Məhkəmə qərarları › İş №2-2(103)-686/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-686/2023

14.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-686/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “icarə haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4417/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli P01/93 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, bununla "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini İddiaçı icarəyə verməyi, İddiaçı isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür.

2. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərkən Cavabdeh ASC-nin bankomatı orada olmuşdur. Həmin bankomat 2020-ci ildə bank tərəfindən götürülmüşdür. İddiaçı hazırda həmin bankomatın tutduğu sahəyə görə icarə haqqı və istifadə etdiyi elektrik enerjisinə görə haqqın ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh ASC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6993,41 manat məbləğində zərərə görə və 100 manat dövlət rüsumu pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-yə məxsus 133 saylı bankomat iddiaçının xx.xx.2016-cı ildən icarəyə götürdüyü Ağa Neymətulla 23-də yerləşir. İddiaçı obyektdə yerləşən bankomatın icarə haqqının ödənilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir cavab almamışdır. Son şifahi müraciətdə xx.xx.2020-ci il tarixində 133 saylı bankomatın obyektdə yerləşməsinə görə indiyə qədər iddiaçının hesabına ödənilmiş icarə haqqı və elektrik enerjisi sərfiyyatına gönə ödənilmiş pul tələb edilmişdir. Nəticədə indiyə qədər 6630 manat icarə haqqı və obyekt götürülən günə kimi 363,41 manat işıq pulu borcu, ümumilikdə 6993,41 manat borc hesablanmışdır.

5. Cavabdeh ASC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini aşağıdakı səbəblərə görə əsassız hesab edirlər. İddiaçı ilə bank arasında heç bir müqavilə münasibəti olmamışdır. Bank tərəfindən iddiaçıya qarşı heç bir ziyan vurulmamışdır. Əlavə edilmiş müqavilədən aydın olur ki, İddiaçı ilə "xxxx" MMC arasında icarə müqaviləsi imzalanmışdır. Əgər İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış müqavilə ilə bağlı hər hansı mübahisə mövcuddursa (istifadəyə verilmiş obyektin sahəsi, icarə haqqı, kommunal xərclər və s. barədə) iddiaçı tələbini müqavilə üzrə digər tərəfə qarşı irəli sürməlidir. Hal-hazırkı iş üzrə Cavabdeh ASC əsl olmayan tərəfdir. Belə olan halda isə banka qarşı irəli sürülmüş iddia təmin edilməməlidir. Bundan başqa iddiaçı banka qarşı irəli sürdüyü tələbini təsdiq edən heç bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının tələbinin əsasını özünün riyazi hesablamaları və şəxsi fikirləri təşkil edir. Hazırda iddiaçı öz riyazi hesablamalarını və şəxsi fikirlərini əsas götürərək bankın iddiaçıya zərər vurduğunu və borclu olduğunu bildirir. Bundan başqa iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 699.1-ci maddəsinə istinad etmişdir. Qeyd edilməlidir ki, müvafiq norma obyektin mülkiyyətçisinin dəyişməsi zamanı yaranan münasibətləri tənzimləyir. İddiaçı isə bu normaya istinad etməklə özünü mülkiyyətçinin yerinə qoymuşdur. Halbuki, obyektin mülkiyyətçisi "xxxx" MMC-dir. Belə olan təqdirdə Mülki Məcəllənin yuxarıda qeyd edilən norması iddianın hüquqi əsası kimi qəbul edilə bilməz.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4417/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-4417/2022 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh ASCdən 6993,41 manat məbləğində zərərə görə və 100 manat dövlət rüsumu pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-yə məxsus 133 saylı bankomat onun xx.xx.2016-cı ildən icarəyə götürdüyü Ağa Neymətulla 23-də yerləşən obyektində yerləşirdi. Bu günə kimi dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir cavab almamışdır. Son şifahi müraciətindən sonra xx.xx.2020-ci il tarixində 133 saylı bankomat icarə götürdüyü obyektdən çıxarıldı. Səbəb onun bu günə kimi ödədiyi icarə haqqı və elektrik enerjisinin öz vəsaiti hesabına ödədiyi məbləği tələb etməyi olub. Nəticədə 51 ay 50 manat ödədiyi işıq pulunu və 80 manat icarə pulunu (4 m2 x 20 manat = 80 manat), obyekti götürdüyü günə kimi 363.41 işıq pulu borcunu, ümumilikdə 6993.41 manat borcu yaranmışdır. Məhkəmə qeyd olunanları, həmçinin İddiaçı ilə Cavabdeh ASC arasında bankomatın istifadəsi ilə bağlı müqavilənin olmadığını, eyni zamanda İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məhz icarəçisi olduğunu nəzərə alaraq, hesab edir ki, “İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” ilə bağlı iddiası rədd edilməlidir” qənaətinə gəlib. Qətnamə əassızdır, çünki dəfələrlə Cavabdeh ASC-yə və PMD Group-a müraciət etməyinə baxmayaraq heç bir müsbət nəticə əldə etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

20. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli P01/93 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, bununla "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini İddiaçı icarəyə verməyi, İddiaçı isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür.

21. Müqavilənin 3.3-cü maddəsinə əsasən İddiaçı icarəyə verilən əmlakda icarə müddəti ərzində istifadə etdiyi su, kanalizasiya, qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi öhdəliyini daşıyacaq.

22. Göründüyü kimi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli P01/93 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı icarəyə verilərkən Cavabdeh ASC-yə məxsus bankomat orada olmuş bankomatın orada olması ilə bağlı etiraz etməmiş, icarə müqaviləsinin 3.3-cü maddəsinə əsasən icarə müddəti ərzində bütün kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür

23. Həmçinin, iddiaçı irəli sürdüyü tələbini və ödənilməsini xahiş etdiyi məbləği təsdiq edən hər hansı bir mötəbər sənədi və ya sübutu məhkəməyə təqdim edə bilməmişdir.

24. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

25. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4417/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar