Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-681/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin qaz sayğacının qüsurlu olmasına görə cavabdehin hesabına dəyişdirilməsi və kart (abunə kodu) üzrə yaranmış qaz sərfiyyatının silinməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda fəaliyyət göstərən Klinikaya daxil olan GPG18720011 nömrəli qaz sayğacının qüsurlu olmasına görə cavabdehin hesabına dəyişdirilməsi, A966EFD517010000 nömrəli kart (abunə kodu) üzrə yaranmış 3.587 kub.m. qaz sərfiyyatının (897 manat) silinməsi, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 30 manat və mediasiya təşkilatına ödənilmiş 50 manat, ümumillikdə 80 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 2022-ci il fevral ayında hesablanmış 797 manat məbləğdə borcun silinməsi, çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 25 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən təmin edilən hissədə ləğv edilərək, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, işin hallarından göründüyü kimi, cavabdeh nə sayğaca müdaxilə, nə də ki, qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, cavabdeh təşkilat iddiaçıya vurulmuş zərərin əvəzi olaraq əlavə borc hesablamışdır. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan göründüyü kimi, hesablanmış 797 manat məbləğdə borc iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. Qətnamədə qeyd edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla sayğacın sərfiyyatı düzgün qeydə almaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Mübahisələndirilən borc məbləği qaz sayğacına müdaxilə və ya hər hansı qanunsuz istifadə nəticəsində hesablanmamışdır ki, iddiaçının təqsirini cavabdeh sübut etməli olsun. İş materiallarından da göründüyü kimi, məhkəmə sayğaca müdaxilə və dəymiş zərərin hesablanması kimi ifadələrdən istifadə etsə də, belə bir hal mövcud deyil. Smart tipli qaz sayğacı əvvəlcədən ödəniş etməklə təbii qazdan istifadə edilməsi üçün nəzərdə tutulmuşdur, lakin istehlakçılar tərəfindən əvvəlcədən ödəniş etmədən də təbii qazdan həmin sayğac vasitəsilə istifadə mümkündür. Bu zaman qaz sayğacı sərf edilən qazın dəyərini mənfi rejimdə hesablayır və istehlakçı sonradan həmin qazın dəyərini ödəmək imkanına malikdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu hala ötəri yanaşaraq, nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə ləğv edilərək, həmin hissədə də iddianın rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdə olan, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktla iddiaçıya məxsus klinikada quraşdırılmış İtron tipli G-6 markalı 1805AZ**********11 nömrəli qaz sayğacı “dəyəri ödənməmiş qaz sərfi” olması səbəbi ilə çıxarılmış, əvəzinə Elster tipli G-6 markalı 28024982 nömrəli olan qaz sayğacı quraşdırılmışdır. Aktda sayğac tərəfindən qeydə alınmamış qaz sərfinin 3.187 kub.m. olması qeyd edilmişdir. Abonent saldosuna görə, **********00091 abonent kodlu iddiaçıya 2022-ci ilin mart ayında ödəniş qrafasında -797 manat qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli 469 nömrəli hesab-fakturadan görünür ki, iddiaçı tərəfindən axırıncı ödəniş xx.xx.2022-ci il olmaqla - 797 manat olmuş və iddiaçının xx.xx.2022-ci il tarixə borc məbləği 1.624,25 manat təşkil edir. Hesabdan çıxarışa əsasən iddiaçıya 2022-ci ilin fevral ayına 797 manat məbləğdə borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir; 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, 2022ci ilin fevral ayında cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan smartkart tipli qaz sayğacının əvvəlcədən ödəniş etmədən təbii qazdan istifadə etdiyi, sayğacın qazın dəyərini mənfi rejimdə hesabladığı, əvvəlcədən ödəniş edilmədən istifadə edilən təbii qazın dəyərinin sayğacın elektron yaddaşında 797 manat məbləğdə qeyd olunduğu aşkar edilmiş, həmin məbləğdə istehlak edilmiş, lakin haqqı ödənilməmiş təbii qaza görə borc iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, mübahisəli borc iddiaçıya cavabdeh tərəfindən nə sayğaca müdaxilə, nə də ki, qanunsuz istifadə halı ilə bağlı hesablanmışdır. Belə ki, smart-kart tipli qaz sayğacı əvvəlcədən ödəniş etməklə təbii qazdan istifadə edilməsi üçün nəzərdə tutulsa da, istehlakçılar tərəfindən əvvəlcədən ödəniş edilmədən də təbii qazdan həmin sayğac vasitəsilə istifadə mümkündür. Bu zaman qaz sayğacı sərf edilən qazın dəyərini mənfi rejimdə hesablayır və istehlakçı sonradan həmin qazın dəyərini ödəmək imkanına malik olur. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi mövqe ilə razılaşmır və hesab edir ki, cavabdehin hərəkətləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsirinə düşmədiyindən, sonuncunun apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia qismən təmin edilən hissədə gəldiyi nəticə qanuni və və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan - “İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2022-ci il fevral ayında hesablanmış 797 manat məbləğində borc silinsin. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilsin.” hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia rədd edilsin. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-681/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-681/2022
15.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver