Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-686/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, əsas və faiz borcunun düzgün hesablanmaması, ipotekanın qiyməti, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə LPO İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin və Cavabdeh1 MMC-nin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (kredit alan) arasında 06 iyun 2016-cı il tarixdə 131/KTN nömrəli kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.2-ci bəndinə görə, İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə illik 7% olmaqla, 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 200 000 manat məbləğində kredit verilmişdir. Həmin bəndin 3-cü yarımbəndinə əsasən, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada, krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.
3. Müqavilənin 2.1-ci bəndinə görə, kredit məbləği borcalanın “Bərdə rayonu, Əmirli kəndində qoyunçuluq və südlük istiqamətində heyvandarlığın inkişafı” yönümlü investisiya layihəsinə əsasən mal qaranın alınması məqsədi üçün nəzərdə tutulmuşdur.
4. Müqavilənin 3.1-ci bəndinə görə, müqavilə üzrə verilmiş kreditin qaytarılması tərəflər arasında X2 məxsus ünvan 1ində yerləşən 0,2211558 ha torpaq sahəsi və Cavabdeh2 məxsus ünvan 1i ərazisində yerləşən 0,1065532 ha torpaq sahəsi ilə təmin olunur.
5. Müqavilənin 5.4-cü bəndinə görə, gecikdirilmiş borc yarandıqda borcalan borcverənə gecikdirilmiş hər gün üçün icra edilməmiş öhdəliyin 0,25 % miqdarında dəbbə (penya) pulu ödəyir.
6. Bank tərəfindən təqdim edilmiş 15 fevral 2024-cü il tarixli **********151 nömrəli arayışa əsasən, bank ilə kredit alan arasında bağlanmış 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsinə görə cavabdehin 10 yanvar 2024-cü il tarixinə 142 737,58 manat borcu mövcuddur.
7. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 06 iyun 2016-cı il tarixli 131/KTN-1 nömrəli ipoteka müqaviləsinə görə, borcalan Cavabdeh1 MMC-nin bank qarşısında 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.
8. Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü olunması Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. “LPO İddiaçı ASC-nin (iddiaçı) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cəmi 142 737,58 (bir yüz qırx iki min yeddi yüz otuz yeddi manat, 58 qəpik ) manat borc olmaqla – 87 912,55 (səksən yeddi min doqquz yüz on iki manat 55 qəpik ) manat əsas, 43 420,82 (qırx üç min dörd yüz iyirmi manat 82 qəpik) manat faiz borcu, 11 404,21 (on bir min dörd yüz dörd manat 21 qəpik) gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%), 433 (dörd yüz otuz üç) manat dövlət rüsumunun cavabdehdən tutulub ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyd-şərtsiz icra etmək borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********972 saylı 08 fevral 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 10 yanvar 2024-cü il tarixə "xxxx" MMC-nin kredit üzrə cəmi borcu 142 737,58 (bir yüz qırx iki min yeddi yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat təşkil edir. Bundan 87 912,55 (səksən yeddi min doqquz yüz on iki manat əlli beş qəpik) manat əsas, 43 420,82 (qırx üç min dörd yüz iyirmi manat səksən iki qəpik) manat faiz borcu, 11 404,21 (on bir min dörd yüz dörd manat iyirmi bir qəpik) manat 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcudur.
11. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin artırılması barədə” ərizə təqdim etmiş, Cavabdeh1 MMC-dən cəmi 142 737,58 (bir yüz qırx iki min yeddi yüz otuz yeddi manat, 58 qəpik) manatın - 87 912,55 (səksən yeddi min doqquz yüz on iki manat, 55 qəpik) manat əsas, 43 420,82 (qırx üç min dörd yüz iyirmi manat, 82 qəpik) manat faiz borcu, 11 404,21 (on bir min dörd yüz dörd manat 21 qəpik) manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 (cavabdeh) mülkiyyətində olan ünvan 1ində yerləşən 0.1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 433 (dörd yüz otuz üç) manat dövlət rüsumunun və “ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə” ərizə üçün ödənilmiş ümumilikdə 87 (səksən yeddi) manat rüsumun Cavabdeh1 MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb edilən məbləğ kredit müqaviləsindən irəli gəlir. İddianın predmetindən müəyyən olunur ki: 1. İddia tələbi 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsi ilə bağlıdır. 2. Həmin kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və 06 iyun 2021-ci ilə qədər qüvvədə olmuşdur.
3. Cavabdeh1 MMC tərəfindən sonuncu ödəniş xx.xx.2020-ci il tarixində 5444 manat məbləğində olmuşdur. 4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciə etmişdir. Mülki Məcəllənin 372.1-ci madəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 745.4-cü maddəsinə əsasən: Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Göründüyü kimi iddiaçı 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsindən yaranan iddia tələbi ilə 06 iyun 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir ki, bu da iddia müddətinin ötürülməsini təsdiqləyir, belə ki, sözügedən mübahisə üzrə iddia müddəti 1 il olmaqla 06 iyun 2022-ci il tarixində bitmişdir. Belə olan halda iddiaçı 06 iyun 2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini 3 il ötürmüşdür.
14. Birinci instansiya məhkəməsinin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli rəydə göstərilmişdir ki, 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin 06 iyun 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 89 001,72 manat, faiz borcu 7718,43 manat, 10 yanvar 2024-cü il tarixə əsas borcu 89 001,72 manat, faiz borcu 7718,43 manat, illik 5% hesablanmış faiz borcu 11 545,50 manat təşkil edir
15. Məhkəmənin sifarişi əsasında əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC-nin 24 fevral 2025-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1i ünvanında yerləşən Cavabdeh2 məxsus torpaq sahəsinin bazar qiyməti 66 000 (altmış altı min) manat, likvid qiyməti 60 000 (altmış min) manat təşkil edir.
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişlər.
17. Birinci instansiya məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Cavabdeh1 MMC-dən 87 912,55 manat əsas borc, 7718,43 manat faiz borcu, illik 5 faizlə hesablanmış 11 404,21 manat faiz borcu, 397,04 manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 87 manat rüsum, ümumilkdə 107 519,23 (bir yüz yeddi min beş yüz on doqquz manat iyirmi üç qəpik) manatın tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - ilkin satış qiyməti 60 000 (altmış min) manat olmaqla yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilkdə 107 519,23 (bir yüz yeddi min beş yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh2 qaytarılması, iddia ərizəsi verilərkən ödənilmiş 35,96 (otuz beş manat doxsan altı qəpik) manat dövlət rüsumunın iddiaçının özünə aid edilməsi, Cavabdeh1 MMC-dən aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22), 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
18.1. İşin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehə illik 7% olmaqla, 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 200 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişdir. 18.2. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh MMC-dən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehdən tutulacaq faiz borcunun məbləği 01 oktyabr 2024-cü il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. 18.3. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 11 404,21 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. 18.4. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. 18.5. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından Cavabdeh1 MMC-nin iddiaçıya 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli krеdit müqaviləsi üzrə 87 912,55 manat əsas borc, 7718,43 manat faiz borcu və 11 404,21 manat (illik % 5 hesablanmaqla) faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır. 18.6. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə uyğun (60 000 manat) müəyyən edilməlidir. 18.7. Məhkəmə Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız hesab edir. 18.8. Belə ki, kredit müqaviləsi 06 iyun 2016-cı il tarixdə bağlanmış, müqavilə müddəti 06 iyun 2021-ci il tarixdə bitmiş, iddiaçı 06 iyun 2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. 18.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qanunla Mülki Məcəllənin 37-ci fəslinə dəyişiklik edilmiş, həmin dəyişikliklərin göstərilən Qanunun 2-ci maddəsinə əsasən dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minməsi təsbit edilmişdir Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğundan cavabdeh MMC-nin hazırkı iş üzrə iddia müddətinin 3 il deyil, 1 il müəyyən edilməli olması barədə dəlili əsassızdır.
19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 317.1-ci, 319.1-ci, 319.5-ci, 739.1-ci, 739.2-ci, 741-ci, “İpoteka haqqında” Qanunun 4.1-ci, 34-cü, 39.3-cü, 41.2-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə istinad etmişdir.
20. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – faiz borcunun 7718,43 manat müəyyən olunması hissəsində - ləğv edilməsini və faiz borcunun tutulması ilə bağlı hissədə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin faiz məbləği ilə bağlı düzgün nəticəyə gəlmədiyi, iddiaçı tərəfindən təqdim edilən sənədlərə qiymət verməyərək əsassız ekspert rəyinə istinad etməklə səhv qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
21. Qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iddia müddəti ilə bağlı əsassız nəticəyə gəldiyi arqumenti ilə əsaslandırmışdır. Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
22. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar)verilməmişdir.
Apellyasiya baxışı, izahat
23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 MMC-nin nümayəndəsi ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirməklə prosesin təxirə salınmasını istəmiş, digər cavabdeh də məhkəməyə gəlməmişdir.
24. İşin halları, cavabdehin (apellyatorun) nümayəndəsinin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də onun şikayətinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
28. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
31. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
34. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
37. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
38. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
39. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 739.1 (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
44. Maddə 739.2 (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)
45. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
46. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
47. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
48. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
49. Maddə 49.3. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir.
50. Maddə 55.3. Kənd təsərrüfatı təyinatlı torpaqların açıq bazarda satışı zamanı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər, onların arasında isə qonşu torpaq sahələrinə sahib olan şəxslər həmin sahəni almaqda eyni alqı-satqı şərtlərini təklif etmiş şəxslər arasında üstün hüquqa malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
61. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
62. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
65. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank yalnız faiz borcunun məbləği ilə bağlı hissədə şikayət versə də, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia müddətinin tətbiq olunmasını xahiş etməklə qətnaməni faktiki olaraq tam mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, iddianın ipoteka qoyana və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterli olmasa da (hazırkı halda), əsas borclunun hazırda baxılan apellyasiya şikayətinin dəlili qətnamənin ipoteka qoyana aid hissədə də yoxlanılmasını zəruri edir – belə ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
67. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
68. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
69. Cavabdeh1 MMC öhdəliyini lazımınca icra etmədiyini mübahisələndirməsə də, iddia müddətinin ötürüldüyünü irəli sürmüş, iddiaçı bank isə cavabdehdən tutulan faiz borcunun məbləği ilə razılaşmamışdır.
70. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
71. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi 06 iyun 2021-ci il tarixinə əsas borcu 89 001,72 manat, faiz borcu 7718,43 manat, 10 yanvar 2024-cü il tarixə illik 5% hesablanmış faiz borcu 11 545,50 manat təşkil edir.
72. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçı bankın nümayəndəsinin “faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, Cavabdeh1 MMC-nə müqavilə əsasında xx.xx.2024-cü il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit 60 ay müddətinə (06 iyun 2021-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 7 % ödəməli olduğu razılaşdırılmışdır.
73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin
1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 İş № 2-2(102)-560/2024 İş № 2-2(102)-560/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_560+20.11.2024.pdf) § 53 İş № 2-2(102)-685/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_685+18.12.2024.pdf) § 74 icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
74. Bu baxımdan kollegiya hesab edir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh1 MMC-nə hesablanmalı olan faiz borcunun 7718,43 manat təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir.
75. Kollegiya cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir; belə ki, kredit müqavilələri üzrə iddia müddətinin bir il olması ilə bağlı müddəa Mülki Məcəlləyə sonradan əlavə edilmişdir - qətnamə isə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
76. İddia müddətinin axımının son ödəniş tarixindən, yəni 10 mart 2020-ci il tarixindən hesablanmalı olduğu barədə dəlilin də hər hansı hüquqi əsası yoxdur, çünkü kredit müqaviləsi 06 iyun 2021-ci il tarixinədək qüvvədə olmuş, həmin müqavilənin daha əvvəl ləğvi ilə bağlı heç bir tərəf iradə ifadəsi bildirməmişdir.
77. Beləliklə, apellyasiya şikayətlərində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
78. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödədikləri dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-247/2025 saylı iş üzrə 17 aprel 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva