Məhkəmə qərarları › İş №2-2(103)-687/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-687/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-687/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi, apellyasiya baxışının hədləri, dəbbə pulu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2653/2024 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Borcverən “X3” ASC Borcalan Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli 49Y/23 saylı kredit müqaviləsinə borcverən iddiaçı tərəfindən Cavabdeh1 MMCyə 12 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, illik 18 faiz ödəmək şərtilə 30000 manat məbləğində kredit verilir.

2. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 30000 manat məbləğində kredit Cavabdeh1 MMC-yə məxsus hesaba köçürülmüşdür.

3. “X3” ASC (kreditor) Qanuni nümayəndə (zamin), Cavabdeh2 (zamin), Cavabdeh3 (zamin) və Cavabdeh1 MMC (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 49YZ/23 saylı zaminlik müqaviləsinə görə zaminlər kreditor qarşısında xx.xx.2023cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət götürmüşlər.

4. “X3” ASC tərəfindən təqdim edilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 29999,14 manat, faiz borcu 1080 manat, cərimə borcu 600,12 manat təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3585 saylı ekspert rəyinə əsasən “X3” ASC borcalan Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə banka əsas borcu 29999,14 manat faiz borcu isə 4169,87 manat, xx.xx.2025-ci il tarixə banka əsas borcu 29999,14 manat fazi borcu 8234,75 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “X3” ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 49Y/23 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 29999,14 manat, faiz üzrə 1080 manat, cərimə üzrə 600,12 manat, cəmi 31679,26 manat və dövlət rüsumu kimi ödənilmiş 185,59 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə görə kredtitin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri və bu müqavilə ilə müəyyən edilir. Lakin Cavabdeh1 MMC müqavilənin şərtini pozaraq ödəməli оlduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 29999,14 manat, faiz üzrə 1080 manat, cərimə üzrə 600,12 manat, cəmi 31679,26 manat məbləğində banka borcu vardır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2653/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 30000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit verilmiş, digər cavabdehlərlə Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, göstərilən şəxslər kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 29999,14 manat məbləğində əsas bоrc, 1080 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 600,12 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi üzrə 29999,14 manat əsas bоrc, 1080 manat faiz borcu, 600,12 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 185,19 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1, 470.1, 472.1, 472.2-ci maddələrinə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinin həllində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir.

11. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə nəzərdə tutulmuş Cavabdeh1 üzərinə qoyulmuş borc və həmin borcun faiz məbləğləri ilə tamamilə razı deyil. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2653/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən olunmuş 29999,14 manat əsas borc, 1080 manat faiz borcu, 600,12 manat cərimə, 185,19 manat dövlət rüsumu, ümumilikdə 31864,45 manat məbləğ qanunsuz və əsassız təyin edilmişdir. Hesab edir ki, məhkəmə işin halları ilə bağlı məsələnin obyektiv tədqiqi üçün şərait yaratmamışdır və işin hərtərəfli araşdırılması həyata keçirilməmişdir. İş belə olduğu halda məhkəmə qətnaməsinin qanuni və əsaslı olması şübhə doğurur. Belə ki, tərəflərin öz hüquq və azadlıqları, işin hallarının araşdırılması əsas götürülərək məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Borc və onun faiz məbləğləri ilə bağlı olan rəqəmlərlə tamamilə razı olmadığı üçün təkrar ekspertiza keçirilməsi vacib və əhəmiyyətlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini xahiş etdi.

15. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək Bakı İstintaq Təcridxanasında olması səbəbilə iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər iclaslarda iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdlər.

16. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. -742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. Mülki Prosessual Məcəllənin:

- 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə Cavabdeh1 MMC-dən tutulması qət edilən əsas və faiz borcu hissələrində mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı Cavabdeh1 MMC-dən tutulması qət edilən əsas və faiz borcu hissələrində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli 49Y/23 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdehə 30.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit vermişdir. Digər cavabdehlər – Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə – iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısındakı öhdəliklərinin tam və ya qismən yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə əsas, faizlərin tutulmasını tələb edir.

24. Kollegiya ilk növbədə qeyd edir ki, əsas və faiz borlarının tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 740.1 və 743.1-ci maddələri təşkil edir.

25. Kollegiya qeyd edir ki, Cavabdeh1 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə borc məbləğlərini obyektiv araşdırma aparmadan iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən edilməsini əsas göstərərək qətnamədə müəyyən edilmiş əsas və faiz borc məbləğlərini mübahisələndirmişdir.

26. İddiaçı tərəfin arqumentlərinin aydınlaşdırılması məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) banka əsas borcu 29,999.14 manat, faiz borcu isə 4,169.87 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar yoxdur, odur ki, həmin rəy iş üzrə sübut qismində nəzərə alınmalıdır.

27. Göründüyü kimi cavabdehin borcun düzgün müəyyən edilməməsi barədə təqdim etdiyi dəlillər öz təsdiqini tapmamışdır. Əksinə, kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsinə əsasən tələb ediləndən daha yüksək məbləğdə olduğu müəyyən edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməklə cavabdehdən kredit müqaviləsi üzrə əsas borcu 29,999.14 manat, faiz borcunu isə 1080 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin (mübahisələndirilən hissədə) qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndiirkən dəyişdirilmədən saxlanılmalıdır.

29. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

31. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2653/2024 saylı qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayətnin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar