutlar olduğu halda, gəldiyi nəticə üçün həmin faktiki halları araşdırmamış, onlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinin 6-cı bölməsinin dəlillərindən də göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsində iddianın təmin edilməyən hissələrinə münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da həmin qətnamənin həmin hissələrdə qanuni və əsaslı olmadığını, nəticə etibarı ilə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermədiyini təsdiq edir. Bundan əlavə, şikayətin həmin bölməsində istinad edilən dəlillərdən də göründüyü kimi, məhkəmə, mübahisəni maddi hüquq normasının tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin də hüquqi mövqeyini düzgün nəzərə almadan, yəni, tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan tərzdə həll etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələblərinin pozulmasıdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
12. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
13. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
14. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
15. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
16. Həmin Məcəllənin 445.6-cı maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
18. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
19. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 aprel 2012-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlətlə kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür. Kreditin məbləği 70000 manat təşkil edir. Kredit borcalana 18 ay müddətinə və istifadəsinə görə illik 18 faiz dərəcəsi ödəmək şərti ilə verilir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin 18 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair maliyyə arayışından görünür ki, əsas borcdan qalan 42224 manat ödənilməsinin 3019 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 16773,66 manat təşkil edir.
23. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(006)-81/2016 saylı qətnaməsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “X1 Azərbaycan” QSC-nin xeyrinə 42224 manat əsas, 2951,46 manat faiz, 287,04 manat cərimə, 07,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 45470 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(006)-81/2016 saylı icra vərəqəsi xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclulara xx.xx.2021-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş ünvanlanmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclulara xx.xx.2022-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş ünvanlanmışdır. Tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. Borclu Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə yazılı izahat verərək, icra sənədinin maddi imkanı olmadığı üçün icra edə bilmədiyini göstərmiş, borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir.
25. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin inkasso sərəncamları əsasında xx.xx.2023cü il tarixdən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılır.
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.”
27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Bundan əlavə, materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh2 təqdim edilmiş (icra işində bildirişin digər borclulara təqdim edilməsi ilə bağlı sənəd aşkar edilməmişdir), həmin tarixdən etibarən cavabdehlər tərəfindən qismən ödənişlər edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlərdən gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsası Mülki Məcəllənin 445ci maddəsi təşkil edir. İddiaçı cavabdeh tərəfdən icranı gecikdirməsini sübut etməli idi. İşin müyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılır. Tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. İş materialları ilə borclunun təqsiri üzündən borcun gecikdirilməsi müəyyən edilməmişdir.
29. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-471/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.