Məhkəmə qərarları › İş №2-2(103)-686/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-686/2021

16.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-686/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 489/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadından (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh Cavabdeh 10.06.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 594.560 manat, DSMF-yə ödənilməmiş 331.572,29 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 6.128,71 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 596.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, e-2-2(113)-489/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-489/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, e-2-2(113)- 489/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-489/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda apelyasiya şikayətinin geri qaytarma səbəbi kimi şikayət verən şəxsin və şikayət verilən məhkəmənin ünvanının qeyd edilməməsi göstərilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, apelyasiya şikayətini müəssisə asan imza vasitəsilə elektron məhkəmə portalına göndərmişdir. Elektron məhkəmə sistemində şikayət verilən məhkəmənin adı və ünvanı onlayn sistemdə avtomatik seçildiyinnən onların ayrıca apelyasiya şikayətinin mətn hissəsində göstərilməsinə heç bir zərurət yoxdur. Eyni zamanda müəssisənin asan imzası şikayət verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və işdə prosessual vəziyyəti barədə məlumatları tam əhatə etdiyindən və asan imza ilə bu məlumatların elektron sistemli bağlantısı olduğundan, eyni zamanda dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surəti elektron qaydada təqdim edildiyindən cavabdeh qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-489/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması 16.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-489/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin apelyasiya şikayətini o əsasla qaytarmışdır ki, apelyasiya şikayətində şikayət verən şəxsin və şikayət verilən məhkəmənin ünvanı qeyd edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, məhkəmənin bu mövqeyi düzgün olmamışdır. MPM-nin 363-cü maddəsində apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması əsasları konkret sadalanmışdır. Şikayət verilən məhkəmənin ünvanının apelyasiya şikayətində qeyd edilməməsi prosessual qanunvericilikdə şikayətin qaytarılma əsası kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə sənəd göndərildiyi halda sənədin göndərildiyi məhkəmə elektron qaydada seçildiyindən apelyasiya şikayətinin mətnində məhkəmənin ünvanının qeyd edilməsinə zərurət yoxdur. MPM-nin 363.1.1-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırkı halda apelyasiya şikayəti cavabdehin qanuni təmsilçisi tərəfindən elektron imza ilə imzalandığından elektron kabinet vasitəsilə göndərilmiş sənədin sonunda sənədi imzalamış şəxsin adı qeyd edilməsə də, sistemdə sənədi elektron imza ilə imzalayan şəxsin adı, soyadı və ata adı qeyd edildiyi üçün birinci instansiya məhkəməsi formal əsasla şikayəti geri qaytarmağa haqlı olmamışdır. Belə ki, ““Elektron imza və elektron sənəd” haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4-cü maddəsinə əsasən elektron imza dedikdə digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-489/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-489/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar