Məhkəmə qərarları › İş №2-2(103)-687/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-687/2024

23.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-687/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) Cavabdeh1 ASC-yə, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-859/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh1 QSC arasında xx.xx.2021-ci il tarixli, 01 saylı agentliyin vəsaitindən istifadəyə dair müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır.

3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.

4. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətlərini qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır.

5. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

6. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir.

7. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanalr üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir.

8. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

9. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatının öz öhdəliklərini icra etməməsi nəticəsində agentliyin tələbləri ilə bağlı çəkidiyi bütün xərcləri müvəkkil kredit təşkilatının vəsaiti hesabına ödənilir.

10. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bir-birinə və üçüncü tərəfərə təqdim etdikləri sənədlərin, məlumatların düzgünlüyünə, aparılacaq əməliyyatların qanunverciliyə uyğunluğuna, habelə qaydada və bu müqavilədən irəli gələn öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

11. "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 QSC (müvəkkil kredit təşkilatı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsinə əsasən 22.3 ha-lıq Gilas bağı üçün Damlama tipli Suvarma sistemi 111.000 manata alıcı qismində Cavabdeh2 satılmışdır.

12. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmişqaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəsini ödəməyi öhdəsinə götürür. Müvəkkil Kredit Təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vasitəsi ilə satıcının hesabına ödəməyi öhdəsinə götürür.

13. xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən 133 hissədən ibarət 22.3 ha-lıq Gilas bağı üçün Damlama tipli Suvarma sisteminin toplam giyməti 111000 manat müəyyən edilmişdir.

14. Cavabdeh1 QSC xx.xx.2021-ci il tarixli məktubla AKİA-ya müraciət edərək Cavabdeh2 Gilas bağı üçün Damlama tipli Suvarma sistemini əldə etməsi üçün 42160 manat güzəşt olunacaq vəsaitinin hesablarına köçürülməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Hesablama Palatasının auditor hesabından çıxarışa əsasən müvafiq torpaq sahələrində intensiv bağların 2017-2018-ci illərdə salındığı EKTİS-dən bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47784 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunduğu qeyd olunmuşdur.

16. “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktına əsasən baxış zamanı alıcı Cavabdeh2 damcılı suvarma sisteminin dəyərinin 40% güzəşt tətbiq olunan hissəsinin maliyyələşdirilməsi üzrə AKİA-ya təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 42160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi 42860 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3ndən və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 42160 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh1 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, "xxxx" MMC və Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır (alqı-satqı müqaviləsi əizəyə əlavə edilir). Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 42160 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh1 QSC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh2 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmiş, digər cavabdehlərlə yuxarıda adıçəkilən alqı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən Agentliyə vurulmuş 42160 manat məbləğində zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş Cavabdeh1 QSC-dən də tutulmalıdır.

19. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, etibarsızlığı mübahisələndirilən xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsi ilə bağlı iddiaçının məhkəmədə iddia qaldırmaqla bağlı heç bir subyektiv hüququ yoxdur. Qeyd olunan 3 tərəfli alqı-satqı müqaviləsi üzrə tərəflər "xxxx" MMC (satıcı), Cavabdeh2 (alıcı) və Cavabdeh1 QSC (müvəkkil təşkilat) çıxış edir. Həmin müqavilə üzrə tərəflər üzərinə düşən öhdəlikləri icra edərək, müvəkkil təşkilat Cavabdeh1 QSC-nin satıcı "xxxx" MMC-nin hesabına köçürdüyü ödəniş tapşırığı əsasında "xxxx" MMC alıcı Cavabdeh2 elektron-qaimə əsasında müqaviləyə 1 saylı Əlavədə qeyd olunmuş 22.3 ha Gilas bağı üçün Damlama tipli kompleks suvarma sistemini (133 ədəd avadanlıq hissəsi) xx.xx.2021-ci il tarixli Təhvil-Təslim aktı ilə təhvil vermişdir. Beləliklə müqavilə predmeti üzrə öhdəliklər 3 tərəfli icra edilmişdir. Belə olan halda müqaviləyə aidiyyatı olmayan bir subyekt olaraq AKİA-nın həmin müqavilə üzrə etibarsızlığı mübahisələndirməsi subyektiv hüququn olmaması baxımından tam olaraq əsassızdır. Baxmayaraq ki, köçürülən vəsaitin bir hissəsini AKİA maliyyələşdirmiş, malın ümumi məbləğinin 40% hissəsini müvəkkil təşkilat olan "xxxx" QSC-nin hesabına köçürmüşdür. Lakin mübahisələndirilən müqavilə üzrə cavabdehlər İSFA MMC (satıcı) və Cavabdeh2nm (alıcı) AKİA qarşısında heç bir öhdəlik yaratmamışdır. Satıcı İSFA MMC alqı-satqı müqaviləsi və 1 saylı Əlavədə qeyd olunmuş malları Təhvil-Təslim Aktı tam olaraq alıcıya təhvil vermiş və sonuncu isə həmin malları təhvil almışdır. Digər tərəfdən AKİA tərəfindən həmin alqı-satqı müqaviləsninin predmeti üzrə ayrılmış 40% subsidiya müvəkkil təşkilat olan "xxxx" QSC-nin hesabına köçürülmüş, yəni nə alıcı Cavabdeh2, nə də ki, satıcı İSFA MMCnin hesabına köçürülmüşdür. Həmin müqavilə üzrə 40% subsidiyanı satıcı İSFA MMC- nin hesabına köçürən məhz “Global Leasing QSC olduğu üçün, AKİA qarşısında həmin subsidiyanın hər cür riskini daşıyan da məhz Global Leasing QSCdir. Belə ki, AKİA ilə Cavabdeh1 QSC arasında bağlanmış “Agentliyin vəsaitindən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqavilənin 2.1-ci (predmet) bəndində əsasən, “Bu müqavilənin predmetini Qaydaya və Müqaviləyə uyğun olaraq Agentlik tərəfindən Müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətləri çərçivəsində vəsaitin ayrılması, Müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.” Müqavilənin predmetindən də göründüyü kimi AKİA-nın dövlət hesabına maliyyələşdirdiyi subyekt və bunun əsasında AKİA qarşısında yeganə öhdəlik daşıyan subyekt kimi məhz Cavabdeh1 QSC çıxış edir. Belə olan halda, iddia olunan hər hansı bir pozuntuya görə subyektiv hüquq üzrə aidiyyatı olmayan şəxsin Alqımüqaviləsinin etibarsızlığını mübahisələndirməsi tamamilə əsassızdır. Xüsusən də, AKİA ilə Cavabdeh1 QSC arasında bağlanmış “Agentliyin vəsaitindən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqavilənin 5-ci bəndinə (tərəflərin məsuliyyəti) əsasən, “Agentik müvəkkil kredit təşkilatının Qayda və bu Müqavilə üzrə müəyyən edilmiş şərtləri pozduğunu aşkar etdikdə, müvəkkil təşkilatı dərhal lahiyədən kənarlaşdırır. Bu halda borcalanlar tərəfindən öhdəliyin yerinə yetirilməsindən asılı olmayaraq, Müvəkkil təşkilat aldığı kredit (subsidiya) üzrə əsas borcu, vəsaitdən istifadəyə görə faiz borclarını və bu Müqavilə üzrə digər xərcləri 15 (on beş) gün müddətinə Agentliyə ödəyir.” Göründüyü kimi, hazırkı iş üzrə iddia olunan hər hansı bir hüquq və öhdəlik pozuntusu əslində etibarsızlığı mübahisələndirilən və AKİA-nın heç tərəf kimi çıxış etmədiyi xx.xx.2021-ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsi ilə yox, məhz AKİA ilə Cavabdeh1 QSC arasında bağlanmış “Agentliyin vəsaitindən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqaviləsi ilə tənzimlənir ki, bu da ayrıca bir iddianın predmetidir və xx.xx.2021-ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda, güman edilən hüquq pozuntusu üzrə xx.xx.2021-ci il tarixli, AS2951 saylı alqı-satqı müqaviləsinin etibarsızlığını iddia etmək tamamilə əsassızdır. AKİA “vəsaitin geri qaytardması (bərpa edilməsi) ilə bağlı” xx.xx.2023-cü il tarixli pretenziya məktubunu məhz Cavabdeh1 QSC-yə ünvanlamışdır. Bundan əlavə, iddiaçı AKİA öz iddiasını həm də onunla əsaslandırmışdır ki, guya Hesablama Palatasının AKİA-da aparılan yoxlamalarla bağlı audit qrupu tərəfindən Cavabdeh2 təsərrüfatında aparılmış monitorinqin nəticələrinə əsasən guya bəzi ayrılmış subsidiya hesabına alınmış avadanlıqlar arasında bəzi uyğunsuzluqlar aşkar edilmişdir. İş üzrə AKİA-nın maliyyələşdirdiyi subsidiya hesabına alınmış avadanlıqların bəzilərində uyğunsuzluqların aşkarlanması mübahisələndirilən Alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir halda əsas ola bilməz. Güman edilən uyğunsuzluq əgər sübut olunarsa, bu ən yaxşı halda AKİA ilə Cavabdeh1 QSC arasında bağlanmış “Agentliyin vəsaitimdən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqavilə üzrə öhdəliyin pozuntusudur ki, buna görə də AKİA qarşısında məsuliyyət daşıyan yeganə subyekt maliyyələşdirdiyi Cavabdeh1 QSC-dir. Satıcı "xxxx" MMC alıcı Cavabdeh2 təsərrüfatına baxış keçirdikdən sonra "xxxx" MMC və alıcı Cavabdeh2 AKİA-ya ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən alqı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə təhvil verilmiş 133 ədəd avadanlıq hissəsindən yalnız 3 avadanlıq hissəsi (4-inc 60 m/3 otomotik gravel filter sistem, Su pompası marşlı antor, Plastik gübrə tank) quraşdırılmayaraq anbarda saxlanılmışdır. Həmin avadananlıq hissələri də quraşdırılmış və suvarma sistemi tam təmin olunmuşdur. Belə olan halda, 133 avadanlıq hissəsindən yalnız 3 ədədinin işlək vəziyyətdə olmaması ümumilikdə "xxxx" QSC-nin AKİA qarşısında aralarında bağlanmış “Agentliyin vəsaitimdən istifadəyə dair” xx.xx.2021-ci il tarixli Müqavilə üzrə öhdəliyin pozulması üçün əsas ola bilməz. Xüsusən də nəzərə alınsa ki, sonradan müvəkkil təşkilat Cavabdeh1 QSC satıcı İSFA MMC-nin iştirakı ilə xx.xx.2023-cü il tarixində alıcı Cavabdeh2 təsərrüfatında - Qusar rayonu, Nəcəfkənd kəndində 22.3 ha ərazidə yerləşən gilas bağında monitorinq keçirmiş, avadanlıqlara yerli baxışlar aparılmış və müvafiq fotoşəkillər çəkilmişdir. Həmin monitorinqin nəticələrinə dair Cavabdeh1 QSC tərəfindən AKİA-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda damcılı-suvarma sisteminin tam olaraq quraşdırılmış və tam işlək vəziyyətdə olması və heç bir nöqsanın aşkar olunmaması qeyd olunmuşdur. İddia üzrə etibarsızlığı mübahisələndirilən xx.xx.2021ci il tarixli AS2951 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi həmin əqd üzrə hüquq və öhdəliklər xx.xx.2021-ci il tarixində icra edilmiş və həmin əqdin etibarsızlığı ilə bağlı 1 illik müddətin axını məhz həmin tarixdən başlayaraq xx.xx.2022-ci ilə kimi davam etmişdir. Belə olan halda, Mülki Məcəllənin 354.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, hazırkı iddia üzrə etibarsızlığı mübahisələridirilən müqavilə - icra edilmişlərin geri qaytarılması üzrə əqd olduğu üçün bu cür əqdlərin etibarsızlığına 1 illik müddət tətbiq olunmalıdır.

20. Azərbaycan Respublikası Hesablama Palatasının iddia ərizəsinə yazılı münasibətindən görünür ki, Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş Planına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyində (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, bir qayda olaraq bir maliyyə nəzarəti tədbiri minlərlə maliyyə əməliyyatlarını, o cümlədən böyük həcmli dövlət vəsaiti dövriyyəsini özündə əks etdirən sənədləşmənin emalını özündə əhatə edir. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Qeyd edilməlidir ki, bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin formalaşdırılması üçün əsas hesab edilir. Həmçinin həmin Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. Auditor hesabatına əsasən, müvafiq torpaq sahələrində intensiv bağların 2017-ci və 2018-ci illərdə salındığı EKTİS-də bəyan olunduğu halda auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat (fermer Cavabdeh2) üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47784,0 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyasının 2021-ci il 11 oktyabr tarixli AHO/4-3.2-2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimafın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən aidiyyəti sənədlər tələb olunsa da lazımı sənədlər təqdim edilməmiş və bununla bağlı yerinə müşahidələr aparılmış və “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymət!əndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar baxış aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.1.2-ci yarımbəndinə əsasən idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Auditor hesabatına əsasən, ümumilikdə audit 01 yanvar 2020-ci il tarixindən 01 yanvar 2022-ci il tarixinədək olan dövrü əhatə etməklə 2022-ci ilin 10 may tarixindən 13 avqust tarixinədək olan müddətdə həyata keçirilmişdir. Auditin gedişatında Xaçmaz, Qusar, Quba, Bərdə, Lənkəran, Cəlilabad Neftçala, Tovuz, Ağcabədi və Şəki rayonlarındakı təsərrüfatlarda aparılmış müşahidələrlə toplanmış audit sübutları bir sıra hallarda əsasən maliyyələşdirilmiş güzəşt məbləği üzrə damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, suvarma sistemlərinin qabaqcadan quraşdırılması nəzərdə tutulmuş sahələri tam əhatə etməməsi və ya quraşdırılmasına baxmayaraq bağların salınmaması (torpaqların əkilməməsi), suvarma sisteminin potensialının faktiki olaraq 10,0%-indən istifadə olunması, intensiv bağ üzrə subsidiyalaşdırma meyarlarının (tam və ya qismən əvvəlki illərdə salınması, sahəsinin artıq bəyan edilməsi, suvarma sisteminin tam və ya qismən quraşdırılmaması, əmsalların səhv təbiqi və s.) pozularaq əkin subsidiyası adı altında artıq vəsaitlərin ödənilməsinə yol verilməsi, alınmış kənd təsərrüfatı istehsal vasitələrinin (tinglərin, suvarma dəstlərinin, tütün qurutma kameralarının və s.) keyfiyyətsiz olması və ya vaxtında çatdırılmaması, subsidiya məbləğləri ödənilmiş əkin sahələri üzrə müxtəlif, o cümlədən normalara uyğun aqrotexniki qulluğun göstərilmədiyi, qış mövsümündə bitkilərin şaxtalı havadan qorunması üçün infrastrukturun yaradılmadığı səbəblərindən məhsuldarlığın tam və ya əhəmiyyətli səviyyədə təmin edilməməsi, eyni zamanda dövlət ehtiyat fonduna aid edilən dəmyə əraziləri üzrə əkinlərin subsidiyalaşdırılması barədə qərarların qəbul edilməsində risklərin düzgün qiymətləndirilməməsi, əkin sahəsinin bəyan etmə tarixlərinə əməl olunmayan müraciətlərin təsdiqlənməsi, EKTİS-dəki məlumatların natamamlılığı, iki növ subsidiya dəstəyi ilə əhatə olunan bitki növlərinin eyni təsərrüfata münasibətdə əkin və məhsul subsidiyaları üzrə əhəmiyyətli uyğunsuzluqların mövcud olması, eləcə də fermerlərin maarifləndirmə səviyyəsinin aşağı olması kimi hallara rast gəlindiyini təsdiq etmişdir. Auditin gedişatında EKTİS bazası üzərindən tətbiq edilmiş prosedurlarla, eyni zamanda regionlarda həyata keçirilmiş müşahidələrlə toplanmış audit sübutları auditlə əhatə olunan dövrdə bir sıra hallarda dövlət vəsaitin fermerlər üzrə artıq ödənilməsi hallarına yol verilməsini deməyə əsas vermişdir. Aşkar edilmiş pozuntuların Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı Agentliyə müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.

21. Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 da iddia ərizəsinə etiraz edir və bildirir ki, bütün hərəkətlər qanuna uyğun olaraq icra edilmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı mübahisəsiz haldır. Birinci növbədə iki monitoring aktı vardır. Onlara Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən monitoringin keçirilməsi ilə bağlı məktub göndərilmişdir. Lakin onlar özü iştirak etməmişdir. Aqrar Kredit və İnkişaf Agentliyinin onlara verdiyi xidməti müqavilə vardır. İlk öncə vətəndaş Cavabdeh1 ASC-yə müraciət edir, daha sonra baxış keçirilr, yoxlanış aparılır, sənədlər toplanaraq Aqrar Kredit və İnkişaf Agentliyinə göndərilir. Son qərar Aqrar Kredit və İnkişaf Agentliyinin olur. Maliyyə vəsaitini müvəkkil təşkilat olaraq onlar təchizatçıya verir. Lakin onlar sadəcə xidmət göstərir, artıq burda məsuliyyət Aqrar Kredit və İnkişaf Agentliyinin və alıcının üzərində olur. Satış prosesində texnikanın qiymətinin 20 faizini vətəndaşın ödəmə qabiliyyətindən asılı olarq qeyd olunur, Prezidentin Fərmanına uyğun olaraq 40 faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir. Bir neçə dəfə yoxlanışdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən onlara ödəniş edilib. Daha sonra alınan avadanlığa dair təhvil-təslim olmuşdursa, heç bir mübahisə ola bilməz. Eyni zamanda onlar avadanlığın başqasının istifadəsində olub-olmadığını yoxlamaq üçün dövri olaraq yoxlama aparırlar, hazırda həmin ərazində gilas bağı vardır, avadanlıqlar quraşdırılmışdır.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-859/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

23. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilmədiyini qeyd etmişdir. Lakin, Cavabdeh2 təsərrüfatına keçirilən audit zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Bütün bunlar sübut edir ki, müqavilə Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 nümayəndəsi tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, etibarsızlığı mübahisələndirilən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti ilə tərəflərin niyyəti uzlaşmış, eyni zamanda müqavilə predmeti satıcı, alıcı və müvəkkil təşkilat tərəfindən faktiki hərəkətlərlə (iş materiallarında olan ödəniş tapşırığı, elektron qaiməfaktura, təhvil-təslim aktı və s.) realizə olunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər.

13. Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 və digər cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 15.Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 16.Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.

21. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.

22. Hazırki işdə də iddiaçı xx.xx.2021-ci il tarixli AS2951 nömrəli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini iddia edərək, müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.

23. Cavabdehlər iddiaya etiraz edir və rədd edilməsini xahiş edirlər.

24. İddiaçının istinad etdiyi hallara görə iddianın qanuni əsasını Mülki Məcəllənin 340.1ci maddəsi təşkil edir.

25. Həmin maddənin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

26. Lakin hazırki işdə həmin hallar müəyyən edilmir.

27. Belə ki, iş materiallarında olan **********5113 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “ADN X3 X4. Ve Tic.LTD. ŞTİ” tərəfindən "xxxx" MMCyə meyvə bağı sahəsi üçün damlama üsulu ilə suvarma sistemi göndərilmişdir.

28. xx.xx.2021-ci il tarixli, M-MB-0679/21 saylı dəzgah sınması sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən 22.3 ha gilas bağı üçün 1 dəst damalama suvarma sistemi Cavabdeh2 tərəfindən "xxxx" ASC-də sığortalanmış və sığorta məbləği 111000 manat müəyyən edilmişdir.

29. xx.xx.2021-ci il tarixli M-MB-0679/21 saylı səhadətnamənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavəyə əsasən sığortalı qismində Cavabdeh2 olmaqla sığorta müddəti xx.xx.2021-xx.xx.2026-cı ilə kimi qeyd olunmaqla, cəmi avadanlığın məbləği 111.000 manat göstərilmişdir.

30. 24.08.2021-ci il tarixli EBBG855587 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh2 111000 manat dəyərində damlama tipli suvarma sistemi satılmışdır.

31. xx.xx.2021-ci il tarixli, 013 saylı təhvil-təslim aktına əsasən damlama tipli suvarma sistemi "xxxx" MMC tərəfindən Cavabdeh2 İsyevnaya təhvil verilmiş və 2 tərəfin imzası ilə təsdiq edilmişdir.

32. 11.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 ASC tərəfindən "xxxx" MMC-nin hesabına 42160 manat Cavabdeh2 üçün subsidiya ödənişi kimi köçürmə edilmişdir.

33. Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli XS 945/23 saylı məktubdan görünür ki, Cavabdeh1 ASC-nin əməkdaşı və təchizatçının "xxxx" MMC nümayəndəsinin iştirakı ilə Cavabdeh2 təsərrüfatının monitorinqi təşkil olunmuşdur. Monitorinq zamanı aşkar olunmuşdur ki, damcılı suvarma sistemi tam quraşdırılıb və işlək vəziyyətdədir, fotoşəkilləri də çəkilmişdir. Monitorinq aktı üç tərəfin imzası ilə təsdiq edilmişdir.

34. Qeyd olunan sübutlarla təsdiq olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, suvarma sisteminin təhvil-təsliminə dair akt və elektron-qaimə verilmiş, iddiaçı tərəfindən ayrılmış subsidiya müvəkkil təşkilat tərəfindən satıcının hesabına köçürülmüş, mövcüd suvarma sistemi alıcı tərəfindən "xxxx" ASC-də sığortalanmış, habelə məhkəməyə satılan suvarma sisteminin satıcı tərəfindən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri təqdim edilmişdir.

35. Göründüyü kimi, iddiada qeyd olunan “elektron-qaimənin” mövcüd olmaması ilə bağlı dəlillər əsassızdır.

36. İddiaçının Cavabdeh2 istifadəsində olan suvarma sisteminin sənədlərdə göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmaması barədə dəlillər də əsassızdır. Belə ki, Hesablama Palatasının “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktından müəyyən olunur ki, baxış zamanı sahibkar Cavabdeh2 iştirakı təmin olunmamış, akt yalnız Hesablama Palatasının və AKİA-nın əməkdaşı tərəfindən tərtib olunmuşdur.

37. Digər tərəfdən, birinci instansiya məhkəməsində iştirak edən Hesablama Palatasının nümayəndəsi bildirmişdir ki, əraziyə baxış keçiriən zaman süvarma sistemi həqiqətən də mövcüd idi, lakin, yerə basdırılan avadanlıqların bəzilərinin paslanması səbəbindən hesab edirlər ki, həmin suvarma sistemi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə alınmış avadanlıq deyil.

38. Kollegiya hesab edir ki, bu halı təsdiq edən heç bir sübut təqdim edilmədiyindən və yalnız şifahi mülahizə və ehtimallara əsaslandığı üçün əsassız hesab edilməlidir.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən müqavilənin uydurma əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcüd deyil.

40. Həmçinin subsidiya ödənişi kimi köçürmə edilmiş 42160 manat pulun geri qaytarılması tələbinə dair qeyd olunur ki, həmin tələb Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbdən asılı olan və ondan irəli gələn tələbdir.

41. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələblər rədd edildiyinə görə ödənilmiş cəmi 42160 manat pulun geri qaytarılması tələbləri də təmin edilə bilməz.

42. Eyni zamanda, iddia əsassız olduğuna görə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehlər tərəfindən verilmiş ərizəyə qiymət verilməsinə zərurət yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunan hallara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar